Arazın susmayan səsi...

 

Şair Baltaçı Araz

 

Cənubi Azərbaycan ədəbiyyatında bir çox tanınmış imzalar var ki, onların bəziləri haqqında əvvəlki mövzularda bəhs etmişik. Arazın o tayındakı soydaşlarımızın təmsil etdikləri ədəbiyyatın inkişafı müəyyən mərhələlərdən keçmişdir. Son yüz ildə Cənubi Azərbaycanda 1905-1911-ci illərdə Məşrutə ədəbiyyatı, 1917-1920-ci illərdə “Təcəddüd” (yeniləşmə) ədəbiyyatı, 1945-1946-cı illəridə demokratik ədəbiyyat meydana gəldi. 1978-1979-ci illər inqilabı ilə burada yeni ab-hava yaranmağa başlasa da, o, uzun çəkmədi.

 

Milli hökumət tərəfindən 1946-cı ildə təşkil edilmiş “Azərbaycan Şairlər və Yazıçılar Cəmiyyəti”nin bir sıra üzvləri sonralar həbs edildi, bir qismi xarici ölkələrə mühacirət etdi, bir hissəsi isə gizli iş şəraitində fəaliyyət göstərməyə başladı. Bu durğunluq təqribən 1960-cı illərə qədərÿsürdü. Məhəmmədhüseyn Şəhriyarın 1945-ci ildə çıxan “Heydərbabaya salam” poeması bütün Yaxın və Orta Şərq mühitində görkəmli bir ədəbi hadisə kimi qarşılandı. Müasir fars şeirlərinin ustadı sayılan M.Şəhriyar öz ədəbi istiqamətini dəyişərək Azərbaycan türkcəsində yazdığı yeni şeirləri ilə Azərbaycan ədəbiyyatında yeni ədəbi məktəbin bünövrəsini qoydu.

Şah rejimi dövründə farslaşdırma siyasətinə baxmayaraq, ana dilində ədəbiyyat 1950-1970-ci illərdə inkişafdan qalmamışdır. Bu dövrdə ədəbiyyatda Səhənd, Əli Kərimi, Əli Təbrizi, Həbib Sahir, Səbahi, Səməd Behrəngi, Savalan, Sönməz, Coşqun, Yəhya Şeyda, Piruz Dilənçi kimi imzalar meydana çıxmışdır.

Daha yeni dövrdə, 1978-1979-cu illər İran islam inqilabından sonra keçən qısa müddət ərzində Azərbaycan türkcəsində onlarla kitab nəşr edilmişdir. Onların bir neçəsi təkrar işıq üzü görmüşdür.

 

Almaniya mühacirətində

 

1990-cı ildə ölüm təhlükəsi altında öz vətənini tərk etmək məcburiyyətində qalmış və Almaniyada özünə sığınacaq tapmış cənublu şairlərimizdən biri də Baltaçı Araz təxəllüsü şair  Məhəmməd Məhəmmədəli oğludur. O, 2004-cü ildən etibarən “Azadtribun” və “Solgunaz” internet səhifələrində məqalələr və şeirləri, o cümlədən “Uyğarlaş”, “O tay, bu tay vətəndir”, “Təbriz və Qarabağımızı kim qurtaracaq?” və “Azərbaycan hamileyi istiqlal əst” adlı kitabları yayımlanıb. “Baltaçı Araz” ömrünün son dəqiqələrinə kimi Güney Azərbaycanın azadlığı uğrunda mübarizə aparıb, hətta Azərbaycana həsr etdiyi növbəti şeirini yazarkən vəfat edib.

Baltaçı Araz kimi tanınan Məhəmməd Məhəmmədəli oğlu 1953-cü il oktyabr ayının 23-də Cənubi Azərbaycanın, Mərənd bölgəsində yerləşən Yuxarı Dizə kəndində anadan olub. 1953-cü ildə Güney Azərbaycanın Mərənd şəhərində dünyaya gəlib. Orta təhsilini doğma şəhərində başa vurduqdan sonra 1975-1979-cu illərdə İstanbulun Mimar Sinan Universitetində memarlıq fakültəsində ali təhsil alıb. 1979-cu ildə ana yurduna döndükdən sonra solçu təşkilatın üzvü kimi əvvəlcə şah rejiminə, sonralar isə islam hakimiyyətinə qarşı mübarizə apardığı illərdə eyni zamanda ədəbi çalışmaları ilə də məşğul olmuşdur. Həmin illərdə ilk şeirləri Tehranda yayılan “Yoldaş” dərgisində işıq üzü görmüşdür.

