Türkiyənin hərb tarixinə adını yazdırmış iki qardaş

 

General Mahmud Nuri Sarıkərimli

 

Türkiyə tarixinin önəmli bir hissəsi də, heç şübhəsiz, Azərbaycanla bağlıdır. Bu zəngin tarixlə maraqlananlar qardaş ölkənin ictimai-siyasi həyatında önəmli rol oynamış Azərbaycan türklərinin fəaliyyətindən də xəbərdardırlar. Belə şəxslər sırasında Türkiyənin İstiqlal savaşında iştirak etmiş və sonralar mühüm vəzifələrdə çalışmış iki qardaş-Mahmud Nuri Sarıkərimli (Mahmud Berköz) və Məhəmməd Nuri Sarıkərimli (Mehmet Berköz) də var. Onların qardaş ölkədə başlanan və yüksək zirvələrə aparan həyat yolu böyük şəxsiyyətlərin hər kəsə örnək sayıla biləcək bir uğur salnaməsidir.

 

XX əsrin birinci yarısında Türkiyənin hərbi, siyasi dairələrində böyük nüfuza malik olan Mahmud Nuri Hacı İlyas oğlu Sarıkərimli 1895-ci ildə Şəkidə anadan olmuşdur. O, ilk təhsilini yerli rus-müsəlman məktəbində və gimnaziyada almışdır.

Mahmudun atası Hacı İlyas ticarətlə məşğul olurdu. 1905-ci ildə Azərbaycanda şəhər və kəndlərində daşnakların törətdiyi qanlı olaylar, özbaşınalıqlar Hacı İlyası da öz ailəsinin gələcək taleyinə görə ciddi narahat edirdi. Hacı İlyas yaranmış vəziyyətdən çıxış yolunu çar Rusiyasını tərk etməkdə və yeganə müstəqil türk dövləti olan Osmanlı imperiyasına getməkdə görür.

Onun ailəsi Bursada yerləşir. Bu şəhərin seçilməsi Hacı İlyasın ticarətlə məşğul olması və şəxsi əlaqələri ilə bağlı idi.

Bursaya köçdükdən bir müddət sonra Sarıkərimlilər ailəsi başçısını itirir. Kimsəsiz və heç bir əlaqələri olmayan Mahmud və Məhəmməd qardaşları öz təhsillərini davam etdirmək məqsədilə və Osmanlı dövlətində orduda xidmətin yaşayış üçün müəyyən təminat verdiyini nəzərə alaraq Bursada hərbi məktəbdə oxumağı qərara alırlar.

Beləliklə, qardaşlar bir yerdə Bursadakı Hərbi məktəbdə oxumağa başlayır. Bundan sonra hər iki qardaş öz soyadlarını dəyişərək Bərköz soyadını daşımağa başlayırlar. Oxuduqları məktəbdə öz cəsurluqları və çeviklikləri ilə ad çıxaran qardaşlar bütün müəllimlərin rəğbətini qazanırlar. Hər iki qardaş 1915-ci ildə bu məktəbi bitirərək orduda xidmətə başlayır. Amma bir qədər sonra hərbi məktəb rəhbərliyinin təkidi ilə qardaşlar hərbi akademiyaya qəbul edilirlər...

Sonradan qardaşlar təhsillərini İşıqlar hərbi litseyində davam etdirilər.

1845-ci ildə əsası qoyulan bu litsey ölkənin ən yaxşı orta-ixtisas hərbi təhsil müəssisələrindən biridir. Bu məktəbin məzunları arasında Türkiyə silahlı qüvvələrinin 6 marşalı (Osmanlı imperiyası dövründə), 35 ordu generalı (Türkiyə Cümhuriyyəti dövründə) var. İndiyə qədər Türkiyənin baş qərargahına rəhbərlik edən 27 generaldan 11-i bu litseyin müdavimləri olub.

 

Qardaşlar İstiqlal Savaşında

 

Dünya tarixinə ən unudulmaz bir savaş olaraq düşən Türkiyənin Istiqlal Savaşı başladığı dövrdə Mahmud Bərköz Hərbi Akademiyada təhsilini davam etdirirdi. Beləliklə, təhsil yarımçıq buraxılır və hər iki qardaş müqəddəs vətən borcunu yerinə yetirmək üçün döyüş meydanlarına yollanır. Mahmud Bərköz tez bir zamanda öz çılğınlığı, qorxmazlığı ilə hamının hörmətini qazanır. O anlar üçün ən mühüm olan kəşfiyyat məlumatlarını məhz Mahmud Bərköz əldə edib gətirirdi. Cəsur soydaşımız döyüşlərdə göstərdiyi igidlik və şücaətə görə böyük öndər Atatürk tərəfindən mükafatlandırılır. Bu mükafat onun məsuliyyətini birə beş artırır. Gənc hərbçi Atatürkün sadiq əsgərlərindən biri olaraq bir çox fədakarlıqlar göstərir və bu savaşdan qazi olaraq çıxıb geri dönür.

