Qədim türk yurdu Sofulu

 

Kəngərli tayfasının bir qolu

 

Ermənilərin işğalçılıq planı nəticəsində ələ keçirilən qədim Azərbaycan torpaqlarından biri də Qarakilsə bölgəsidir. Bir zamanlar İrəvan quberniyasının  Zəngəzur qəzasına bağlı olan bu gözəl yurd yerlərinin artıq adı, siması, tarixi belə özgələşdirilib. Qarakilsə (Sisyan) rayonunun qədim tarixə malik kəndləri arasında Sofulunun özünəməxsus yeri var. Bu toponim sofulu türk tayfasının adından yaranmışdır.

Tədqiqatçıların yazdığı kimi, sofulu toponimi ilə bağlı Cənubi Qafqazda, Anadoluda çoxlu yer, oymaq, kənd adları, yaşayış məskənləri var. Onlardan aşağıdakıları qeyd etmək olar: Cəbrayıl rayonu Sofulu kəndi (Hacı Qaraman pirinin yanında, hazırda dağılmışdır), Qafanda Sofulu-Gığı, Ağdamda, Tovuzda, Gürcüstanda (Qaraçöpdə), Çuxursəddə, Ədənədə, Yunanıstanda Sofulu kəndləri var. Makuda Sofukənd üsyanı Qara bulaq döyüşü 1486-cı il Topal Əhmədin başçılığı altında baş vermişdir.

Şabran rayonunda Sofulular yaşayırlar. Zeyvə və Gilavar kəndindən 6-7 km aralı, Şabrançayın sağ sahilində 1930-cu ilə kimi Sofu kəndi mövcud olmuşdur. Sonradan köçürülüb qonşu kəndlərdə birləşdirilmişdir. Tarixi araşdırma baxımından, “sofulusözünün mənası ilə bağlı müxtəlif yozumlar var. Bunun ən əsaslı mənalarından biri ona bağlıdır ki, sofulular böyük Kəngərli tayfasının bir qolu olmaqla, Orta Asiyadan V əsrdə, yəni, hələ İslamın Azərbaycanda intişar tapmasından 300 il əvvəl gəlmiş, Qafqazda  Azərbaycanda məskunlaşmışlar.Sofulusözütürk sözü olub, qədim etnos olmaqla, tayfanın adını bildirir.

Tədqiqatçı Həbib Rəhimoğlu bu kəndin tarixi və mənşəyi ilə bağlı araşdırmalarında onun keçmişinə işıq salan bütün mümkün faktları tapıb toplamışdır. Onun araşdırmalarından məlum olur ki, Sofulu kəndinin tarixi VII-VIII əsrlərə gedib çıxır. Onlar V əsrdə Orta Asiyadan Qafqaza köç etmiş və Azərbaycan türklərinin etnosunda mühüm rol oynamış kəngərli tayfasının bir qoludur. Sofulular bu ərazidə erkən orta əsrlər dövründə məskunlaşmışlar. Kəndin ətrafında üst-üstə üç qat qəbirlər, qəbir daşları, müxtəlif ərazilərdən tapılmış qoç heykəlləri buna sübutdur. Amma bu şəkilli baş daşları və qoç heykəlləri 1950-1960-cı illərdə ermənilər tərəfindən maşınlara yüklənib aparılmış, izləri itirilmişdir. Orta əsrlərdə sofulunun hər tərəfi keçilməz meşəliklə əhatə olunmuşdur. Kəndə yeganə yol Şıxlar kəndinin üstündən keçməklə daş qaladan Hərəmlərə, oradan Güney yolu ilə kəndə aparırmış. Təbii fəlakət, çox güman ki, meşə yanğınları, zəlzələ nəticəsində meşələr məhv olmuşdur. Əhali isə bu yerləri tərk etmişdir. Gilənarlı dərə, Alma ağacı deyilən yerlərdən sonralar tapılmış, kömürləşmiş nəhəng ağaclar bu fikrin təsdiqidir.

 

Tarix boyu daşnakların hədəfində...

 

