Uşaq ədəbiyyatının unudulmaz imzası - Xanımana Əlibəyli

 

Hərbi hospitalın həkimi...

 

Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndələri arasında özünəməxsus yeri olan yazıçılardan biri də şair-dramaturq Xanımana Əlibəylidir. O, uşaqlar üçün yüzlərlə şeirin, onlarla poema və səhnə əsərinin, 30-dan artıq kitabın müəllifidir.

Xanımana Sabir qızı Əlibəyli 20 aprel 1920-ci ildə Bakının Keşlə kəndində ziyalı ailəsində anadan olub. Babası general Ağasəlim bəy və nənəsi Xanımana o dövrün yüksək təhsilli ziyalılarından olub. Onun atası Sabir bəy Əlibəyov Sankt-Peterburq Universitetini bitirib, Azərbaycanın ilk ali təhsilli hüquqşünaslarından biri olub. Anası Məsumə xanım Qarayeva H.Z.Tağıyevin məşhur Qızlar gimnaziyasını və Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmiş, Əli Bayramov adına Qadınlar klubunun fəallarından olmuşdur. O, uzun illər Bakının orta məktəblərində dərs demiş, məktəb direktoru, rayon xalq maarif şöbəsinin müdiri vəzifələrində çalışmış, bu sahədə səmərəli fəaliyyətinə görə Əməkdar müəllim fəxri adına layiq görülmüşdü.

Xanımana dörd qızın və üç oğlanın böyüdüyü bu ailənin ilk uşağı idi. O, hələ yeniyetmə vaxtlarından ədəbiyyata maraq göstərir, şeirlər yazır, Azərbaycan və rus dillərində uşaq ədəbiyyatı nümunələrini oxuyurdu.

16 yaşında ikən Xanımana Əlibəyli Bakıda Tibb İnstitutuna daxil olmuş, 1942-ci ildə institutu bitirərək təyinatla Masallıya göndərilmiş, orada Qızılavar kənd tibb məntəqəsində fəaliyyətə başlamışdır. O, ikinci ali təhsil almaq üçün ADU-nun filologiya fakültəsinə qəbul imtahanları vermiş, beş il sonra həmin fakültəni müvəffəqiyyətlə bitirmişdir.

Müharibə illərində Xanımana Əlibəyli hərbi hospitalda çalışmış, professor Ginzburqun assistenti kimi Azərbaycanın müxtəlif bölgələrindən olan yaralı əsgərləri müalicə etmişdir. Müharibədən sonra Bibiheybətdəki 13 saylı məsləhətxanada uşaq həkimi kimi çalışıb.

Xanımana Əlibəyli ixtisasca həkim olsa da, uşaqlara olan sevgisi onu şair eləmişdi. O öz misralarında bunu belə ifadə etmişdi:

Sanki Allah bir qarlı qış

Mənə şeir verdi bəxşiş.

O, qışımı yaz eylədi,

Bəxtimi bəyaz eylədi.

 

Balaca həkim adlı ilk kitabı

 

X.Əlibəylinin ilk şeirləri 1938-ci ildən dövri mətbuatda dərc olunmağa başlamış, Balaca həkim adlı birinci kitabı isə 1955-ci ildə Uşaqgəncnəşr tərəfindən 30 min nüsxə tirajla çap olunmuşdur. Azərbaycan Yazıçılar İttifaqının üzvü kimi X.Əlibəyli bütövlükdə həyatını uşaq ədəbiyyatına həsr etmişdir. Onun indiyə qədər 30-dan çox kitabı, 10-a yaxın uşaq pyesi nəşr edilib. Onlardan Cunquş, Aycan, Dovşanın ad günü, Ləpələrin nağılı, Gözəllər gözəli və başqa əsərləri kiçik oxucular tərəfindən rəğbətlə qarşılanıb.

X.Əlibəyli 1953-cü ildə o zamankı uşaq ədəbiyyatımızın görkəmli nümayəndələrindən olan Mirvarid Dilbazi və Mikayıl Rzaquluzadənin zəmanətləri ilə SSRI Yazıçılar İttifaqına da üzv qəbul edilmişdir.

Xanımana Əlibəylinin sənəti həmişə diqqət mərkəzində olmuş, yüksək qiymətləndirilmişdir. Aycan pyesinin uğurlu tamaşası münasibətilə yaradıcı heyətin üzvləri rejissor Ulduz Rəfili, bəstəkar Şəfiqə Axundova və baletmeyster Nailə Nəzirova ilə birlikdə Xanımana da Azərbaycan SSR-in Dövlət mükafatına layiq görülmüşdür. 1991-ci ildə ona əməkdar incəsənət xadimi adı verilmişdir. 1998-ci ildə Xanımana İlin qadını adına layiq görülmüşdür.

