Qızıl əlli nəqqaş şair

 

Usta Zeynalabdin Nəqqaş

 

XIX əsr ədəbi mühitinin formalaşmasında mühüm rol oynayan ədəbi məclislər bir çox qələm sahiblərinin yetişməsinə də yol açmışdır. Belə məclislərdən biri 1831-ci ildə Ordubadda yaradılmış Əncüməni-şüəra idi ki, həmin məclis Azərbaycan ədəbiyyatına neçə-neçə unudulmaz qələm sahibi bəxş etmişdir. Mənbələrin yazdığına görə bu ədəbi məclisi ilk dəfə təşkil edən Şeyxəli xan Kəngərli olmuşdur. Həmin şəxs Naxçıvanın o zamankı hakimlərindən olan məşhur Kalbalı xan Kəngərlinin ortancıl oğlu Şeyxəli xan Kəngərlidir. Ordubadın naibi-canişini olan Şeyxəli xan şeir və sənət aləminə maraq göstərdiyi üçün orada belə bir ədəbi məclis yaranmasına dəstək vermişdir.

 

O dövrdə Azərbaycanın ən məşhur ədəbi məclislərindən biri olan Əncüməni-şüəranın 25-ə yaxın üzvü və bir çox həvəskar dinləyicisi vardı. Fəqir Ordubadi, M.T.Sidqi, Hacı Mirzə Ağa Rəhim Qüdsi Vənəndi, Usta Zeynalabdin Nəqqaş, Hacı Molla Hüseyn Bikəs, Məşədi Həsən Dəbbağ, Əhməd Ağa Şəmi, Məşədi Möhsün Saətsaz, Kəblə Əliqulu Müznib, Ağa Rəsul Əttar, Məhəmmədqulu Salik, Aslanxan Kövhər, Nədim və başqaları məclisin fəal üzvləri olmuşlar.

Bu məclisin ən istedadlı üzvlərindən biri də Usta Zeynalabdin Nəqqaş idi. Ləqəbindən göründüyü kimi, o, şairliklə yanaşı, nəqqaşlıq sənəti ilə də məşğul olmuş və öz peşəsi ilə əlaqədar əsərlərində də bu təxəllüsü işlətmişdir. Onun əlinin əməyi olan nəqş və rəsmlər Ordubad, Naxçıvan, Tbilisi, Təbriz və başqa şəhərlərdə indi də mühafizə edilib saxlanmaqdadır.

Əncüməni-şüəra ədəbi məclisinin üzvləri yaradıcılıq prinsipi etibarı ilə iki yerə bölünürdülər. Bunlardan bir qismi Sədi, Hafiz, Xəyyam, Nizami, Füzuli, Qövsi Təbrizi kimi klassik Şərq şairlərinin mütərəqqi ənənələrini davam və inkişaf etdirirdi. İkinci bir qismi isə M.P.Vaqif, Heyran xanım, Q.Zakir, B.Şakir, Bakıxanov Qüdsi və başqa realist sənətkarların ədəbi irsindən bəhrələnərək zamanın tələbinə uyğun aktual məsələlərə müraciət edirdilər. Onların yaradıcılığında maarifçiliyə və realizmə meyl daha qüvvətli idi. Bu cəhətdən məclisin M.T.Sidqi, Fəqir Ordubadi, Qüdsi Vənəndi, Məhəmmədqulu Salik, Nəqqaş, Aslanxan Kövhər kimi üzvləri xüsusilə fərqlənirdilər.

 

Yadigar əl işləri və həm könül işləri...

 

Kərbəlayı Zeynalabdin Əbu Səid oğlu Usta Zeynal Nəqqaş 1829-cu ildə anadan olmuşdur. Məşhur xəttat, nəqqaş və şair kimi tanınmışdır. Onun Naxçıvanda Xan sarayı, Bakıda H.Z.Tağıyevin ev muzeyi (indiki Tarix muzeyi), Təbrizdə, Ordubadda Came məscidi, Məşədi Tağının evi, Əylis, Vənənd kəndlərində bəzi evlərdə işlədiyi rəsmlər və vurduğu nəqşlər hələ də durur. Ordubad şəhərinin Malik İbrahim qəbiristanlığındakı dağa bitişik Qara pirdə işlədiyi nəqş, XIX əsrin axırlarında İran şahının Ordubada gəlişi ilə əlaqədar Came məscidinin arxa tərəfinə yumurta sarısı, əhəng və başqa materiallardan hazırladığı məhlul vasitəsilə işlədiyi Şiri xurşid gerbi ən maraqlı nümunələrdəndir. Bu zərif əsərlər indiyədək qalmaqdadır.

