Azərbaycanın dövlətçilik tarixində vəzirlik

 

Abbasilərdən başlanan vəzifə

 

Türk xalqlarının, o cümlədən Azərbaycanın tarixində mövcud olmuş dövlətlərdə vəzirlik önəmli bir vəzifə sayılmışdır. Bu barədə tarixi mənbələrdə və bədii əsərlərdə kifayət qədər maraqlı hekayətlər var. Əsasən, birinci şəxsin “sağ əli” sayılan bu şəxslər çox hallarda böyük nüfuz sahibi olmuşxalq arasında xeyli məşhurlaşmışlar.

 

Tarixi mənbələrdən məlumdur ki, I Şah Abbasın zamanına qədər vəzir vəzifəsi sırf mülki vəzifə olmuşdur. O, divanın gəlirinə, habelə bütün əyalətlərdən xəzinəyə daxil olan məbləğlərə və digər “büyutata nəzarət edirdi.

Abbasilərə qədər idari sistem içində rəsmən “vəzir” ünvanı ilə çağırılan bir vəzifəli şəxs olmamışdır. 750-ci ildə Abbasi dövləti yaranıb inkişaf başlayanda xəlifənin işlərini üstünə götürən və ona yardım edən təsisat da inkişaf etməyə başladı. Bu səbəbdən, Abbasilərin ilk xəlifəsi Əbul-Abbas Abdullah Əs-Səffah 750-754-cü illər zamanında, Həmədanlı Əbu Sələmə Hafs ibn Süleyman əl-Hallal ilk dəfə bu ünvanla vəzifəyə təyin edildi. Bundan sonra bütün Müsəlman dövlətlərdə həmin kəlimə işlədilməyə başlandı.

Mənbələrdəki məlumatlara görə, Abbasilərin ilk dövrlərində vəzirlər, dövlət idarəsi baxımından böyük səlahiyyətlərə malik idilər. Necə ki, Harun ər-Rəşid (786-809) xəlifə olanda Yəhya ibn Xalid əl-Bərməkiyi çağırıb özünə vəzir təyin etdiyini, dilədiyini vəzifəyə götürə biləcəyini, istədiyini vəzifədən azad edə biləcəyini, bu baxımdan, hər mövzuda tam bir səlahiyyətə sahib olduğunu söyləmişdi.

Həqiqətən, Harun ər-Rəşid zamanında onun baş vəziri olmuş Yəhya qeyri-məhdud ixtiyar sahibi idi, hətta Harun bunun nişanəsi olan hakimiyyət üzüyünü ona vermişdi. Yəhyanın iki oğlu Fəzl və Cəfər xəlifənin sevimlisi idilər. Xüsusilə Fəzl Harun ər-Rəşidin süd qardaşı olduğuna görə, onun üzərində böyük təsirə malik idi. Deyilənlərə görə, Harun Fəzlin xatirini o qədər çox istəyirdi ki, heç bir məclisdə onsuz oturmurdu. Bərməkilər özlərinə hədsiz sərvət toplamışdılar. Onların Xorasanda 500 min nəfərlik qoşunu vardı, bu qoşunun 20 min nəfərini Bağdadda yerləşdirmişdilər.

Amma gün gəldi ki, Bərməkilərin artmaqda olan nüfuzundan qorxuya düşən Harun öz nökəri vasitəsilə Cəfərin başını kəsdirdi. Yəhya və oğlu Fəzl zindana salındılar. Onların bütün əmlakı müsadirə olundu. Yəhya ilə Fəzl ağır işgəncələr altında zindanda dünyalarını dəyişdilər. Bərməkilər Abbasilər xilafətində 17 ildən artıq vəzirlik etdilər. Onların yüksəliş və süqutunu tarixin ən ibrətli səhifələrindən hesab etmək olar.

