Ordubadın məşhur ibadət ocaqları      

 

Tarixi memarlıq abidələri

 

Naxçıvanın səfalı guşələrindən olan Ordubad bir çox özəllikləri ilə bərabər, abidələri ilə də seçilir. Belə abidələr sırasında məscidlər də xüsusi yer tutur ki, bu mövzuda onlardan bir neçəsi haqqında söhbət açacağıq.

Naxçıvan memarlıq məktəbinə aid olan Nüsnüs məscidi rayonun Nüsnüs kəndində, nisbətən hündür ərazidə inşa edilmişdir. Tədqiqatçılar plan quruluşu və özünəməxsus kompozisiyası ilə diqqəti cəlb edən Nüsnüs məscidinin orta əsrlərin inşaat ənənələrinə uyğun gəldiyini göstərirlər. Bu məscid binasının birinci mərtəbəsində pir var. Nüsnüs piri məscid binasının birinci mərtəbəsində yerləşir. Məscidin həyətindəki sadə quruluşlu məzarda kimin dəfn olunduğu barədə dəqiq məlumat yoxdur. Onun Dağ Yunus dövrünə, Əshabi-Kəhflə eyni tarixə aid olduğu da söylənilir. Məscidin mərkəzində hündürlüyü təxminən 5 metr olan daş sütun var. Rəvayətə görə o bir neçə dəfə dağıdılmış, lakin yenidən peyda olmuşdur. Pirin giriş qapısı Ordubad ərazisində geniş yayılmış möhkəm qoz ağacı materialından hazırlanmışdır. Qapının üzərində süls xətti ilə ərəb dilində doqquz sətirlik kitabə həkk edilmişdir. Bu kitabə haqqında ilk dəfə rus diplomatı və şərqşünası Xanıkov məlumat vermişdir. O, kitabəni oxumuş və fransız dilinə çevirərək Parisdə nəşr etdirmişdir. Kitabədən məscidin Olcaytu Məhəmməd Xudabəndənin oğlu Elxani hökmdarı Əbu-Səid Bahadır xanın dövründə, yəni 1316-1335-ci illərdə işa edildiyi məlum olur. Məscid 1992-93-cü illərdə təmir edilmiş, divarlarda Quran ayələri və dini xarakterli kəlamlar yazılmış, müqəddəs yerlərin şəkilləri çəkilmişdir.

Rayondakı Vənənd məscidi 1324-25-ci illərdə tikilmişdir. Məscid bir neçə dəfə bərpa olunmuş, 17-ci əsrin əvvəllərində ona böyük bir bina əlavə edilmişdir. Qapı yerinin çatmasında iri nəsx xəttilə farsca kitabədə “Yeddi yüz iyirmi beşinci ildə (1324-25... yarandı” yazılmışdır. Digər kitabədə isə göstərilir ki, məscidi 1732-ci ildə vənəndli Məhəmməd Rza bərpa etmişdir. Bərpa zamanı şimal tərəfdəki tağın üzərində fars və ərəb dillərində yazılmış kitabədə XVIII əsrin birinci yarısında Vənəndin, elecə də Naxçıvanın iqtisadi həyatına dair məlumat verilir. Kitabəni ilk dəfə rus şərqşünası, tarixçi, etnoqrafdiplomat N.V.Xanıkov fransız dilinə tərcümə etmişdir.

