Unutmadığımız qəhrəman obrazlarının müəllifi

 

80-ci illərin nostaljisini yaşadanlardan biri

 

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri sırasında 80-ci illərin məşhur imzalarından biri yazıçı, publisist Əlfi Qasımov da yer alır. Əlfi Səhlik oğlu Qasımov 5 yanvar 1927-ci ildə Ağdam rayonunun Poladlı kəndində anadan olmuşdur. Yeddiillik təhsilini kənddə alan, Ağdam pedaqoji texnikumunda təhsilini davam etdirən Əlfi Qasımov Ağcabədi rayonunun Xocavənd və Boyad kəndlərində müəllimlik etmişdir.

 

Ə.Qasımov 1944-46-cı illərdə Ağdamdakı 2 illik müəllimlər institutunda, 1946-51-ci illərdə isə Azərbaycan Dövlət Universiteti filologiya fakültəsinin jurnalistika şöbəsində təhsilini davam etdirmişdir.

Müxtəlif illərdə Əlfi Qasımov “Azərbaycan müəllimi” qəzetində şöbə müdiri və redaktor müavini, “Ədəbiyyat və incəsənət” qəzetində isə məsul katib vəzifələrində çalışmışdır.

1966-cı ildən isə Ə.Qasımov Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət mətbuat komitəsində nəşriyyat idarəsinin rəisi olmuşdur.

Ədəbi yaradıcılığa ilk dəfə 1945-ci ildə Ağdamda müəllimlər institutunda oxuyarkən başlayan Əlfi Qasımovun roman və povestləri 60-80-ci illərin ən çox oxunan, müzakirə edilən və bəyənilən əsərlərindən olmuşdur.

Onun “Xalq arzusu” adlı ilk şeiri Ağdamda çıxan “Lenin yolu” qəzetində çap olunmuş, universitetdə oxuduğu illərdə isə Ə.Qasımovun şeirləri respublikanın müxtəlif qəzet və jurnallarında dərc edilmişdir.

Ə.Qasımovun ilk kitabı 1954-cü ildə çıxmışdır. Bu “Ərimizin ətəklərində” adlı ilk oçerklər kitabıdır. Bundan sonra da yazıçının bir neçə oçerklər kitabı çap olunmuşdur. Ə.Qasımov eyni zamanda “Məni qınamadın” adlı povest və hekayələr kitabının, “Qızburunda tək məzar” adlı sənədli povestin də müəllifidir.

Əlfi Qasımovun bir çox kitabları - “Könülsevər”, “Qağayı fəryadı”, “İnsan qaranquş deyil”, “Toy gecəsi” və başqaları eyni zamanda rus, qırğız, tacik, türkmən dillərində işıq üzü görmüşdü.

 

Rəhilə xanımın xatirələrindən...

 

Əlfi Qasımovun ömür-gün yoldaşı Rəhilə xanımın xatirələrindən: “Əlfi yaxşılıq etmək üçün dünyaya gəlmişdi. Dostunu, tanışını, qonşusunu canından artıq istəyərdi. Qələm məhsullarına laqeyd, biganə olmazdı. Yaratdığı obrazların ovqatı, amalları ilə yaşayardı. Onun ”Adilənin taleyi" povesti ötən əsrin 60-70-ci illərində populyarlıq qazanmışdı. Görkəmli yazıçı, unudulmaz pedaqoq Mir Cəlal Paşayev həmin əsəri dövrün “Leyli və Məcnun”u adlandırmışdı... Onunla ilk tanışlığım tələbəlik illərində oldu. O zaman mən də universitetdə - filologiya fakültəsində oxuyurdum. Taleyimiz bizi qovuşdurdu. Ondan eşitdiyim xoş, şirin, səmimi sözləri hələ də unutmamışam. Bəzən özüm-özümə düşünürəm: “İnsan nə qədər xoş niyyətli, məramlı olar?” Sualıma cavabı Əlfidən qalan xatirələrdə tapıram...".

Əlfi Qasımov müxtəlif mövzularda maraqlı hekayələr, “Məni qınamayın”, “Qızburunda tək məzar”, “Adilənin taleyi”, “Könül sevən”, “Toy gecəsi” kimi roman və povestlərini 40 yaşlarında nəşr etdirmişdir və həmin dövrün tanınmış yazıçılarından, jurnalistlərindən biri idi.

60-70-ci illərdə Azərbaycan ədəbiyyatında sənədli bədii janrın da inkişafında Əlfi Qasımovun xüsusi xidmətləri vardır. Yazıçı təsvir etdiyi obrazları gündəlik həyatdan və onu əhatə edən insanların arasından seçir, öz istedadı ilə onu daha da zənginləşdirirdi.

Əlfi Qasımov eyni zamanda sənədli nəsrin uğurlu yaradıcılarından biri kimi də tanınırdı. Onun əsərlərində yazıçılıqla jurnalistlik bir arada öz təbii ifadəsini tapırdı.

Görkəmli yazıçı Hüseyn Abbaszadə də Əlfi Qasımov yaradıcılığının bu istiqamətini təqdir edərək yazırdı ki, Əlfi sənədli nəsr sahəsində ədəbiyyatımızda dərin izlər qoyub getmişdir və “ondan sonra bizdə sənədli nəsr, demək olar ki, yox dərəcəsindədir”.

