Teymurləngin ordusunda

çətir tutan “əsgər”

Rasim Balayev və Xalidə Quliyeva «Nəsimi» filminin kadrarxası məqamlarından danışır

“Kadrarxası” layihəsinin buhəftəki qonaqları Azərbaycanın görkəmli aktyoru, xalq artisti Rasim Balayev və istedadlı aktrisa Xalidə Quliyevadır. Onlar birlikdə kino tariximizə öz möhürünü vurmuş “Nəsimi” filmindən bəhs edir. Filmin ssenari müəllifi Isa Hüseynov, quruluşçu recissor Həsən Seyidbəyli, quruluşçu operator Rasim İsmayılov, quruluşçu rəssamlar Məmməd Hüseynov, Mais Ağabəyov, bəstəkar Tofiq Quliyev, direktorları Daniil Yevdayev, Bəşir Quliyevdir. Rollarda Rasim Balayev, Xalidə Quliyeva, İsmayıl Osmanlı, Yusif Vəliyev, Məmmdrza Şeyxzamanov, Kamal Xudaverdiyev, Muxtar Manıyev, Əbdül Mahmudov, Səməndər Rzayev, Almaz Əsgərova, Tofiq Mirzəyev və başqaları çəkilib.

“İsa Hüseynovun ssenarisini

bəyənməmək olmazdı”

Xalidə Quliyeva: “1973-cü ilin əvvəlləri idi. Dərs vaxtı auditoriyada oturmuşdum. Əşrəf Mamayev (filmin ikinci recissoru, o vaxt kim olduğunu bilmirdim) adlı bir nəfər gəldi və dedi ki, Xalidə Qasımova lazımdır, Həsən Seyidbəyli onu görmək istəyir. Mən icazə aldım və ilk dəfə olaraq Həsən müəllimin görüşünə getdim. O vaxtı Həsən müəllim Azərbaycan Kino İttifaqının sədri idi. Kabinetə girdim. Bəstəboy, gülərüz bir insan məni elə qarşıladı ki, elə bil 100 ildir məni tanıyır.

Böyük səmimiyyətlə məni salamladı, “xoş gəlmisən, buyur əyləş” dedi. Mən də o vaxt çox qarabaq, qaradinməz bir qız idim. Ümumiyyətlə, sadə geyimim vardı, qətiyyən kosmetikadan istifadə etmirdim. Mənə dedi ki, bir ssenari var, film çəkəcəm. Bu əlbəttə ki, mənim üçün çox maraqlı idi, o anlar çox həyəcanlı idim.

Həsən müəllim dedi: “Ssenarini İsa Hüseynov yazıb. Al, apar oxu, hansı obrazı bəyənsən səhər gələndə deyərsən. Hansı rol xoşuna gəlsə, onu da oynayarsan. Mən də ssenarini götürdüm gəldim evə. Təsəvvür edin Isa Hüseynovun yazısı... Bildiyiniz kimi ssenarinin peşəkar biri tərəfindən yazılmağı çox vacibdir. İsa Hüseynov özü də qələm sahibi, yazıçı idi, ssenaristlik fakültəsini bitirmişdi. Bütün bunların timsalında çox gözəl yazmışdı. Mən ssenarini oxudum və səhərə qədər yata bilmədim, ağladım. Nəsiminin edam səhnəsi mənə çox təsir etmişdi ki... Bu qədər insanın içində Nəsimi mənim üçün bir günəş idi. Öz-özümə sual verirdim ki, bu günəşin sönməsinə necə razı oldular, niyə qalxıb onu müdafiə etmədilər, cəlladların üstünə yerimədilər. Içimdə bir üsyan qalxmışdı”.

Xalidə Quliyeva deyir ki, səhər Həsən müəllimin yanında gələndə Fatiməni oynamaq istədiyini bildirir. Həsən müəllim də “mən də səni elə Fatimə rolu üçün nəzərdə tumuşdum” cavabını verir.

“Ssenarini mənə xəstəxanada verdilər...”