O, 1990-cı ildə ölüm təhlükəsi qarşısında ana yurdu Mərəndi tərk etmək məcburiyyətində qalmış, Almaniyaya sığınaraq siyasi fəaliyyətini burada davam etdirmişdir.

Baltaçı Araz öz məqalə və şeirlərində Pəhləvi rejimini, eyni zamanda İran İslam Respublikasında fars şovinizminin hegemonluğu və basqısı altında milli və dini zülmə məruz qalmış Azərbaycanın və Azərbaycan türklərinin problemlərini, onların haqlarını dilə gətirmişdir. 

Şair yaradıcılığında parçalanmış bir xalqın ana yurdundan danışır. Güney ilə Quzey Azərbaycanın bütövləşməsi haqqında düşüncəsini ortaya qoyur.

Şair yazır:

O tay ilə bu tay vahid bir candır,

Adı odlar yurdu Azərbaycandır!

“Vikipedia”nın şair haqqında yayımladığı bioqrafiyada onun yaradıcılığına yer verilməsə də, həyatı haqqında ümumi məlumat əks olunur. Şair “O tay, bu tay Vətəndir” adlı əsərində Azərbaycanın Güneyə və Quzeyə parçalanmasına ürək ağrısı ilə ifadə edir, Azərbaycanın bütövləşməsi ilə bağlı arzu və istəklərini dilə gətirir. Baltaçı Araz bu əsərini xalqımızın bütöv Azərbaycan arzusunu, istəyini yansıdan və yurdsevər ürəklərdə bütöv Azərbaycan bayrağını dalğalandıran “Gülüstan” poemasının yaradıcısı olan unudulmaz xalq şairimiz Bəxtiyar Vahabzadəyə ithaf etmişdir.

 

“Yalnız azad ana azad övlad yetişdirər...”

 

Cənublu şairin başqa bir əsəri “Uyğarlaş” adlı kitabıdır. O bu əsərində insanları uyqar, mədəni və çağdaş olmağa, öz haqlarını tanıyıb qorumağa çağırır. Şair Azərbaycan Türk xalqını İslamın geriçilik ehkamlarına, irqçi Firdovsisayağı baxışlara uymamağa səsləyir. Baltaçı Araz bu əsərində eyni zamanda qadın haqqında primitiv baxışları, Türk mədəniyyətinə və ictimaiyyətinə aşılanmış irticaçı və geridə qalmış düşüncəni tənqid edir, çağdaş insan baxışlarını ortaya qoyur. Onun fikrincə, qadın azadlığı hər ölkədə onun mədəniyyəti və insan haqlarını tanımaq ölçüsüdür. Şair deyirdi ki, yalnız azad ana azad övlad yetişdirər, insansevərliyi və azadlığı azad ana övladının ruhuna aşılayar. Azad ruhlu insan kölə olmaz, kölə etməz və hər zaman öz haqqını arayıb alar.

Vətənpərvər qələm sahibi ömrünün sonunadək Güney Azərbaycanın azadlığı, həmçinin erməni daşnakları tərəfindən işğal olunmuş Qarabağın azadlığı uğrunda öz qələmi ilə mübarizə aparmışdır. Bu məsələlər haqqında hazırladığı “Təbriz ilə Qarabağımızı kim qurtaracaq?” adlı kitabında o taylı-bu taylı soydaşlarımızın ortaq dərdi - işğalda olan torpaqlarımızı düşünmək və birgə çıxış yolu ilə bağlı düşüncə və fikirlərini yazmışdır.

Qürbət ölkədə vətən həsrəti ilə çırpınan, bir an olsa da öz milli kimlik mübarizəsini dayandırmayan şair Baltaçı Araz ömrünün son dəqiqələrində Azərbaycana həsr etdiyi növbəti şeirini yazarkən 2012-ci il iyunun 25-də qəflətən vəfat etmişdir. O, 2012-ci il iyunun 28-də Almaniyanın  Münster şəhərindəki Lauheide məzarlığında torpağa tapşırılıb.

Şair Elsevərin şairin xatirəsinə həsr etdiyi belə bir şeiri var:

 

Dedin Araz qan ağlar

Ürəkləri də dağlar.

Araz demə ayrılıq (istiqlal)

Araz demə qəm, həsrət.

Araz dolup qaniylə

 

Göz yaşları axıb seliylə...

Burası odlar yurdu

Burası Bozqurdlar yurdu...

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

Azadlıq.- 2013.- 28 iyun.- S.14.