Muğam xiridarı Şəkili Ələsgər

 

Ustad Keştazlı Həşimin tələbəsi

 

Azərbaycan musiqi tariximizin inkişafında mühüm xidmətləri olan görkəmli sənətkarlardan birixalq arasında Şəkili Ələsgər adı ilə şöhrət qazanmış Ələsgər Abdullayev olmuşdur. Yaşadığı dövrdə onun şöhrəti Azərbaycandan uzaqlara da yayılmış, İranda, Türkiyədə, Orta Asiyanın bir çox şəhərlərində verdiyi konsert proqramları dillərə dastan olmuşdur.

 

Ələsgər Abdullayev 1866-cı ildə Şəki şəhərində anadan olmuşdur. Uşaqlıqdan xalq musiqisinə böyük marağı olsa da, kasıb valideynlərinə kömək məqsədilə gənc yaşlarında bənna köməkçisi işləmişdir.

Xanəndə Keştazlı Həşimlə təsadüfi görüş Ələsgərin həyatında dönüş yaratmış və onun köməyi ilə məclislərə, toy şənliklərinə yol tapmış, zil və məlahətli səsi, muğamatı mükəmməl bilməsi ilə müasirlərinin etimadını qazanmağa müvəffəq olmuşdur. Ustad xanəndə Həşimin yaradıcılığı ilə tanış olub, ondan oxumağın qayda və qanunlarını öyrənən Ələsgər yeri düşəndə isə onunla birlikdə el şənliklərində çıxış edirdi. Cabbar Qaryağdı oğlunun yazdığına görə, Ələsgər Bakıya gələnə qədər Keştazlı Həşimdən “Bayatı-Şiraz” və “Segah” muğamlarını mükəmməl öyrənmişdi.

Ələsgər Abdullayevin ikinci müəllimi Bakı tacirlərindən Ağa Səid oğlu Ağabala olmuşdur. Ağa Səid oğlu həvəskar xanəndə idi. Bir gün Ağa Səid oğlu Şəkiyə qonaq gəlir. Fayton şəhərə daxil olarkən Ağa Səid oğlu bir gəncin divar tikdiyi yerdə yanıqlı səslə “Segah” oxuduğunu eşidib faytonçuya atları saxlamağı əmr edir. Bənna “Segah”ı oxuyub qurtardıqdan sonra tacir onu yanına çağırtdırır və xanəndəlik təlimi almaq üçün onunla birlikdə Bakıya gəlməyi təklif edir.

Ağa Səid oğlunun təklifini qəbul edən Ələsgər bir neçə gündən sonra tacirlə birlikdə Bakıya gəlir. Gənc Ələsgər müəllimi Ağa Səid oğlundan təlim alır və yorulmaq bilmədən musiqi təhsilini artırır. O, hər bir muğamı öyrənmək üçün aylarla vaxt sərf edir. Bir müddətdən sonra Ələsgər nəinki Bakıda, hətta Azərbaycanın şəhər və kəndlərində usta bir xanəndə kimi məşhur olur. Qurban Pirimov söyləyirdi ki, Ələsgəri toya və məclisə dəvət edən şəxs bu barədə ona məclis gününə iki ay qalmış xəbər verməli idi.

 

Muğamların mahir bilicisi

 

“Şəkili Ələsgər zəhmətkeş xalqın içərisindən çıxdığına görə həmişə xalqa yaxın olmuş və oxuduğu qəzəllərdə xalqın istək və arzularını tərənnüm edirdi. Buna görə də xalq öz sənətkarını sevir və yüksək qiymətləndirirdi. Məşhur xanəndə Seyid Şuşinski belə bir əhvalat nəql edirdi: ”Bir gün Bakı məclislərinin birinə Cabbarı, Ələsgəri və məni də dəvət etmişdilər. Məclis qızışmışdı, nahara qədər Cabbar, nahardan sonra Ələsgərlə mən oxumalı idik. Onu da deyim ki, Cabbardan sonra oxumaq asan deyildi. Rəhmətlik Cabbarın bir dəstgah oxumağı üç-dörd saat çəkər, bəzən bir muğamdan başqa birisinə elə ustalıqla keçərdi ki, nəinki dinləyicilərin, hətta mahir musiqişünasların ruhu belə inciməzdi. Sözün qısası, Cabbar “Mahur”u qurtardı. Amma xəbər gəldi ki, nahar iyirmi-iyirmi beş dəqiqə gecikəcək. Mən fürsətdən istifadə edib Ələsgərə dedim:

- Cabbardan sonra oxumaq mənasız olsa da, əlac yoxdur, nahar vaxtınadək oxumalıyıq. Başla görək nə olar... Usta Şirin tarı köklədi. Ələsgər bir “Segah” oxudu, nə deyim... Xanəndədə belə yağlı səs, belə gözəl guşələr, xallar, belə xırdalıqlar və belə də ayaqlar olardı? Bütün məclis Ələsgərin oxumağından sanki bihuş olmuşdu..." (Firudin Şuşinski).

