Culfanın Nəhəcir abidələr kompleksi      

 

Eramızdan əvvələ aid qədim qala

 

Nəhəcir Culfa rayonunun yaxınlığında eyni adlı kəndin ərazisində yerləşən abidələr kompleksidir. Tədqiqatçılar kəndin ərazisində qədim insan məskəni, qədim qəbiristan və bu qəbiristanda daşdan təbii qoç fiqurları aşkar etmişlər. Bu kənd eyni zamanda toponim baxımından da diqqəti çəkir.

 

Bəzi tədqiqatçılara görə, kəndin əsl adı Nuhəcərdir. Oykonim Nuh və fars dilindəki cir (yamac, maili yer) sözlərindən ibarət olub, “Nuhun yamacı” mənasındadır. Bu mülahizəni irəli sürən tədqiqatçılar Naxçıvan zonasında geniş yayılmış Nuh haqqında əfsanəyə əsaslanırlar. Kəndin yaxınlığındakı Nəhəcir qayasının məşhur Gəmiqaya dağının yaxınlığında olması da buna əsas verir. Naxçıvanda Nuh mağarası, Nuhdaban, Nuh gəmisinin qayası və s. adlar da Nuhəcir toponimi ilə əlaqələndirilir. Amma tədqiqatçıların bir qismi bu fikirdədir ki, oykonim Nəxcir adının təhrif olunmuş formasıdır. Ərəb dilində nəxcir “vəhşi keçi, ov heyvanı, şikar” deməkdir. Həmin fərziyyəyə əsaslanan tədqiqatçılar bu mənanı kəndin ərazisindəki təbii qoç fiqurları ilə əlaqələndirirlər.

Nəhəcir abidələr kompleksi Nəhəcir dağının ətəyi boyunca uzanır. Burada aşkara çıxarılmış yerüstü tapıntılara Orta Tunc dövrünə aid boz və çəhrayı rəngli keramika, bu dövrə aid boyalı qablar, o cümlədən Orta əsr materialları aiddir. Təbiət hadisələri nəticəsində baş verən aşınmada Sahədə meydana gələn kəsiklərdə daşdan hörülmüş tikinti qalıqları, boyalı qablar, əmək alətləri və osteoloji qalıqlar da aşkara çıxmışdır.

Buradakı mədəni təbəqənin qalınlığı 3 metrdən artıqdır. Qədim abidə sahəsindən toplanan materiallar həvənglər, dəstələr, dən daşları, oraq dişləri, monoxrom boyalı qablardan ibarətdir.

Kompleksin ən maraqlı abidələrindən biri qədim Nəhəcir qalasıdır. Bu, Nəhəcir dağının coğrafi - strateji cəhətdən əlverişli olan hündür və sıldırım qayalı cənub hissəsi üzərində yerləşən qaladır. Tarixi e.ə. II minilliyə-I minilliyin əvvəllərinə aid edilir. Qədim qala  2001-ci ildə Naxçıvan arxeoloji ekspedisiyası tərəfindən aşkar edilmişdir.

Qala ərazisində həmin dövrə aid bazalt daşından hazırlanmış balta, kiçik həcmli daş həvəng - dibək, qara, boz və çəhrayı rəngli qab qırıqları tapılmışdır. Burada həmçinin Nəhəcir qalası ilə eyni dövrə aid olan dağıdılmış  kurqandan e.ə. II minilliyin əvvəllərinə aid monoxrom boyalı gil qablar aşkar edilmişdir. Dağın cənub və şərq ətəklərindəki terraslarda iri qaya parçalarından siklop tipli müdafiə sədləri tikilmişdir. Bu müdafiə divarlarının eni 2-2,5 m-dir. Qalanı Nəhəcir dağının cənub ətəyindəki düzən sahədə yaşamış və iqtisadi, mədəni cəhətdən inkişaf etmiş qədim tayfalar düşmən basqınlarından müdafiə məqsədi ilə tikmişlər.

 

Gəmiqaya rəsmləri ilə eyni təsvirli tapıntı

 

Burada tədqiqatçı alimlər araşdırma aparılan sahələri mövqe baxımından müəyyən hissələrə ayırmışlar. I Nəhəcir  Nəhəcir kəndinin şimal-şərqində yerləşən Tunc dövrünə aid yaşayış yeridir. Tarixi ərazi şimaldan Nəhəcir dağı, cənubdan Nəhəcir kəndi ilə dövrələnir. Qeydə alınan sahə 10 ha, buradakı mədəni təbəqənin qalınlığı 3 m-dir. Yaşayış yerindən  axtarış nəticəsində monoxrom boyalı boz, qara rəngli gil qab qırıqları, dən daşları sürtgəclər, həvəngdəstələr və sair aşkara çıxarılmışdır. 

