Unudulmaz sənət aşiqi Mirzə Muxtar

 

«Saray musiqiçiliyi»ndən böyük səhnəyə...

 

Azərbaycan mədəniyyəti tarixində xüsusi yeri olan, xalqın yaddaşında əbədiləşən parlaq sənətkarlardan birimusiqişünas, görkəmli səhnə xadimi Mirzə Muxtar Məmmədov olub. Mirzə Muxtar dövrünün ən görkəmli, ən istedadlı sənətkarlarından idi. Mirzə Muxtar Məmmədov 1841-ci ildə Şuşa şəhərində musiqiçi ailəsində anadan olub. Onun atası Mirzə Əli Əsgər Qarabaği də Azərbaycan musiqi mədəniyyətinin inkişafına mühüm xidmətlər göstərmiş sənətkarlardan biri sayılır.

 

Mirzə Əli Əsgərin həm gözəl səsi vardı, həm də kamil bir tarzən idi. O, əvvəllər Xurşidbanu Natəvanın atası Mehdiqulu xanın sarayında “saray musiqiçisi” kimi fəaliyyət göstərib. O, uzun illər Mirzə Hüseyn, Keştazlı Həşim, Hacı Hüsü, Məşədi İsi kimi məşhur xanəndələri tarda müşayiət edib.

Mirzə Muxtarın kamil bir musiqişünas kimi yetişməsində atasının rolu böyük olub. Hələ kiçik yaşlarından atasının çalıb-oxumasını dinləyən Mirzə Muxtar onun qurduğu məclislərdə püxtələşmiş, musiqinin incəliklərinə yiyələnmişdir.

O, ilk təhsilini mədrəsədə almış, burada ərəb, fars dillərini mükəmməl öyrənmiş, bu dillərdə qəzəllər belə yazmışdır.

Mirzə Muxtar İyirmi yaşından Şuşada müəllimliklə məşğul olmuşdur.

O, 1870-ci ildə Novruz bayramı münasibətilə “Qaravəlli” tamaşası hazırlayır və oyun camaatın xoşuna gəlir. Bundan sonra o, 1870-ci ildə yerli ziyalıları ətrafına toplayıb Şuşada, “Hacıquluların zalı”nda M.F.Axundovun “Hacı Qara” komediyasını tamaşaya qoyur. Lakin bəzi səbəblər üzündən tamaşa müvəffəqiyyətlə keçməsə də, teatr tarixində ilk tamaşa kimi, şəhərin mədəni həyatında müsbət rol oynayır.

Mirzə Muxtar üç il sonra - 1873-cü ildə ziyalı həvəskarların köməyi ilə yenidən “Hacı Qara”nı tamaşaya qoyur. 1919-cu ildə Bakıda nəşr olunan “Övraqi-nəfisə” adlı incəsənət jurnalında bu əlamətdar hadisə haqqında Mirzə Muxtar özü yazırdı: “Qırx beş il bundan əqdəm Şuşada mərhum Mirzə Fətəli Axundovun əsəri ”Hacı Qara"nı teatra məxsus bir bina olmadığından qışlaqda (kazarmada) mövqeyi-tamaşaya qoydum. O vaxt mətbəə-filan olmadığından qələm ilən otuz beş elan yazdım və payladım cəmaətə. Axşam tamaşaçılardan bəziləri “şəriətə zidd şey bulsaq, vay halına” deyərək, məni hədələdilər. Bərəkət versin ki, dinə müxalif bir şey bulmayıb razı getdilər".

Yarım əsrlik səhnə fəaliyyəti ərzində o, Molla İbrahimxəlil, Dərviş Abbas, Molla Həmid (“Molla İbrahimxəlil kimyagər”), Məstəli şah (“Müsyö Jordan və dərviş Məstəli şah”), Mirzə Əziz (“Sərgüzəşti-vəziri-xani-Lənkəran”), Şeyx Əhməd (“Ölülər”), Hacı Səməd ağa (“Bəxtsiz cavan”) və başqa rollarda səhnəyə çıxmış, dini, cəhaləti, istibdadı, tamahkar və yalançıları, feodal mühitin eybəcərliklərini cəsarətlə ifşa etmişdi.

