Böyük nəslin dəyərli simaları

Qafqazın ilk Şeyxülislamı

 

Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli simalarından biri olan Əli bəy Hüseynzadə türk ictimai fikir tarixində önəmli rol oynamış şəxsiyyətlərdən sayılır. Onun yetişməsində mənsub olduğu nəslin, xüsusi ilə babası Şeyx Əhməd Salyaninin böyük zəhməti olmuşdur.

 

Zəmanəsinin nüfuzlu din xadimlərindən olan Şeyx Əhməd Salyaninin atası Məhəmmədəli Hüseynzadə Qafqazın ilk Şeyxülislamı olmuşdur. O, 1760-cı ildə Salyanda dünyaya göz açmışdır. İbtidai dini təhsilini Salyan və Gəncədə alan M.Hüseynzadə 1790-cı ildə İraqa getmiş, Bağdad Universitetinin ilahiyyat və tarix fakültələrini bitirmişdir. Yüksək təhsilini başa vuran ruhani alim 1802-ci ildə Tiflisə gəlmiş, burada Şah Abbas məscidinin axundu təyin edilmişdir. O, uzun illər bu vəzifədə işləməklə təkcə Tiflisdə deyil, Şərqi və Qərbi Azərbaycan, Borçalı, Dağıstan əyalətlərində nüfuz sahibinə çevrilmişdir. Bu qazandığı nüfuz sayəsində də o, 1823-cü ildə Qafqazın ilk Şeyxülislamı olmuşdur.

Bu, çox çətin və ağır bir dövr idi. Bəzi məsələlərdə hökumətə qarşı çıxan axund və mollaları cəzalandırmaq tələb olunurdu. Rusiyanın siyasətindən narazı olan azərbaycanlı din xadimləri narazı insanları əzməklə imperiyaya xidmət etmək istəmirdi. Bu dövrdə Nuxa qazısı Əbdül Lətif Əfəndi, Şuşa qazısı Əbdil Qasım həmin üsyanın əsas təşkilatçıları olmuşdular. Narazı din adamları vergilərin yığılmasında çar məmurlarına maneçilik törədir, xütbələrdə Rusiyanı dinsizlikdə ittiham edirdilər.

Etirazların ciddi olduğunu görən Peterburq Şeyxin fikirlərini əsas götürərək 6 dekabr 1846-cı ildə Azərbaycan bəylərinin torpaq üzərindəki irsi mülkiyyət hüququnu tanıdı. Bununla, mülkiyyət bölgüsü məsələlərinin rus qanunları ilə yanaşı, şəriət əsasında da həll edilməsinə icazə verildi. Nəticədə şəriət məhkəmələrinin rolu genişləndi və Şeyxülislamın təsir imkanları da artdı. Bütün hallarda bu güzəştdən yararlanmaq lazım idi.

Belə bir vəziyyətdə 1834-cü ildə Yelizavetpol qəzasında yerləşən İmamzadə məscidinə məxsus torpaq sahəsi guya lazımi sənədlərin olmaması ucbatından müsadirə edilmiş, yalnız Şeyxülislamın kəskin əks reaksiyasından sonra 1844-cü ildə geri qaytarılmışdı.

 

Əsl mömin və ləyaqətli insan

 

Şeyxülislam Məhəmmədəli Hüseynzadə nüfuzlu bir şəxsiyyət olaraq yüksək səviyyələrdə hörmətlə qəbul olunurdu. Onun Şeyx Şamillə şəxsi tanışlığı vardı. Elə buna görə də, o, qubernatorun müridizmə qarşı mübarizə aparmaq sərəncamına əməl etmədi. O, Şeyx Şamilin gücünün müridizmdə olduğunu bilirdi. Bu cərəyana qarşı mübarizə aparmaq Şeyx Şamilə - müsəlmanların azadlığına rəhbərlik edən bir şəxsə ağır zərbə vurmaq demək olardı.

1828-ci ildə Təbriz müctəhidi Ağa Mir Fəttah Təbatəbai Qafqazın şiə məzhəbindən olan ruhanilərə başçı (müctəhid) təyin olunandan sonra Şeyxülislam ağır təzyiqlərə məruz qaldı. O, Bağdadda təhsil alsa da, rus dilinə və ədəbiyyatına dərindən bələd idi.

Şeyxülislam Məhəmmədəli Hüseynzadə 1852-ci ildə vəfat etmiş və Tiflisin Müsəlman qəbiristanlığında dəfn olunmuşdur. Böyük din xadimi eyni zamanda bir sıra dəyərli kitabların müəllifi idi.

