Böyük dövlət xadimişair Cahanşah Həqiqi

 

Qara Yusifin üçüncü oğlu...

 

Azərbaycan tarixində adı görkəmli dövlət xadimi və şair kimi tanınan böyük şəxsiyyətlərdən biri də Cahanşah Həqiqidir. O, Qaraqoyunlu dövlətinin banisi Qara Yusifin üçüncü oğludur. “Həqiqi” təxəllüsü ilə Azərbaycan türkcəsində şeirlər yazan Cahanşah Həqiqi eyni zamanda hürufi fəlsəfəsinin nüfuzlu nümayəndələrindən sayılır.

 

Müzəffərəddin Cahanşah Həqiqi 1397-ci ildə,  Xoy şəhərinin yaxınlığında yerləşən kiçik bir kənddə anadan olub. Onun doğulduğu dövr hakimiyyət uğrunda gərgin mübarizələrin getdiyi bir dövr idi. Qara Yusif Teymurilər    Cəlairilərlə gərgin mübarizədə Azərbaycandan başqa  Ermənistan, Şərqi  Gürcüstan, Ərəb və fars İraqını, həmçinin digər kiçik malikanələrin ərazilərini öz sərhədləri daxilində birləşdirən nəhəng bir dövlət yaratmağa nail olmuşdu. Cahanşah öz dövrü üçün çox yaxşı təhsil almış şəxslərdən idi. Bununla bərabər, o, gənc yaşlarından atası Qara Yusifin hərbi yürüşlərində və dövlət idarəçiliyində iştirak edirdi. Ümumiyyətlə, o, zəmanəsinin ən savadlı və maarifpərvər hökmdarlarından sayılır.

“Vikipedia”da böyük dövlət xadiminin həyat və fəaliyyəti haqqında çox maraqlı faktlar yer alır. Tarixdən məlum olduğu kimi, 1420-ci ildə Qara Yusifin ölümündən sonra dövlətin daxilində çəkişmələr başlanır. Ölkə parçalanma təhlükəsi ilə üzləşir və bundan istifadə edən Teymurun oğlanları Şahrux və Baysunqur  dəfələrlə Azərbaycan üzərinə hücuma keçirlər. Bu halda Azərbaycanda hakimiyyəti Qara Yusifin oğlanlarından  İsgəndər  ələ keçirir. O, Şirvana  hücum edərkən  Şirvanşah I Xəlilullahın köməyinə Şahrux gəlir. Bu mübarizədə Cahanşah da öz qardaşına qarşı çıxış edir. Bu güc qarşısında davam gətirə bilməyən İsgəndər Şirvandan baş götürüb qaçır. 1435-ci ildə İsgəndərin məğlubiyyətindən sonra Şahrux Azərbaycan hakimliyini Cahanşaha tapşırır.

Amma hakimiyyət mübarizəsi bununla səngimir. Öz hakimiyyətini bərpa etmək istəyən İsgəndər yenidən Təbrizi tutmaq üçün hücuma keçir. Amma bu dəfə də Cahanşahla Şirvan əmirlərinin birləşmiş qoşunları onun ordusunu darmadağın edirlər. İsgəndər  Naxçıvan  yaxınlığındakı  Əlincə qalasına qaçıb gizlənir. Amma sonra da burada öz yaxın adamlarının sui-qəsdi nəticəsində öldürülür. Bununla da Cahanşah Azərbaycanın müstəqil hökmdarı olur. O, 1440-1441-ci ildə Gürcüstan  üzərinə yürüş edir, bir neçə ildən sonra isə İraqa hücum edərək, Bağdadı tutur.

Amma Qaraqoyunlular dövləti  yalnız  1447-ci ildə Şahrux Xorasanda dünyasını dəyişəndən sonra, Teymurilərdən asılılıqdan azad olur və tam müstəqillik qazanır. Bu hakimiyyətsizlikdən istifadə edən Cahanşah  Sultaniyyə, Qəzvin və Həmədanı Qaraqoyunlu torpaqlarına qatır.

 

Məşhur hürufi şairi

 

Cahanşah ticarətin, sənətkarlığın, elmin və incəsənətin, mədəniyyətin inkişafı naminə böyük işlər görmüş bir hökmdardır. Onun hakimiyyəti illərində  Naxçıvan,  Gəncə  və Təbriz kimi iri şəhərlər çiçəklənib tərəqqi etmişdi. Cahanşahın əmri ilə 1456-cı ildə Təbriz şəhərində Azərbaycanın ən məşhur memarlıq incilərindən olan  Göy məscidi  tikilmişdi. Göy məscidin mərmərdən qurulmuş binasının Azərbaycan memarlığında  bənzəri yoxdur. Eyni zamanda, Cahanşahın  Azərbaycan poeziyası tarixində də mühüm xidmətləri var ki, bunu da xüsusi qeyd etməyə dəyər.

Azərbaycan türkcəsində gözəl şeirlər yazmış Cahanşah ədəbiyyatda “Həqiqi” təxəllüsü ilə tanınır. Həqiqi Azərbaycan türkcəsi və  fars dilində gözəl qəzəllər, məsnəvi və rübailər yazırdı. O, Şərq ədəbiyyatına dərindən bələd idi və özünü Nəsimi məktəbinin ardıcılı hesab edirdi. O həmçinin böyük fars şairi  Əbdürrəhman Cami ilə dostluq münasibəti saxlayırdı. Cami onun “Divan”ının bədii və mənəvi keyfiyyətlərini yüksək qiymətləndirirdi. Öz şeirlərindən birində o, bu divanı “xəzinə” adlandırmışdı.

