Qaraqoyunluların 58 illik hakimiyyəti

 

Oğuz türk-əsilli tayfaların ittifaq dövləti

 

Azərbaycan tarixində uzun illər hökmranlığı sürmüş türk dövlətlərindən biri də Qaraqoyunlu dövlətidir. Qaraqoyunlu dövləti Şirvan istisna olmaqla, bütün Azərbaycan, indiki Ermənistan ərazisi, Gürcüstanın bir hissəsi, Qərbi İran və İraq ərazisini əhatə edirdi. Qaraqoyunlular Oğuz türk-əsilli tayfa ittifaqıdır. Bayraqlarında təsvir olunan qoyunun rənginə görə Qaraqoyunlu (1410-1468) adlanırdı.

 

Tanınmış Qaraqoyunlu hökmdarları sırasına Qara Məhəmməd (1380-1389), Qara Yusif (1390-1420), Qara İsgəndər (1420-1435), Cahan Şahın (1435-1467) adları daxildir. Amma Qaraqoyunlu dövlətinin banisi Qara Yusif olmuşdur. Teymurilər və Cəlairilərlə gərgin mübarizədə Qara Yusif Azərbaycandan başqa Ermənistan, Şərqi Gürcüstan, Ərəb və fars İraqını və həmçinin digər kiçik malikanələrin ərazilərini öz sərhədləri daxilində birləşdirən nəhəng bir dövlət yaratmağa nail olub.

“Vikipedia”da bu tarixlə bağlı bütün tarixi faktlar dolğun şəkildə təqdim olunur. 1388-ci ilin 24 may tarixində Qara Məhəmmədin başçılıq etdiyi Qaraqoyunlu tayfasının qoşunları Teymurun müttəfiqi olan Cəlairi əmirlərinin müqavimətini qıraraq Təbrizə daxil olublar. Bu, Qaraqoyunlu qüvvələrinin Teymurun hökmranlığına qarşı ilk uğurlu döyüşü idi. 1408-ci ildə Teymurilər Azərbaycandan qovuldu, 1410-cu ildə isə Qaraqoyunlu dövlətinin yarandığı elan edildi.

Böyük Qaraqoyunlu sülaləsinin banisi isə məşhur Baharlı tayfasından olan Bayram Xoca olmuşdur. Bu tayfa ittifaqı hakimiyyətinin əsası 1380-1389-cu illərdə Qara Məhəmməd tərəfindən qoyulmuşdur. 1387-ci ilin yazında, Çapaqcur döyüşündə Qara Məhəmməd Əmir Teymurun hərbi qüvvələrini məğlub etdi. Lakin onun ölümündən sonra Əmir Teymurun orduları Qaraqoyunlu birliyinin mərkəzi olan Van şəhərini tutdular.

Qaraqoyunlular Teymurun hakimiyyətində olan Təbrizi ələ keçirməyə çalışırdılar. 1394-cü ilin yayında Teymurun ordusu Bağdad yaxınlığında qaraqoyunlu və cəlayirli birləşmiş qoşunlarını məğlub edir. Bu məğlubiyyətdən sonra çarəsiz qalan Qara Yusif (1389-1420) cəlairli Sultan Əhmədlə birlikdə Osmanlı Sultanı İldırım Bəyazidin (1389-1402) himayəsinə girir. Teymur bu iki lideri geri tələb etsə də, İldırım Bəyazid bundan qəti surətdə boyun qaçırır. Qara Yusif vəziyyəti daha da gərginləşdirmək istəmədiyi üçün Osmanlı dövlətini tərk edərək, öz adamlarını ətrafında toplayır və Teymur əleyhinə ittifaq yaratmaq məqsədilə Sultan Əhməd Cəlairilə birlikdə Misirə getdi. Misir məmlük sultanı Berkuk onları yaxşı qarşılasa da onun varisi Fərəc Əmir Teymurun əmri ilə Qara Yusiflə Sultan Əhməd Cəlairini həbs etmişdi. Əmir Teymurun ölümündən sonra Qara Yusiflə Sultan Əhməd Cəlairi Azərbaycana qayıtdılar. Təbrizdə möhkəmlənən Sultan Əhməd ilk növbədə Əmir Teymura qarşı mübarizədə qətiyyətlə müqavimət göstərmiş Əlincə qalasının bərpa edilməsi və vergiləri azaltmaq haqqında fərman verdi.

