Əncüməni-şüəranın ilk rəhbəri Qüdsi Vənəndi

 

Şeyxəli xan Kəngərlinin xeyir-duası ilə...

 

XIX əsrdə Azərbaycan müxtəlif şəhərlərində fəaliyyət göstərən ədəbi məclislər haqqında bir neçə dəfə yazmışıq. Amma həmin məclisləri təmsil edən qələm sahiblərinin bir çoxunun həyat və yaradıcılığı ya az araşdırılıb, ya da heç araşdırılmayıb. Məlum olduğu kimi, belə məclislərdən biri də 1831-ci ildə Ordubadda yaradılmış Əncüməni-şüəra ədəbi məclisi idi. Bu ədəbi məclisi ilk dəfə təşkil edən olmuşdur.

 

XIX əsrin 70-80-ci illərində məclisə Haçı ağa Fəqir Ordubadi, sonralar isə Məhəmməd Tağı Sidqi rəhbərlik etmişlər. Məclis müxtəlif fasilələrlə fəaliyyət göstərmiş, bu görkəmli sənətkarların rəhbərliyi dövründə məhsuldar bir mərhələ keçmişdir. Fəqirin vəfatından və Sidqinin Naxçıvana köçməsindən sonra məclis başsızlıq üzündən zəifləmiş, 1890-1895-ci illərdə öz fəaliyyətini dayandırmışdır. Ədəbi məclisin 25-ə yaxın üzvü və bir çox həvəskar dinləyiciləri olmuşdur. Fəqir Ordubadi, M.T.Sidqi, Hacı Mirzə Ağa Rəhim Qüdsi Vənəndi, Usta Zeynalabdin Nəqqaş, Hacı Molla Hüseyn Bikəs, Məşədi Həsən Dəbbağ, Əhməd Ağa Şəmi, Məşədi Möhsün Saətsaz, Kəblə Əliqulu Müznib, Ağa Rəsul Əttar, Məhəmmədqulu Salik, Aslanxan Kövhər, Nədim və başqaları məclisin fəal üzvləri idilər.

Başqa ədəbi məclislərdə olduğu kimi, Əncüməni-şuəranın üzvləri də Azərbaycanın bir sıra şəhər və rayonlarında yaranan ədəbi məclislərlə də əlaqə saxlayırdılar. Buna nümunə olaraq Qudsi Vənəndinin məşhur Qarabağ şairlərindən olan Baba bəy Şakirə yazdığı mənzum məktubu göstərmək olar. Eyni zamanda, məclisin rəhbəri M.T.Sidqi də məclis üzvlərinə məktub göndərərək onlara olan hörmətini bildirmişdi.

Əncüməni-şüəranın üzvləri öz müasirləri ilə ədəbi əlaqələr yaratdıqları kimi, XIX əsrin Aşıq Rəcəb, masazırlı Aşıq Həsən, Dilqəm, Əndəlib Qaracadaği kimi aşıq və şairləri də Naxçıvana və Ordubada gəlir, şeirlərində bu yerlərin təbii gözəlliklərini nəzmə çəkirdilər.

Bundan başqa, məclisin hər hansı bir üzvünün ayrı-ayrı ölkələrə səfəri zamanı qələmə aldığı əsərlər də səfərdən qayıtdıqdan sonra məclisdə oxunur və həmin əsərlərə məclisin digər üzvləri bənzətmə və nəzirələr yazırdılar. Bu cəhətdən Qüdsi Vənəndi ilə Fəqirin yaradıcılıq əlaqələrini xüsusilə qeyd etmək lazımdır. Belə ki, Fəqirin əlyazma divanındakı Ey bivəfa, qılıb məni divanə gözlərin, Məcnun kimi qılıb məni divanə tellərin, Tökülüb zülfi-siyah, arizi-gülnarə dəyər, Bir pərişan xəmi-zülfündə düşüb darə könül, Düşmüşəm seyd kimi damdə səyyad əlinə və s. misralarla başlayan qəzəlləri ilə Qüdsi Vənəndinin səfəri zamanı qələmə aldığı Könül, Gözlərin, Tellərin, Dəyər, Əlinə və s. rədifli şeirləri arasında mövzu cəhətdən yaxınlıq çoxdur. Hətta hər iki şairin şeirlərdə işlətdikləri rədiflər də əsasən eynidir. Qüdsinin qoşma şəklində müraciət etdiyi mövzuların müəyyən bir qismini Fəqir qəzəl janrında qələmə almışdır. O, başçılıq etdiyi ədəbi məclisdə özünə tələbkar olmaqla bərabər, başqalarının da əsərlərində yüksək sənətkarlıq arzulayır və bəzən xoşu gəlməyən şeirləri açıqçasına tənqid edirdi.

