Teatra səs gətirən ilk qadın aktrisamız

 

Tiflisin qaynar mədəni həyatı

 

XIX əsrdə Azərbaycan türklərinin sıx yaşadıqları Tiflis Qafqazın mərkəzi şəhərlərindən sayılırdı. Canişinliyin burada yerləşməsi Tiflisi həm siyasi, həm iqtisadi, həm də maarif və mədəniyyət baxımından müəyyən inkişaf yoluna çıxarmışdı. Milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadə burada yaşayırdı. Onun komediyaları rus, fars, gürcü dillərinə, osmanlı türkcəsinə məhz Tiflisdə tərcümə edilmişdi. Hətta zadəgan evlərində dramaturqun əsərləri 1850-ci illərin sonlarında rusgürcü dillərində tamaşaya qoyulmuşdu.  

 

Azərbaycanın teatr həvəskarları 1880-1900-cü illərdə, əsasən, Novruz, Orucluq, Qurban bayramlarında, ayrı-ayrı məktəblərin müxtəlif tədbirlərində teatr tamaşaları göstəriblər. Tamaşalar Tiflisin müxtəlif klublarında, daha çox Zadəgan bankı binasının salonunda və Artsruni teatrında nümayiş olunub. Teatr tamaşalarını ziyalılar və tələbələr hazırlayırdılar. Səhnə əsərlərinin fasilələrində klassik Şərq üçlüyünün konsertləri də olurdu. Əlbəttə ki, bu tamaşalar ilk növbədə əyləncə məqsədi ilə göstərilirdi. Lakin onun kökündə açıq və ya dolayı şəkildə maarifləndirmə ideyası, maarifləndirmə ruhu əsas idi.

1875-ci ildə “Əkinçi”, bir qədər sonra “Ziya” qəzetlərinin nəşri, Tiflis mədəni mühitinin tərəqqisi, əcnəbi teatr truppalarının buraya müntəzəm qastrolları XIX əsrin sonlarında və XX əsrin ilk onilliyində Azərbaycan səhnə sənətinin inkişafına güclü təkan verib. Tiflisdə daimi olmasa da, vaxtaşırı birləşib tamaşalar hazırlayan fədakar teatr həvəskarlarının yığcam dəstəsi yaranmışdı. Həmin dəstəyə Mirzəli Abbasov, Mirzəxan Quliyev, Paşa bəy Hüseynov, Osmanağa Qabulov, Mirzə Abdulla Abdullazadə, Müslüm İbrahimov, Hüseyn Minasazov, Qulam Vahabov, Məşədi Yusif, Hüseyn Çıldırov, Məmmədtağı Ələsgərov, Ağasəf Axundzadə daxil idilər. Müxtəlif sahələrdə çalışan ziyalılardan Mirzə Seyfəddin, Eynalı bəy Sultanov, Məhəmməd ağa Şahtaxtlı, Behbud Şahtaxtlı, Cəlil Məmmədquluzadə, Firudin bəy Köçərli teatr tamaşalarının hazırlanmasında yaxından köməklik və diqqət göstərirdilər. 

1908-1920-ci illər arasında Bakının Hüseyn Ərəblinski, Sidqi Ruhulla, Mirzağa Əliyev, Hüseynqulu Sarabski, Əhməd Ağdamski, Əbülfət Vəli kimi şöhrətli aktyorlarının Tiflisə vaxtaşırı qastrolları şəhərdə milli teatr sənətimizin tərəqqisinə təkan verib. Bu dövrdə Tiflisdə əvvəlcə “Müsəlman teatr artistləri cəmiyyəti”, az sonra “Səadət”, “İttihad” və “İbrət” teatr dəstələri fəaliyyət göstəriblər. Truppalara Həbib bəy Köçərlinski, Əşrəf Yüzbaşov, Mirseyfəddin Kirmanşahlı Panfiliya Tanailidi, Rza Təhmasib, Mustafa Mərdanov, Möhsün Cəfərov (Sənani),

İbrahim İsfahanlı, Əli Qurbanov, Ələkbər Seyfi kimi istedadlı gənclər üzv olublar.

1900-1920-ci illərdə göstərilən tamaşalara rejissorluğu, əsasən, Mirzəli Abbasov, Mirzəxan Quliyev, Məmmədtağı Ələsgərov, Mirseyfəddin Kirmanşahlı, Mustafa Mərdanov ediblər.

 

Səhnənin gözəl “Göyərçin”i

 

XX əsrin əvvəllərində Tiflisdə fəaliyyət göstərən Azərbaycan teatr truppalarında səhnənin ilk qadın qaranquşu da görünməyə başladı. 1906-cı ildən Mirzə Əli Abbasovun rəhbərlik etdiyi “Dram cəmiyyəti” və Həbib bəy Köçərlinskinin başçılıq etdiyi “Səadət” truppalarında səhnə fəaliyyətinə başlayan Gövhər Qazıyeva hər iki truppanın tamaşalarında uğurla çıxış edirdi. İlk qadın aktyorumuz olan Gövhər Qazıyevanın Tiflis zadəgan teatrında iştirak etdiyi ilk tamaşa Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” faciəsi idi. 1910-cu il oktyabrın 9-da verilmiş bu tamaşa böyük uğurla keçmişdi. Yenə həmin il oktyabrın 30-da “Səadət” dram dəstəsi Şəmsəddin Saminin “Gaveyi-ahəngər” pyesini tamaşaya qoymuşdu. Tamaşada Gavə rolunda Sultanov, Fərhad rolunda Mir Seyfəddin Kirmanşahlı, Xubçöhr rolunda Gövhər Qazıyeva (Göyərçin xanım) çıxış edirdilər.

