Tarixin yaradıcılarından biri - Uzun Həsən

 

Qüdrətli Ağqoyunlu dövlətinin banisi

 

Azərbaycan tarixində əfsanəvi şəxsiyyətlərdən biri sayılan Uzun Həsən Ağqoyunlu dövlətinin banisi, görkəmli sərkərdə və dövlət xadimi olmuşdur. Mənşəcə Oğuz türklərindən olan sərkərdə boyunun ucalığına görə “Uzun Həsən” ləqəbini almışdır.

 

Tarixdə silinməz iz qoyan Həsən bəy Bayandur 1423-cü ildə anadan olmuşdur. Qara Yuluq Osman Bəyin nəvəsidir. Tarixçilərin yazdığına görə, Uzun Həsənin uşaqlıq və gənclik illəri barədə heç nə məlum deyil. Bircə o ehtimal edilir ki, Uzun Həsən yaxşı təhsil almış və yenicə yaranan Ağqoyunlu dövlətinin hərbi təlimlərində iştirak etmişdir.

O, güclü bir sərkərdə kimi Ağqoyunlu tayfalarını birləşdirib,  Dəclə və Fərat çaylarının yuxarı axarı boyunca paytaxtı  Diyarbəkirdə yerləşən kiçik bir ərazidə öz hakimiyyətini qurur və o vaxtdan da adı tarixə düşür.

Uzun Həsən  Osmanlı imperiyası, Venesiya Respublikası, Böyük Moskva Knyazlığı, Qızıl Orda, Polşa, Avstriya, Macarıstan, Çexiya, Almaniya, Papalıq, Burqundiya, Neopolitan Krallığı, Rodos, Kipr, Qaraman bəyliyi, Misir, Hindistan və başqa dövlətlərlə diplomatik münasibətlər saxlamışdır. Amma hər tərəfdən düşmənlərlə əhatə olunmuş bu kiçik dövlətin başçısı öz müttəfiqlərini  Osmanlı imperiyasının  Avropaya  doğru genişlənməsindən qorxuya düşən qərb dövlətləri arasında axtarır. Beləliklə, o, öz müşavirləri vasitəsilə bir neçə Avropa ölkəsi ilə ona odlu silah yardımı göstərilməsi barədə danışıqlar aparır. Nəzərdə tutulan bu yardım  Qara dənizÿ və Aralıq dənizi  vasitəsilə Uzun Həsənin müttəfiqi, Ağqoyunlu tayfaları ilə qədimdən əməkdaşlıq edən yunan Trapezund imperiyası üzərindən keçib gəlməli idi.

Amma Osmanlılar buna imkan vermək istəmir və 1453-cü ildə  Fateh II Mehmet  tərəfindən Konstantinopol  işğal olunduqdan sonra Trapezund imperiyasını məhv etmək qərarına gəlirlər. Uzun Həsən buna mane olmaq istəsə də, Osmanlı qoşunlarının Ağqoyunlu ərazisinə müdaxiləsi onu məcbur edir ki, sülh xahişi ilə onlara müraciət etsin. Bununla, Osmanlıların Yastıçəmən yaylağında yerləşən düşərgəsinə Uzun Həsənin anası  Sara xatunun  başçılığı ilə elçilər yollanır. Sara xatun mahir bir diplomat kimi öz ölkəsindən çox-çox uzaqlarda da tanınmışdı. O, bu dəfə də öz vəzifəsinin öhdəsindən gəlir - sülh bağlanır. Bu sülhün şərtlərinə görə, Uzun Həsən osmanlıların Trapezundu işğal etməsinə mane olmamalı, osmanlılar isə onun dövlətinin ərazisindən çıxmalı idilər.

Danışıqlara əməl etmək üçün II Mehmet Trapezund üzərinə hücuma keçərkən Sara xatunu və onun başçılıq etdiyi heyəti də özü ilə götürür. 1461-ci il oktyabrın 26-da Trapezundun mühasirəsi qələbə ilə nəticələnir. Sara xatun sultanı inandıra bilir ki, Trapezund çarlığının xəzinəsindəki sərvətin bir hissəsi onun gəlini Dəspinə xatuna çatmalıdır və həmin iri məbləği də götürüb, özü ilə vətənə aparır.

