Şuşada da bir Təbrizli var...

 

Tarixi on iki məhəllədən biri

 

Yüz illərdən bəri Qarabağın qəlbi sayılan Şuşanın özəlliklərindən biri də şəhərin tarixi ayrı-ayrı məhəllələrdən meydana gəlməsidir. Şuşa şəhəri yarandığı vaxtdan etibarən yeni-yeni məhəllələrlə genişlənməyə başlamışdır. Bu formalaşma XIX yüzili əhatə edən üçüncü mərhələ ilə başa çatmışdır. Bu tarixdə şəhərin dağlıq qərb hissəsində yeni 12 məhəllə salınmışdı.

 

Şuşa şəhərinin ilk məhəllələrindən biri Təbrizli məhəlləsidir. Bu məhəllə sakinləri Təbrizdən Bayat qalasına, ordan Şahbulağa, ordan isə Şuşa şəhərinə gəlmişlər. Onların  Bayat qalasına gəlməsi haqqında tarixçi Mirzə Camal Qarabaği yazır: “Hələ Qarabağın Xəmsə mahalları ona tabe olmadığı zaman (Pənah xan) ətraf xanların öz üzərinə hücum edəcəkləri təqdirdə ailə və qohumlarının, qulluqçu və yaxın adamlarının və (el) böyüklərinin qorunması üçün ellərin arasında münasib bir yerdə qala tikilməsini lazım bilmişdi. Məşvərətdən sonra, indi Kəbirli mahalı içində olan Bayat qalasının binası qoyuldu. Qısa bir zamanda möhkəm hasar və xəndək qayrıldı, bazar, hamam və məscid tikildi. Xan bütün ailəsini, qohumlarının və el böyüklərinin əhli-əyalını oraya topladı. Ətrafda olan camaat, hətta Pənah xanın tərəqqisini, onun rəftar və məhəbbətini eşidən Təbriz və Ərdəbil vilayətlərinin bir çox əhalisi və sənətkarları belə öz ailələri ilə birlikdə gəlib Bayat qalasında yerləşdilər. Bayat qalası müsəlman tarixi ilə 1161, xristian tarixi ilə 1745-ci ildə tikilmişdir ( Hicri 1161-ci il miladi 1748-ci ilə bərabərdir)”.

Bundan başqa, İbrahimxəlil xan Cavanşir  1783-cü ildə və 1785-ci ildə Təbriz xanlığına yürüş zamanı oradan xeyli ailə gətirib Təbrizli məhəlləsinə yerləşdirmişdi. Həmin dövrdə hələ Təbrizdə yaşayanÿ Ağa Hüseyn Arif  İbrahimxəlil xan Sarıcalı-Cavanşirin Təbrizə yürüşünü şeirlərində pisləmişdi. O, bu yürüşlə bağlı yazırdı:

Vurhavur, zülmi-Cavanşirə dəxi qalmadı tab,Dağılıb hər biri bir guşədə pünhan oldu...

Şəhərdə müəyyən mahaldan və el-obadan gəlib kompakt halında yaşayanlar da vardı. Bu yaşayış sahələri sonradan böyük məhəllələrə çevrildi: Dəmirçihəsənli mahalı (Mamaylı, Xocavənd), Cavanşir-Dizaq mahalı (Hacılı, Yağləvənd, Qaraxanbəyli, Merdinli, Seyidmahmudlu, Dədəli, Zərgər və dəmirçilərin yaşadıqları məhəllə), Cavanşir mahalı (Köçərli, Keştazlı, Şıxbabalı, İlxıçı-Muğanlı), İyirmidörd mahalı(Saatlı), Kəbirli mahalı (Qurd-Dördlər, Qurd-Gürcüstan, Qurd-Qaradağlı, sonradan Seyidli), Ağadədəli məhəlləsi (öz adını Cəfərqulu xan Sarıcalı-Cavanşirə bağlı olan Ağa bəy Dədəlinin yaşadığı ünvandan alıb), Hacıyusifli məhəlləsi (məşhur divanbəyi Hacı Yusif ağa Hacı Rəhim ağa oğlu Muğanlının adından götürülüb), Gəlmələr məhəlləsi (müxtəlif yörələrdən gəlmiş adamlar tərəfindən şəhərdə salınmış yaşayış massivi idi).

