Qubanın XIX əsr abidələri

 

Bölgənin zəngin tarixini yaşadan izlər

 

Azərbaycanda unikal memarlıq abidələri ilə zəngin olan bölgələrimizdən biri də Qubadır. Kökləri çox qədimlərə gedib çıxan bölgənin bir sıra əhəmiyyətli abidələri burada insanların çox uzaq tarixdən bəri yaşadığını sübuta yetirir.

 

Rayonun günümüzə qədər gəlib çıxan belə tarixi abidələrinə Xınalıq kəndindəki IX əsrə aid Atəşpərəstlər məbədini, Ağbil kəndindəki XVI əsrə aid türbələri, Quba şəhərindəki XIX əsrə aid Səkinəxanım, Hacı Cəfər və Cümə məscidlərini, Gümbəzli hamamı, Xınalıq kəndindəki bürcü, Qudyalçay üzərindəki Tağlı körpünü, Rustov kəndindəki Ələmu adlı qalatarixi məscidi, eyni zamanda onlarla belə tikilini nümunə göstərmək olar. Belə mühüm əhəmiyyətli abidələrdən bir neçəsi haqqında daha ətraflı məlumat verməyə çalışacağıq.

Tağlı körpüya Qudyalçay körpüsü rayon ərazisində mövcud olan ən maraqlı abidələrdən biridir. Tarixi mənbələrə görə, XIX əsrdə Quba qəzasında 7 körpü olmuş, onlardan yalnız Tağlı körpü günümüzə qədər qorunub saxlanmışdır. Bu körpünün salınması zərurəti XVIII əsrin sonlarında, XIX əsrin əvvəllərində yaranmışdır. 1851-ci ildə Qudyalçayda dirəklər üzərində taxta körpü tikilmişdir. Lakin bu körpünün ömrü uzun olmamışdır. Buna görə də onun yerində yeni körpü salmaq zərurəti yaranmışdır. Yeni körpünün tikintisinə 1894-cü ildə başlanmış, onun tikintisi 78.000 manata başa gəlmişdir. Əvvəlcə körpünün 19 dirək üzərində tikilməsi nəzərdə tutulmuşdur. Lakin onun tikintisi zamanı aşırımlar ixtisar olunmuşo, 14 daş dayaq üzərində tikilmişdir. Burada yarımdairəvi biçimli tağlar sistemi bişmiş kərpicdən hörülmüş və bir-birindən 11,1 metr aralı olan dayaqlara söykənir. Körpünün tağları altından hər iki sahildəki yaşayış məntəqələrinin ecazkar mənzərəsi açılır. Körpünün 70 sm enində tağı əsas kərpic hörgüsü ilə birlikdə inşa edilmişdir. Tağ dayaqlar üzərində dayanan körpünün bünövrəsi yaxşı yonulmuş daşlardan hörülmüşdür. Tağlı körpü memarlıq abidəsi kimi dövlətin mühafizə etdiyi abidələr siyahısına daxil edilmişdir.

Körpünün 70 sm enində tağı əsas kərpic hörgüsü ilə birlikdə tikilmişdir. Tağ dayaqlarının istinad etdiyi möhkəm körpünün bünövrələri yaxşı yonulmuş daşlardan hörülmüşdür.

 

Qədim dini mərkəzlərdən biri - Cümə Məscidi

 

Bölgənin qədim dini ibadət ocaqlarından biri də zəngin memarlıq üslubuna malik Cümə Məscididir. Bu məscid 1802-ci ildə Qazi Nəsrullah əfəndinin oğlu Qazi Ismayıl əfəndinin maddi yardımı ilə tikilmişdir. Binanın tikilişi müəyyən fasilələrlə 10 ilə başa çatdırılmışdır. Cümə Məscidi təkcə Qubada deyil, şimal-şərqi Azərbaycanda da ən qədim dini mərkəzlərdən biri olmuşdur. Məscid və onun nəzdində olan mədrəsə 1924-cü ilədək fəaliyyət göstərmiş, qırmızı imperiya dövründə onun fəaliyyəti qadağan edilmişdir. 1933-cü ildə mədrəsə, minarə, sonralar isə digər tikililər dağıdılmışdır.

Daha yeni tarixdə Azərbaycan müstəqillik yoluna qədəm qoyduqdan sonra məscid yenidən dindarların istifadəsinə verilmişdir. Qısa müddət ərzində məscidin ətrafında şəbəkəli hasar, su, kanalizasiya xətləri çəkilmiş, dəstəmazxana və mədrəsənin tikintisibaşa çatmış və başqa abadlıq işləri də görülmüşdür. Türkiyənin dini işlər idarəsi məscidə 5 min dollar dəyərində minbər bağışlamış, həmin təşkilat qubalı dindarların xahişlərini nəzərə alaraq, burada hündürlüyü 50 metr olan minarə də inşa etmişdir.

