Tarixin musiqi dilini öyrədən sənətkar...

 

Bir xəzinənin sorağında...

 

Azərbaycanın qədim musiqi alətlərinin tarixindən söz düşəndə xatırlanan ilk ad Məcnun Kərimov olur. Bir həftə əvvəl bu dəyərli sənətkarı haqq dünyasına yola saldıq. Onun musiqi tariximiz üçün etdikləri isə yüz illər boyu unudulmayacaq və ondan qalan dəyərli xatirə kimi səslənəcək.

Sözün həqiqi mənasında, ensiklopedik bilgiyə malik bir insan aça bilərdi əsrlərin o tayında qalan sehrli çalğı alətlərimizin sirrini. O lal alətlərin dilini M. Kərimov açdı. Bu çalışmalara öz birgözlü evinin dar otağında başlayan Məcnun Kərimov nəticədə inanılmaz bir uğura imza atdı. Musiqiçi o zamana qədər yalnız yazılı mənbələrdə adını eşitdiyimiz orta əsrlərə aid 11 ifaçılıq alətini bərpa etdi: çəng, tənbur, rud, bərbəd, çəqanə, çoğur, rübab, santur, qopuz, nusə və muğni. Gördüyü işlər haqqında təvazökarlıqla danışan tədqiqatçı söhbətlərində kiçik maraq böyük xəzinənin üstünü açdı - deyir.

Sənətkarın bu marağı dahi Nizami və Füzulinin əsərlərində rastlaşdığı qədim musiqi alətlərinin adından başlamışdı. O, bu marağına yenildi. M.Füzuli adına Əlyazmalar Institutuna üz tutdu, iki ilə yaxın ərəb-fars dili mütəxəssislərinin köməyi ilə bir çox alətlərin - rud, çəng, bərbəd, rübab, qopuz, çəqanə, tambur alətlərinin tarixini araşdırdı, miniatür sənət əsərlərində o musiqi alətlərinin təsvirini tapdı. Sonra maraq onu alıb apardı uzaqlara...Görəsən bu alətlərin görünüşü, səslənməsi necəydi?!. Eskizləri hazırlayıb musiqi alətləri hazırlayan sənətkarlara müraciət etdi, kimsə boyun olmadı, çox çətin iş olduğunu dedilər. Sonda alətləri özü hazırlamaq qərarına gəldi.

Qəribəydi, bu sənətin incəlikləri bir yana qalsın, hazırlanma texnologiyasını belə bilmirdi. Amma möcüzələr var və onlar heçdən deyil, insanın saf, təmənnasız duyğularından, halallığından, zəhmətinin böyüklüyündən baş verir. O möcüzə baş verdi! Birotaqlı mənzilin pəncərəsi ağzında yaratdığı emalatxanada yonulan ağaclardan 6-7 aya rud aləti dünyaya gəldi. Bu alətin yarısı dəridən, yarısı tut ağacından idi. İlk alət hazır olub səslənəndə gördüyüm işdən o qədər zövq alıb sevindim ki, elə bildim, xəzinə tapmışam, - deyir sənətkar.

Bu kolleksiyada ən ağır zəhmət bahasına başa gələn alət çəng olub. Alim Nizami və Füzulinin sevdiyi bu musiqi alətini miniatürlərdə kəşf etdiyini bildirir. Çəng 31 simdən ibarətdir. Simlər pərdənin üstündən bağlanır. Amma necə, hansı texnologiya, hansı üsulla? Onu üç il çalışdıqdan sonra bərpa edə bildim.

Sənətkar hər alətin quruluşunu əzbərlədi qısa zamanda. Bərbətə bağırsaqdan hazırlanmış 6 qoşa sim bağlanır. Üzü isə şam ağacından hazırlanır və bir neçə yerdən səs rezonatorları qoyulur. Uddan fərqli olaraq, bərbətin qoluna 10-12 pərdə bağlanır.

