Ömür bitir, amma səhnədə həyat davam edir...

 

Teatr  ustadlarından biri

 

Azərbaycan teatrının yaxın keçmişi haqqında söz düşəndə böyük sənətkar Ağadadaş Qurbanovu xatırlamamaq mümkün deyil.  O, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının banilərindən biri olub, həm faciə, həm dram, həm komediya janrlı tamaşalarda yaddaqalan obrazlar yaradıb.

Ağadadaş Gülməmməd oğlu Qurbanov 8 mart 1911-ci ildə Bakıda doğulub. 1927-ci il martın 15-də “Dənizçilər klubu”nda  Lətif Kərimlinin “Fırtına” pyesinin tamaşası oynanılıb. Bu tamaşanı başda Ağadadaş Qurbanov olmaqla, talelərini teatra bağlayan məktəblilər hazırlamışdılar. Bununla da Bakıda Fəhlə Uşaqlar Teatrının (sonralar Gənc Tamaşaçılar Teatrı adlandırıldı) bünövrəsi qoyulub. Ağadadaş Qurbanov həmin vaxtdan 1952-ci ilədək bu teatrda işləyib qısa müddətdə kollektivin əsas qüvvələrindən biri olub.

Aktyor Gənc Tamaşaçılar Teatrında böyüklər üçün nəzərdə tutulan Cəfər Cabbarlının “Aydın” (Aydın),  Mirzə Fətəli Axundzadənin “Molla İbrahimxəlil kimyagər” (Molla İbrahimxəlil), Nəcəf bəy Vəzirovun “Hacı Qəmbər” (Hacı Qəmbər), Fridrix Şillerin “Qaçaqlar” (Karl Moor), Nikolay Qoqolun “Müfəttiş” (Xlestakov), Rabindranat Taqorun “Qaneşin yolu” hekayəsi əsasında “Əfilər” (Qaneş) pyeslərinin tamaşalarında iştirak edib.

Ağadadaş Qurbanov 1952-ci ildən ömrünün sonunadək Milli Dram Teatrında işləyib. O, bu teatrda Mirzə Səməndər, Əbu Übeyd, ÖtgünAlmaz”, “Od gəlini” “Dönüş”, Cəfər Cabbarlı), Şeyx Mərvan Şeyx Sənan, SəyavuşŞeyx Sənan” “Səyavuş”, Hüseyn Cavid), KamilloQış nağılı”, Vilyam Şekspir), İbrahim xan VaqifVaqif”, Səməd Vurğun), ŞultsUzaq sahillərdə”, İmran Qasımov Həsən Seyidbəyli), İvanovGöz həkimi”, İslam Səfərli), Dəmirçi Musa (“Toy”, Sabit Rəhman), YəhudiMariya Tüdor”, Viktor Hüqo) rollarında çıxış edib. Onun teatr yaradıcılığı üçün xas olan əsas cəhət bundan ibarət idi ki, aktyor klassik teatr ənənələrinə söykənərək obrazların bütövlüyünü, tamlığını təmin edə bilirdi. Aktyor yaradıcı obrazları özününküləşdirməyi bacarırdı, sanki onların həyatını yaşayırdı.

Xalq artisti Ələsgər Ələkbərovdan sonra hər sənətkar Vaqif kimi dərin məzmunlu, poetik mürəkkəb bir rolun ifasını boynuna götürməyə can atmazdı. Lakin A.Qurbanov bu çətin məsuliyyətli rolun öhdəsindən ustalıqla gəlməyi bacardı. O, Vaqifin böyük şair, müdrik dövlət xadimi surətini dərin bir inam səmimiyyətlə yaratmışdı.

Şeyx Sənan surəti onun yaradıcılığının uca zirvəsi oldu. H.Cavidin “Şeyx Sənan” əsərindəki Şeyx Sənan rolunun ilk ifaçısı Rza Əfqanlı olub, ondan sonra bu rolu Ağadadaş  Qurbanov ifa etmişdi. O, Şeyx Sənanı od ürəkli bir aşiq eşqi uğrunda hər şeyi fəda edən bir insan kimi yaradıb.

 

Teatrdan kinoya açılan qapı

 

Teatr onun üçün hər şey idi. Ağadadaş Qurbanov bütün mənalı ömrünü bu sənətə həsr etdi, bir-birinə bənzəməyən, həmişə tamaşaçıların sürəkli alqışları ilə qarşılanan rollar yaratdı. Çox təəssüf ki, bu tamaşaların lent yazıları bu günümüzə çatdırılmayıb. Ancaq həmin tamaşaların köhnə afişalarında Ağadadaş Qurbanovun adı həmişə ön sırada yazılardı. O, teatrın əsl fədailərindən idi. Bəzən eyni tamaşada müxtəlif rolları ifa edirdi. Buna aktyorun geniş yaradıcılıq potensialı imkan yaradırdı.

O dövrün aktyorlarının əksəriyyəti kimi, Ağadadaş Qurbanov da dəfələrlə kino çəkilişlərinə dəvət almış, çox maraqlı ekran qəhrəmanlarına həyat bəxş etmişdi. 1941-ci ildə “Səbuhi” filmində çəkilən aktyor burada Abbasqulu Ağa Bakıxanovun maraqlı obrazını yaratmışdı. Bu obraz onu kinoya gətirdi aktyor sonralar bir neçə filmdə əsas rolların ifaçısı oldu.

