Elxanilər tarixində Çobanilər dövrü

 

Sulduz qəbiləsinin davamçıları

 

XIV əsrdə Azərbaycan Elxanilər dövləti iyirmi ilə yaxın Çobanilərin hakimiyyəti altında idarə olunmuşdur. Onların hakimiyyəti dövründə (1338-1357) bu dövlətin quruluşunda əsaslı bir dəyişiklik baş verməmiş, əvvəllər olduğu kimi, dövlətə yenə də Hülakulər nəslindən olan padşahlar başçılıq etmişlər.

 

Hülaku xanın yürüşü dövründə Azərbaycana gəlib Urmiya gölü ətrafında məskunlaşmış türk-monqol mənşəli Sulduz qəbiləsinin davamçıları olan Çobanilər hakimiyyət uğrunda mübarizəyə qoşulan ən qüdrətli feodal qruplarından idilər. Əmir Çobani nəvəsi Şeyx Həsən Çobani (Kiçik Həsən) 1338-ci ildə öz rəqibi Şeyx Həsən Cəlairiyə (Böyük Həsənə) qalib gələrək, Məhəmməd Xudabəndənin qızı Satıbəy xatunu (1338-1340-ci illər) padşah elan edib dövləti onun adından idarə etməyə başladı. Beləliklə, Azərbaycanda və ona qonşu ərazilərdə Çobani feodal qrupunun ağalığı başlandı. Şeyx Həsən Çobani 1340-cı ildə Satıbəy xatunu səltənətdən məhrum edib, Süleyman xanı (1340-1344-cü illər) padşah elan etdi. Həsən Çobani öldürüldükdən sonra (1344-cü il) Azərbaycanda hakimiyyət, faktiki olaraq, onun qardaşı Məlik Əşrəfin əlinə keçdi.

Elxanilər dövlətinin tarixində adı keçən mühüm şəxslərdən biri də Məlik Əşrəf Əmir Dəmirdaş oğlu Sulduz  (1344-1356) olub. Azərbaycanın hakimi olan bu şəxs feodal ara müharibələrində qalib gələrək, Süleyman xanı ölkədən qaçmağa məcbur etmişdir. Çobani feodallarının zülmündən cana gəlmiş Təbriz əhalisi 1344-cü ildə üsyana başladı. Təbrizlilər şəhərdəki Çobani əmirlərini və onların yaxın qohumlarını əsir etdilər, şəhərə daxil olan yollarda xəndəklər qazıb su ilə doldurdular. Şəhər əhalisi ilə Çobani dəstələri arasında qanlı vuruşma baş verdi. Məlik Əşrəf üsyanı çətinliklə yatıra bildi. O, Hülaku şahzadəsi Ənuşirəvanı (1344-1355-ci illər) taxta çıxarıb ona Adil ləqəbi verdi və  Elxanilər dövlətini 1355-ci ilə qədər onun adından idarə etməyə başladı. Buna baxmayaraq, qardaşı   Şeyx Həsən (Kiçik) Sulduz kimi onun da müstəqil Çobanilər dövləti təsis etmək arzusu sona kimi ürəyində qalmışdır.

Tarixçi Hafiz Əbruÿdəfələrlə yazılarında Məlik Əşrəfdən bəhs etmişdir. Müəllif yazır ki, Məlik Əşrəf h.749-cu ildə (1348) Azərbaycan Qarabağında rəhbər idi. Böyük əmir olan Əmir Ciday Tiflisdən Azərbaycan Qarabağına Məlik Əşrəfin yanına gəldi.

Həmdullah Qəzvini yazırdı ki, Məlik Əşrəf son dərəcə xəsis, qaniçən, hiyləgər və zalım şəxs idi. O, 13 illik hakimiyyəti dövründə keçirdiyi saysız-hesabsız müsadirələr, toplanan vergilər hesabına Azərbaycanda 17 xəzinə yaratmışdı. Təbrizdən qaçdığı zaman həmin xəzinənin bir hissəsini aparmaq üçün ona min dəvə və dörd yüz qatır lazım olmuşdu.

Məlik Əşrəf rəqibləri Əmir Surğan Sulduz və Yağı Baqdı Manini aradan götürdükdən sonra Elxanilər dövlətinin idarəsini öz əlinə almışdı.

Çobanilərın hakimiyyəti dövründə Şeyx Həsən və qardaşı Məlik Əşrəf növbə ilə Satibəy xatunu, Süleyman xanı, Ənuşirəvan-Adili Elxani taxtına oturtmuş, onların adına pul zərb etdirmişdilər. Bu dövrdə çobanlı feodallarının özbaşınalığının həddi-hüdudu yox idi.