 

Şəhərin ən qədim məhəlləsi

 

1823-cü ildə Yermolov və Mogilyevski tərəfindən tərtib olunmuş vergi dəftərində şəhərin məhəllələri və demoqrafik mənzərəsi əks olunmuşdur: Təbrizli məhəlləsi, Qazançılı məhəlləsi, Əylisli məhəlləsi.

Eyni zamanda, şəhərdə başqa mahal və obalardan da gəlib kompakt halında yaşayanlar da vardı. Bu yaşayış sahələri sonradan böyük məhəllələrə çevrildi.

Təbrizli Şuşanın ən qədim məhəlləsi sayılır. Bu məhəllənin sakinləri Qarabağ mədəniyyətinə təkan vermişlər. Burada yaranan gözəl muğamlar sazı, qəzəllər qoşmanı kölgədə qoyub. Qarabağın bir çox şairləri bu məhəllədən çıxıb. Həmin şairlərdən Ağa Hüseyn Arif, Abdulla Canızadə, Süleyman Faxir, Əbdül Şahin, Mirzə Nəcəfqulu Şəms-Zakir, Fərruxi və başqalarının adını çəkə bilərik. Bu məhəllə sakinlərinin əksəriyyəti savadlı olub. 1797-ci ildə Şuşada tərtib olunmuş bir sənədə qol çəkib şahidlik edənlərin böyük çoxluğu Təbrizli məhəlləsinin sakinləridir. Məhəllə ilk dövründə sənətkarlar məhəlləsi olsa da, tez bir zamanda mədəniyyət beşiyinə çevrilib. Bundan başqa, Şuşa şəhərindən ilk Zaqafqaziya (Qori) Müəllimlər seminariyasında oxuyan Təbrizli məhəlləsinin sakini idi. Həmin şəxsin, Əbdüləli Bağır oğlu Muxtarovun Azərbaycanda maarifçiliyin yayılmasında önəmli rolu olub.

Yazıçı, publisist Ənvər Çingizoğlu Qarabağ tarixi ilə bağlı araşdırmalarında Təbrizli məhəlləsi haqqında maraqlı bir məqama da toxunur. Təbrizli məhəlləsinin bünövrəsi qoyulana qədər Qarabağda Xudadad (farsca Allahverdi) adı yox idi. Qarabağa bu adı Təbrizdən gətirmişdilər. Ad daşıyıcılardan biri Xudadad xan Dünbili Təbrizin hakimi olmuşdu. Məhəllə sakinlərindən biri bu adı öz oğluna qoymuşdu. Şuşa şəhərinin digər məhəllələrində tanınmış birisini çağıranda adının sonuna, Təbrizli məhəlləsində isə önünə ağa sözü əlavə edilirdi. XVIII yüzilin ikinci yarısından başlayaraq Aşura təziyəsi əsasən Təbrizli məhəlləsində keçirilirdi. Mərasim daha izdihamlı, daha gur olduğundan, şəhər qazısı da bu məhəllədə təziyəyə qatılırdı. 1840-cı illərin önlərində ruslara arxalanan ermənilər Təbrizli məhəlləsinin təziyə məclisinə lağ eləmişdilər. Təziyədə iştirak edən şəhər qazısı Mirzə Əbülqasım bəy Mirzə Əli bəy oğlu Haqverdiyev  ermənilərin əleyhinə fitva hazırlamış, bu işin həyata keçirilməsini şəhər deputatı, Təbrizli məhəlləsinin ağsaqqalı Hacı Hüseyn Kərbəlayı Mustafa oğluna tapşırmışdı. Məhəllə əhli hərə bir dəyənək götürüb erməniləri xurd-xəşil eləmişdilər. Şəhər qəza idarəsinin polisləri və keşikçilər qəzəbli kütləni güc-bəla ilə yatırmışdı. Erməniləri fitnəsi haqqında çara məlumat verilmişdi.