 

İlk dəfə səhnədə qadın rolunda

 

“Mirzə Muxtarın Azərbaycan milli teatr tarixində unudulmaz xidmətlərindən biri də onun teatr səhnəsində ilk dəfə qadın rolunda çıxış etməsidir. Şübhəsiz ki, bu məsələ o dövrdə heç də asan deyildi. Bir yandan ruhanilərin teatr sənətini ”şeytan əməli" və səhnəyə çıxanı isə “kafir” adlandırmaları, digər tərəfdən də qadın hüquqsuzluğu azərbaycanlı qızlarının səhnəyə çıxmasına heç cür imkan vermirdi. Buna görə də Azərbaycan səhnəsində qadın rollarını kişilər oynamağa məcbur olmuşdular. Lakin o dövrdə qadın rolunda çıxış etmək özü də böyük cəsarət istəyirdi. Çünki qadın rolunda çıxış edən aktyorlar ikiqat hücuma məruz qalırdı. Onları bir tərəfdən avam camaat, digər tərəfdən qohum-əqraba təqib edirdi. Bütün bunlara baxmayaraq, Mirzə Muxtar qadın rollarında da böyük həvəslə çıxış edirdi.

Mirzə Muxtarın səhnə fəaliyyətinin 40 illiyi münasibətilə “Kaspi” qəzeti 9 may 1913-cü il tarixli nömrəsində yazırdı: “Mirzə Muxtar Məmmədov müsəlman səhnəsinin ilk həvəskar artistlərindən biridir. O, birinci dəfə Şuşada müsəlman Molyeri Mirzə Fətəli Axundovun ölməz “Hacı Qara” pyesində oynamışdır. Müsəlman səhnəsi üçün onun xidmətləri ona görə qiymətlidir ki, o zaman səhnədə oynamaq mürtədlik hesab olunur, bu işə cəsarət edənlər isə avam camaat və dindarlar tərəfindən təqib olunurdu. O dövrdə qadın rollarını oynamaq daha böyük qəbahət sayılırdı. Bu rolları oynayanlar hər cür alçaldılır, onları hətta rolunu ifa etdikləri qadınların adı ilə çağırırdılar. Hamıya bəllidir ki, müsəlmanlar arasında kişinin qadın adı ilə çağırılması nə qədər ağır təhqirdir. Mirzə Muxtarın müsəlman səhnəsi üçün xidməti bir daha ona görə böyükdür ki, o, belə şəraitdə fəaliyyətə başlamışdı. Müsəlman səhnəsinin bu qocaman həvəskar artisti bu cür çətin maneələri keçib gəlmişdir" (Firudin Şuşinski).

Mirzə Muxtar 1870-1882-ci illərdə Şuşada verilən milli teatr tamaşalarının təşkilatçısı və iştirakçısı olmuşdur.

1899-cu ildə Bakıya köçən Mirzə Muxtar müəllimliklə məşğul olur, eyni zamanda, Bakıda teatr tamaşalarında çıxış edir. 1905-ci ildən taleyini bütünlüklə teatr sənətinə bağlayır.

Üzeyir Hacıbəyov Mirzə Muxtarı ilk Azərbaycan operası “Leyli və Məcnun”un tamaşasında iştirak etməyə dəvət edir. O, ilk dəfə Məcnunun atası rolunda çıxış etməklə bərabər, tamaşanın hazırlanmasında Ü.Hacıbəyovun ən yaxın məsləhətçisi və köməkçisi olur. Həmin vaxtdan Mirzə Muxtar əsasən opera səhnəsində çalışmış, “Əsli və Kərəm”də Kərəmin atası, “Aşıq Qərib”də Xacə, “Şah İsmayıl”da Rəmmal, “Şah Abbas və Xurşidbanu”da Vəzir, “Mehr və Mah”da Yəmən şahı, “Fərhad və Şirin”də isə Şapur rollarını yüksək sənətkarlıqla ifa etmişdir.