Şahidlərin yazdıqlarına görə, Usta Zeynal Nəqqaş özünün bir sıra fərdi xüsusiyyətlərinə görə məclisin digər üzvlərindən fərqlənirdi. Əgər Əhməd Ağa Şəmi və Məşədi Həsən Dabbağ sırf qəzəlçi və nəzirə yazan təlqlidçi şairlər olaraq qalırdılarsa, Usta Zeynal Nəqqaş dövrünün nəbzini tutaraq, realizm ənənələrini inkişaf etdirməklə yaradıcılığında çox fərqlənirdi.

El arasında qızıl əlli nəqqaş kimi tanınan Usta Zeynal şeir məclislərində daha çox məşhurlaşıb. Zəmanəsinin nöqsanlarını hədəf alan, insanları düz yola, faydalı olmağa çağıran şair Nə bilimadlı satirik şeirində deyirdi:

 

Gedib əyyami-vüsalın, olacaqmış belə hicr, Həsrətin paki ölüncə qalacaqmış, nə bilim?

Məni biçariyə varmış bu xəyalın fələkin, Zülm əlilə belə viran olacaqmış, nə bilim?

 

M.S.Ordubadinin Azərbaycan Dövlət Əlyazmalar fondunda saxlanılan Tərcümeyi-halımda Usta Zeynal Nəqqaş haqqında dəyərli fikirlər var.

1838-ci ildə Ordubadda təşkil edilmiş Əncümənü-şüəra ədəbi məclisi məlum olmayan səbəblərdən dağılır və fəaliyyəti pozulur. Bu haqda pedaqoji elmlər doktoru, professor İbrahim Mollayev yazırdı:

1863-cü ilin əvvəllərində Əncümənü-şüəra" Ordubadda ikinci dəfə Şıxəli Naibov tərəfindən yaradılır və öz ətrafına bir sıra ziyalılar toplayır... Məclisin məşğələləri çox vaxt M.T.Sidqinin, bəzən də Usta Zeynal Nəqqaşın evində keçirilərdi. Sonralar isə Qeysəriyyə-Zorxana adlanan abidədə keçirilərdi".

 

Qılmısan dəhrdə hər əbləhi insan qara pul...

 

Məclis xeyli müddət XVII əsrə məxsus memarlıq abidəsi olan Qeysəriyyədə fəaliyyət göstərib. Sonrakı dövrlərdə Zorxana kimi istifadə olunan bu yer qələm sahiblərinin fəaliyyətinə yenidən stimul verib.

Nəqqaşın şeirləri bir sıra abidələrin divarlarında əks olunub. Onun Ordubaddakı Came məscidinin divarına yazdığı beytlər belə səslənir:

 

Yaran, bu dəhri-dun biz ilə məcrası var, Çox xanələr xərab eyləyib, müddəası var.

Aldanmayın bu çərxi-cəfaçü əcuzinə,Yoxdur vəfası, şərmi, nə də həyası var.

 

Keçməz o qədər biz də bu dünyada qalmarıq,

Qafil oturmaym, nə də edərsiz cəfası var.

Bu büqəyü-şəriflə Nəqqaşı yad edin, Ənbabdan həmişə dua iltiması var.

 

Şair satirik şeirlərində dövrünün nöqsanlarını, naqisliklərini cəsarətlə tənqid edirdi. Günlərin birində Mirzə Mehdi xanla üz-üzə gəlir və ədəb-ərkanla ona salam verir. Ancaq xan onun salamını almır və ötüb keçmək istəyir.

 

Nəqqaş deyir:

 

Ey, ali süfyan dövlətindən geydiyin narıncıdır, Bəs ki, nar əhlisən, axır sizi nar incidir...

Zeynalabdinin bu beyti xanın xoşuna gəlir və onun qoluna girib xeyli söhbət edir. Bu gün şairin şeirləri və işlədiyi nəqşlərlə bağlı Ordubadın qocaman insanları arasında çox maraqlı söhbətlər dolaşır. Onun bir sıra yaradıcılıq nümunələri və heç bir yerdə nəşr olunmayan şeirləri sonradan Ordubadda yaşayan nəvələri tərəfindən mətbuata açıqlanmışdır. Belə nümunələrdən biri də Puldur:

 

Pücəba kimsələri qəhvənişin eyləmisən,

Qılmısan dəhrdə hər əbləhi insan qara pul.

Fasiqi faciri kəzzabi əziz eyləmisən, Mərifət əhli olub xakilə yeksan qara pul!

 

Usta Zeynalabdin Nəqqaş 1904-cü ildə vəfat etmişdir.

 

 

Azadlıqın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 

Azadlıq.- 2012.- 12-13 avqust.- S.14.