 

Hacı Hüseynqulu məscidi və Cümə məscidi

 

Ordubadın maraqlı memarlıq üslubuna malik ibadət ocaqlarından biri də Hacı Hüseynqulu məscididir. Bu məscid Ordubadın Gənzə kəndinin mərkəzində yerləşir. Məscidin üzərində kitabə olmasa da, yerli camaatın dediyinə görə onu Hacı Hüseynqulu adlı nüfuzlu bir şəxs tikdirib. Onun vəfatından sonra özü də məscidin cənub divarının qarşısında dəfn olunub. Məsciddə olduğu kimi, qəbirin üstündə də heç bir epiqrafik sənəd-kitabə yoxdur. Ancaq son zamanlar məscid bərpa edilərkən qəbirin üstü də götürülmüş, mərmər başdaşı və sinədaşı qoyulmuşdur. Başdaşının üstündə ərəb əlifbası ilə “Mərhum Hacı Hüseynqulu, 16-cı əsr” sözləri həkk edilmişdir. Naxçıvan bölgəsində ən qədim məscid nümunələrindən olan abidənin daxili böyük salondan ibarətdir. Deyilənə görə, XX əsrin əvvəllərində sonradan qərb tərəfdən əlavə bina tikilib kişilərə aid salona birləşdirilib.

Hacı Hüseynqulu məscidinin əsas, qədim hissəsi daşdan üç böyük sütunun və divarların üstündə dayanıb. Sütunların arası və sütunlarla divarların arası tağvari birləşdirilib. Divarların qalınlığı 1 m-dir. Məscidin içərisində, divarlarda 5 divariçi-taxça düzəldilib. Girişin önündə eyvan var. Eyvanın fasadı 12 tağdan ibarətdir. Məscidin yanında qonaq otağı var.

Məscid təmir olunarkən onun divarlarında rənglə dini xarakterli kəlamlar yazılmışdır. Təmir zamanı cənub-qərb tərəfində gözəl bir minarə ucaldılıb. Minarənin üstündə belə bir kitabə qoyulub: “Məscidin minarəsi 2000-ci ildə Hacı İsrafil Sadıqlı tərəfindən tikdirilmişdir. Memarları Kərbəlayi Səyid, Kərbəlayi Qurban”.

Kənddə yas mərasimləri bu məsciddə keçirilir, həmçinin məhərrəmlikdə və orucluqda burada dini mərasimlər icra olunur. Məscidin cənubunda olan qəbiristanlıq da vaxtı ilə Hacı Hüseynqulunun torpaq sahəsi olmuş, onu qəbristanlıq üçün bağışlamışdır. Orada olan məzar kitabələrinə əsasən demək olar ki, Hacı Hüseynqulu XV əsrdə yaşamış, məscidi də həmin vaxt inşa etdirmişdir.

Ordubad  şəhərinin mərkəzi meydanında ən hündür yerdə ucaldılmış bir  memarlıq abidəsi də orta əsrlərə aid Cümə məscididir. Bu məscid də möhtəşəmliyi ilə diqqəti xüsusi cəlb edir. Məscidin memarlıq görkəmi XVII-XVIII əsrlərə aid abidələrin başlıca cəhətlərini özündə daşımaqdadır. Cümə məscidinin şərq qapısı üzərindəki daş lövhədə I Şah Abbasın nəsx xətti ilə farsca beş sətirlik fərmanı həkk edilmişdir. 1604-cü ilə aid olan bu fərmanda deyilir: “Ordubad qəsəbəsinin bütün əhalisinin ...Şah Abbas sülaləsinə etimadını, onların şiə məzhəbli olduqlarını nəzərə alaraq sənətkarlardan, əsnaflardan, bağlardan, əkin yerlərindən, dəyirmanlardan toplanan ixracal, itlaqat, nüzul, əvariz, qonalqa vergilərindən ibarət olan malcəhət və vücuhatı azaldıb (tədricən) ləğv etsinlər, onları Azərbaycan boniçesindən çıxsınlar və divan itlaqatından xaric etsinlər”. Bu fərman da Cümə məscidinin son orta əsrlərdə formalaşdığını deməyə əsas verir. Güman olunur ki, XVII əsrdə məscid əsaslı şəkildə bərpa edilib. Məscidin içəri divarlarındakı həndəsi formalı ornamentlər  Naxçıvanın qədim abidələrindəki rəsmləri xatırladır. Bəzi mənbələrə görə, 1902-03-cü illərdə məsciddə təmir işləri aparılarkən tapılmış bir kərpicdəki yazıdan onun XII-XII əsrlərdə tikildiyi aydın olur. Tədqiqatçılar Cümə məscidinin indiki görünüşünün sonradan edilən əlavələr nəticəsində yarandığını qeyd edirlər. Hazırda məscidin şimal-şərqində mədrəsə, qərbində isə zorxana binaları yerləşir. Məscid və ətraf binalar 1987-ci ildə əsaslı surətdə bərpa olunmuşdur.

