Doktor dərəcəsi almış ilk musiqişünas alim

 

Folklor musiqimizin izində

 

Azərbaycanın musiqi xəzinəsinin tədqiq olunmasında və öyrənilməsində musiqişünaslarımızın misilsiz əməyi var. Bu dəyərli xəzinəni arayıb-tapmaq, çeşidləmək, ipə-sapa düzmək peşəsinin bilicilərinin öhdəsinə düşür, şübhəsiz. Xalqın dəyərli incilərini arayıb-araşdıran belə peşəkar şəxslərdən biri də əməkdar elm xadimi, sənətşünaslıq elmləri doktoru, professor Əhməd İsazadədir. O, eyni zamanda Azərbaycanda doktorluq dissertasiyası müdafiə etmiş ilk musiqişünas alimdir.

Əhməd İsazadə 18 yanvar 1928-ci ildə anadan olmuşdur. O, Azərbaycanda doktorluq dissertasiyasını müdafiə etmiş ilk musiqişünas-alimdir. Böyük musiqişünas alim ilk dəfə Azərbaycan xalq musiqisinin tarixi, arxeoloji, etnoqrafik mənbələrinin araşdırılıb tədqiq olunmasına nail olmuşdur. Onun qiymətli araşdırmaları sayəsində Azərbaycan xalq musiqisinin notlaşdırılması, öyrənilməsi tarixi və bu məsələlərin nəzəri aspekti sistemli şəkildə ilk dəfə elmi-musiqişünaslıq həllini tapmışdır. Musiqişünas alim musiqi mədəniyyətimizə böyük töhfə verərək, dissertasiyasında ilk dəfə Azərbaycan xalq musiqisinin ilk not nümunələrini əldə etmiş, XIX əsrin ikinci yarısında not yazısına salınmış xalq mahnı və rəqs nümunələrimizi tapmışdır. Etiraf olunmalıdır ki, Ə.İsazadənin SSRİ və xarici ölkə arxivlərindən əldə edilmiş elmi tapıntıları və ilk doktorluq dissertasiyası sayəsində müasir musiqi elmimiz çox şey qazanmışdır.

Ə.İsazadə 1963-cü ildə namizədlik dissertasiyası müdafiə edərək, xalq musiqi janrlarının toplanılması, notlaşdırılması və tədqiq olunması ilə məşğul olmağa başlayır. Musiqişünas haqqında Ariz Abdullayevin yazdığı məqalədə deyilir ki, ona qədər Azərbaycanın bölgələri ilə bağlı xalq musiqisi nümunələrini, folklor mahnı və rəqslərini lentə almaq, nota yazmaq, sistemləşdirmək, elmi-nəzəri təhlil etmək kimi məsələlər, demək olar ki, musiqişünaslığın diqqətindən kənarda qalmışdı. Məlum olduğu kimi, milli musiqimizin araşdırma və tədqiqi ilə bağlı məsələlərin əsası dahi bəstəkarımız Üzeyir Hacıbəyovun təşəbbüsü ilə gündəmə gəlib. Üzeyir bəy bu istiqamətdə bir sıra önəmli addımların atılmasına da yardımçı olub.

 

Bölgələrin ipə-sapa düzülən inciləri

 

Sonralar dəyərli vokal sənətçimiz Bülbülün rəhbərliyi ilə bu sahədə uğurla fəaliyyət göstərən Elmi-Tədqiqat Musiqi Kabineti 1940-cı illərin əvvəllərində fəaliyyətini dayandırdı. Onun dayanmasından sonra xalq musiqisinin toplanılması və notlaşdırılması işində durğunluq, boşluq yarandı. Bu boşluğu məhz 1960-cı illərdə Ə.İsazadənin fəaliyyəti aradan qaldırdı. Onun xüsusi səylə işə başlaması, musiqişünasları, bəstəkarları da bu işə cəlb etməsi yavaş-yavaş həmin boşluğu aradan qaldırdı. 1960-cı illərin ikinci yarısından etibarən alim demək olar ki, Azərbaycanın bütün bölgələrinə - Qarabağ (Şuşa, Ağdam, Füzuli, Ağcabədi, Kəlbəcər), Lənkəran, Astara, Masallı, Sabirabad, Salyan, Quba, Dəvəçi, Xaçmaz, Kürdəmir, Göyçay, Şəki, Qax, Şəmkir, Naxçıvan, Şərur və başqa folklor ekspedisiyalarına gedərək gərgin çalışmaları sayəsində misilsiz bir xəzinə toplaya bilib.