Təsadüfi deyil ki, sonradan onun yolunu oğlu Əhməd Salyani davam etdirmişdir. Atası kimi dövrünün tanınmış din xadimlərindən sayılan Əhməd Salyani də böyük bir məktəb yaratmışdır. O, 1812-ci ildə Salyanda dünyaya gəlmiş, ilk mədrəsə təhsilini burada başa vurduqdan sonra Tiflisdə Qafqaz Ruhani məktəbinə daxil olmuşdur. Elə Ruhani məktəbində oxuyarkən o, istedadı və yüksək qabiliyyəti ilə çevrəsindəkilərdən fərqlənmiş, ilahiyyat elminə böyük maraq göstərmişdir. Beləliklə, Nəcəfdə ali dini təhsil almaq üçün yollanan Əhməd Salyani atası kimi Tiflis şəhərinə qayıdaraq Qafqaz Müsəlmanları Ruhani idarəsində işləməyə başlamışdır.

 

Yolun davamçısı Şeyx Əhməd Salyani

 

Şeyx Əhməd Salyani burada təzadlı bir dövrdə yaşayıb işləsə də, hələ ilk gündən öz iti ağlı və dərin biliyi ilə çevrəsinin hörmətini qazana bilmişdir. O, Şərqin dini mərkəzi sayılan Nəcəfül-Əşrəfdəki İslam universitetində əldə etdiyi yüksək nəzəri bilikləri elmi əsaslarla təbliğ etməkdə böyük işlər görmüşdür. 1862-ci ildə imperator II Aleksandr Axund Əhməd Hüseynzadənin Zaqafqaziya Şeyxülislamı təyin olunması və ona bölgənin gəlirləri hesabına ayda 1600 rubl məvacib verilməsi barədə qərarı təsdiqləyir. O dövrdə Şeyxülislamın dini rəhbər kimi çox da geniş səlahiyyətləri yox idi.

Amma şeyxülislamların uzun illər boyu apardıqları mübarizə nəticəsini verdi. 1872-ci ildə şeyxülislamlıqla bağlı xüsusi çar fərmanı imzalandı. Həmin fərmana görə, 5 aprel 1872-ci ildə Zaqafqaziya Şiə Müsəlmanları ruhani İdarəsi və Zaqafqaziya Sünni Müsəlmanları Ruhani idarəsi yaradıldı. Bundan sonra da Əhməd Hüseynzadənin fəaliyyəti genişləndi və vəzifə səlahiyyətləri bir qədər də artdı. Müəyyən müddətdən sonra, 1881-ci ildə mühüm xidmətlərinə görə Şeyxülislam Axund Əhməd Hüseynzadəyə 3-cü dərəcəli Müqəddəs Vladimir ordeni verildi.

Şeyx Əhməd Salyani 23 il bu vəzifədə çalışmışdır. O, Qafqaz Müsəlmanları ruhani idarəsinə rəhbərlik etdiyi ilk illərdə, daha dəqiq desək, 1879-cu ildə Zaqafqaziyada Qori müəllimlər seminariyasının tatar (Azərbaycan) şöbəsinin açılmasına yaxından kömək göstərmişdir.

Tədqiqatçı G.Məmmədzadə qeyd etmişdir ki, dövrünün görkəmli islamşünas alimlərindən olan Şeyx Əhməd Salyani həm də nəzəri biliklərə bacarıqla yiyələnmiş bir şəxsiyyət olmuşdur. Bundan başqa, dini-mənəvi elmlərə dərindən yiyələnmiş Salyani müxtəlif elmi fənlərə aid dərsliklər də yazmışdır. Elmi-dini əsərləri ilə yanaşı, o, Ağızdan-ağıza keçmiş hədislər, Müəllimul-ətgal-fi-təriqe-təlimi ətfal, Bəsaül nas-fi-məmləkətül Qafqaz, Tarixi-ədəbiyyati-türk, Tərbiətül-ətfal, Dilguşə adlı əsərlərin müəllifi kimi məşhurdur. Onun Azərbaycan MEA-nın Əlyazmalar İnstitutunda saxlanılan əsəri - Müəllimül-ətfal-fi-təriqe təlim ətfal əsəri Azərbaycan və fars dillərindədir.

Axund Şeyx Əhməd Salyaninin tarixə maarifə, ədəbiyyat tarixinə dair tədqiqatları bu gün də öz elmi əhəmiyyətini itirməmişdir. Onun ən böyük xidmətlərindən hesab olunan çətin və ağır zəhmət hesabına yazdığı Azərbaycan tarixindən bəhs edən Bəsaül-nas-fi-məmləkətül-Qafqaz və Azərbaycan ədəbiyyatı tarixindən bəhs edən Tarixi-ədəbiyyatı-türk əsərləridir.

Şeyx Əhməd Salyani 1887-ci ildə Tiflis şəhərində vəfat etmiş və oradakı müsəlman qəbiristanlığında dəfn olunmuşdur.

 

Azadlıqın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 

Azadlıq.- 2013.- 12 aprel.- S.14.