X.Əlibəyli Aman ovçu, Ağ çəmən, Ulduzların qucağında, Bir yay səhəri, Çoxbilmiş çəpişlər, Məni günəşə at!, Meşə həkimi, Sevimli şəhid babam və digər qiymətli poemaların da müəllifidir.

X.Əlibəylinin poemaları Azərbaycan təbiətinin təsvirləri ilə zəngin olan bir tablo kimi canlanır qarşımızda. Meşə həkimi poeması buna bir sübutdur.

Salıb meşəyə haray

Axır gümüş rəngli çay,

Bir tərəfdə diz çöküb

Söyüd çaydan içir su,

Hörüklərini töküb

Çimir, qaçır yuxusu.

Şairin Sevimli şəhid babam poemasında uzun illər boyu çörəyini yeyib suyunu içdikləri Azərbaycanda üzdə dost deyib arxada xəyanət etdikləri azərbaycanlılara erməni dönüklərinin pataloji nifrətindən bəhs edən epizodlar çox təsirlidir.

X.Əlibəyli müxtəlif illərdə Gözəllər gözəli, Nişanlı quş, Aycan, Dovşanın ad günü, Cunquş, Kənd həkimi, Durnalar lələk salır, Meyvələrin şahı və s. dram əsərləri yazmış, onların bir çoxu ölkəmizin gənclər və kukla teatrlarında göstərilmiş, müəllifinə Azərbaycan uşaq dramaturgiyasının görkəmli nümayəndəsi şərəfini gətirmişdir.

X.Əlibəylinin Cunquş adlı əsəri vaxtilə respublikanın dövlət mükafatına layiq görülmüşdü. Çox maraqlı faktdır ki, Kukla Teatrı 1980-ci ildə Hindistanda qastrol səfərində olarkən Dehli və Bombey şəhərlərində iki əsərin tamaşası ilə çıxış etmişdi: dahi Ü.Hacıbəyovun Məşədi İbad komediyası və X.Əlibəylinin Cunquş pyesi. Hər iki tamaşa böyük rəğbətlə qarşılanmışdı. Bu barədə Bakı qəzetlərindən birində verilmiş yazının başlığı belə idi: Xeyirxahlıq mücəssəməsi Cunquşu Hindistanda da sevdilər!

 

Qızının xatirələri

 

Şairənin qızı Gülər Abdullabəyova: Anam tək uşaq şeirləri yox, sevgi şeirləri də yazırdı. Onun atama həsr etdiyi məhəbbət şeirləri olduqca maraqlı və gözəl idi. Düşünürəm ki, anam lirik şeirlər yazan şairə ola bilərdi. Amma o məhz uşaq ədəbiyyatını seçdi. Uşaq ədəbiyyatında olan boşluq onu çox narahat edirdi. İstəmirdi ki, o, təkcə uşaq şairəsi kimi tanınsın. Şeirlər yaza-yaza həm də uşaq həkimi vəzifəsində çalışırdı. Çünki uşaqlara olan sevgisi sonsuz idi. Lakin 45-50 yaşlarında təqaüdə çıxaraq sırf poeziya ilə məşğul olmağa başladı. Daha həkim işləmədi. Bəlkə də sənətini həddindən artıq sevdiyindən irəli gəlirdi ki, o, səhhətində problem olsa da, yaradıcılığına fasilə vermirdi. Anam 85 yaşında dünyasını dəyişdi. Bu gün anam həyatda olmasa da unudulmur, xalqının, onu sevən azyaşlıların, sənət yoldaşlarının qəlbində əbədi yaşayır.

Xanımana Əlibəylinin anadan olmasının 90 illiyi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən onun əsərləri iki cilddə nəşr olunmuşdur. Kitabın tərtibçisi şairənin qızı, professor Gülər Abdullabəyovadır. Akademik Bəkir Nəbiyev nəşrə Uşaq ədəbiyyatımızın Xanım anası adlı ön söz yazıb.

İkicildliyin birinci cildi şairənin poema və şeirlərindən ibarətdir. Bu poemalardan bəziləri isə sonradan drama çevrilib, məsələn, Dovşanın ad günü əsəri kimi. Ikinci cilddə ədibin yeddi pyesi toplanıb. Əsərlərin adları da uşaq təfəkkürünə uyğundur: Dovşanın ad günü, Aycan, Gözəllər gözəli, Kənd həkimi, Cunquş, Ləpələrin nağılı, Nişanlı quş.

Xanımana Əlibəyli 7 may 2007-ci ildə dünyasını dəyişmiş, Bakıda dəfn edilmişdir.

 

Azadlıqın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə

Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

Azadlıq.- 2012.- 18 dekabr.- S.14.