Muğamla dünyanı dolaşan
ustad xanəndə
Şuşalı
Məşədi Məmməd Fərzəliyev
Böyük sənətkar Məşədi
Məmməd Fərzəliyev ömrünün
60 ilini Azərbaycan və klassik
şərq musiqisinin inkişafına həsr
edib. Onun adı Azərbaycanın
görkəmli xanəndələrindən Cabbar
Qaryağdı oğlunun, Keçəçi
oğlu Məhəmmədin, Şəkili
Ələsgərin və Zabul
Qasımın adı ilə yanaşı çəkilir. Məşədi
Məmmədin çox məlahətli səsi
var idi və 0, gur zəngulə vuran bir xanəndə idi.
Məşədi
Məmməd Fərzəliyev 1872-ci ildə qədim Şuşa şəhərində anadan olub. Uşaqlıq
illəri bu dilbər guşədə
keçsə də, çox erkən doğma şəhərini tərk edib, lap gənc
yaşlarından bir müddət Gəncədə,
sonralar isə Tiflis, Batum, Vladiqafqaz, İstambul və sair şəhərlərdə
yaşamış və xanəndəlik etmişdi.
O, Zaqafqaziyada, Orta Asiyada, Türkiyədə, hətta
Avropanın bir çox
ölkələrində görkəmli sənətkar kimi tanınmışdı.
Məşədi
Məmməd hələ Şuşada
olarkən toy məclislərində və
xalq şənliklərində
çıxış etmişdi. O, ilk dəfə Şuşada
Xandəmirovun teatrında verilən Şərq konsertində böyük uğur
qazanmışdı.
Məşədi
Məmməd zəngin yaradıcılıq yolu
keçmişdir. “Onun
gözəl zəngulələri, uzun nəfəsləri
dinləyiciləri həmişə valeh etmişdir. O, nadir hallarda təsadüf edilən güclü
nəfəsə, geniş diapazonlu
gur səsə malik olmuşdur. Bir neçə
forma və mərtəbədə sürəkli,
fəvvarə kimi çağlayan
zəngulələr vurmaqda bir sıra görkəmli xanəndələr
Məşədi Məmmədə həsəd
aparmışlar. Məşədi Məmmədin məlahətli
səsinə Cabbar Qaryağdı oğlu yüksək qiymət vermiş,
onu özünə “rəqib” hesab etmişdi. İran məclislərinin
birində Cabbar Qaryağdı oğlundan soruşmuşlar:
-
Qafqazda sənə rəqib olan ikinci bir
xanəndə varmı?
Cabbar
Qaryağdı oğlu demişdir:
-
Qafqazda mənə rəqib olan iki xanəndə
vardır: Biri Zabul
Qasım, o biri isə
Məşədi Məmməddir. Ancaq mənim
xoşbəxtliyimdən birincinin zil səsi, digərinin isə dərin musiqi savadı yoxdur. Məşədi
Məmməddə böyük xanəndələrə
xas olan gözəl bir xüsusiyyət olmuşdur.
Bu da ondan
ibarətdir ki, o, həm
bəm (pəsxan), həm orta (miyanəxan)
və həm də zil (zilxan)
səslə məharətlə oxuyurdu.
Belə keyfiyyətcə hər xanəndədə
olmamışdır. Məşədi Məmməd bütün muğamları həm bəmdə,
həm də zildə çox asanlıqla
oxumuşdur" (Firidun
Şuşinski).
Seyid Şuşinski onun “Şüştər”inə
valeh imiş...
Məşədi
Məmmədin oxuduğu “Bayatı-kürd”, “Rast”, “Şur”,
“Çahargah”, “Zabul-Segah”, “Kürdü Şahnaz”, “Heyratı”,
“Mənsuriyyə”, “Simayi-şəms”, “Qarabağ şikəstəsi”,
“Arazbarı”, “Kərəmi”, “Əfşarı” və s.
muğamlar geniş xalq kütlələri tərəfindən
böyük rəğbətlə
qarşılanmışdır. Məşədi Məmməd
də “Şüştər” ustası kimi daha məşhur
idi.
Seyid
Şuşinski də Məşədi Məmmədin
“Şüştər”inə valeh olarmış. Böyük sənətkar
xatirələrində yazırdı:
“Bir gün
məni Tiflisdən Gəncəyə toy məclisinə dəvət
etdilər. Həmin məclisdə məndən başqa Musa
Şuşinski və Məşədi Məmməd Fərzəliyevin
də dəstələri var idi. Günorta yeməyindən
sonra məclis qızışdı. Əvvəlcə Musa
”Segah" oxudu. Sonra isə Məşədi Məmməd
“Şüştər” başladı, nə başladı. Mən
onun nəinki şirin guşələrinə, duzlu
xallarına valeh olmuşdum, hətta özümü belə
unutmuşdum.
Baxmayaraq
ki, axşam məclisində mən oxumalı idim, lakin
“Şüştər” məni elə hala salmışdı
ki, mən Məşədi Məmmədin insanı bihuş edən
guşələrindən sonra oxumağı, xüsusilə məclisi
yola verməyi ağılsızlıq saydım. Buna görə
də əlacsız qalıb kamançaçalan Sevini dəmiryol
vağzalına göndərdim bilet alsın ki, axşam
qayıdaq Tiflisə...".