Rasim Balayev: “Təxminən 1972-ci il idi. Xəstəxanada yatırdım. Stress, əsəb məni əldən salmışdı, depressiyada idim. Özümü çox pis hiss edirdim. İkinci rejissor xəstəxanaya gəldi. Oxumaq üçün ssenarini mənə verdi, ”oxu" dedi və getdi.

Mən heç oxumadım, çünki inanmırdım ki, doğrudan da filmə çəkmək istəyirlər. Həm də xəstəliyimdən dolayı inanmırdım ki, yenidən düzələrəm... Növbəti dəfə gələndə oxumasam da yalandan dedim oxudum. Çox gəldilər-getdilər, əl çəkmədilər. Nəhayət xəstəxandan çıxdım, məni məşqə dəvət etdilər. 2 ay məşqdən sonra kinoya çəkilmək üçün təsdiq olundum. Sonradan rəhmətlik Həsən Seyidbəyli dedi ki, məni televiziyada şeir deyəndə görüb, İsa Hüseynovla birlikdə bəyəniblər. Üz cizgilərim onların çox xoşuna gəlsə də, bir aktyor kimi nəyə qadir olduğumu bilməyiblər. 2 aylıq məşq də bundan ötrü idi ki, tam qərara gəlsinlər".

Xalq artisti qeyd edir ki, şeirləri deyəndə heç bir çətinliyi olmayıb: “Çünki, institutda bunları öyrənmişdim. Səsyazma olmadığından televiziya verilişlərində şeirləri canlı deyirdim. Ümumiyyətlə, tez-tez dəvət alırdım, həm müəyyən tədbirlərdə aparıcılıq , şeir demək, həm də tamaşalarda oynamaq üçün. Hamısı da canlı olurdu”.

“Rasim Balayev Həsən Seyidbəylinin kəşfidir”

Xalidə Quliyeva: “Film dövlət tərəfindən Heydər Əliyevin göstərişi əsasında Nəsiminin 600 illiyinə həsr olunurdu. Yubileylə bağlı Nəsiminin heykəli hazırlandı, rəssamlar onun portretini çəkdi, balet quruldu və s. Beləcə böyük şairin yubileyinə dövlət səviyyəsində sürətli hazırlıq gedirdi.Bu filmin çəkilişinə böyük pul ayrılmışdı.

Demək olar ki, Həsən Seyidbəyli Rasim Balayevi Azərbaycan kino sənəti üçün kəşf elədi. Həsən müəllim onun ifasına çox ciddi yanaşırdı, həm də çox tələbkar idi. Çəkiliş prosesində rejissor bəzən əsəbiləşirdi, qışqırırdı. Rasimin sıxıb suyunu çıxarırdı, ta ondan istədiyini alana qədər. Nəinki, Rasimə qarşı, hamımıza qarşı belə idi. Istədiyini alanadək suyumuz çıxırdı. Həsən Seyidbəyli işinin peşəkarı idi deyə, bizdən də peşəkarlıq tələb edirdi.

Bildiyiniz kimi, o, Azərbaycan kinosuna ən böyük həyat gətirdi, həyata bənzər kino estetikasını yaratdı. Pafosdan, patetikadan uzaq bir kino bəxş etdi. “Sən niyə susursan”, “Bizim Cəbiş müəllim” kimi...

“Nəsimi” tarixi bir film idi. Bu cür filmləri çəkmək çətin idi. O mühiti yaratmaq üçün kostyumlar, obrazların dəqiq seçilməsi, əlbisələr, interyer, hər şey ayrı-ayrılıqda şərt idi. Bu ekran əsərində kütləvi səhnələr də çoxdur. Bu baxımdan Həsən müəllim hər şeyi birəbir həyata keçirirdi. Həmin o estetikanı, səmimi, yaxından, içdən danışıq tərzini bu filmə gətirmişdi. Hər kəs öz yerində idi. Məsələn, Yusif Vəliyevin Teymurləng obrazı. Indi də gözümün qarşısındadır. Əgər dünya kinematoqrafçıları film çəksə və Teymurləngi oynamaq lazım gəlsəydi əminəm ki, heç kim Yusif Vəliyevdən yaxşı oynamazdı. Rasim Balayevin özü o qədər möhtəşəm idi ki, sözlə ifadə etmək olmur. Əslində bu filmin əsas uğuru düzgün aktyor seçimi idi".