 

İki ibrətamiz hekayət

 

O dövrün şairlərindən biri belə rəvayət danışır: “Bir gecə Fəzl Bərməki məni sarayına çağırdı. Məlum oldu ki, həmin gecə oğlu olub, körpənin haqqında şeir deməyimi istəyir. Mən uşağın barəsində bir beyt şeir qoşub dedim. Fəzl mənə yüz min dirhəm ənam verdi, sonra tapşırdı ki, atası Yəhyanın və qardaşı Cəfərin də yanına gedib, şeiri onlara oxuyum. Elə də etdim, Yəhya ilə Cəfər də hər biri mənə yüz min dirhəm pul bağışladı. Öz-özümə dedim: ”Bircə beytə görə 300 min dirhəm qazandım".

Bu hadisənin üstündən illər keçdi. Ruzigar məni Misirə aparıb-çıxartdı. Yolun toz-torpağından təmizlənmək üçün hamama getdim. Bir cavan hamam xidmətçisi gəlib, kürəyimi kisələməyə başladı. Nədənsə, o an Fəzlin körpəsi haqqında dediyim beyt yadıma düşdü, həmin beyti ucadan oxudum. Hamam xidmətçisi şeiri eşidən kimi ürəyi gedib yıxıldı. Özünə gələndən sonra mənim bu şeiri haradan bildiyimi soruşdu. Dedim ki, mən beytin müəllifiyəm. Oğlan söylədi: “Mən isə Fəzlin həmin oğluyam, bu şeiri sən mənim doğum günümdə demisən”.

Şair Bərməkilərin verdiyi bəxşişi özünə sərmayə etmiş və gözəl şərait yaratmışdı. Cavana yaxşılıq etmək məqsədilə, Fəzlin vaxtilə verdiyi yüz min dirhəmi ona qaytarmaq istəyir. Amma oğlan etiraz edib deyir: “Atamın verdiyini mən geri almaram”.

Ümumiyyətlə, tarixdə mövcud olmuş dövlətlərin vəzirləri ilə bağlı çox maraqlı hekayətlər var. Onlardan daha biri Şah Abbasın vəziri olmuş şəxslə bağlıdır. Deyilənə görə, şəhər divanxanasında bir qaraçının da işinə baxılacağını eşidən Şah Abbas vəzirdən təəccüblə soruşur: - Onun günahı nədir? Vəzir təzim edərək deyir: - Şah sağ olsun, onun günahı böyükdür. - Məsələn? - Dünən bazar meydanında o, əlahəzrət şahı söymüşdür. Onu ən ağır cəza gözləyir, şahım. Şah Abbas sanki ilk dəfə görürmüş kimi, hələ ayaq üstə olan vəzirə diqqətlə baxır: - Vəzir, mən birdən-ikiyə qaraçı ilə oturub-duranam?.. Vəzir diz çökür: - Allah eləməsin, əlahəzrət? Şah Abbas yenə əvvəlki təmkinlə soruşur: - Bəs, onda görməzə-bilməzə qaraçı məni niyə söysün? Söydürən olmasaydı, onun başına hava gəlməmişdi ki?.. Vəzirin çaşıb qaldığını görən Şah Abbas qəzəblə əmr edir: - Həmin qaraçını bu saat açıb buraxın! Vəzir, sənə iki gün vaxt verirəm, məni söydürəni tapıb cəzalandırmasan, özün başınla cavabdehsən! O gündən Şah Abbas oğlu Səfi Mirzəyə öyüd verərmiş ki, “şahı öydürən vəzir-vüzarə, xanzadə-bəyzadələrdir, söydürən . Onları gözdən qoyma, oğul!”.

Abbasilər imperiyasının dağılması gedişində Azərbaycanda bir sıra müstəqil feodal dövlətləri meydana gəldi. Şirvanşahlar dövründə şahın hakimiyyəti mütləq hesab olunurdu. Şahın hakimiyyəti varislərə irsən keçirdi. Bir qayda olaraq əyalətləri şahzadələr idarə edirdilər. Inzibati maliyyə işlərinə vəzir baxırdı. Şirvanşahlar vəzirin məsləhəti ilə hərəkət edirdilər. Şahlıq kimi vəzirlik vəzifəsi çox vaxt atadan oğula irsən keçirdi.