Qanlı savaş bitdikdən, dünya güclərinin Türkiyəyə uzanan qanlı əlləri kəsildikdən sonra rahat nəfəs almaq olardı. Beləliklə, Mahmud Bərköz savaşdan sonra yarımçıq qalan təhsilini davam etdirmək qərarına gəlir. Gənc hərbçi Hərbi Akademiyada təhsilini tamamlayaraq topçu zabit kimi müxtəlif bölgələrdə xidmət etməyə başlayır. Pillə-pillə yüksələn, kiçik zabit rütbəsindən general-polkovnik rütbəsinə qədər yüksələn Mahmud Bərköz 1948-də Türkiyə Müdafiə Nazirinin müavini təyin edilir. 1948-ci ildə Ankarada tarixi bir görüş vardı. Böyük bir hərbi heyətlə Ankaraya gəlmiş ABŞ Hərbi Nazirinin müavini Vilyam Draper, Xarici Işlər Nazirinin müavini Frank Visner və ABŞ Baş Qərargah Heyəti Planlar və Hərəkat şöbəsinin müdiri general-polkovnik Albert Redemayerlə müxtəlif görüşlərə qatılanlar arasında general Mahmud Bərköz və general Mehmet Bərköz də vardı. Bundan sonra 1949-cu ilin 6 aprelində ABŞ-ın yüksək rütbəli hərbiçilərinin Ankaraya ikinci səfəri zamanı Türkiyədə nümayəndə heyətini qarşılamaq missiyası Müdafiə Nazirinin birinci müavini, ordu generalı Mahmud Bərköz və qardaşı Jandarma Baş komandanı, general Mehmet Bərközə həvalə edilir.

Türkiyədə yaşadığı illərdə Mahmud Bərköz erməni daşnaklarının apardığı terror siyasətini pisləyən və ona qarşı qəti tədbirlər görülməsinə çağıran fəal şəxslərdən biri olub. O, ordu generallı olduğu müddətdə, 13 iyun 1949-cu ildə Türkiyəli diplomat Fuad Güzaltanın öldürülməsini kəskin şəkildə pisləyir. Diplomatın cənazəsi İstanbula aparılarkən Ankaradan keçdiyi zaman qatarın Ankara vağzalında dayandığı müddətdə Müdafiə Nazirinin müavini general Mahmud Bərköz, bundan sonra terrorçularla mübarizədə amansız olacaqlarını açıqlayır.

 

Milli Təhlükəsizlik Təşkilatının Baş katibi

 

Vikipedianın yazdığına görə, bundan sonra onun təlimatı sayəsində türk ordusunda xidmətə yerləşən yüz hərbçi ordu sıralarından xaric edilir. Ordu generalı Türkiyədəki hərbi məktəblərə erməni əsilli kursantların qəbul edilməsinin qarşısını alan qərar verir. 1949-cu ilin sonlarında ordu-generalı Mahmud Bərköz Üçüncü Ordu komandanı təyin edilir. 6 iyun 1950-də yüksək səviyyəli komandanlarla birlikdə Türkiyə ordusundan 15 general və 150 polkovnik istefaya göndərilərkən onların arasında Üçüncü Ordu komandanı, general Mahmud Bərköz də vardı. Amma bu da uzun sürümür. Bir həftədən sonra, 13 iyunda o daha önəmli bir vəzifəyə gətirilir, Milli Təhlükəsizlik Təşkilatının Baş katibi təyin edilir. Böyük dövlət xadimi Bərköz 6 sentyabr 1951-ci ildə öz istəyi ilə bu vəzifədən təqaüdə çıxır.

Tarixə Türkiyənin ən nüfuzlu generallarından biri olaraq düşən Mahmud Bərköz 1989-cu ildə vəfat edib. Bu məşhur generalın həyat yoldaşı Türk ordusunun general olmuş Mustafa Kərəmin qızı Rəidə xanım idi. Həyat yoldaşı öz xatirələrində Bərköz haqqında yazırdı: Mahmud qeyri-adi insan idi. O yalnız savaşmaq üçün doğulmuşdu. Harada savaş var idisə, Mahmud da orada idi. Amma uşaqlarını hərbçi kimi görmək istəmirdi Mahmud.

Məşhur general Mahmud Bərközün oğlu Bəliğ Bərköz ABŞ-da yaşayıb. Professor Bəliğ Bərköz ABŞ-dakı türk dərnəklərinin ümumi başqanı olub. Türkiyə-ABŞ münasibətlərinin tənzimləməsində onun xidmətləri əvəzsizdir. Kaliforniya Universitetinin professoru olan Bəliğ bəy 2001-ci ildə vəfat edib.

Mahmudun qardaşı Məhəmməd Nuri Hacı İlyas oğlu Sarıkərimli ötən əsrin birinci yarısında Türkiyənin hərbi, siyasi, diplomatik və ədəbi-elmi dairələrində böyük nüfuza malik olmuşdur.

General-polkovnik Məhəmməd Nuri Berköz 1875-ci ildə 86 yaşında İstanbulda vəfat etmişdir. O, Türkiyənin ali mükafatı olan Müstəqilliyə görə medalı və digər orden və medallarına layiq görülmüşdür.

 

P.S. Məhəmməd Nuri Hacı İlyas oğlu Sarıkərimli haqqında gələn sayımızda oxuya bilərsiniz.

 

Azadlıqın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

Azadlıq.- 2013.- 8 iyul.- S.14.