Azərbaycanlı Zərifin uzaq ölkələrdəki zərif sənəti

 

Repressiya xofundan uzaq mühacirətə...

 

Azərbaycan rəqsləri öz gözəlliyi, zərifliyi və fəlsəfi anlam yükü ilə uzaq keçmişdən bu günümüzədək uzun bir yol keçib. Zaman-zaman dəyişən, cilalanan, yeni çalarlar qazanan bu sənət incilərimiz dünyanın uzaq sərhədlərinə yol açıb, qəlbləri fəth edib və xalqımızın milli ənənələrini yaşadaraq müasir günümüzə daşıyıb.

Bu gün milli rəqslərimizi uzaq xaricdə təmsil edən görkəmli simalarımız arasında ölkəmizdə çox tanınmayan bir soydaşımız da var. O, dünya ölkələrində böyük sənət zirvəsinə çatmış baletmeyster, rəqqas, incəsənət sahəsində tanınmış professor Əlirza Saçar Zərifdir.

Azərbaycandan daha çox xaricdə məşhur olan Zərifin valideynləri vaxtilə 1937-ci il repressiyasından qurtulmaq üçün sovet Azərbaycanından İrana köçüblər. Burada qəzəb püskürən qanlı repressiya dalğasından canını götürüb qaçan sadə azərbaycanlı ailələrindən biri idi onlar. Çıxış yolu olaraq Arazın o tayına üz tutan Əlirza bəy də elə İranda doğulub. İllər sonra azərbaycanlı ailə Avropaya mühacirət edib, Kanadada məskunlaşıb. İranda doğulub boya-başa çatan Əlirza Kanadada təhsil alıb. Sovet İttifaqı dağıldıqdan sonra Saçarın valideynləri yenidən Bakıya qayıdıb bir müddət burada yaşayıblar. Əlirza Saçar özübu müddətdə Bakıda dəfələrlə olub.

Kanadada ali tibb təhsili alan azərbaycanlı daha sonra bir xoreoqraf kimimusiqi sahəsində təkmilləşib. Bakıya, valideynlərinin yanına qayıdanda ailəsi ilə dostluq edən bir sıra sənət ustaları ilə görüşüb, incəsənətə, musiqiyə, rəqsə olan marağından danışıb. Beləliklə, Əlirza bəy burada rəqs kurslarına getməyə başlayıb, Azərbaycan xalq rəqslərini öyrənib. Tanınmış sənətçilərlə ünsiyyət qurub, onlardan dərs alıb. Bir ildən sonra Kanadaya qayıdan həvəskar rəqqas Toronto Universitetinin incəsənət fakültəsinin rəqs şöbəsinə daxil olub, bakalavr, magistraturadoktorantura təhsili alıb. Əlirza Saçar Zərif hazırda həmin universitetdə Mərkəzi Asiya xalqlarının rəqslərini tədris edir.

Çox maraqlı və qeyri-adi olanı budur ki, Zərif rəqs sənətində uzun bir yol keçmədən, az vaxtda böyük məsafə qət edərək arzularını reallaşdıra bilib. 2004-cü ildən rəqs hərəkətlərinə muğam üzərindən quruluş verməyə başlayan xoreoqraf yenə Bakıya üz tutub. İnsan bu sənət enerjisinin onun canına və ruhuna qanıyla, daşıdığı genlərlə ötürüldüyü qənaətinə gəlir. Yoxsa az qala bütöv bir ömrü uzaq sərhədlərdə yaşayıb, sonra qısa zamanda öz kökünə bu qədər yaxınlaşmaq çox da asan olmazdı.

 

Rəqsə yaddaş kimi baxmaq...

 

O, öz yaradıcılıq işlərindən söz açanda, muğamın yalnız səhnə musiqisi deyil, canlı bir məşq olduğunu qeyd edir: “Muğam həyatın bir parçasıdır. Fikir əruzla, məzmun musiqi ilə gəlib. Əməl isə rəqsdə özünü göstərir. Bu, üçlük ansamblıdır. Musiqi ilə şeiri canlandıran rəqsdir. Çünki musiqişeir hissfikirdir, rəqs isə həm də məkandır. Rəqs daxildəki yaddaşı oyada bilirsə, yaşantıdır. Dırnaqüstü, akrobatik hərəkətlər müvəqqəti, keçicidir”.

Bakı səfərlərinin birində “Media foruma müsahibə verən Əlirza Saçar öz sənəti ilə bağlı belə deyib: “Sənət heç kəsə məxsus deyil, axar su kimidir, onunla hər kəs istədiyi kimi ünsiyyət qura bilər”.