 

78 yaşına kimi peşəkar teatrda

 

Mirzə Muxtar operetta tamaşalarında da yaxından iştirak edirdi. O, kişi rolları ilə yanaşı, müntəzəm olaraq qadın rollarında da oynayırdı. F.Şuşinski yazır ki, “45 illik çətin və ağır səhnə fəaliyyəti dövründə o, min bir müsibət çəkmiş, həmişə ehtiyac, avamlıq və cəhalətin təqibinə məruz qalmışdır. Səhnə həyatında onun başına nə qədər fasiləli hadisələr, gülməli əhvalatlar gəlmişdir...”

1908-1918-ci illərdə Mirzə Muxtar bir aktyor kimi Zaqafqaziya, Şimali Qafqaz və Orta Asiyanın bir çox şəhərlərində opera və musiqili komediya tamaşalarında çıxış edib, tamaşaçıların böyük rəğbətini qazanıb. 1913-cü ildə Bakının teatr ictimaiyyəti, teatr tariximizdə Mirzə Muxtarın müstəsna xidmətlərini nəzərə alaraq, onun səhnə fəaliyyətinin 40 illik yubileyini keçirir. Dövri mətbuat bu əlamətdar hadisə haqqında elanlar verir. “Kaspi” qəzeti Mirzə Muxtarın şəkli ilə birlikdə verdiyi bir xəbərdə yazmışdı:

“Bu gün Tağıyev teatrında ”Nicat" cəmiyyətinin təşəbbüsü ilə müsəlman səhnəsinin ən yaşlı və təcrübəli fədaisinin 40 illik səhnə fəaliyyəti bayram edilir. Bakı müsəlmanlarından kim Mirzə Muxtarı tanımır? Mirzə Muxtarı nəinki fədakar səhnə xadimi kimi, eyni zamanda, onu təvazökar xalq müəllimi kimi də tanıyırlar. Bakının bir çox müsəlman ziyalıları onun yetirməsidir..."

Mirzə Muxtar 1919-cu ildə 78 yaşında ikən səhnə ilə vidalaşır. Hacıbəyli qardaşlarının təşəbbüsü ilə Azərbaycan teatr mədəniyyəti tarixindəki əvəzsiz xidmətləri nəzərə alınaraq, ona ayda 500 manat təqaüd təyin edirlər.

Mirzə Muxtar ömrünün son 10 ilini musiqişünaslığa həsr edib. Hələ gənc yaşlarından atası Mirzə Əli Əsgərdən kamil musiqi təhsili alan və Şuşa musiqi məclislərində yaxından iştirak edən, dövrünün ən məşhur xanəndə və sazəndələri ilə durub-oturan Mirzə Muxtar, Azərbaycan xalq musiqisinin mahir bilicisi və “ağsaqqalı” sayılırdı. O, eyni zamanda Şərq musiqisinin, xüsusilə klassik muğamların dərin nəzəriyyəçisi kimi tanınan bir alim idi.

Mirzə Muxtar 1929-cu il yanvar ayının 17-də 88 yaşında vəfat edib. O zaman “Kommunist” qəzeti öz səhifəsində dərc etdiyi nekroloqda yazırdı: “Türk səhnəsinin bütün ağırlıqlarını çiyinlərində keçirmiş, uzun ömrünün çox və dəyərli bir hissəsini bu səhnədə çalışmış, ən qoca aktyor Mirzə Muxtar həyat səhnəsindən həmişəlik olaraq çəkildi”.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 

Azadlıq.- 2013.- 17-18 fevral.- S.14.