Həqiqinin “Divan”ının taleyi də şairin həyatı qədər maraqlıdır. Tədqiqatçılar uzun müddət həmin divandan xəbərsiz qalmışdılar. Bununla da, uzun zaman onu itmiş zənn edirdilər. Amma 1961-ci ildə əlyazmanın sirri açıldı. Məlum oldu ki, Həqiqinin “Divan”ı uzun müddət  İstanbulda, türk sultanlarının saray kitabxanasında saxlanılıb.  Sultan Əbdülhəmidin dövründə əlyazma kitabxanadan itmiş, bir müddət sonra isə Misirdə,  İsgəndəriyyə kitabxanasında  tapılmışdır. Amma yenə müəmmalı şəkildə yoxa çıxaraq, dünyanı gəzə-gəzə  Londona gəlib çıxmışdır. Məşhur şərqşünas alim Minorski onunla burada tanış olub. Amma əlyazma burada da qalmır. Nyu-Yorka, erməni kolleksiyaçısı Arutyun Qazaryanın şəxsi arxivinə düşən əlyazma buradakı başqa əsərlər kimi, onun vəsiyyətinə əsasən,  İrəvan Universitetinə gətirilir. Beləliklə, Azərbaycan alimi  Lətif Hüseynzadə "Divan"ı burada tapmış və işləyərək, dərc etdirmişdir.

Həqiqi şərq fəlsəfəsinə də dərindən bələd idi. O, bir şah olmasına baxmayaraq, Nəimi    Nəsiminin təbliğ etdiyi hürufiliyin fəal ardıcıllarından idi.

Öz yaradıcılığı tam bir hürufi şairinin ruhunu əks etdirməsinə baxmayaraq, Cahanşah Təbrizdə  Nəiminin qızı başda olmaqla, 500 hürufi edam etdirmişdi. Bununla belə nəticəyə gəlinir ki, Həqiqini hürufizmdə cəlb edən ya münasib poetik formalar, ya da bəzi hürufilərin yeritdiyi siyasətdə Teymurilərin əleyhinə yönəlmiş istiqamət olub.

Cahanşah həyatının sonuna qədər hakimiyyət mübarizələri ilə çalxalanan çəkişmələrin mərkəzində olmuşdur. 1452-ci ildə o, Cahanşah İranı fəth edərək, Fars vilayətinin bir hissəsini tutdu. O, oğlu Pirbudağı  İsfahan  hakimi təyin etdi. O isə Farsa hücum edərək,  Şiraz    Kirmanı aldı. 1453-cü ilin sonunda Cahanşah Pirbudağı Fars hökmdarı təyin edib, özü Təbrizə qayıtdı.

 

Sona kimi savaş meydanlarında...

 

Bu ərəfədə Cahanşahın oğlu Həsənəli özünü sultan elan edərək, Təbrizi ələ keçirir. Azərbaycana dönən Cahanşah üsyançılarla sərt rəftar edir. Amma anasının himayədarlığı Həsənəlini edam cəzasından qurtarır. Ölkədən sürgün edilmiş Həsənəli atasının düşməni Uzun Həsənin düşərgəsinə, buradan isə qardaşı Pirbudağın yanına Şiraza gəlir. Qardaşlar birləşib, Cahanşaha tabe olmadıqlarını bildirirlər. Bunu eşidən sultan 1462-1463-cü ildə Şirazı mühasirəyə alaraq, işğal edir. Anaları bu dəfə də qardaşları xilas edir. Bundan sonra Cahanşah dövlət idarəçiliyini oğlanları arasında bölüşdürür. Pirbudağa Bağdad, Mirzə Yusifə Fars, Qasımbəyə isə Kirman düşür.

Amma Pirbudaq yenidən üsyan edir, sultanlıq eşqi ilə atasına qarşı çıxır. Cahanşah 1466-cı ildə Pirbudağın paytaxt elan etdiyi Bağdadı tutur və bu dəfə aman vermədən oğlunu edam edir.

Bu dövrdə görkəmli sərkərdə və siyasi xadim Uzun Həsənin idarə etdiyi Ağqoyunlu dövləti formalaşırdı. Uzun Həsən tez-tez Cahanşahdan vassal asılılığında olan torpaqlara hücum çəkirdi.

Beləliklə, Uzun Həsən 1467-ci ilin yazında Ermənistanın cənubundakı  Muş düzənliyində qəflətən Cahanşahın qoşunlarına hücum çəkir və onu məğlub edir. Az sonra o, qoşunlarından xəbərsiz halda (Səncəq) Çubuqcur adlanan yerdə əyanları ilə ziyafət keçirən Cahanşahın üzərinə yeriyir və İsgəndər adlı bir döyüşçü Cahanşahı öldürür.

Bu hadisə 1467-ci ilin 4 oktyabrında baş verir. Cahanşahın cəsədini Təbrizə gətirir onu özünün tikdirdiyi Göy məsciddə dəfn edirlər. Bir neçə şair Cahanşaha mərsiyələr söyləyir. Qaraqoyunlu dövləti özünün 58-ci ilində beləcə süqut edir. Amma onun qurucularından biri Cahanşahın adı tarixə dövlət xadimi, diplomat, sərkərdə şair kimi əbədi olaraq həkk olunub qalır.

 

Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 

Azadlıq.- 2013.- 12 mart.- S.14.