 

“Padşah Həsənin qanunları”...

 

Amma bundan sonra Ağqoyunlu dövləti Qara dənizdən keçən ənənəvi ticarət yolunu itirmiş olur. Bundan sonra osmanlılar Uzun Həsənin digər bir müttəfiqini - Qaraman bəyliyini də tutub, onu faktiki olaraq Aralıq dənizinə çıxışdan da məhrum edirlər. Osmanlı ilə münasibətlərdə gərginlik artır. Osmanlılar Qaraqoyunlu Cahanşah Həqiqini və teymurilərdən olan Əbu Səidi Uzun Həsənlə mübarizəyə təhrik edirlər. 1467-ci ildə Uzun Həsən gərgin savaş sonunda Cahanşah Həqiqini məğlub edir, onun başını kəsib, müttəfiqi  Əbu Səidə, Həsənəlinin başını isə Sultan II Mehmetə göndərir.

Bundan sonra da teymuri Əbu Səid Azərbaycan üzərinə hücuma keçmək planından daşınmamışdı. Keçmiş müttəfiqi şirvanşahın köməyinə bel bağlayan Əbu Səid  Şirvana  doğru hərəkət edir. Lakin Şirvanşah Fərrux Yasar Ərdəbil hakimi Şeyx Heydərlə birlikdə Uzun Həsənin tərəfinə keçir və Əbu Səidin qoşunları tamamilə mühasirəyə alınır. Bu döyüş tarixə Mahmudabad döyüşü kimi daxil olmuşdur. Əbu Səid qaçmağa cəhd göstərsə də, onu tutub edam edirlər. Həsənəli isə Uzun Həsənin oğlu Uğurlu Məhəmmədin əlində ölür.

Bununla, Qaraqoyunlular dövləti  süqut edir, Teymurilər dövləti  isə həddən artıq zəifləyir. Uzun Həsən Azərbaycanın əsasında Qərbi İranın, İraqın, Ermənistanın, Kürdüstanın, Diyarbəkirin, Şərqi Gürcüstanın və digər kiçik dövlətlərin də daxil olduğu möhtəşəm bir dövlət qurur. Həmin dövlətin paytaxtı isə Azərbaycanın paytaxtı Təbriz  olur.

Beləliklə, Ağqoyunlu dövlətinin tarixində yeni bir dönəm başlayır. Amma ən güclü rəqib qalırdı, bu, Osmanlı dövləti idi. Ölkə iqtisadiyyatını inkişaf etdirmək üçün Uzun Həsən bir sıra islahatlar aparır. Bunlar öz əksini onun Qanunnaməsində tapmışdır. Sonralar bu toplu “Padşah Həsənin qanunları” adı ilə məşhurlaşır. Həmin qanunların həyata keçirilməsi nəticəsində vergilərin yığılması qanuniləşir və sistem şəklini alır, sənətkarlıq və ticarət inkişaf edir. Uzun Həsənin xəzinəsi dolur və Azərbaycanda möhtəşəm bir mərkəzləşdirilmiş dövlət yaranır.

“Vikipedia” bu tarixlə bağlı faktlara geniş yer verərək yazır ki, ordusunun təkmilləşdirilməsi haqqında çox düşünən Uzun Həsən bu məqsədlə  Avropadan  mütəxəssislər çağırır və nizami ordu yaratmaq istəyir. Venesiya və başqa ölkələrdən gəlmiş mütəxəssislər odlu silah istehsal etmək üçün ona kömək göstərirlər. Ölkədə top istehsalına başlanılır, topçu kadrlar hazırlanmasının əsası qoyulur. Lakin lazımi qədər top istehsal etmək Uzun Həsənə müyəssər olmur, topların qərbdən gətirilməsi işi isə müxtəlif səbəblər üzündən tez-tez pozulur.