 

Naxçıvan memarlıq məktəbinin inciləri

 

Əylis  kəndindəki orta əsrlərə aid məscidin XVI əsrdə İran şahı I Şah Abbas tərəfindən inşa edildiyi göstərilir (el arasında Şah Abbas məscidi də adlanır). Məscidin əvvəllər mövcud olmuş mədrəsəsi son zamanlara qədər qalmışdı. Minarə sonralar dağılmış, sonradan bərpa edilmişdir.

Ordubaddakı Ambaras məscidi XVII əsrdə inşa olunub. Dağın üstündə tikilən məscidin Türk imperatorunun adına tikildiyi yazılır. Bəzi tarixçilər məscidin əslində XVI əsrə aid olduğunu iddia edirlər. Bu məscid çinar ağacının nəhəng budağının sınması nəticəsində uçub dağılmış, yenidən bərpa olunmuşdur. Tarixi abidə “Mir Cəfər” və “Sultan Murad” adları ilə də tanınır. Bu adlar məscidin Sultan Muradın adına tikilməsi və Mir Cəfər tərəfindən bərpa edilməsi ilə əlaqədardır.

Naxçıvan memarlıq məktəbinə aid edilən Dilbər məscidiÿ məhəllə məscidi kimi fəaliyyət göstərmişdir. Memarlıq kompozisiyası baxımından XVII əsrə xas olan üslub və tipoloji xüsusiyyətləri özündə əks etdirir. Məscidin mehrabı, şəbəkəli pəncərələri, fasadında giriş portalı var. Şəbəkə pəncərələrinin işlənməsi, baş tağın asimmetrik yerləşməsi və s. məscid binasının Ordubad xalq yaşayış evləri ilə uyğunluq təşkil etdiyini göstərir.

Ordubadın ən böyük ibadət ocaqlarından biri də  Dırnıs kəndinin Yuxarı məhəlləsində, Mirzə küçəsində yerləşən məsciddir. Bu abidə kənddə həcminə görə ən iri məscid olduğundan, el arasında ona Böyük məscid deyilir. Məscidin girişi qərbdən, qadınlar üçün giriş şərq tərəfdəndir. Şərq və şimal divarın qarşısında qadınlar üçün ikinci mərtəbə-balkon düzəldilib. Məscidin dirəklərindən birinin sütun başlığı üzərində qara rənglə yazılan kitabədən aydın olur ki, məscid hicri tarixi ilə 1339-cu ildə (1920-21) təmir olunmuş, təmir işlərini Ordubadlı usta Həsən həyata keçirmişdir. 1999-cu ildə əhalinin vəsaiti ilə məscid yenidən təmir olunmuşdur. Bu zaman məscidin qərbdən giriş qapısının qarşısında balkon düzəldilmiş və minarə hörülmüşdür. Abidə memarlıq-konstruktiv quruluşuna görə XVII əsrə aid edilir.

Ordubad şəhərinin məhəllə məscidlərindən biri də Sərşəhər məscididir. Bu abidə memarlıq baxımından 18-ci əsrə xas üslubu və tipoloji xüsusiyyətləri əks etdirir. İkimərtəbəli məscidin mehrabı, ağac sütunları, şəbəkəli pəncərələri və meydanı var. 1986-cı ildə bərpa və təmir edilmiş, meydan kompleksi şəklinə salınmışdır.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 

Azadlıq.- 2012.- 1 avqust.- S.14.