1408-ci ildə Teymurilərin Azərbaycanda hakimiyyətinə son qoyuldu.

 

Qara Yusifin möhkəmlənən hakimiyyəti

 

Bundan sonra keçmiş müttəfiqi Qara Yusifin nüfuzunun artmasından qorxuya düşən Sultan Əhməd Cəlairi Şirvanşah İbrahimlə ittifaqa girdi. Şirvanşah İbrahim Sultan Əhmədə oğlu Kəyumərsin başçılıq etdiyi hərbi dəstə göndərdi. Lakin onların birləşməsinə imkan verməyən Qara Yusif Kəyumərsin başçılıq etdiyi ordunu darmadağın etdi, onun özünü isə əsir aldı. Kəyumərsin cavanlığına qıymayan Qara Yusif onu azadlığa buraxsa da, doğma atası Kəyumərsini guya Qara Yusiflə işbirliyində günahlandıraraq edam etdirdi. Qara Yusif 1410-cu ildə II Şənbi-Qazan döyüşündə Sultan Əhmədi məğlubiyyətə uğratdı. 1410-cu ildə paytaxtı Təbriz şəhəri olan, Şirvanşahlar dövləti istisna olmaqla bütün Azərbaycan torpaqlarını, indiki Türkiyə Cümhuriyyətinin şərq əyalətlərini, indiki Gürcüstanın şərqini (Borçalını), indiki Ermənistanı, Qərbi İran və İraqı əhatə edən Azərbaycan - Qaraqoyunlu dövləti yarandı. Dövlətin paytaxtı Təbriz şəhəri seçilir. Ali idarəçilik Qara Yusifdə olsa da, təngələrdə (pullarda) oğlu Pirbudağın adı göstərilirdi.

Bu dövrdə Şirvanşah I İbrahimin oğlu Kəyumərsi qoşunla Sultan Əhməd Cəlairiyə yardıma göndərməsi onunla Qara Yusif arasında düşmənçiliyə gətirib çıxarmışdı. 1412-ci ilin payızında Şirvanşah və onun müttəfiqlərinin birləşmiş qüvvələri ilə Qara Yusifin qoşunu arasında Kür çayı sahilində bir ay davam etmiş döyüş oldu. I İbrahim, Seyid Əhməd və II Konstantin məğlub olaraq əsir düşdülər. Şirvanşah İbrahimi taxtda öz yanında oturdan Qara Yusif onu 1200 İraq tüməni bac ödətdirdikdən sonra əsirlikdən azad etdi. Lakin İbrahim Qara Yusifdən vassal asılılığını qəbul etmək müqabilində Şirvanı idarə etmək hüququ da aldı. Lakin ona qoşularaq Qara Yusifə qarşı çıxmış müttəfiqlərinin aqibəti daha acınacaqlı oldu. Seyid Əhməd və 300 gürcü aznauru ilə birlikdə II Konstantin edam edildilər. Hələ 1407-ci ildə gürcü dəstələrini öz ərazilərindən qovmuş Borçalı türkləri 1416-cı ildə Qara Yusifin hakimiyyətini tanıdılar. Borçalıda möhkəmlənən Qara Yusif Üç qalanı (gürcücə Samtsxe) da tutdu.

1420-ci ildə Qara Yusifin ölümündən sonra dövlətin daxilində çəkişmələr başlanır və ölkə parçalanma təhlükəsi ilə üzləşir. Teymurun oğlanları Şahrux və Baysunqur bundan istifadə edərək bir neçə dəfə Azərbaycan üzərinə hücuma keçirlər. Qara Yusifin oğlanlarından İskəndər Azərbaycanda hakimiyyəti ələ keçirərək, Şirvana hücum edərkən şirvanşah I Xəlilullahın köməyinə Şahrux gəlir. Cahanşah da qardaşına qarşı çıxış edir. İskəndər birləşmiş qoşunların təzyiqinə davam gətirməyərək, Şirvandan baş götürüb qaçır. 1435-ci ildə İskəndərin məğlubiyyətindən sonra Şahrux Azərbaycan hakimliyini Cahanşaha tapşırır. İskəndər növbəti dəfə öz hakimiyyətini bərqərar etmək məqsədilə Təbrizi tutmaq istəyir, ancaq Cahanşahla Şirvan əmirlərinin birləşmiş qoşunları onun ordusunu darmadağın edirlər. O, Naxçıvan yaxınlığındakı Əlincə qalasına qaçır və burada öz yaxın adamlarının sui-qəsdilə öldürülür. Beləliklə, Cahanşah Azərbaycanın müstəqil hökmdarı olur.