O cümlədən, buradan tapılmış şirli monoxrom boyalı qablardan birinin üzərində maraqlı təsvir nəzərə çarpır. Qara boya ilə əks olunmuş təsvir xırdabuynuzlu heyvanın boğazına bağlanmış ipdən tutan kişini canlandırır. Rəsmdəki adamın duruşu elədir ki, burada bəsit təsərrüfat - məişət səhnəsini təsəvvür etmək çətindir. Amma ən maraqlısı odur ki, kişinin əlləri yuxarıya - səmaya doğru qalxmışdır. Alimlərin fikrincə, bu ayin, çox güman ki, Azərbaycanın orta Tunc dövrü tayfalarının etiqadını göstərir. O cümlədən, bu ayin səhnəsi Gəmiqayadakı rəsmlərlə tam eyniyyət təşkil edir. Tapıntıların təhlilinə əsaslanan mütəxəssislər, əlverişli coğrafi və strateji mövqedə olan bu yaşayış yerinin ərazisində insanların e.ə. III minilliyin sonlarından məskunlaşmağa başladığını ehtimal edirlər.  Abidələr kompleksinə daxil olan daha bir obyekt də I Nəhəcir nekropoludur. Bu, I Nəhəcir yaşayış yerinin şimal qurtaracağında yerləşən Tunc dövrünə aid arxeoloji abidədir.

Nekropol ərazisində daş və torpaq kurqanlardan Azərbaycanın Boyalı Qablar mədəniyyətinin ilk mərhələsi (e.ə. 22-18-ci əsrlər) üçün səciyyəvi olan monoxrom boyalı küplər, cızma və basma naxışlı boz və qara rəngli saxsı qablar və s. əldə edilmişdir.

Aşkar edilmiş monoxrom qabların üzəri dalğalı və sınıq xətlər, həndəsi fiqurlar (üçbucaq, dairə vəs.) insan və heyvan rəsmləri ilə bəzədilmişdir. Tapıntılar arasındakı boyalı qabların üzərində rast gəlinən heyvan, quş və adam rəsmləri motivinə, ölçülərinə və sxematikliyinə görə Gəmiqaya rəsmləri ilə eyniyyət təşkil edir.

 

II Nəhəcir və III Nəhəcir

 

II Nəhəcir  Culfa  rayonunun Nəhəcir kəndinin qərbində yerləşən orta əsrlərə aid arxeoloji abidədir. Abidə şimaldan Nəhəcir dağı ilə məhdudlaşır və onun yamacı boyunca ensiz zolaq şəklində şimaldan şərqə doğru uzanır. Bu abidədə 1991-ci ildə AMEA-nın Naxçıvan Regional Elmi Mərkəzinin arxeoloji ekspedisiyası tərəfindən kəşfiyyat xarakterli tədqiqatlar aparılmış və çoxlu materiallar toplanmışdır.

Burada qədim tikinti qalıqlarına, iki yerdə böyük kül təpəsinə təsadüf edilmiş, çəhrayı rəngli küpə tipli şirsiz və şirli saxsı qab qırıqları tapılmışdır ki, onlar həndəsi və nəbati naxışlarla bəzədilmiş formadadır.

II Nəhəcir nekropolu da II Nəhəcir yaşayış yerinin qərb tərəfində uzunsov təpənin üzərində yerləşir. Orta əsrlərə aid olan bu nekropoldakı qəbirlər qərb-şərq istiqamətindədir. Tədqiq olunan nekropolda daşdan təbii böyüklükdə çoxlu qoç fiqurları (XV-XVI əsrlər) aşkara çıxarılmışdır. Qəbirüstü abidələr olan bu fiqurların üzəri müxtəlif rəsm və işarələrlə bəzədilmişdir.

III Nəhəcir isə Nəhəcir kəndindən qərbdə, Qahab kəndi yaxınlığında yerləşən Dəmir dövrünə aid yaşayış yeridir. Bu abidə də 1990-cı ildə AMEA-nın Elmi Mərkəzinin arxeoloji ekspedisiyası tərəfindən qeydə alınmış və sahədə kəşfiyyat xarakterli tədqiqatlar aparılmışdır. Hazırda yaşayış yerində yonulmamış qaya parçalarından iki cərgə düzbucaqlı planda inşa edilmiş böyük binanın qalıqları saxlanmışdır. Tapılan yerüstü materiallar çəhrayı və boz rəngli gil qab qırıqlarından ibarətdir. Alimlər III Nəhəcir yaşayış yerinin e.ə. VI-IV əsrlərə aid olduğunu ehtimal edirlər.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 

Azadlıq.- 2012.- 1 sentyabr.- S.14.