AXC-nin cəsur zabiti Şəmsəddinski

Qanlı döyüş cəbhələrində

 

Azərbaycan tarixində qanlı bir səhifə olaraq qalan 37-ci il repressiyaları haqqında mövzularımızı davam etdirəcəyik. Budəfəki mövzumuz Azərbaycan Xalq Cümhuriyyətinin zabiti, dövlət xadimi Musa ağa Məmməd ağa oğlu Şəmsəddinskinin həyat yoluna həsr olunub.

 

Musa ağa Məmməd ağa oğlu 15 fevral 1896-cı ildə Yelizavetpol quberniyasının Qazax qəzasının Şınıx kəndində anadan olmuşdu. İbtidai təhsilini öz kəndlərində alan Musa ağa 1908-ci ildə Gəncədəki Müsəlman Müəllimlər Seminariyasına daxil olmuşdu. Seminariyanı bitirdikdən sonra Musa ağa Bakı Xeyriyyə Cəmiyyətində çalışmağa başlamışdı. O, 1916-cı ildə Birinci Dünya müharibəsində İran cəbhəsindəki döyüşlər nəticəsində yurd-yuvalarından didərgin düşən qaçqın və zərərçəkənlərin problemlərinin həll edilməsi, onlara yardım göstərilməsi ilə məşğul olurdu.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra hökumətin qərarı ilə bütün gənclər Milli Orduya səfərbər edildi. Vikipedianın yazdığına görə, o zaman M.Şəmsəddinski də Gəncədəki hərbi Gizirlər Məktəbinə oxumağa göndərildi. Həmin ilin noyabrında məktəbi bitirən Musa ağa Milli Ordunun 4-cü Quba piyada alayının 2-ci bölüyünün komandiri təyin edildi. Bölüyün əsas vəzifəsi Qusarçay və Samurçay boyunca uzanan əraziləri ağqvardiyaçı general Denikinin dəstələrinin hücumundan müdafiə etmək idi.

1920-ci ilin martında M.Şəmsəddinskinin komandir olduğu dəstə Qarabağa hücum edən daşnak ordusu ilə vuruşmaq üçün ora göndərilir. Onun rəhbərlik etdiyi dəstə hətta Ermənistan ərazisinə - Şəmsəddin rayonuna gedərək orada erməni daşnak bandasını darmadağın edir. Sonra da cəsur komandir bandanın başçısı poruçik Sergeyevi diri tutub Milli Ordumuzun Gəncədəki Xüsusi Şöbəsinə təhvil verir. Həmin dəstə 1920-ci il aprelin sonunda Naxçıvana göndərilir. Lakin Şərur bölgəsində qeyri-bərabər döyüşdə daşnak ordusunun təzyiqi altında dəstə məcburən Şahtaxtı körpüsü vasitəsilə Araz çayından əvvəlcə İranın Maku şəhərinə, oradan isə Türkiyə ərazisinə - Bəyazitə, sonra da Ərzruma getməli olur.

 

Bolşevik işğalından sonra

 

O zaman M.Şəmsəddinski kömək üçün RSFSR-in səlahiyyətli nümayəndəsinə müraciət etmişdi. Bu hadisə 1920-ci ilin mayında baş vermişdi. O zaman artıq Azərbaycanda sovet hakimiyyəti qurulmuşdu. Ankara ilə danışıqlardan sonra M.Şəmsəddinskinin dəstəsinə Azərbaycana qayıtmağa icazə verilmişdi.

Təcrübəli və cəsur komandir olan Musa ağa Şəmsəddinskini 1920-ci ilin avqustunda Azərbaycan SSR hərbi dəniz komissarının əmri ilə Tovuza batalyon komandirinin müavini göndərdilər. O, eyni zamanda Tovuz Qəza Partiya Komitəsi yanında xüsusi təyinatlı dəstənin də komandiri təyin edilmişdi.

Bundan sonra, 1921-ci il martın 2-də Kommunist partiyasına daxil olan M.Şəmsəddinski tezliklə rəhbər vəzifələrə doğru irəliləməyə başladı. O, 1921-23-cü illərdə əvvəlcə Tovuz Qəza İcraiyyə Komitəsi sədrinin müavini, sonra da Tovuz və Şamaxı rayon icraiyyə komitələrinin sədri işlədi. Sonra isə Şəmsəddinski AKP MK və Azərbaycan MIK-in qərarı ilə 1923-25-ci illərdə Ağdam və Lənkəran Qəza İcraiyyə Komitələrinin sədri olmuşdur. Daha sonra isə onu XDIK-ə göndərmişlər. Azərbaycan Xalq Daxili İşlər Komissarlığının 3 mart 1925-ci il tarixli 28 saylı əmri ilə Musa Şəmsəddinski Respublika Milis İdarəsinin rəisi təyin edilmişdir. O, bu vəzifədə 13 oktyabr 1926-cı ilədək çalışmış və bütün bacarığını milis kadrların yetişdirilməsinə sərf etmişdir.