 

Vənəndinin şeir xiridarı Şeyxəli xanı tərifi

 

Qüdsi Vənəndi (1773-1861) də farsca yazdığı bir məsnəvisində Şeyxəli xana rəğbət əlaməti olaraq onun Ordubaddakı iqamətgahını nəzmə çəkmiş və tərif etmişdir. Şeyxəli xan Kəngərlinin imarətinin tərifində qitə, allah bağışlasın, inşaallah başlığı altında qələmə aldığı bu əsərini Qüdsi qitə adlandırmış, lakin onu məsnəvi formasında yazmışdır. Əsərdən məlum olur ki, Şeyxəli xan Kəngərli bu imarətini Qacar şahənşahlığının zamanında tikdirmişdir. Qüdsi Ordubehişt adlandırdığı Ordubadda, Araz çayının sahilində, Kəmkuh (indiki Kəmki) və Kamtal dağlarının ətəyində yerləşən bu dəbdəbəli imarəti şair gülüstan səhnəsi, aşiqlərin ürəyinin açıldığı yer adlandırır. O, bu yerlərin hovuzunu zəmzəm çeşməsinə, fəvvarəsini isə gəlinlərin pərişan zülfünə bənzədir, Firdovsi və Ənvəriyə bənzər şairlərin bu imarətə mədhlər yazıb təriflədiklərini bildirirdi:

 

Eşitdim ki, Ordubehiştin kənarında,

Bir qəsr var, ətirli behişt qəsri kimi.

Şahənşahi-sahibqiranın zamanında,

İsgəndər şöhrətli xan ucaldıb.

Çünki dilgüşa bir qəsr idi,

Ürəkaçan, fərəh gətirən səfalı.

Seçilmişlərdən qara camaatdan olan bütün şairləri

Firdovsi Ənvəri kimi xoş sözlüdürlər.

Onun şəninə mədhlər yazdılar,

Hamısı nəzm bayrağını ucaltdılar.

 

Əsərin sonunda Qüdsi, Şeyxəli xanın imarətinin onun var-dövlətinin əbədi yadigar qalacağını söyləyərək ona həmişə işrətli günlər keçirməsini zəmanənin cövrü qəmindən azad olmasını arzulayır, özünə isə Allahdan mərhəmət rəhmət diləyir.

 

Şairin Əlyazmalar İnstitutunda saxlanan divanı

 

İstər Əndəlib Qaracadağinin, istərsə Qüdsi Vənəndinin şeirləri təsdiq edir ki, o zaman Şeyxəli xan Kəngərlinin həm Ordubadın canişini, həm Əncüməni-şüəranın təşkilatçısı kimi şairlər arasında xüsusi nüfuzu olmuşdur. Qüdsinin isə Şeyxəli xan Kəngərlinin imarətini bu cür dəbdəbəli bir şəkildə mədh etməsi belə bir ehtimal irəli sürməyə əsas verir ki, Əncüməni-şüəra ədəbi məclisi təşkil olunduğu ilk vaxtlarda Şeyxəli xanın bu iqamətgahında yerləşmişdir. Məclisin rəhbəri isə Qüdsi Vənəndi olmuşdur. Çünki 1831-cu ildə Əncüməni-şüəranın təşkil olunduğu vaxt Hacıağa Fəqir Ordubadi (1836-1889) M.T.Sidqi (1854-1903) hələ anadan olmamışdılar. Qüdsi Vənəndi isə o zaman yaşının kamillik dövrlərini keçirirdi 57 yaşı var idi. Şübhəsiz ki, bu yaşlarında o, məclisə rəhbərlik edə bilərdi.

XIX əsr Ordubad ədəbi mühitinin layiqli nümayəndəsi olan Hacı Mirzə Ağarəhim Qüdsi Vənəndi Cənubi Azərbaycan xanlarına da mənzum məktublar, həmçinin mədhiyyə-tərifnamələr yazıb. Şairin ən yaxşı mədhiyyələrindən biri Əli xanın oğlu Teymur Paşa xana ithaf olunub. Və Qüdsi əsərin müqəddiməsində Makulu Əli xanın oğlu və Isgəndər şöhrətli Ehsan xanın bacısı oğlu Teymur Paşanın tərifi sözlərini qeyd edib.

Bununla bağlı materiallar şairin tədqiqatçısı filologiya elmləri doktoru Əsgər Qədimovun monoqrafiyasına da daxil edilib. Maraq üçün deyək ki, Qüdsi Vənəndinin yazdığı divan Bakıda Əlyazmalar İnstitutunda saxlanılır.

 

Azadlıqın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir.

 

Azadlıq.- 2013.- 8 iyun.- S.14.