Tarixin ən zərif sənət nümunələri ...

 

Nənələrin boğçasında qorunan gözəllik...

Azərbaycan ailələrinin bir çoxunda əsrlərlə yaşıd olan zərif tikmələrə rast gəlmək olar. Zamanında ən dəyərli sərvət sayılan bu gözəl nümunələr nəsildən-nəslə keçərək günümüzədək gəlib çıxmışdır. Bu əl işləri bir zamanlar qadınların ən gözəl məşğuliyyəti və hədiyyə üçün ən dəyərli pay sayılırdı. Tikmə elə bir sənət növü idi ki, onunla həm sadə xalq içindən çıxmış insanlar, həm də zəngin təbəqəyə məxsus qadınlar məşğul olurdular.

 

Əsrlər öncə bura səyahət etmiş xarici tacirlər, səyyahlar və diplomatlar Azərbaycanda tikmə sənətinin inkişafı haqqında maraqlı məlumatlar verirdilər. İtalyan səyyahı Marko Polo (XIII yüzil) Şamaxıda və Bərdədə yerli ipək məmulatlarının gözəlliyindən bəhs edirdi. İngilis səyyahı, tacir Antoni Cenkinson (XVI yüzil) isə yay düşərgəsini təsvir edərkən yazırdı ki, kral ipək və qızıl işləməli zəngin çadırda əyləşmişdi, onun geyimi mirvari və zəngin daş-qaşlarla işlənmişdi.

Azərbaycanda dekorativ-tətbiqi incəsənətin bir növü olan bədii tikmələrin tarixi uzaq keçmişə gedib çıxır. Bu regionda üzə çıxarılan arxeoloji materiallar xalq arasında yayılan naxış növlərinin geniş çeşidini müəyyənləşdirməyə imkan verir. Yüz illər öncə burada işlənən tikmələrdəki naxış növləri əl işlərinə xüsusi gözəllik verirdi. Belə təsvirləri Azərbaycanda eramızdan öncə III minilliyə aid saxsı qablar üzərində görmək mümkündür.

XIX əsrdə yaşamış Azərbaycan şairəsi Xan qızı Natəvan gözəl şeirlərlə bərabər, zərif tikmələrin də müəllifi idi. Onun hazırda muzeydə saxlanan bir albomunun üz qabığı onun öz əli ilə işlənmiş muncuqlu tikmə ilə örtülmüşdür. Rəngarəng muncuqlarla bəzədilən bu tikmədə qovaq ağacı təsvir olunur. Qeyd edək ki, hazırda Bakıda və Azərbaycanın digər bölgələrindəki tarix və incəsənət muzeylərində Natəvanın texniki üsulla icra olunan və yüksək bədii xüsusiyyətlər kəsb edən bir neçə tikməsi saxlanılır. Muncuqlarla bəzədilən belə bədii tikmələrdən birini Natəvan yuxarıda qeyd etdiyimiz kimi, 1858-ci ildə Qarabağa gəlmiş məşhur fransız yazıçısı Aleksandr Dümaya hədiyyə edib. Əl işinin incəliyinə heyran qalan Düma onu ən qiymətli hədiyyə adlandırıb. Natəvanın əl işləri və rəsmləri öz dövründə də yüksək qiymətləndirilib. Təsadüfi deyil ki, onun rəsmləri dəfələrlə Rusiyanın müxtəlif şəhərlərində təşkil olunan sərgilərdə nümayiş etdirilib. 1882-ci il Ümumrusiya sərgisinin Qafqaz şöbəsi vitrinində qoyulan sənət nümunələri içərisində Xan qızının mahud üzərində qızılı və gümüşü saplarla toxuduğu əsərlər xüsusilə seçilirmiş.

XIX-XX əsrin əvvəllərində bədii tikmələr üçün əsas rolunu oynayan material yerli istehsal olan qonovuz, darai və məxmər idi. Onlar, Şamaxıda, Basqalda, Şəkidə, Gəncədə, Şuşada və Azərbaycanın digər şəhərlərində hazırlanırdı. Bədii tikmə üçün yerli ipək və yun saplardanyerli basmaqəliblərdən istifadə olunurdu. Boyama üçün bitki mənşəli boyalar işlədilirdi.

 

Bir yaradıcılıq dünyası...

 

Azərbaycan məişətində tikmələr əsasən güləbətin, saya naxışlı bədii tikmə, təkəlduz, quş gözü texnikasında tikmə, metal muncuqlu tikiş, muncuqlu tikiş, basmanaxış, düymələmə, qurama, spiral şəkilli tikiş formasında hazırlanırdı. Bütün bu tikmə növlərindən ən qədimi qızılı və gümüşü saplarla işlənmiş bədii tikmələrdir. Belə əl işlərində əsasən çox sıx parçadan istifadə edilirdi ki, bu zaman qırmızı, tünd qırmızı, bənövşəyi və yaşıl rəngli birçalarlı məxmər ən yaxşı material sayılırdı.

Azərbaycanın qədim bədii tikmə məmulatları ornamental motivlərin zənginliyi və müxtəlifliyi ilə fərqlənirdi. İpək parçalar üzərində mirvariya digər qiymətli daşlarla bəzədilərək işlənən təsvirlər heyranedici idi. Bu zərif əl işlərində bitki motivləri qızılgül, nərgiz, qərənfil, lalə, zanbaq, meyvə ağaclarının yarpaqları - nar, heyva, alça çiçəkləri, eləcə də sünbül və müxtəlif formalı yarpaqlar işlənirdi.

Müxtəlif çalarlı incə mahud,ÿtirmə, atlas, tumac dəri üzərində də bədii tikmələr salınırdı. Qızılı və gümüşü saplarla tikiş üçün fabrik istehsalı olan qızıl və gümüş saplardan istifadə olunurdu. Bu bədii tikmə növü güləbətin adlanırdı.