Film əsasən Qobustanda, Naxçıvanda-Əlincə qalasında, Suraxanıdakı Atəşgah kompleksində, Iraqda-Hələb şəhərində (dəyirmanın fırlanması kadrı), Ramana qalasında, Özbəkistanın Urgenç vilayətinin Xivə şəhərində ekranlaşdırılıb.

“45 kiloqram çəkidə cılız bir qız idim”

Xalidə Quliyeva: “Filmdə saçım çox uzun idi. Qrim etmək üçün məni qrim otağına gətirdilər. Qrimyor çox peşəkar olan Volodya idi. O dedi ki, Həsən müəllim, bunun saçın kəsmək lazımdır, nə parik, nə də başqa bir şey, ən yaxşısı kəsək. Mənim də hörüklərim vardı.

Həsən müəllim üzümdə yaranan ifadənimi gördü, axı biz azərbaycanlılar saça önəm veririk. Baxdı mənə dedi ki, yox, onun bir tükünə də əl vurmazsan.

Saçımı özbək qızlarının saçı kimi hördülər. Neçə dənə hörük edib başıma doladılar, pariki də üstdən taxdılar. İsti havada çox çətin idi, yun corablar, üstündən çarıq, qalın geyimlər, dəbilqə başımızda... Bir mənə yox, hamıya çətin idi. Təsəvvür edin ki, yayın qızmarında hamı papaqda, xüsusilə də Teymurləngin, Nəsiminin geyimləri...

Qobustan yayda necə olur hamı bilir, ilanlar mələyir, hər addımda ilan vardı. Biz hər şeyə hazır idik. Həkimlərdən tutmuş texniki məsələrə qədər hər şey hazılıqlı idi, təkcə qalırdı yaradıclıqla məşğul olmaq. Kütləvi səhnədə hamının at çapdığı yerdə atdan yıxıldım. Hardakı Fatimə atası Nəimini kəcavədə tapmır, anlayırlar ki, onu başqa bir yolla aparıblar. Atdan yıxıldığıma görə ümumi planda atı mən çapmadım, dublyor oynadı. Amma iri plandakı mən idim. Əvvəlki filmlərdə at çapmağı öyrənmişdim, amma atlar yarış atları kimi çox sürətli idi deyə, çətin olurdu. Həmin filmdə də atdan yıxılmışdım, orda çoban qızı oynayırdım. 19-20 yaşlarında 45 kiloqram çəkidə cılız bir qız idim".

Mərkəzi Komitə Rasim Balayevin

Nəsimi roluna çəkilməsinə qarşı çıxır

Rasim Balayev: “Fimin yaradıcıları istəyirdi ki, yeni sima təqdim etsinlər. Buna baxmayaraq, mənim özümdə inam yox idi. Çünki, o vaxt bir neçə filmdə yoxlansam da, məni çəkməmişdilər. Buna görə də inamım qalmamışdı. Eşitmişdim ki, Nəsiminin yubileyini YUNESKO keçirəcək, bu səbəbdən ümumiyyətlə inamsızlığım vardı. Hətta əmin idim ki, rolu hansısa təcrübəli bir aktyora verəcəklər. Çünki eşitmişdim ki, hətta Rusiyadan aktyor dəvət etmək istəyirlər.

Həmin vaxtlar mənim xəbərim olmasa da, sonradan eşitdim ki, mənim filmə çəkilməyimə etiraz edənlərdən biri Fərhad Xəlilovun atası Qurban Xəlilov olub. Məsuliyyətli bir iş olduğundan “risk etmək olmaz” deyib. Təklif edib ki,  tanınmış, səriştəli  aktyorlardan biri dəvət olunsun.

Amma Həsən Seyidbəylinin israr və xahişindən sonra mənim çəkilməyimə razılıq verirlər. Çünki, Həsən müəllim məndən başqa heç kimi bu obrazda görə bilmədiyini israrla vurğulayır.