Rayonun başqa bir ibadət ocağı da XIX əsrə aid olan Ərdəbil Məscididir. Bu məscid də bişmiş kərpicdən tikilmişbir iri otaqdan ibarətdir. Tikili dörd üzlü prizma şəklindədir və onun 9 pəncərəsi, 1 qapısı var. Ərdəbil Məscidi 1967-ci ildə arxiv kimi istifadəyə verilmişdir. 1980-ci ilin iyun ayında elektrik xəttində baş vermiş qəza nəticəsində yanmışdır. Nazirliyin qərarına əsasən, rayon ərazisində tədricən bərpa işləri görülmüş, Ərdəbil məscidi də o vaxtlar az da olsa təmir olunmuşdur. Sonralar din xadimləri tərəfindən, köməkçi otaqlar, dəstəmaz almaq üçün ayrıca yer inşa olunmuş, dörd bir yana barı çəkilmişdir. Hazırda Ərdəbil Məscidi dini məqsədlə istifadə olunur.

 

Gözəl memarlıq nümunələri

 

Rayonun çox məşhur abidələrindən sayılan Səkinəxanım məscidinin tarixi də XIX əsrə aiddir. Bu məscidi Səkinə xanımın əri Abbasqulu ağa Bakıxanovun xatirəsini əbədiləşdirmək üçün tikdirmişdir. Tikinti 1840-cı illərin sonunda başlamış, 1854-cü ildə başa çatmışdır. Məscid bir otaqdan ibarətdir ki, onun binası bişmiş kərpicdən inşa olunmuşdur. Bina dördbucaqlı şəkildə tikilmişdironun 9 pəncərəsi, 2 qapısı var. Məscidin əsas giriş qapısı şimal tərəfdəndir. Onun bayır tərəfdən qapısının üstündə ərəb əlifbası ilə yazılmış lövhə var. Məscidin günbəzi xaricdən dəmirlə örtülmüşdür. Günbəzin üstündə məscidin şərəfi yerləşir. Şərəfə çıxmaq üçün yer məscidin içindədir. Məscidin içəri tərəfdən hündürlüyü 20 m, ümumi hündürlüyü isə 27 m-dir. Hal-hazırda məscidin təmirə ehtiyacı yoxdur. Abidənin həyət hissəsində əlavə yardımçı otaqlar tikilmişdir. Bu otaqlardan mədrəsə, çayçı kimi istifadə olunur. Dindarlar tərəfindən məscid kimi istifadə olunur.

Bölgədəki Günbəzli hamam da XIX əsrə aid edilir. Günbəzli hamamın binası qırmızı kərpicdən inşa olunmuşdur. Hamam planda dördbucaqlı olmuşdur. Onun əsas baş giriş qapısı şimal tərəfdəndir onun günbəzi qırmızı kərpicdən tikilmişdir. Günbəzli hamam 6 otaqdan ibarət olub, 2 qapısı 6 pəncərəsi var. Tikili 1985-ci ilə kimi istifadə olunmuşdur.

1986-87-ci illərdə burada Mədəniyyət Nazirliyinin istehsalat elmi bərpa emalatxanasının Quba sahəsi üzrə olan briqadası tərəfindən bərpa işləri aparılmışdır. Bərpa işləri başa çatdıqdan sonra Günbəzli hamam bir neçə şirkətə icarəyə verilmişdir. Lakin onlar bu vaxta kimi heç bir görməmişdir. Bina baxımsızlıq üzündən, nəmlikdən pis vəziyyətə düşmüşdür. Hazırda hamamın vəziyyəti çox pis haldadır. Qapı-pəncərəsi oğurlanmış, kanalizasiya sistemi tutulmuş, hasarları dağılmışdır. Hamamın içərisi bərbad vəziyyətə düşmüşdür.

Hacıbaba Axund məscidi də XIX əsrin əvvəllərində Hacı Cəfər tərəfindən tikilmişdir. Məscid bişmiş kərpicdən inşa olunmuşdörd otaqdan ibarətdir. Əsas baş girişi şimal tərəfdəndir. Mehrab qapı ilə üzbəüz yerləşib. Əsas zalın ortasında tavan örtüyünü saxlamaqdan ötrü iki ədəd sütun vardır. Qadınlar üçün ayrılmış kiçik zal ikinci mərtəbədə yerləşir. Məscidin günbəzi xaricdən dəmir ilə örtülmüşdür.

 

Azadlıqın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

Azadlıq.- 2013.- 20 noyabr.- S.14.