Onun kino qəhrəmanları müxtəlif xarakterli insanlardır. “Koroğlu” filmində Həsən xan, “Bir qalanın sirri”ində Usta, “Bizim küçə” filmində Bəhram, “Qızmar günəş altında” filmində professor, “Telefonçu qız” filmində Zakirin atası s. rollarda çəkilib.

Ağadadaş Qurbanovun çox uğurlu kino qəhrəmanlarından biri Argentina yazıçısı O.Draqunun “İtə çevrilən adam” hekayəsi əsasında rejissor Kamil Rüstəmovun ekranlaşdırdığı “Zəncirlənmiş adam” filmindəki Alvardo obrazıdır. Aktyor bu filmdə hər cür məhrumiyyətlərə məruz qalmış bir insanın dəhşətli həyatının ağır anlarını canlandırır.

Kinoda onun son işi “Arşın mal alan” filminin 1965-ci ildə rejissor Tofiq Tağızadənin çəkdiyi II variantındakı Soltan bəy rolu idi. Filmin birinci variantında bu rolu Ələkbər Hüseynzadə ifa etmişdi. O da çox uğurlu rol idi. Ancaq Ağadadaş Qurbanov bu obrazı özünəməxsus şəkildə yüksək sənətkarlıqla tamaşaçılara çatdıra bilib. Bəzi yazılarda “Arşın mal alan” filminin bu variantı tənqid olunurdu. Məsələn, “Elm həyat” jurnalının 1971-ci ildə çap olunmuş 1-ci sayında bu barədə geniş yazı verilib. Orada deyilir: “Cəsarətlə demək olar ki, son ”Arşın mal alan" filmində Soltan bəy rolunda Ağadadaş Qurbanov Cahan xalanı oynayan Nəcibə Məlikovadan başqa qalan obrazlar öz oyunu ilə bizi qane etmir". Həqiqətən , Ağadadaş Qurbanov öz yüksək ifa tərzi ilə tamaşaçının diqqətini cəlb edir. Bu rolun ifaçısının professional aktyor olduğu çox aydın hiss olunur.

“Arşın mal alan” filmində Soltan bəy roluna çəkilən aktyor kinolentinin tamamlandığı ərəfədə Salyanda qastrolda idi. Mehmanxananın eyvanına çıxanda qəfildən eyvan uçub sənətkar  25 iyun 1965-ci ildə faciəli şəkildə həlak olub. Bakıda Fəxri Xiyabanda dəfn olunub.

 

Bir sənət ailəsi yaratdı

 

Ağadadaş Qurbanov sənətdə inkişafa önəmli əhəmiyyət verirdi. Abbasmirzə Şərifzadə, Ülvi Rəcəb, Sidqi Ruhulla, Mərziyyə Davudova, Mirzağa Əliyev, Rza Təhmasibin iştirak etdiyi tamaşalara baxmaqdan yorulmaz, çox şey öyrənməyə çalışardı. Aktyor 1943-cü ildə respublikanın Əməkdar artisti, 1954-cü ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

O, teatrı öz varlığı qədər sevirdi. Xalq artisti Gülxar xanım Həsənova ilə ailə həyatı qurmuşdu. Övladlarının ikisi aktyor idi: xalq artistləri Gülşən Qurbanova, Hamlet Qurbanov. Qızı Firəngiz xanım isə rəssamlığı seçmişdi.

Sənətkarın qızı, Əməkdar incəsənət xadimi Firəngiz Qurbanova: “Atam Bakının Saray qəsəbəsində kasıb bir ailədə dünyaya gəlib. Valideynlərini erkən itirdiyi üçün bacısı ilə birgə babasının himayəsinə keçir. Ancaq bir neçə il sonra onları da itirdiyindən şikəst əmisinin yanında qalmalı olurlar. O, 9 yaşından qonşulara su daşımaqla ailənin qayğılarını yüngülləşdirməyə çalışır. Ağır həyat yaşasa da, hələ məktəb yaşlarından teatra, incəsənətə böyük maraq göstərən Ağadadaş Qurbanov istedadlı uşaqları başına yığıb dram dərnəyi yaratmağa çalışır, rejissorluğu da özü edirdi. 17 yaşında ikən ilk tamaşanı - ”Fırtına" əsərini ərsəyə gətirir. Tamaşa böyüklərin marağını cəlb edir əsərə baxmağa gəlirlər. Beləliklə, atamın istedadını görüb sonralar onu teatra cəlb edirlər. Onun səhnəyə qoyduğu tamaşalara baxmaq istəyənlərin sayı o qədər çox olur ki, oturmağa boş yer tapılmırdı. Həmin vaxtlar atama indiki Aktyorlar Evinin yerində olan köhnə bir tikilini vermişdilər. Bununla atam Gənc Tamaşaçılar Teatrının əsasını orada yaratmış olur. Tez-tez evimizə onun aktyor dostları - Fatma Qədri, Sidqi Ruhulla başqaları gələrdilər. Mənzilimiz kiçik, kommunal şəraitdə olsa da, atam bu məsələni qabartmazdı. Nəsə xahiş etmək, kimdən nəyisə ummaq onun xasiyyətinə yad idi. Hər şeyi öz əməyi sayəsində əldə etməyə çalışırdı bunu öz şəxsi nümunəsi ilə bizə aşılayırdı. Deyirdi ki, incəsənətə təsadüfi adam gələ bilməz..."

 

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

Azadlıq.- 2012.- 20 iyun.- S.14.