Ələsgər təkcə “Segah”ı deyil, bütün muğamları və dəstgahları böyük bir məharətlə oxuyardı. Xüsusilə “Şur”u son dərəcə lirik tonda, özünəməxsus əlavə zəngulələrlə dinləyiciyə çatdırırdı. Şəkili Ələsgər istedadlı xanəndə idi, onun olduqca şirin və yağlı səsindən başqa, bu sənət sahəsində gözəl, orijinal xüsusiyyətləri vardı. İncə duyğulu, minor havaların misilsiz ifaçısı olan Ələsgərin oxuduğu muğamlar bizim mədəni irsimizin nadir incilərindəndir.

Şəkili Ələsgər də 1902-1903-cü illər Bakı şəhərində verilən “Şərq konsertləri”ndə yaxından iştirak etmişdi. Birinci “Şərq konserti”ndə (11 yanvar 1902-ci il) Ələsgər “Çahargah” muğamını məharətlə oxumuşdu.

Bu barədə “Kaspi” qəzeti yazırdı: “Konsertin ikinci şöbəsində xanəndə Ələsgər öz dəstəsi ilə çıxış etdi. O, çətin hava olan ”Çahargah" muğamını düzgün və ustalıqla oxudu".

Ələsgər Abdullayev eyni zamanda ikinci və üçüncü “Şərq konsertləri”ndə çıxış etmiş, bu konsertlərdə “Bayatı-Şiraz”, “Şüştər” muğamlarını və gürcü mahnılarını uğurla ifa etmişdir.

Ələsgər Abdullayev uzun illər məşhur tarzən Şirin Axundov ilə birlikdə fəaliyyət göstərmişdir. Onun ansamblı təkcə Azərbaycanda deyil, Ermənistanda, Gürcüstanda, Dağıstanda, İranda da məşhur idi. Deyilənə görə, bir dəfə İran məclislərinin birində Ələsgər elə zövqlə və ustalıqla oxumuşdur ki, məclisdə olan xanəndələr ondan sonra oxumaqdan imtina etmiş, yalnız Ələsgərə qulaq asmaq niyyətində olduqlarını bildirmişdilər.

 

“Cabbardan sonra ikinci xanəndə...”

 

1910-cu ilin fevral ayında məşhur türk müğənniləri Mubar Əfəndi və Mələk xanım Qafqaza qastrol səfərinə çıxarkən Bakıda da konsert vermişlər. Türk müğənniləri öz konsertlərinə Ələsgəri də dəvət etmişlər. Konsertin ikinci şöbəsində Ələsgər tarzən Şirin Axundovun və kamançaçı Saşa Oqanezaşvilinin müşayiəti ilə əvvəl “Mahur”, sonra isə “Heyratı” ritmik muğamını oxumuşdur. Tamaşaçılar və xüsusilə qonaqlar tərəfindən məhəbbətlə qarşılanan Ələsgər türklərin ikinci konsert tamaşasında da çıxış etmişdi.

Şəkili Ələsgər artıq görkəmli xanəndə olaraq 1912-1918-ci illərdə dəfələrlə Orta Asiyanın, İran və Türkiyənin bir çox şəhərlərində konsert proqramları ilə çıxış etmiş, tamaşaçıların böyük rəğbətini qazanmışdır. Təsadüfi deyildir ki, o, İran məclislərinin birində gözəl ifaçılıq qabiliyyətinə görə Şah onu qızıl, medalla təltif edib.

Ələsgər Abdullayev 1913-1914-cü illərdə “Sport-Rekord” və “Ekstrafon” səhmdarlar cəmiyyətləri tərəfindən Tiflis və Kiyev şəhərlərinə dəvət olunaraq, “Çahargah”, “Rast”, “Mahur-hindi”, “Zabul-Segah”, “Rahab”, “Şüştər”, “Hasar” və s. muğamları, bir sıra mahnıları vala yazdırmışdır. Ələsgərin “Rahab” muğamı xüsusilə məşhur idi və musiqi tariximizdə xanəndə Dəli İsmayıldan sonra Ələsgər “Rahab” oxumaqda birinci sayılırdı.

Firudin Şuşinski yazır ki, “Ələsgərin dəfn mərasimində Cabbar Qaryağdı oğlu demişdir: ”Ələsgər, biz səni yox, “Rahab”ı dəfn edirik".

Ələsgəri yaxından tanıyan məşhur tarzən Qurban Pirimov deyərdi: “Mən Cabbardan sonra ikinci bir xanəndə Ələsgəri gördüm. Ələsgərin çox yağlı və ipək kimi yumşaq ”boğazı" var idi...".

İslam Abdullayev söyləyirdi ki, “Ələsgərdə elə bir ustalıq vardı ki, o, həmişə məclisdə oturanların musiqi zövqünü nəzərə alar, məclis əhlinin ruhuna uyğun muğam və qəzəllər oxuyardı”.

Rəhmətlik Cabbar həmişə deyirdi: “Əgər Ələsgərin boğazı məndə olsaydı, bülbülü ağacdan yerə endirərdim...”.

Ələsgər Abdullayev Azərbaycan radiosunun musiqi verilişlərində də yaxından iştirak etmişdi.

Görkəmli sənətkar 1929-cu il aprel ayının 1-də Bakıda vəfat etmişdir.

 

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 

Azadlıq.- 2013.- 16 fevral.- S.14.