Sonradan Həsən Seyidbəyli “Nəsimi”nin ən vacib səhnələrini bizə məşq elətdirdi. Rejissorda tam əminlik yarandı və beləcə Nəsimi roluna təsdiq olundum".

Aktyor deyir ki, dəvələr, edam səhnəsi Özbəkistanın Urgenç vilayətinin Xivə şəhərinə ekranlaşdırılıb: “Nəsimini Hələbdə öldürüblər. Bizim ora getməyimizə imkan yox idi deyə, çəkilişləri Xivədə reallaşdırdıq.

Edam olunmağıma qalanda, mən ümumiyyətlə heç bir filmdə belə bir epizod görməmişdim, eşitməmişdim. Bilirdim ki, müxtəlif filmlərdə insanlar müəyyən mənada cəzalandırılır, öldürülür, amma bu cür insan dərisini soymaqla edam olunmasını bu ssenaridən oxudum.

Qanın, üzümün rəngini qrimlə, rənglə düzəltdilər, bunlar texniki tərəf idi. Əsas olan isə psixoloji məqam idi, mən ağrını hiss etməli idim ki, obraz canlı alınsın. Biri var adi bir insanın ağrısı, qışqırıb-bağırmağı, bir də var Nəsimi kimi dahinin ağrısı. Nəsimi həm ağrıyır, həm dözür, həmdə təslim olmurdu, iztirabı daxilən yaşayırdı.

Nəsə o ağrı məsələsində bir az çətinliyim oldu. İsa Hüseynov təklif elədi ki, əlimdə mıx saxlayam və sıxam. Bununla da müəyyən ağrı hissi yaransın. Elədim, əlimi də deşdim,  amma bir faydası olmadı. Beləcə ilk gün çəkiliş alınmadı. Çünki, rejissorun istədiyi bu deyildi. Uzun axtarışdan sonra filmdə eşidilən “mmm” iniltisini elədim. Və kadr çəkildi, inandırıcı alındı. Baxan tamaşaçı da o iniltiyə, iztiraba inandı: ağrısa da Nəsimi düşmənə yalvarmır, dözür...

Həmişə məndən soruşurlar ki, dərini necə soydular, qanın necə yerə töküldü. Bu çətin iş deyil. “Kapron”un içinə rəng qoyulur və lazım olan məqamda onu soyundururlar və qan tökülməyə başlayırdı. Demək istəyirəm ki, bunlar hamısı texniki tərəflər idi. Əsas onu hisslərlə canlandırmaq lazım idi".

Xalidə Quliyeva: “Nəsiminin edamı o qədər inandırıcı idi ki, kütləvi səhnədəki insanlar belə, çox həyəcan keçirirdilər. Onları izləyəndə elə başa düşmək olardı ki, doğurdan adam edam olunur. Onu da deyim ki, Nəsiminin edam səhnəsinin çəkilişi birinci gün alınmadı, Həsən Seyidbəyli razı qalmadı. Rasimə bir gün yemək vermədilər ki, sönük, halsız, solğun görünsün. Amma ikinci dəfə Həsən müəllim və Rasimin səyilə çox möhtəşəm alındı. Düşünürəm ki, o film başqa bir rejissora həvalə olunsaydı, belə effektli alınmayacaqdı.

“Nəsimi”dən sonra çəkilən tarixi filmlər də, bu qədər real, inanadırıcı olmadı. Çünki, bu filmdə insan faktoru vardı. Tarixi film olmağına baxmayaraq insan ruhunun azadlığı öndə tutulmuşdu.

Film festivalında Rasim ən yaxşı kişi roluna görə ödül qazandı, sonra ən yaxşı tarixi film adına layiq görüldü. O zaman Mərkəzi Komitə filmdən çox razı qaldı".

Birdən yada düşdü ki, Teymurləngin papağı Bakıda qalıb...