Sonrakı 1926-28-ci illərdə M.Şəmsəddinski Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin təşkilat şöbəsi müdirinin müavini, 1928-30-cu illərdə Respublika Yer quruluşu İdarəsinin rəisi, Xalq Torpaq Komissarlığının kollegiya üzvü, 1930-31-ci illərdə Azərbaycan Dövlət Siyasi İdarəsi kollegiyasının üzvü, 1931-32-ci illərdə Azərbaycan SSR Xalq Torpaq Komissarının müavini, 1933-34-cü illərdə Azərbaycan SSR Xalq Komissarları Soveti işlər idarəsinin müdiri, 1934-38-ci illərdə isə Azərbaycan SSR MIK katibi vəzifələrində fəaliyyət göstərmişdir.

 

Repressiya rejiminin caynağında

 

Lakin amansız repressiya dalğası heç kimə aman tanımırdı. Beləliklə, 1938-ci il yanvarın 4-də onu qəflətən həbs etdilər.

M. Şəmsəddinskinin istintaqı 15 ay sürdü, özü saxta şahidlər ittihamlar vasitəsilə. Bu barədə onun həbs düşərgəsindən Moskvaya Partiya Nəzarət Komissiyasının sədri A.A.Andreyevə yazdığı 25 may 1941-ci il tarixli məktubunda da bəhs olunur. Məktubda bildirilir ki, Azərbaycan SSR-in sabiq xalq daxili işlər komissarı Mixail Bayevin (əsl soyadı Yakov Kaminskidir) xüsusi tapşırığı ilə onun istintaqı saxtalaşdırılaraq işinin aparılması XDIK-in 5-ci şöbəsinin rəisi Aslan Kasparova tapşırılmışdı. Musa Şəmsəddinski sonralar - 30 noyabr 1954-cü ildə bəraət aldıqdan sonra yenidən partiya sıralarına bərpa olunmaq üçün Azərbaycan KP MK-nın katibi İmam Mustafayevə yazdığı məktubda da başına gətirilmiş dəhşətli repressiya tədbirlərindən ətraflı bəhs edib. Məlum olurdu ki, onun həbs edilməsinə səbəb o zaman Azərbaycan SSR-in xalq daxili işlər komissarı vəzifəsində işləyən Y.Sumbatov - Topuridze ilə münasibətlərinin kəskinləşməsi olmuşdur. M.Şəmsəddinski Y.Sumbatovun ov tüfənglərini dəyişdirmək tələbini yerinə yetirməmişdi. Bundan sonra Y.Sumbatov-Topiridze onu harada gəldi haqq-nahaq söyüb-yamanlayır, belə bir fikir yayırdı ki, guya M.Şəmsəddinski Yejovun (keçmiş SSRI xalq daxili işlər komissarı, sonralar xalq düşməni kimi güllələnmişdir) göstərişi ilə Qaradonlu (indiki İmişli) rayonundan həbsə alınmış adamları icazəsiz buraxmaqda günahlandırırdı. Sən demə, həmin şəxslər Sumbatovun bilavasitə göstərişinə əsasən həbs ediliblərmiş. Lakin onları M.Şəmsəddinski yox, günahsız olduqlarına görə MK-nın komissiyası azad etmişdi.

M.Şəmsəddinski həbsdən qayıtdıqdan sonra 1955-ci ilin mayından 1957-ci ilin martınadək Bakı Kinostudiyasında Azərbaycan SSR Ümumittifaq Kənd Təsərrüfatı Sərgisində adlı xüsusi sifarişli kinojurnalın direktoru, 1958-ci ilin avqustundan ömrünün sonunadək Azərbaycan SSR Nazirlər Soveti yanında dini işlər rus pravoslav kilsəsi ilə üzrə şuraların müvəkkili işləmişdir. M.Şəmsəddinski 18 fevral 1974-cü ildə 78 yaşında Bakıda vəfat etmişdir.

Musa ağa Şəmsəddinski 1967-ci ilin noyabrında Lenin Ordeni, 1968-ci ilin fevralında isə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif edilmişdir.

 

Azadlıqın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

Azadlıq.- 2013.- 14 oktyabr.- S.14.