XVIII əsrdən başlayaraq, gözəl təbii şəraiti olan köhnə Sofulunun ətraf yerldərində əhalinin məskunlaşması prosesi başlamışdır. Nəticədə Pusək, Alişər, Qıvzaq kəndləri meydana gəlmişdir. Pusək kəndinin şimal-qərbində Bəylik ərazisində Bəybalı kəndi, Alişərlə Murxuz arasında Əyriçayın sağ sahilində Almalı kəndi mövcud olmuşdur. Pucək sofulu kəndinin yuxarı, Alişər orta, Qıvraq aşağı məhəlləsini təşkil edib. Püsək kəndində 1918-ci ildə erməni daşnak birləşmələrinin hücumuna məruz qalmış kənd əhalisi qarlı, çovğunlu gündə - 15 mart 1918-ci ildə kəndi tərk etmiş, Qırxlar dağını aşaraq, Naxçıvana pənah aparmışlar. Alişər kəndi də 1918-ci ilin 15 mart tarixində erməni daşnakları tərəfindən dağıdılmış, əhali dədə-baba torpaqlarından didərgin düşmüş, sovet hakimiyyəti qurulandan sonra bir qismi geri qayıtmışdır. Naxçıvan əhalisinin soy-kökündə əsasən Kəngərlilər durduğundan, çox güman ki, Kəngərlilərin əsas qolu olan sofulular məhz Alişər və Qıvraqlılarla eyni kökə söykənirlər. Bu səbəbdən də onlar vaxtilə ulu babalarının yaşadığı sofulu kəndinin ərazisində yenidən məskunlaşmışlar. Türklərin doğma torpaqlarına belə qayıdışı çox olmuşdur. 1918-ci ilin 15 mart tarixində Qıvraq kəndi də erməni quldurlarının hücumu nəticəsində dağıdılmış, kənd sakinləri Naxçıvana qaçmışlar. Həmin il qış çox sərt keçmiş, hər üç kənddən onlarla adam - qoca, uşaq, qadın qar uçqununa düşmüş, don vurmuş, Qırxlar dağını aşarkən həlak olmuşdur. Ermənilər bütün evləri dağıdıb, yandırmışlar. Sovetləşmədən sonra yalnız bir neçə nəfər Qıvraq sakini dədə-baba yurduna qayıda bilmişdir. 1918-ci ildə qonşu Murxuz, Şıxlar, Dəstəyurd kəndləri də yandırılmışdır. 1931-ci ildə güclü zəlzələ nəticəsində hər üç kəndin bir çox evləri uçmuş, ölən və yaralananlar olmuşdur.

 

İşğal olunan yurd yeri

 

Hələ sovetləşmədən əvvəl Püsək, Alişər və Qıvraqda məscid və mollaxana olmuşdur. Məscidin nəzdindəki mollaxananın sonuncu müəllimi Hacı İsmayıl idi. Onun oğlu Molla Lətif 1937-ci il repressiya qurbanı olmuşdur. Məscidlər dağıdılmış, anbara çevrilmişdir. Pusək məscidinin daşdan yonulmuş dirəyi 1980-ci illərə kimi qalmaqda idi. Şeyx Əfəndi Nigarinin dostu Mola Qayıbın (Qeyibin), Hacı Mollalı və Hacı Seyidin məzarı da Sofuludadır.

Min illər boyu türk yurdu olmuş Qərbi Azərbaycanda Rusiya tərəfindən 1921-ci ildə yaradılmış indiki Ermənistan dövləti ərazisində Azərbaycan türklərinə qarşı məqsədyönlü və ardıcıl təzyiqlər, qətllər, deportasiya (1948-52) aparılmış və nəticədə türk əhalisinin sayı sürətlə azalmış, kəndlər, yaşayış yerləri xarabazarlığa çevrilmiş, ya da erməniləşdirilmişdir. Zaman ötdükcə Sofuluonunla qonşu bir neçə Azərbaycan kəndləri də ermənilərin əhatəsində qalmışdır. Buna baxmayaraq, sofulular digər türk kəndlərinin əhalisi kimi öz adət-ənənələrini, dədə-baba qaydalarını Azərbaycandan uzaqlarda da qoruyub saxlamışlar.

Sofulunun qədim türk torpağı olduğunu tarixi yerlərin adları bir daha sübuta yetirir: Kotan yalı, Xırda düz, Yumuru til, Böyük til, Eyvan daşı, Xaaz qaçan, Arxaşan, Ulu güney, Plovlu təpə, Hərəmlər, Daş Qala, Bəylik, Xıdır samanlığlı, Qara torpaq dərəsi, Saf Dərə, Məşədi Qoca çəmənliyi, Cayca yurd, Mollu yurdu, Qaşqa çeşmə, Əbdlilli yurdu, Xıdır yurdu, Qəcil qayası, Bayraməliyə toy olan, Ərinməz, Xələfli yurdu, Çiçəkli yaylağı, Qazma yurd, Uz qəbri vaxtilə mövcud olmuş Uzoba kəndinin qəbiristanlığı, Göy çuxur, Yal yurd, Qalax yurd, Boğaz yurd (burada qədim insanlara məxsus mağaralar vardır) Çəyirtğəlik, Dəmirli dərə, Qanqallı yurd, Motal qaya, At ahılı.

Sofuludakı ziyarətgahlar da çox məşhur idi. Bunlara Qırxlar, Hərəmlər, Təkcə pir, Mollaqeyb piri, Hacı Mollalı və Hacı Seyid piri, Armud piri, Hacı Sofunun məzarı, Xeyri piri, Seyid Əhməd pirini misal göstərmək olar.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

Azadlıq.- 2013.- 18 sentyabr.- S.14.