Xalidə Quliyeva: “İnsanların kütləvi şəkildə əllərində ənamla, hədiyyələrlə gəldiyi yer Şirvanşahlar sarayında lentə alınıb. Teymurləngin əsgərlərlə yürüşünü Mərəzə yolunda Cəngi deyilən yerdə çəkdilər. Kütləvi səhnədə oynayacaq 5 minə qədər aktyor, könüllü adamlar, tələbələr kinostudiyada kostyumları geyinib avtobusla Cəngiyə yollandı. Bəlkə də 50-60 avtobus adam ”Şamaxinka" yolunda düzülmüşdü.

Çəkiliş zamanı məlum oldu ki, Teymurləngin papağı kinostudiyada qalıb. Təsəvvür edin, o istidə minlərlə insan Teymurləngin papağını gözləyib. Nəysə papaq gətirildi, start veriləndə qəfil yağış başladı. Həmin səhnədə vertolyotdan çəkiliş olacaqdı, o da alınmadı. Gözlədilər yağış dayandı, görkəmli operatorumuz Rasim İsmayılov dağın başında kamera qoyaraq çəkiliş etdi. Yağış yağsa da, çəkilişi saxlamadılar. Start verildi, çəkiliş başladı. Bir də eşitdik ki, rejissor, operator qışqırır “a bala, heç çətir yeridi?!”. Sən demə kütləvi səhnədəki əsgərlərdən biri islanmasın deyə, başına çətir tutubmuş... Hamıya maraqlı gəldi ki, bu adam bu həngamədə çətiri hardan tapdı...

Təsəvvür edin, 14-15-ci əsrdən bəhs edən filmdə  çətir görüntüsü...

Teymurləngi oynayan Yusif Vəliyev o qədər istedadlı idi ki, hətta axsamaq məsələsində də inandırıcı oynayırdı. Neçə illər teatrda çalışmış peşəkar aktyor idi. İsmayıl Osmanlı, Məmmədrza Şeyxzamanovun obrazı özü faciədir. Hər şeyini, hətta bircə qızı Şəmsi də ideyaya qurban verir. Balasını itirdikdən sonra bayquş kimi tənha qalır".

Xalidə Quliyeva deyir ki, Fatimənin ud çalması səhnəsində ilk dəfə əlinə bu musiqi alətini götürüb.

“İsa Hüseynov başqa aləm idi”

Rasim Balayev çəkiliş meydanında olan insanların böyük marağını dilə gətirir: “O vaxt aktyora, rejissora, sənətə böyük hörmət vardı. Buna görə də hamısı məsuliyyətlə, canla-başla, məhəbbətlə işini icra edirdi. Yadımdadır ki, əllərim bağlı olan səhnələrin birində susadım. Dedim ki, mənə su verin. İnanın rejissora imkan vermədilər ki, mənə su gətirsin. İnsanlar hərəsi bir tərfədən kömək etməyə çalışdı. Çox qürurverici anlar idi. Aktyoru yaşadan belə hisslərdir. Tamaşaçı tərəfindən bəyənilmək, sevilmək.

Filmin məsləhətçisi Əli Fəhmi obrazın xarakterini, səhnələrdəki şeir parçalarının deyilmə tərzini tam mənimsəməyimiz üçün qəzəllərin hər misrasını bizə bir-bir izah edirdi".

Rasim Balayevin OLUM ya ÖLÜM məsələsi!

Rasim Balayev: “Nəsimi yeganə tarixi filmdir ki, orda dekorasiya yoxdur. Məsələn ”Babək", “Nizami”, “Dədə Qorqud”da var, amma “Nəsimi” filmi bütünlüklə naturada çəkilib, pavilyon çəkilişləri olmayıb. Onda mənim 24 yaşım vardı. Bu mənim üçün sıradan deyildi, tale yüklü bir film idi... Müsair filmdə çəkilmək deyildi “Nəsimi”.

Əslində bu ekran əsəri mənim üçün risk idi: ya tamaşaçılar tərəfindən qəbul olunmalı idi, ya da sənətdən çıxıb getməli idim. “Nəsimi” mənim ölüm, ya olum məsələmə çevrilmişdi".

Azadlıq.- 2015.- 2 fevral.- S.14.