Məşədi
Məmməd Fərzəliyev 1912-ci ildə Varşava şəhərində
fəaliyyət göstərən “Sport-Rekord” şirkəti tərəfindən
bir dəvət aldı. Şöhrəti ellər dolaşan
azərbaycanlı xanəndənin səsini burada vala
yazdılar. Məşədi Məmməd tarzən Qurban
Pirimovun müşayiəti ilə 40-dək muğam, təsnif
və mahnı ifa etdi. Bu uğurdan sonra Kiyev şəhərindən
də növbəti dəvət gəldi. Görkəmli sənətkar
burada “Ekstrafon” şirkəti tərəfindən muğam və
xalq mahnılarını qrammofon valına yazdırdı.
Müasirləri yazırlar ki, Məşədi Məmməd
bütün muğam və mahnılarında ən çox
Natəvanın qəzəllərini ifa edərmiş.
Məşhur
bir xanəndə kimi tanınmış Məşədi Məmməd
1913-cü ilin yazında Zubalov adına xalq evi tərəfindən
Tiflisə dəvət edilir. Tiflisdə verilən bir teatr
tamaşasının proqramında yazılmışdı:
“1913-cü il may ayının 10-da Tiflisin K.Y.Zubalov adına
xalq evində Sidqi Ruhullanın rejissorluğu ilə müsəlman
opera həvəskarları üçün məşhur xanəndə
Məşədi Məmməd Fərzəliyevin
iştirakı ilə Üzeyir Hacıbəyovun ”Leyli və Məcnun"
operasının son pərdəsi tamaşaya qoyulacaqdır. Əsərdə
Zeyd rolunu Məşədi Məmməd Fərzəliyev
oynayacaqdır. Gecənin konsert şöbəsində Məşədi
“Bayatı-Şiraz”, “Mahur” və “Hasar” muğamlarını
oxuyacaqdır".
1923-cü
ildə Məşədi Məmməd Məşədi Cəmil
Əmirov tərəfindən Gəncə şəhərinə
dəvət edilir və şəhər musiqi məktəbində
muğamatdan dərc deyir, gənc xanəndələrin
yetişməsində əlindən gələni edir. Məşədi
Məmməd eyni zamanda tarzən Böyükkişi Əliyev
ilə birlikdə Gəncə, Qazax, Tovuz və Şəmkir
rayonlarında toylarda və xalq şənliklərində
iştirak edirdi.
”Axşam
oldu" təsnifini dinləmək böyük səadət
idi..."
F.Şuşinski
yazırdı: “Məşədi Məmməd təsnifxanlıqda,
gözəl qaval vurmaqda və qədim Azərbaycan
mahnılarını ustalıqla oxumaqda qüdrətli sənətkar
idi. Məsələn, o, ”Qarabağda bir dənəsən",
“Nəbi”, “Toyun tərifi”, “Vətən şərqisi”, “Alma”,
“Səbu”, “Maç-maç”, “Mən bir türkəm”,
“Ayıl, ey millət” təsnif və mahnılarını
böyük məhəbbətlə ifa edir, hamını heyrətə
gətirirdi. Onun zövqlə oxuduğu “Axşam oldu” təsnifi
yarım əsrdən artıq bir müddətdə xalqın
qəlbindən silinməmişdir. Bu təsnif “Şikəsteyi-fars”
üstündə oxunduğu üçün xanəndə hərdənbir
incə guşələrlə muğama toxunurdu. Bu, təsnifin
daha gözəl səslənməsinə səbəb olurdu.
Seyid
Şuşinski deyirdi: “Məşədi Məmmədin
”Axşam oldu" təsnifini dinləmək musiqini sevənlər
üçün böyük səadət idi".
1926-cı
ildə Məşədi Məmməd Fərzəliyev
Rusiyanın bir çox şəhərlərində,
Polşa, Almaniya, Fransa, Belçika, İngiltərə,
Avstriya, Rumıniya, Türkiyə və İranda konsertlər
verir.
Məşədi
Məmmədi yaxından tanıyan, uzun illər onun sənət
yoldaşı olmuş İslam Abdullayev, Qurban Pirimov, Seyid
Şuşinski və Musa Şuşinski kimi qocaman sənətkarlar
Məşədi Məmmədin sənətinə yüksək
qiymət vermişlər. Musa Şuşinski deyirdi: “Məşədi
Məmməd Fərzəliyevin çox zil və gözəl
səsi var idi. ”Qatar bayatı", “Kürdüşahnaz”
xüsusilə “Şüştər” muğamını
misilsiz məharətlə oxuyardı. O, həm də
yaxşı qaval vurardı. Məşədi Məmmədin zənguləsinə
söz yox idi. O elə sürəkli və coşqun zəngulələr
vurardı ki, elə bil taxtapuşun üstünə dolu
yağırdı. Yadımdadır, Gəncədə
Bağbanlar kəndində toyda idik. Həmin məclisə Azərbaycanın
ən məşhur xanəndələrindən ibarət 7-8
sazəndə dəvət edilmişdi.
Məşədi
Məmməd də həmin toyda oxuyurdu. Bilmirəm, xanəndələr
arasında oxumaq haqqında nə söhbət oldusa, Məşədi
Məmməd üzünü Cabbara tutub gülə-gülə
zarafatyana dedi:
- Məni əsəbiləşdirməyin.
Hamınızı qataram zənguləmin qabağına,
düz vağzala qədər qovaram".
1929-cu ildə
Məşədi Məmməd Fərzəliyev yenidən xaricə
qastrol səfərinə çıxmış, bir daha Azərbaycana
qayıtmamışdır. Uzun illər Türkiyənin İstanbul
şəhərində yaşayan və 1962-ci ildə 90
yaşında dünyasını dəyişən Məşədi
Məmməd Fərzəliyev, əslində, sovet hökumətinin,
onun repressiyalarının, ağır təzyiqlərinin əlindən
bu ölkəyə pənah aparmışdı.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2013.- 3 mart.- S.14.