 

Səfəvilərdə vəzirlik

 

Azərbaycan türklərinin qurduqları qüdrətli Səfəvi dövlətində vəzirlərin xüsusi rolu olmuşdur. Səfəvilərin ilk vəziri uzun müddət Ağqoyunlu hökmdarlarına vəzirlik etmiş Şəmsəddin Zəkəriyyə Keçəçi Təbrizi olmuşdu. O, 1500-ci ildə, Şah İsmayıl Şirvanşahlara qalib gəlib Mahmudabadda qışladığı vaxt ona qoşulmuş vəzarət-divani əla vəzifəsinə təyin edilmişdi. Vikipediayazır ki, Şah İsmayıl onun mühüm rolunu qeyd edərək onaAzərbaycanın açarıadını vermişdi. İki il sonra 1503-1504-cü ildə Əmir Zəkəriyyə ilə birlikdə Sultan Əlvənd bəyİ Ağqoyunlunun divanında qulluq etmiş Qəvaməddin Mahmud xan (yaxud Mahmudcan) Deyləmi Qəzvini vəzir təyin olunmuşdu. Sonrakı tarixdə, Çaldıran vuruşmasına qədər vəzir vəzifəsinə təyinatlar barədə məlumat yoxdur. Şah Hüseyn İsfahani vəkil olduğu dövrdə bu vəzifəyə Xacə Cəmaləddin Məhəmməd Təbrizi ilə birgə Qazi Cahan Qəzvini təyin olunmuşdu.

Tarixdən məlum olduğuna görə, I Şah İsmayılın sonuncu dəfə təyin etdiyi vəzir onun ölümündən dərhal sonra edam edilmişdir. Bununla, “yüksək divan” üzərində nəzarət Qazi Cahan Qəzviniyə etibar edilmiş, sonra isə o, 1524-1525-ci ildə vəkil əmir əl-üməra Div sultan Rumlu tərəfindən vəzifəsindən kənar edilmiş, qalaya salınmışdılar. Daha sonra onun yerinə Mir Cəfər Savəci təyin olunmuşdur. Div Sultanın vəziri (Ağa Molla Qəzvini), Çuxa sultan Təkəlinin vəziri Xacə Arux Savəci kimi ona da hər gün irili-xırdalı bütün işlər barədə Div Sultana, Köpək Sultana Çuxa Sultana məlumat çatdırmaq əmr edilmişdi. Əldə olan məlumatlara görə, Mir Cəfər Savəci Xacə Arux bərabər hüquqla birlikdə 1531-1532-ci ilədək vəzir vəzifəsini tutmuşlar. Həmin ildə Hüseyn xan Şamlı vəkil vəzifəsini zorla ələ keçirmiş, ilk növbədə hər iki vəziri həbs etmiş, onların topladıqları çoxlu əmlak və pullarını əllərindən almışdı. Çünki 10 ilə yaxın İraqın, Azərbaycanın, Farsın Xorasanın bütün əmlak və pul işləri bu iki şəxsin əlindən gəlib keçmişdi. Bundan sonra Mir Cəfər Savəci edam edildi, Xacə Arux isə işgəncələr nəticəsində öldü. Hüseyn xanın məmurlarından biri - Əhməd bəy Nur Kamal İsfahani divan-i əla vəziri oldu.

Tarixdən məlum olduğuna görə səfəvilər hakimiyyətinin sonunadək bu vəzifə dövlətdə mühüm yer sayılmış, onların hakimiyyətindən sonrakı illərdə də uzun zaman davam etmişdir.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

Azadlıq.- 2013.- 3 oktyabr.- S.14.