 

Cahanşah Həqiqinin hakimiyyəti və dövlətin süqutu

 

Görkəmli dövlət xadimi, şair, hürufi fəlsəfəsinin tanınmış nümayəndəsi Müzəffərəddin Cahanşah Həqiqi 1397-ci ildə Xoy şəhərinin yaxınlığında yerləşən kiçik bir kənddə doğulmuşdur. Cahanşah Azərbaycan Qaraqoyunlu dövlətinin banisi Qara Yusifin üçüncü oğlu idi. 1440-41-ci ildə o, Gürcüstan üzərinə uğurlu bir yürüş edir, bir neçə ildən sonra isə ərəb İraqına hücum çəkərək, Bağdadı alır. Bundan sonra kiçik yaşlı oğlu Məhəmməd Mirzəni İraq hakimi təyin edir. Mosul şəhərini isə qardaşı İskəndərin oğlanları Əlvəndə, Rüstəmə, Tərxana və Mahmuda verir. Atası və qardaşı İskəndərdən fərqli olaraq Teymurilərdən Şahrux və Osmanlı sultanı ilə dostluq siyasəti yeritməklə Cahanşah nəinki Qaraqoyunlular dövlətinin əvvəlki sərhədlərini bərpa edir, hətta onun ərazisini qonşu torpaqlar hesabına genişləndirir. Lakin bütün bunlara baxmayaraq, Qaraqoyunlular dövləti Teymurilərdən asılı olaraq qalırdı. Qaraqoyunlular dövləti yalnız 1447-ci ildə Şahrux Xorasanda dünyasını dəyişəndən sonra tam müstəqillik qazanır. Hakimiyyətsizlikdən istifadə edən Cahanşah Sultaniyyə, Qəzvin və Həmədanı Qaraqoyunlu torpaqlarına qatır, elə həmin ildə Gürcüstan üzərinə yürüş edir. Bu vaxt İskəndərin oğlu, Mosul hakimi Əlvənd Mirzə Cahanşaha qarşı üsyan qaldırır və ətraf yerləri tutaraq özünü müstəqil elan edir. Bu barədə xəbər çatan kimi Cahanşah Təbrizə qayıdır və öz qoşunlarını Əlvənd Mirzənin üzərinə göndərir. Əlvənd məğlubiyyətə uğrayır və Ağqoyunlu hökmdarı Cahangirin yanına qaçır. Bu isə Cahanşahı məcbur edir ki, öz qoşununu Cahangirin üzərinə yönəltsin. Cahangirin qoşunları əzilir və onun torpaqlarının bir hissəsi Cahanşahın tabeçiliyinə keçir.

Həmin vaxtlarda gün-gündən möhkəmlənən və görkəmli sərkərdə və siyasi xadim Uzun Həsənin idarə etdiyi Ağqoyunlu dövləti formalaşırdı. Uzun Həsən tez-tez Cahanşahdan vassal asılılığında olan torpaqlara hücum çəkirdi. Onun fəallaşdığını görən Cahanşah Osmanlı sultanının məsləhəti ilə qəti qərar verir. Qoşun toplayaraq, onu Ağqoyunluların paytaxtı Diyarbəkirə yönəldir. Lakin yaxın adamlarının təkidi ilə o, döyüşə girmir və qoşunu qışlamağa göndərir. Bundan istifadə edən Uzun Həsən 1467-ci ilin yazında Ermənistanın cənubundakı Muş düzənliyində qəflətən Cahanşahın qoşunlarına hücum çəkir və onu məğlub edir. Az sonra o, qoşunlarından xəbərsiz halda (Səncəq) Çubuqcur adlanan yerdə əyanları ilə ziyafət keçirən Cahanşahın üzərinə yeriyir və İskəndər adlı bir döyüşçü Cahanşahı öldürür.

Bu hadisə 1467-ci ilin 4 oktyabrında baş verir. Cahan şahın cəsədini Təbrizə gətirir və onu özünün tikdirdiyi “Göy məscid”də dəfn edirlər. Qaraqoyunlu dövləti mövcudluğunun 58-ci ilində süqut edir.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

Azadlıq.- 2013.- 17 iyun.- S.14.