Akademik Bəkir Nəbiyev yazırdı: “Belə bir fakta da diqqəti cəlb etməyi vacib sayıram ki, Əlfi Qasımovun 15 nəfər igid, qeyrətli Azərbaycan qızının Şimali Qafqazdan Berlinə qədər davam etmiş müzəffər döyüş yolunu əks etdirən ”Vətən çağıranda" kitabı bu qəhrəman qızların sayı qədər müstəqil miniatür sənədli hekayədən ibarətdir. Hesab edirəm ki, real qəhrəmanlar haqqında konkret tarixi, həyati faktlar əsasında, gələcəyə çağırış ruhunda yazılıb təcavüzkarlara nifrət və qəzəb püskürən bu kitab yaşadığımız günlərdə də öz aktuallığını qoruyub saxlayır. Onu tam halda, yaxud hər bir hekayəsini ayrıca nazik kitabça kimi nəşr edib əsgərlərimizə paylamaq Qarabağ uğrunda mübarizənin mücahidləri olan qızlarımıza da, elə oğlanlarımıza da çox fayda verə bilər".

 

Bəkir Nəbiyevin yazdıqları...

 

Bəkir Nəbiyev Əlfi Qasımovla universitetdə bir vaxtda təhsil almışdı və çox yaxın dost olmuşdular. Görkəmli akademik həmin günləri belə xatırlayırdı: “1950-ci illərin əvvəllərində biz Azərbaycanın yeganə universitetinin filologiya fakültəsində təhsil alırdıq. Jurnalistika ixtisası da o zaman Azərbaycan dili, ədəbiyyat, kitabxanaçılıq, məntiq və psixologiya kimi elə filologiya fakültəsində öyrədilirdi.

Xəlil Rza, Qulu Xəlilov, İslam Ələsgərov, Əliağa Kürçaylı, Tofiq Mahmud, Səyyarə Mollazadə, Şəhla Qaryağdı, Rəhilə xanım və mən birinci kursda oxuyanda Əlfi Qasımov və İslam Səfərli jurnalistika qrupunun IV kursunda idilər. Onlar möhkəm dostluq edirdilər. İslam Səfərli Böyük Vətən Müharibəsinin alovlarından keçən tanınmış şair, Əlfi də bir Pedaqoji texnikum və bir də Müəllimlər institutu diplomu ilə universitetə gəlmiş gənc müəllim idi. Hər ikisi ünsiyyət sevən, qayğıkeş cavanlar idi. Bizdən uca kursun tələbələri olduqlarına baxmayaraq heç vaxt bizə yuxarıdan aşağı baxmazdılar. Bir müddət professor Cəfər Xəndanın, az sonra isə o vaxt hələ aspirant olan B.Vahabzadənin apardıqları universitet ədəbiyyat dərnəyində, daha sonra Yazıçılar İttifaqında onlar R.Rza, M.Rahim, Ə.Cəmil kimi şairlərin rəhbərliyi ilə keçirilən gənclər günlərində öz əsərlərini oxuyar, bu zaman bizim kimi təzələrin də çıxışlarını dinləyər, az-çox tənqidi qeydlərimizə də hörmətlə yanaşardılar. “Əlfi” sözünü araşdıranda bir mənası ülfətə aparıb çıxarır. Görünür, ad qoyan rəhmətliklər yanılmayıblarmış. Əlfi Qasımov başqaları ilə ülfət-ünsiyyət yaratmaq sahəsində dostlarım və həmkarlarım arasında ancaq nadir simalarla müqayisə oluna bilərdi. Qısa bir müddətdə o qədər yaxınlaşıb bir-birimizə məhrəm olmuşduq ki, növbəti seçkilər zamanı yekdilliklə onu komsomol özəyinin katibi seçdik".

Yenə də Rəhilə xanımın xatirələrindən: “Bir dəfə də olsun ondan incimədim, küsmədim. İşə gedəndə, evə qayıdanda üzümdən öpər, saçımı sığallardı. O, əvvəl ”Azərbaycan müəllimi", sonra “Ədəbiyyat” qəzetlərində məsul katib vəzifəsində işlədi. Həmkarları ilə son dərəcə səmimi, mehriban idi. Onun necə ailəcanlı olması indi də dillər əzbəridi. Mənə “Qara qız” deyə müraciət edərdi. Adımı çəkəndə bilirdim ki, nədənsə inciyib, kimdənsə küsüb. Qayğısını heç kimdən əsirgəməzdi. Dost-tanışları çox idi. Ancaq şair İslam Səfərli ilə daha artıq həmsirr idilər. Ömrünün ahıl çağlarında Dövlət Poliqrafiya İdarəsinin rəisi, “Azərnəşr”də şöbə müdiri işlədi. İdeal insanın bütün yaxşı cəhətləri, müsbət keyfiyyətləri Əlfidə var idi. Xainlik, paxıllıq, mərdiməzarlıq, düşkünlük onun xarakterində, təbiətində heç zaman olmayıb. Necə deyərlər, aydan arı, sudan duru kimi tanınmışdı. Heyif, zalım əcəl bizi tez ayırdı...".

Əlfi Qasımov 12 mart 1985-ci ildə dünyadan köçüb.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 

Azadlıq.- 2013.- 18 may.- S.14.