Güləbətinlə daha çox qadın üst geyimlərinə, baş geyimlərinə, ev məişət əşyalarına, at yəhərinə və daha xırda məmulatlara bəzək vurulurdu. Gəlinin cehizinə güləbətin işləməli məişət təyinatlı müxtəlif əşyaları daxil etmək adəti də vardı.

Rəngli ipək saplarla işlənmiş bədii tikmələr arasında təkəlduz tikmələri daha geniş yayılmışdı.

Bədii tikmələrdə quşları: bülbül, tovuz quşu, göyərçin, tutu quşu, hophop (şanapipik), sərçə, qırqovul, bildirçin, kəklik və digərlərini təsvir etməyi sevirdilər.

Təkəlduzçuluq üçün əsas material qismində yerliya xaricdə istehsal olunan qırmızı, qaratünd göy rəngli məxmər və mahud işlədilirdi. Təkəlduz bədii tikmələri təkcə qadınların məşğuliyyəti deyildi. Bir çox kişilər tətbiqi incəsənətin bu sahəsində öz qeyri-adi məharətlərini göstərirdilər. Dəzgahda dartılmış parçada usta əvvəlcə rəsmin kontur xətlərini çəkir, sonra isə onun bütün daxili sahəsini doldururdu. Təkəlduz bədii tikmələri üçün işlədilən iynə qarmac adlanırdı.

Təkəlduz bədii tikmələri ilə qadın geyimləri, böyük yastıqların üzlükləri, mütəkkələr, hamamda işlədilən ayaqaltı xalçalar, örtüklərə bəzək vurulurdu.

Bədii tikmələrdə geniş tətbiq edilən digər texnika saya tikmə idi.

Bu növ bədii tikmə üçün adətən parlaq olmayan, pastel çalarlarında, çox zaman qızıl saplarla uzlaşmada rəngli ipək və yun saplardan istifadə olunurdu. Saya bədii tikmənin iki növü vardı: ikitərəfli və birtərəfli. Saya bədii tikmə üsulu ilə geyimlərə, divar bəzəklərinə, üz örtüyünə, pərdələrə və s. naxışlar vurulurdu.

Bədii tikmələrin geniş yayılmış növlərindən biri quş gözü - ya rəngli ipəklə vurulan bəzəklər idi.

Düymələmə bədii tikmələri araqçının, şəbkülahın (gecə baş geyimi), canamazın, eləcə də yun geyimlərin bəzəklərində rast gəlinir. Onu adisu tikişi, astarüz arasında nazik yunya pambıq təbəqəsi qoymaqla icra edirdilər.

Mirvarimuncuqlarla bədii tikmələr böyük maraq kəsb edirdi, onlarla qədimlərdən bəri kostyum elementlərini, məişət əşyalarını bəzəyirdilər.

Parıltılı bəzək-düzəklərlə, muncuqlarla bədii tikmə - onları parçaya rəngli ipək saplarla çəkilmiş rəsmin konturları boyunca tikməkdir. Quramaspiral bədii tikmənin nisbətən gənc üsullarıdır.

Nadir hallarda rast gəlinən file üzərində merejka çox gec yayılmış və dar çərçivədə tətbiq olunur. Bu əl işi növü salfetka, dəsmal, üz örtüyünün bəzəyi üçün daha xarakterikdir.

 

Tikmələr qədim sənət tariximizin yadigarları

 

Bu gün də Azərbaycanın bir çox şəhərlərində kökü qədim dövrlərə gedən bədii tikmə məktəbi qorunub saxlanılır. Sənətçilərimizin əl işləri beynəlxalq sərgilərin və muzeylərin ekspozisiyalarını bəzəyir. XX əsrin 40-cı illərinə qədər Macarıstanda Azərbaycana aid xeyli sənət nümunəsi şəxsi kolleksiyalarda saxlanırdı. Son 50-60 il ərzində bu nadir sənət nümunələri tədricən dövlət tərəfindən himayəyə götürülərək muzeylərdə cəmləşir. Hazırda Azərbaycana aid olan sənət nümunələrinin əksəriyyəti Budapeşt şəhərində yerləşən Dekorativ sənətlər və Şərq incəsənəti muzeyində mühafizə olunur. Belə qiymətli incilərdən bir neçəsi də müxtəlif vaxtlarda Azərbaycanda toxunmuş tikmələrdir. Bunlar ayrı-ayrı örtük, balışüzü, süfrə, yəhərüstü və bədii pərdələrdən ibarətdir. Bu növ sənət nümunələrindən biri olan XVI əsrdə Təbriz ustaları tərəfindən bəzədilmiş pərdə də xüsusi diqqət çəkir.

Hazırda bu muzeylərdə Azərbaycanın 200-dən artıq xalq sənəti nümunəsi mühafizə olunur. Bunların içərisində xalça, parça, tikmə, metaltaxtadan düzəldilmiş bir çox bədii sənət nümunələri var.

Dünyanın ən zərif sənət növlərindən sayılan tikməçilik ulu nənələrdən bizə gözəl bir ənənə olaraq ötürülən qiymətli irsdir. Bu irsi qorumaq, yaşatmaq və gələcək nəsillərə təhvil vermək üçün böyük fədakarlıq tələb olunmur. Tarixi yüz illərlə ölçülən tikmə sənətimizin ənənələrini bu işlə müstəqil məşğul olan peşə sahiblərinə yol açmaqla belə qoruyub saxlamaq mümkündür.

 

Azadlıqın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

Azadlıq.- 2013.- 17 oktyabr.- S.14.