Türk xalqları musiqisinin tədqiqatçısı doktor Fərrux Şumer Qədim türklərin musiqisi və rəqsləri adlı məqaləsində yazırdı: Altay Kurqanlarında aparılan qazıntılar zamanı tapılan mədəniyyət abidələri arasında 2 çəng daha böyük maraq kəsb Şərq xalqları əfsanələrində çəng ilahi qüvvə tərəfindən yaradılmışdır. Eramızdan çox-çox əvvəllərə aid edilən çəng musiqi aləti XVI-cı əsrin II yarısına kimi Azərbaycanda istifadə edilmişdir.

 

Rəngarəng bir musiqi çələngi...

 

Çoğur - tarixi qaynaqlardan aydın olur ki, XII-XVI yüzilliklərdə, qopuzun sazla əvəzlənməsi arasındakı dövrdə, Qafqaz, Iran və Anadoludakı sufi mərasimlərində, dərviş aşıq məclislərində çağır, çaqur, çuqur, çoğur adlı musiqi alətindən istifadə edilmişdir.

Ehtimal ki, çoğur haqqı, allahı çağırmaq üçün istifadə edilən musiqi aləti mənasını verir.

Çəqanə- kamanla çalınan dördsimli çalğı alətidir. XIX əsrin sonlarına kimi Azərbaycan ərazisində mövcud olmuşdur.Alət armudşəkilli çanaqdan, qol və kəllədən ibarətdir. Çəqanənin uzunsov çanağı doqquz hissədən ibarət olub, yığma üsulu ilə qoz, səndəl və ya fıstıq ağacından hazırlanır.

Rübab -Mizrabla çalınan simli dartımlı musiqi alətidir.

Özünəməxsus çanaq və uzun qoldan ibarətdir. Çanaq tut, qoz və ya fısdıq, qol isə qoz ağacından hazırlanır. Çanağın üzərinə balıq dərisindən, yaxud öküz ürəyinin pərdəsindən hazırlanmış üzlük dəridir. Ipəkdən, yaxud bağırsaqdan eşilmiş iki qoşa və bir tək sim bağlanılır. Qolunda 18 pərdəsi var.

Qolça qopuz- Ən qədim simli çalğı alətlərindən biridir. Qopuzun iki növü daha geniş istifadə olunmuşdur.

1) Qıl qopuz və ya ikilik? kimi tanınan və kamanla ifə edilən ikisimli qopuz növü Orta Asiya xalqları arasında geniş yayılmışdır.

2) Müasir aşıq sazının sələfi sayılan üçsimli qolça qopuz Azərbaycan türklərinin istifadə etdikləri ən qədim simli musiqi alətidir.

Qolça qopuzun çanağı udabənzər olub, ondan xeyli kiçikdir. Çanaq hissəsi bütöv yonma üsulu ilə hazırlanır. Onun üzünün 2/3 hissəsi dəri, qalan hissəsi isə nazik taxta üzlüklə örtülür. Qopuzun qısa qoluna pərdələr bağlanılır.

Tənbur - armudşəkilli olub, saz tipli alətlər ailəsinə mənsubdur.

İki, bəzən üç simdən ibarət çox sadə quruluşlu bu musiqi aləti indi də Yaxın Şərq və Orta Asiya xalqları arasında geniş yayılmışdır. Tənburun çox qədim tarixi vardır. Əl Fərabi onun islam dinindən əvvəl yaranmasını qeyd edir.

Səntur-yatıq sazlar ailəsinə mənsubdur. Qanun, nüzhə və bu növ alətlərdən hesab edilir. Sənturun bu alətlərdən başlıca fərqi onun iki yüngül ağac toxmaqla (mizrabla) çalınmasıdır. Ona görə də, səntur həm də zərb musiqi aləti sayılır.

Əfsanəyə görə, Davud peyğəmbər bir sıra musiqi alətlərinin, o cümlədən sənturun yaradıcısı olmuşdur.