 

Çobanilərə qarşı xalq qəzəbi

 

Əmir Teymur  Cənubi Qafqaza hücumu ərəfəsində Şirvanşahlar dövləti də ağır vəziyyətdə idi. Belə ki, Şirvanşahlar dövlətinin ərazilərini zəbt etmək istəyən Məlik Əşrəf 1345-1350-ci illərdə dəfələrlə fitnəkarlığa əl atmışdı. Lakin Şirvanşahlar Arran və Qarabağ feodallarının, habelə  Qızıl Orda qüvvələrinin yardımı ilə Çobanilərin hücumlarını dəf edə bilirdilər. Lakin 1348-ci ilin sonlarında Məlik Əşrəfin Qarabağdan Şirvana etdiyi yürüş gözlənilməz oldu. Şirvanşah Kavus və atası Keyqubad müdafiəni təşkil edə bilmədikləri üçün Gülüstan qalasına çəkilməli oldular. Çobani qoşunu ölkəni qarət edib dağıtsa da, burada möhkəmlənə bilməyib geri çəkilməli oldu.

Məlik Əşrəf 1355-ci ildə Ənuşirəvanı hakimiyyətdən saldı və onun əvəzinə Həsən xanı səltənətə çıxardı. Əşrəfin yeritdiyi qarətçilik siyasəti xalq kütlələrinin bütün təbəqələrinin narazılığına səbəb oldu. Çobani feodallarının zülmündən azad olmağa can atan Azərbaycan  əhalisi və bir sıra yerli feodallar  Qazı Məhiyəddin Bərdəi   Şirvanşah Kavusun (1345-1372-ci illər) başçılığı ilə Qızıl Orda xanı Canıbəyi Azərbaycana dəvət etdilər.

Yaranmış şəraitdə Məlik Əşrəfin zülmündən cana doymuş sənətkarlar, kiçik feodal və ruhanilər Şirvanşahlar dövlətinə gəlirdilər. Belə qaçqınlardan biri də Qazi Məhiyyəddin Bərdəi idi. O, Şirvanşah Kavusla razılığa gəldikdən sonra Qızıl Orda dövlətinə gedərək Cani bəylə görüşür və Azərbaycandakı vəziyyəti ona bildirir. 1357-ci ildə Cani bəy 100 minlik hərbi qüvvə ilə Təbrizə yaxınlaşır və Məlik Əşrəfin 17-18 minlik hərbi qüvvəsini pərən-pərən salır. Məlik Əşrəf xəzinəsini və ailə üzvlərini Mərəndə göndərərək Təbrizin müdafiəsini təşkil etmək istəyirsə də, müvəffəq olmur. Qoşun hissələri, bütün yaxın adamları, hətta anası da onu tərk edir.

Məlik Əşrəf  Təbrizdən  Xoy  şəhərinə gedərkən Şeyx Məhəmməd Balıqçının evində gecələyir. Şeyx Məlik Əşrəfi tanıyır və onu Canı bəyə təslim edir. Məlik Əşrəf Şirvanşah Kavusun təkidi ilə Təbrizdə edam edilir və bununla da, Elxanilər dövlətinin varlığına son qoyulur.

 

Hülaku hakimiyyətinin sonu və süqutu

 

“Qızıl Orda xanı Canıbəy Azərbaycana ”Çobanilər dövlətinin ərazisini" deyil, “Hülakular ulusunu zəbt etmək” niyyəti ilə gəldi. Məlik Əşrəf isə Canıbəyin elçisinə cavabında Azərbaycanda  Qazan xanın nümayəndəsinin padşah, onun özünün isə yalnız Hülakular dövlətinin baş əmiri olduğunu etiraf etdi. Şərq ölkələrinin sikkə zərbi, xütbə oxunuşu  və fərmanların verilməsn kimi ənənəvi səltənət rəmzlərindən məhrum olan, öz müstəqilliyini elan etməyib Hülaku şahzadələrini padşah (elxan, sultan) adı ilə müdafiə edən və digər dövlətlər tərəfindən müstəqilliyi tanınmayan Çobanilər hüquqi baxımdan Azərbaycanda Hülakular dövlətini davam etdirmiş iri feodal qrupu olaraq qaldılar. Lakin onlar hüquqi cəhətdən müstəqil dövlət təşkil edə bilməsələr də, padşah elan etdikləri elxanilərin adından istifadə edərək, Hülakular dövlətinin faktiki hakiminə çevrildilər. Hülaku şahzadələrinin formal mövcudluğu isə Çobani əmirlərinə öz ağalıqlarını hüquqi olaraq əsaslandırmaq üçün vacib idi. Buna görə də, Məlik Əşrəfin edamı ilə Çobanilərin “Hülakular dövlətinin mühafizəsi uğrunda” apardıqları mübarizəsinə son qoyuldu və beləliklə də, Azərbaycanda Hülakular dövləti süqut etdi" (Vahid Ömərov, fəlsəfə üzrə fəlsəfə doktoru).

Canı bəy Təbrizi tərk etdikdən az sonra Azərbaycan Cəlairlərin istilasına məruz qaldı. Qeyd edildiyi kimi, Cəlairilər dövlətinin əsasını Şeyx Həsən İlkani (Cəlairi) qoymuşdu. Cəlayırlar dövlətinin hakimiyyəti isə 1340-1411-ci illər arasında davam etmişdir.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

Azadlıq.- 2013.- 18 iyun.- S.14.