Kanadanın York Universitetinin professoru, “Saçar Zərif” rəqs teatrının, “Coşqun” akademiyasının, Kanada rəqs axtarışları məktəbinin yaradıcısı olan Əlirza Zərif artıq muğamla rəqs hərəkətlərini sistemləşdirən tədqiqatçı sayılır. O, “Sülh üçün rəqslər” festivalının təməlini qoyub, 30-a yaxın ölkədə rəqs üzrə ustad dərsləri verib. 11 illik tədqiqatına görə Kanadada dövlət mükafatına layiq görülüb. Tədqiqatçı həm də rəqs sahəsindəki axtarışları əsasında video materialların yer aldığı elektron kitabın müəllifidir. Öz sözlərinə görə, o, kitabı 2014-cü ildə ictimaiyyətə təqdim etməyi nəzərdə tutur.

Əlirza Zərif xoreoqrafiya sənətinin özəlliklərini belə dəyərləndirir: “Biz rəqsə əyləncə, ritual kimi yox, yaddaş kimi baxırıq. Bütün həyatımızın yaddaşı bədənimizdə hifz olunur. Bu da hərəkətlərlə görünür, üzə çıxır. Xoreoqrafiya səhnədə əyləncə yaratmaqla, formalar üzərində çalışmaqla məzmunu inkişaf etdirməkdir. Amma bir çox məktəbdə rəqs yalnız forma kimi başa düşülür.

Kanada çoxmillətli ölkədir. Fərqli mədəniyyətlərin içində çalışmaqla həm öz dəyərlərimizi qoruyur, həm də digər millətlərlə ortaq nöqtələrimizi aşkar edib bilgimizi bölüşürük".

 

Kanada hökumətinin verdiyi dəyər

 

Sənətçinin sözlərinə görə. Bakıya sevgi ona uşaqlıq illərindən aşılanıb, qürbətdə həsrət çəkən nənəsinin sayəsində o böyüdükcə vətən məhəbbəti də özü ilə birgə böyüyüb: “Məni nənəm saxlayıb. O, yurdundan ayrı düşmüşdü, həsrətlə yaşayırdı. Mənə danışdığı nağıllarla, öyrətdiyi rəqslərlə xəyalən Bakıya, İçərişəhərdəki evimizə gəlirdik, nənəm ifaçı, mən tamaşaçı kimi. Hansı otaqda kimin toyudur, kimlər gəlib, nə geyinib, ata evdədir, ya yox - bütün detallar təsvir edilirdi tamaşamızda. Bu, nənəmə hava-su kimi lazım idi, çünki çox darıxırdı, qəribsəyirdi. Qoca idi nənəm, elə oturduğu yerdən, əlləri, gözləri, qaşları ilə rəqs edirdi, mənə də ayaq hərəkətlərini öyrədirdi. Bir insan olurduq, rəqs edirdik. Birlik, vahidlik, vəhdət hissi mənə o vaxtdan doğmadır. Sənət mənə əyləncə kimi təqdim edilmədi. Vətənim xəyalımdakı Bakı olub. Bura hər gəlişimdə nənəmin yaddaşındakı, xatirələrindəki Bakını axtarıram. İçərişəhərdəki toylar, bayram mərasimləri, orucluq ayının sevinci... Amma ordakı evimizi indiyə qədər tapa bilməmişəm”.

Xoreoqraf muğamla rəqsin sintezinin hər iki sənətin inkişafına xidmət etdiyini düşünür. O, elə ilk gündən muğam üzərində rəqs axtarışlarına tanınmış sənətçi Alim Qasımovla başlayıb. Zərif bu ustad sənətkarla Kanadada birgə konsertlər verməklə Azərbaycan musiqisinin şöhrətini uzaqlara yaymağı düşünür.

Əlirza Saçar Zərif Kanadada həyata keçirdiyi maraqlı sənət layihələri ilə qısa zamanda xeyli populyarlıq qazana bilib. Onun böyük maraq doğuran bu işləri ölkə hökuməti tərəfindən də mükafatsız qalmayıb. O, Kanada hökuməti tərəfindən “Millətlərarası mədəniyyət səfiri” mükafatına layiq görülüb.

İstedadlı soydaşımızın milli rəqslərə verdiyi ruh və rəng başqa xalqlar tərəfindən də böyük maraqla qarşılanır. Məhz bunun nəticəsidir ki, onun yeni və yaradıcı səhnə işləri başqa ölkələrdə də yüksək dəyərləndirilir. Zərifin belə yaradıcılıq nümunələri Özbəkistanda da böyük alqış qazanmış, sənətçi Milli Xoreoqrafik İnstitutu tərəfindən  “Rəqs ustası” adına layiq görülmüşdür.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

Azadlıq.- 2013.- 17 sentyabr.- S.14.