 

Sənət və tarix yaradan təbrizlilər

 

Eyni zamanda, 1906-cı il erməni basqınlarında keçmiş Təbrizli məhəlləsinin sakinləri müdafiədə fəallıq göstərmişdilər. Belə cəsur fəallardan biri də Əfrasiyab Əzimov idi. O, vətənpərvər, el qədri bilən bir qəhrəman kimi tanınmışdı. 1905-1906-cı illər erməni-müsəlman qırğınlarında igidliyi sayəsində neçə-neçə günahsızı ölümdən qurtarmışdı. Mir Möhsün Nəvvab yazır: “Müsəlmanlar da bir neçə yerdə səngərlər tərtib etmişdilər. Birinci səngər Vəzirzadələrin evinin qabağında, ikinci səngər isə Hacı Həsən Qaraşirzadənin evinin içində və baş tərəfində idi. Bu səngərləri tərtib edən və onların başçısı Abbas bəy Talıb bəy oğlu idi. Üçüncü səngər isə Məşədi Kərimin və erməni Xaçatur oğlunun evləri idi. Bu səngərləri yaradan və onların rəhbəri bizim Mir İbrahim Ağamirzadə idi. Dördüncü səngər isə Ağadədəlidə idi. Onun da böyüyü və rəhbəri Əfrasiyab Hacı Əzim oğlu idi. Beşinci səngər Təzə məhəllədə yerləşirdi. Onun rəhbəri isə Məşədi Abış Bəylər oğlu idi. Altıncı səngər isə mərhumə Gövhər ağanın evi və həyəti idi. Bu səngərin rəhbəri və istiqamətvericisi cənab Axund Molla Şükür idi”. Əfrasiyab Əzimovÿhəm “Difai”, həm də “Qarabağ məclisi” təşkilatlarının fəal üzvü olmuşdu. “Difai”, həm də “Qarabağ məclisi” təşkilatlarının üzvlərindən biri də keçmiş Təbrizli məhəlləsinin sakinlərindən Məşədi Süleyman Kərbəlayı Allahverdi oğlu Əsgərov idi. Təbrizli məhəlləsinin əhalisi azad icma idi. Onlar xan divanına, rus üsul-idarəsi dönəmində dövlətə vergi ödəyirdilər. Şuşa şəhərinin digər məhəllələrində olduğu kimi, Təbrizli məhəlləsində də əhalinin başlıca məşğuliyyət sahələri sənətkarlıq və ticarət idi. Məhz sənətkarlar və tacirlər Təbrizli məhəlləsi əhalisinin böyük əksəriyyətini təşkil edirdi. Maraqlıdır ki, bu məhəllənin əhalisinin hamısı Təbrizlidirmi? Mənbələri diqqətlə araşdırdıqda bu məsələnin də düzgün izahını vermək mümkündür. Qənaət budur ki, bu məhəllədə əslən Təbrizli olanlarla yanaşı, Qaradağdan, Naxçıvandan, Şirvandan və digər yörələrdən gələnlər də məskunlaşmışdılar. Təbrizli məhəlləsi XIX yüzilin ikinci yarısından sonra tarix meydanından çıxdı. Bu məhəllənin sakinləri digər məhəllələrdə məskunlaşdılar.

Ümumiyyətlə, Şuşanın başqa məhəllələri kimi, Təbrizli məhəlləsi də şəhərin tarixinin ayrılmaz hissəsini təşkil edir.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

Azadlıq.- 2013.- 2 oktyabr.- S.14.