Bundan başqa, Uzun Həsən böyük tikinti işləri də aparır. Onun sarayında alimlər məclisi fəaliyyət göstərir və zəngin kitabxana yaradılır. Kitabxanada çoxlu alim çalışır, onun nəzdindəki emalatxanalarda isə o dövrün ən görkəmli xəttat və rəssam-miniatürçüləri fəaliyyət göstərirdi. Sonralar, Səfəvi şahlarından İsmayıl və Təhmasibin zamanında həmin kitabxana genişlənir və daha da zənginləşdirilir. Sarayda saz çalanlar ansamblı yaradılmışdı ki, buraya da 98 aşıq daxil idi.

 

Osmanlıya qarşı bir savaşlar

 

Uzun Həsənə böyük ümidlər bəsləyən Avropa düşünürdü ki, indi yalnız o, Osmanlı imperiyasının fikrini yayındıra və onu Avropaya doğru irəliləməkdən saxlaya bilər.

Uzun Həsən 1472-ci ilin baharında öz qoşunlarını Qaramana  yeridir. Bir neçə parlaq qələbə qazandıqdan sonra məşhur Ağqoyunlu süvariləri Qaramanı osmanlılardan xilas edərək, Aralıq dənizinə çıxış əldə edir. Lakin müttəfiqləri Uzun Həsəni aldadır, nəinki ikinci cəbhəni açmır, hətta razılaşdıqları kimi, odlu silahı sahilə də çıxarmırlar.

Sərkərdə Mirzə Yusif xanın başçılıq etdiyi arxa cəbhədən aralanmış Ağqoyunlu qoşunları yeni və artilleriya ilə təchiz olunmuş güclü Osmanlı ordusu ilə üz-üzə qalır. Ağqoyunlu ordusu məğlubiyyətə uğrayır və Qaraman yenidən osmanlıların əlinə keçir. 1473-cü ilin ortalarında Venesiya ilə odlu silah təminatı barədə yeni razılığa gələn Uzun Həsən qoşunlarını təzədən Aralıq dənizi sahillərinə yeridir. Bu dəfə II Mehmet Ağqoyunluları yolda qarşılayır. Avqustun 1-də  Malatya yaxınlığında çoxdan gözlənilən döyüş başlayır. Bu gərgin döyüş üç saata qədər davam edir və Uzun Həsənin tam qələbəsi ilə başa çatır. II Mehmet  sülh müqaviləsi bağlamağı təklif etsə də, Uzun Həsən hərbi əməliyyatları davam etdirmək qərarına gəlir. Osmanlıların qüvvələri tükənməmiş Fərat çayının sağ sahilləri ilə geri çəkilirlər.

Uzun Həsənin öz qüvvələrinə arxayın olan sərkərdələri döyüşdən on gün sonra onu inandırıb, çayı keçmək və osmanlıları biryolluq əzmək fikrinə gətirirlər. Bu döyüş tarixə  Otluq beli vuruşu kimi daxil olub. Həmin qələbə osmanlılara ağır başa gəlir. Sultan hərbi əməliyyatları davam etdirmədən İstanbula yola düşür.

Amma onların vəd olunmuş silahları alıb, ordunu lazımınca silahlandırmaq imkanları yenə həyata keçmir.

1477-ci ildə Uzun Həsən özünün son yürüşünə - Gürcüstan üzərinə yürüşə gedir. Oradan zəngin qənimət və 5 min nəfərlik əsirlə qayıdır. Həmin əsirləri də öz yaxınlarına paylayır. Elə həmin vaxtlarda Uzun Həsənin oğlu, istedadlı sərkərdə və qalibiyyətli yürüşlərin iştirakçısı olan Uğurlu Məhəmməd atasına qarşı qiyam qaldırır. Qardaşı Sultan Xəlil tərəfindən təqib olunduqdan sonra isə Türkiyəyə qaçır. Sultan II Mehmet orada onu ədəb-ərkanla qəbul edir və öz qızı Kövhərxan sultanı da ona ərə verir. Uğurlu Məhəmməd atasına qarşı mübarizəsini davam etdirir, lakin onu tezliklə tutub edam edirlər. Bundan az sonra - 1478-ci ilin 5 yanvarında Uzun Həsənin özü də həyatla vidalaşır. Onu özünün tikdirdiyi Nəsriyyə məscid kompleksində dəfn edirlər. Bundan sonra həmin məscid “Həsən padşahın məscidi” adlanır.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 

Azadlıq.- 2013.- 21 may.- S.14.