Onun topladığı yüzlərlə folklor nümunələri çeşidlənmiş, nota yazılmış, bölgələrdəki xalq musiqi ifaçıları haqqında dəyərli məlumat mənbəyi yaradılmış, hətta yeni xalq çalğı alətləri nümunələri aşkar edilmişdir.

Ə.İsazadə 1960-1980-ci illərdə planlı şəkildə aparılan folklor ekspedisiyalarının nəticələri ilə bağlı mətbuatda məqalələrlə çıxış etmiş, yeni və qiymətli tapıntıları haqqında ictimaiyyətə məlumat vermişdir. Bundan başqa, həmin dəyərli materiallar əsasında musiqişünas alim ümumittifaq səviyyəli elmi-tədbirlərdə də məruzələr etmiş, elmi nəşrlərdə maraqlı məqalələr dərc etdirmişdir.

Məşhur musiqişünas alim Ə.İsazadə 30 ildən çox AMEA-nın Memarlıq və İncəsənət Institutunda xalq musiqisinin tarixi və nəzəriyyəsi şöbəsinə rəhbərlik edib. Alimin orada çalışdığı illər ərzində elmi rəhbərliyi və opponentliyi ilə onlarla elmi əsərlər yazılmış və müdafiə edilmişdir. Elmi araşdırmalar sayəsində zəngin xalq musiqisi irsimizin müxtəlif problemləri, bəstəkar-folklor əlaqələri, milli musiqi təfəkkürünün nəzəri məsələləri öyrənilmiş, bu haqda bir çox məqalə və monoqrafiyalar yazılmışdır.

 

Azərbaycan xalq musiqisinin tarixləşməsi

 

Bundan başqa, görkəmli alimin əvəzsiz fəaliyyəti nəticəsində institutda folklor arxivi yaranmışdır. Musiqişünas ekspedisiyalardan əldə edilmiş xalq musiqisi nümunələri əsasında bəstəkar Nəriman Məmmədovla birlikdə iki hissədən ibarət “Azərbaycan xalq mahnı və oyun havaları” adlı folklor toplusu tərtib edərək, nəşrinə nail olmuşdur (1975,1984).

Bununla, institutdakı müstəqil xalq musiqisinin tarixi və nəzəriyyəsi şöbəsi yaradılmış və Ə. İsazadə şöbəyə müdir seçilmişdir. Beləliklə, o, bu sahədə mühüm çalışmalara yol açan Üzeyir bəy və Bülbül kimi sənətkarların xalq musiqisi nümunələrinin toplanılması və yazıya alınması ilə bağlı fikirlərini layiqincə yerinə yetirmişdir.

Görkəmli musiqişünasın araşdırma və tədqiqatları bununla yekunlaşmır. 

Ə.İsazadənin 300-dən artıq publisist, elmi-kütləvi, elmi məqalələri nəşr olunmuşdur. Onun kitabları sırasında isə daha çox Bülbülün həyat və yaradıcılığına həsr etdiyi monoqrafiya “Azərbaycan musiqisinin salnaməsi (1920-1932)” diqqəti cəlb edir. Müəllif bu kitabda 1920-1932-ci illərdə Azərbaycan mətbuatında musiqiyə dair çap olunan bütün məqalələrin biblioqrafiyasını vermişdir. Bu baxımdan o, musiqi tariximizin öyrənilməsi üçün qiymətli mənbədir.

Ə.İsazadənin mühüm xidmətlərindən biri də onun rəhbərliyi altında şöbə tərəfindən tərtib olunan “Azərbaycan xalq musiqisi antologiyası” oncildliyidir. 20 il ərzində başa gələ bu çoxcildli fundamental toplulara xalq musiqisinin bütün janrları daxil edilmişdir. Toplunun 1-ci cildi 2002-ci ildə işıq üzü görmüş və ziyalılar, alim-mütəxəssislər, musiqi ictimaiyyəti tərəfindən yüksək rəylərlə qarşılanmışdır. Ə.İsazadənin 1990-cı illərdə respublika və xarici ölkə jurnallarında dərc etdirdiyi məqalələr də böyük elmi mənbə kimi yüksək dəyərləndirilmişdir.  

Böyük alim Əhməd İsazadə 2009-cu ildə vəfat etmişdir.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

Azadlıq.- 2013.- 14 iyul.- S.14.