Tiflis teatrının tanınmış
simalarından biri
Həm gözəl aktyor, həm də rejissor
Peşəkar Azərbaycan teatrının inkişafında
XIX-XX əsr Tiflis mühitinin
önəmli rolu olmuşdur. Bu dövrdə
Tiflisdə fəaliyyət
göstərən Azərbaycan
aktyorlarının Bakı
və başqa şəhərlərdəki yaradıcı
həmkarlarıyla yaxın
əlaqələri vardı
ki, bu da
teatr sənətinin inkişafına böyük
stimul verirdi.
Bu dövrdə Tiflis teatrının
formalaşmasında mühüm
rol oynayan şəxslərdən biri
də Həbib bəy Köçərli
olub. Onun fəaliyyəti həm Tiflis, həm də Şuşa
teatrına böyük
töhfələr vermişdir.
Teatrşünas Abbas Hacıyev Həbib bəy Köçərlinin
Tiflisdəki teatr fəaliyyətinin 1905-ci ildən
başlandığını qeyd edərək yazır: “1905-ci il inqilabından sonra Tiflis Azərbaycan teatrı mündəricəsi, hər
hansı əsərin
təcəssümünü verə bilmək imkanın genişliyi ilə Zaqafqaziya teatrlarının çoxundan
fərqlənirdi. Çünki
bu teatrda güclü aktyorlar - Mirzəli Abbasov, Əşrəf Yüzbaşov,
Mirseyfəddin Kirmanşahlı,
Həbib Köçərli,
Mustafa Mərdanov, İbrahim
İsfahanlı, Göyərçin
xanım, Əlibala Şahsabahlı, Əli Qurbanov, Ələkbər Seyfi, Əhməd Salahlı, Möhsün Sənani və onlarca başqa səhnə vurğunları
fəaliyyət göstərirlər.
Onlar faciə, dram, komediya və musiqili operettalarda eyni uğurla çıxış
edir, ümumxalq məhəbbəti qazanırdılar”.
Amma mənbələrdə
aktyorun səhnəyə
çıxması ilə
bağlı müxtəlif
tarixlər göstərilir. Həbib Köçərlinin gimnaziya yoldaşı və dostu, görkəmli ədəbiyyatşünas
Əziz Şərif xatirələrində aktyorla
bağlı maraqlı
məqamları qeydə
alıb. Əziz
Şərifin sistemli şəkildə qələmə
aldığı gündəliyində
onun Həbib Köçərlini ilk dəfə
səhnədə görməsi
tarixi 1909-cu il
oktyabrın 5-i olaraq qeyd edilmişdir. Aktyor həmin gün türk dramaturqu Namiq Kamalın “Vətən” dramında baş rolu oynamışdır.
Əziz Şərifin
xatirələrində oxuyuruq:
“Eyni tamaşa bir ay sonra, noyabrın
7-də yenə Həbib
Köçərlinin iştirakı
ilə təkrar edilmişdi. Onun son dərəcə uğurla oynaması bu gün də
mənim yadımdadır.
Həbib Köçərli,
demək olar ki, səhnədə yaşayır və təsvir etdiyi qəhrəmanları yaşadırdı”.
Ədəbiyyatşünas eyni zamanda,
Həbib Köçərlinin
Fəxrəddin (“Müsibəti-Fəxrəddin”)
və Fərhad (“Bəxtsiz cavan”) rollarını da böyük məharətlə
oynadığını xüsusi
qeyd etmişdir.
Aktyorun “Otello” tamaşasında yaratdığı
Yaqo obrazı da yüksək qiymətləndirilmişdir. Həmin tamaşada Həbib
Köçərlinin tərəf-müqabili
Otello rolunun ifaçısı - görkəmli
aktyor Mirzəli Abbasov olmuşdur.
“Səadət” dram cəmiyyətinin aparıcı
aktyoru
1911-ci ildə göstərilən
“Otello” tamaşasına
o vaxtlar Tiflisdə müalicə olunan böyük şairimiz Mirzə Ələkbər
Sabir də baxmış və xeyli təsirləndiyini söyləmişdi. “... Xəstə olmağına baxmayaraq,
axıra kimi qalıb tamaşa etdi. Tamaşadan çox razı
qaldı, hətta ayrı-ayrı aktyorları
qucaqlayıb öpdü
də. Otello rolu barədə böyük şair dedi ki, Otellonu
Mirzəli Abbasov çox yaxşı oynayır, amma bir cəhətə daha artıq fikir verməlidir. O da Şekspirin Otello surətinə münasibətidir. Şekspir
qara irqə mənsub olan Otellonu sevir, onu ağ
irqə mənsub olan alçaq Yaqodan yüksək tutur. Otellonu oynayan bir aktyor rolun bu
cəhətinə fikir
verməlidir”. Bunu teatrşünas
Abbas Hacıyev yazıb.
Həbib bəy Kərim bəy oğlu Köçərli
1890-cı ildə Şuşa şəhərində
anadan olmuşdu. Şuşa
Real məktəbini bitirmiş,
Tiflis gimnaziyasına daxil
olub, 1913-cü ildə
oranı tamamlamışdı.
O, ali təhsilini
Almaniyanın Leypsiq şəhərində Kommersiya
institutunda təhsilini
davam etdirmişdi.