Bu misilsiz kolleksiyada bərpa olunan son alətlər nusə və muğnidir. Nusənin 81 simi var. Hələ XIII əsrdə Səfiəddin Urməvi nusə alətinin 108 simli növü barədə məlumat verirdi. Nusə əylənmək, şənlənmək, ruh vermək mənasını daşıyır.

Muğni adlanan ikinci alətin də yaradıcısı Səfiəddin Urməvidir. Uda bənzər bu alətin 37 simi var.

 

Tarixin o üzündən bu üzünə

gələn musiqi səsləri...

 

Zəhmətkeş sənətkar bərpa olunan ifaçılıq alətlərinin sayını 6-ya çatdırdığı zaman ansambl yaratmaq ideyası haqqında düşünməyə başladı. Işlədiyi 3 saylı Musiqi Məktəbinin müəllimlərindən ibarət bir ansambl yaratdı. Konsertlərdə görünən qrupun sorağı yavaş-yavaş yayılmağa, qapılar açılmağa başladı. Bakı Musiqi Akademiyasının rəhbərliyindən Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi elmi laboratoriyanın açılması barədə təklif gəldi. Bu sənətkarın ən böyük arzusu idi. 90-cı illərin əvvəlində fəaliyyətini dayandıran ansambl 6 il sonra yeni bir heyətlə işə başladı. Az sonra ansambla dövlət statusu verildi və o, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyətə başladı.

Sənətşünaslıq doktoru, professor, Qədim Musiqi Alətləri Ansamblının rəhbəri M.Kərimovun 2002-ci ildə Azərbaycan musiqi alətləri adlı kitabı üç dildə - ingilis, rus, Azərbaycan dillərində çap olunub. Müəllif bu kitabın yazılmasının da maraqlı tarixçəsi olduğunu deyir. 1997-ci ildə Avstriyada elmi konfransda iştirakı zamanı Tokio Musiqi Kollecinin professoru olan bir xanım çəng alətinin Şərqdə yayılmasından danışdıqdan sonra M.Kərimov çıxış edib. O bərpa etdiyi 9 musiqi aləti haqqında məlumat verib, onların qədim miniatürlərdəki təsvirlərini göstərib və bu alətlərin bərpası, səslənməsi və nəhayət, ansamblın yaradılması barədə danışıb.

Bakıya gələndən bir ay sonra musiqiçi o yapon xanımdan Tokioda çap olunmuş Dünya xalqlarının musiqi alətlərinin atlası alıb. Orada dünyanın bütün xalqlarının musiqi alətləri barədə məlumat vardı, amma bizim musiqi alətləri yox idi. O yazmışdı ki, kitabın üçüncü nəşri nəzərdə tutulub, xahiş edirik, alətlər haqqında məlumatları bizə yazın, şəkillərini göndərin, üçüncü nəşrdə atlasa daxil edək. Biz həmin məlumatları hazırlayıb göndərdik. Mən onsuz da işlərimin son nəticəsi kimi kitab çap etdirmək istəyirdim, həmin hadisə bu işi sürətləndirdi, -deyir müəllif.

M.Kərimov bərpa olunan bu alətlərin itib- batmaması, muzey eksponatına çevrilməməsi üçün onların mütləq tədrisə salınmasını gələcəkdə ansamblların, orkestrlərin tərkibinə əlavə olunmasını da tövsiyə edir.

Hazırda Qədim Musiqi Alətləri Ansamblının sorağı uzaq ölkələrdən gəlir. Heç şübhəsiz ki, vətənpərvərliyi yalnız döyüş meydanlarında savaş sənəti ilə deyil, dünya səhnəsində gözəl ifaçılıq mədəniyyəti ilə də nümayiş etdirmək mümkündür. Məcnun Kərimov və onun ansamblı bunun ən gözəl örnəyidir...

 

Azadlıqın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

Azadlıq.- 2013.- 15-16 oktyabr.- S.14.