Göyərçin xanım Azərbaycanın ilk qadın aktrisasıdır. Göyərçin, əslində onun teatr təxəllüsüdür, əsl adı isə Gövhərdir.

Gövhər Əhməd qızı Qazıyeva 1887-ci ildə Tiflisdə ziyalı ailəsində anadan olub, orada nəcib qızlar institutunu bitirib, rus və Azərbaycan dillərində mükəmməl təhsil alıb.

Gövhər Qazıyevanın şöhrəti tez bir zamanda bütün Zaqafqaziyaya yayıldı. Bakıda nəşr olunan qəzetlərdə ona məqalələr həsr edildi. Belə bir vaxtda “Nicat” cəmiyyəti Gövhər xanımı Bakıya dəvət etdi. 

Gövhər xanımın repertuarı geniş və əhatəli idi. O, Henrix Heynenin “Əlmənsur”, Loxmanovanın “Napoleonun vəfatı”, Namiq Kamalın “Qara bəla” əsərləri ilə yanaşı, Azərbaycan dramaturqlarının tamaşalarında da oynamışdır. Azərbaycanlı qızı Nəriman Nərimanovun “Nadir şah” pyesində Gülcahan, Əbdürrəhimbəy Haqverdiyevin “Pəri Cadu” tamaşasında Hafizə,  “Bəxtsiz cavan” faciəsində Mehri xanım, Zülfüqar Hacıbəyovun “Evliykən subay” əsərində Pərizad rollarını sənətkarlıqla yaratmışdır. Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun”  tamaşasında Gülnaz, “Leyli və Məcnun”da Leyli rollarının ifaçısı olan Gövhər Qazıyeva bu obrazları səhnədə özünəməxsus tərzdə canlandıra bilmişdir.  

1911-ci il mayın 26-da və 30-da Tiflisdə Gövhər Qazıyevanın benefisi keçirildi. Bu gecədə ilk dəfə Zülfüqar Hacıbəyovun “On bir yaşlı arvad” pyesi göstərilmişdi. Lakin azərbaycanlı qadının səhnəyə çıxması nadan, cahil adamları narahat edirdi. Odur ki, cahillər və din xadimləri müsəlman qadının səhnəyə çıxması əleyhinə müxtəlif fitnələr törədirdilər.   

 

Xoşbəxtlik bir an imiş...

 

Gövhər Qazıyeva Azərbaycan teatr səhnəsinin bir çox görkəmli aktyorları - Hüseyn Ərəblinski, Mirzağa Əliyev, Hüseynqulu Sarabski, Mir Seyfəddin Kirmanşahlı və başqaları ilə birgə çıxış etmişdir. Onun Mirzəağa Əliyevlə əməkdaşlığı ilk dəfə Tiflisdə “Əlli yaşında cavan” tamaşasında olmuşdur. İrəvanda onlar daha böyük uğur əldə etmişdilər. Mirzağa Əliyevlə Gövhər Qazıyevanın sənət dostluğu sonralar məhəbbətə çevrildi. 1912-ci ilin mayında onlar evlənib Bakıya köçdülər. Çar hökuməti orqanlarının fitnəkarlığı nəticəsində Mirzağa Əliyev həmin il Həştərxana sürgün olundu. Gövhər Qazıyeva isə 1913-cü ildə Polşaya getdi və Varşavada “Müqəddəs Sofiya” tibb məktəbinə daxil oldu, 1915-ci ildə mamalıq üzrə bu təhsil müəssisəsini bitirib Bakıya qayıtdı. 1915-ci ildə “Bəsirət” qəzeti akuşerka Gövhər xanım Əliyevanın peşə fəaliyyətinə başlaması haqqında bir elan da vermişdi. 

Mirzağa Əliyevlə Gövhər Qazıyevanın tale yolları ayrıldığı üçün onlar boşanmışdılar. Qəribədir ki, evlənəndən sonra M.Əliyev həyat yoldaşının səhnədə çıxış etməsinə icazə verməmişdir. Reallıq budur ki, Gövhər Qazıyeva ərə gedəndən (bu, onun ikinci nikahı idi və birinci ərindən onun İsmayıl adlı oğlu vardı) sonra səhnəyə çıxmamışdır.

1937-ci ildə Gövhər Qazıyeva artıq daimi yaşadığı İrandan bir neçə günlüyə Bakıya gəlir. Keçmiş səhnə yoldaşları teatrda onun şərəfinə qəbul düzəldirlər. Keçmiş aktrisa Cəfər Cabbarlının “Almas” pyesinin tamaşasına baxır. Tamaşa və qəbul günü qeyri-adi hadisə baş verir. Gövhər Qazıyeva on beş ildən bəri itirdiyi oğlu İsmayılı tapır. Qəfil sevincdən özünü itirmiş qadın hamıya hədiyyə paylayırmış.

Gövhər Qazıyeva İrana görkəmli aktyor və rejissor Mirseyfəddin Kirmanşahlının təhriki ilə getmiş və 1960-cı ildə orada vəfat etmişdir.

Gövhər Qazıyeva (Göyərçin xanım) Azərbaycan teatrının salnaməsinə ilk qaranquş kimi düşən aktrisa olub...

 

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

Azadlıq.- 2012.- 16 iyun.- S.14.