Həbib bəy Tiflis teatrında həm rejissor, həm də aktyor kimi fəaliyyət göstərmişdi. Aktyor Tiflisdə teatr
tarixinə parlaq hərflərlə yazılan
tamaşalar hazırlamış,
teatrın şöhrətini
ölkə hüdudlarından
kənara yaymışdı.
Məlum olduğu kimi, həmin illərdə Tiflisdəki
Azərbaycan teatrının
öz binası yox idi. Azərbaycanlı aktyorların hazırladığı
tamaşalar ayrı-ayrı
teatrlara məxsus binalarda göstərilirdi.
Bu da teatrın
inkişafına mənfi
təsirini göstərirdi.
Beləliklə, yerli ziyalılar
şəhərin azərbaycanlılar
yaşayan “Şeytanbazar”
məhəlləsində teatr
üçün xüsusi
bina ayrılmasına səy göstərirdilər.
Bu ideya 1912-ci ildə reallaşdı - elə həmin məhəllədə teatr
üçün “Auditoriya”
açıldı.
“Auditoriya”nın təntənəli açılış
mərasimi həmin il aprelin 1-də olmuşdur. Bu mərasimdə
görkəmli Azərbaycan
ziyalıları, digər
xalqların nümayəndələri
iştirak etmişlər.
Onların sırasında Həbib
Köçərli də
vardı. “Auditoriya” açıldıqdan
sonra Mirzəli Abbasovun rəhbərlik etdiyi “Dram cəmiyyəti”
ilə Həbib Köçərlinin başçılıq
etdiyi “Səadət” teatr cəmiyyəti birləşdilər. Nəticədə daha səriştəli teatr truppası yarandı.
Azərbaycan ədiblərinin ən məşhur əsərlərində rol
alıb
1912-ci ildə Tiflisdə teatr üçün xüsusi bina - “Auditoriya”nın açılış
mərasiminin hazırlanması
və keçirilməsində
Əbdürrəhim bəy
Haqverdiyev, Firidun bəy Köçərli,
Hüseyn bəy Mirzəcamalov, Həbib bəy Köçərli
və başqa ziyalılarla birlikdə İsmayıl Həqqi də yaxından iştirak etmişdir. Məhz həmin il “Auditoriya”nın
səhnəsində, şəhərin
digər teatrlarının
binalarında çoxsaylı
tamaşalar göstərilmişdir.
Professor Əziz Şərifin “Keçmiş günlərdən”
kitabından: “Səhnədə
birpərdəli gülməli
komediya, vodevillərlə
yanaşı, ”Yağışdan
çıxdıq, yağmura
düşdük", “Hacı
Qara”, “Müsyö
Jordan və Dərviş
Məstəli şah”,
“Pəhləvanani-zəmanə”, “Bəxtsiz cavan”, “Zorən təbib”, “Tamahkarlıq düşmən
qazanar” və sair bu kimi
iri əsərlər də göstərilirdi ki, bu tamaşalarda
əsas iştirakçılar
Mirzəli Abbasov, Mirseyfəddin Kirmanşahlı,
Həbib Köçərlinski,
Sadıqbəyov, İsmayıl Həqqi, Mirzəxan Quliyev və başqalarından ibarət idi...".
Tiflis Azərbaycan
teatrı 1913-1914-cü illər mövsümü türk
dramaturqu Namiq Kamalın “Zavallı cocuq”, “Vətən” və
“Akif bəy” əsərlərinin tamaşaları ilə
başlamışdır. Həmin səhnə əsərlərində
Mirseyfəddin Kirmanşahlı, Həbib bəy Köçərli
və Əbülfət Vəli və İsmayıl Həqqi də
iştirak etmişdir.
Teatrşünas
Abbas Hacıyev yazıb: “Həbib bəy Köçərli
Tiflisdə aktyor və rejissor kimi böyük şöhrət
tapmışdı. O, savadlı, dünyagörüşün
genişliyi, həyata, bədii əsərə, onun səhnə təcəssümünə orjinal
baxışı, incə
zövqü və həssaslığı
ilə Tiflis Azərbaycan artistlərinin çoxundan fərqlənirdi.
O, rus, gürcü, tatar və erməni aktyorları ilə əlaqə
saxlayır, realist-romantik təcrübəni yayır, müxtəlif
səpkili əsərlərdə bacarıqla, özünəməxsus
üslubla oynaya bilir və onun təbini, səhnə
istedadı ədəb mühit tərəfindən qiymətləndirilirdi”.
Sonralar
1913-cü ildə Tiflis Azərbaycan teatrının kollektivində
müəyyən qədər dəyişiklik yarandı. Hüseyn bəy Mirzə Camalov və Həbib
Kərimov (Köçərli) Tiflis Azərbaycan teatrından
ayrılaraq, ali təhsil almağa getdilər.
Köçərli
qələmini bədii yaradıcılıqda da
sınamışdır. “Yeni həqiqət”
1911-ci ildə onun bir opera yazdığını xəbər
vermişdi: “Tiflis müsəlman səhnəsində oynayan, ”Səadət" dram cəmiyyətinin
baş artisti məşhur Köçərli bütün
varidatı cəmiyyətinin xeyrinə olmaqla bu yaxın zamanda
bir müsəlman operası yazıb qurtarmışdır. “Mehr və Mah” adlanır. Rusca
“Ruslan və Lyudmila” operasından iqtibas etmişdir. Səhnədə oynanılmasına senzor icazə
vermişdir".
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2013.- 13 fevral.- S.14.