“Gecə qatarında qətl” necə baş verib?

 

Əbdül Mahmudovdan filmlə bağlı maraqlı açıqlamalar

 

Modern.az saytının “Kadrarxası” layihəsi davam edir. Bu dəfə kinorejissor və aktyor Əbdül Mahmudov “Gecə qatarında qətl” filimindən danışır. “Gecə qatarında qətl” filmi yazıçı Natiq Rəsulzadənin “İntihar edənin qeydləri” povestinin motivləri əsasında çəkilib. Ekran əsəri Əfqanıstanda hərbi xidmət keçib, kontuziya alan gəncin təlatümlü həyatından və faciəli ölümündən bəhs edir. Özü də bilmədən kriminal-mafioz dəstəyə qoşulan, mürəkkəb bir həyatın ağuşuna düşən Rüstəmin tale işığı elə bu yolda da sönür.

 

Başısoyuqluq və yelbeyinlik, inadcıl və sərbəst xarakter Rüstəmi (Fəxrəddin Manafov) məhkəməyə gətirib çıxarır. Demək olar ki, günahsız olan qəhrəman düşərgədə dörd il keçirir. Nağıyev isə hər ay onun maaşını anasına (Elmira Şabanova) çatdırır. Həbsxanadan azad ediləndən sonra o, yenidən Nağıyevin yanına qayıdır. Nəhayət Rüstəm yatdığı “yuxu”dan qəfil ayılır. Lakin artıq çox gecdir. Çünki, o məhvə məhkumdur...

Film üzərində işləyənlər: quruluşçu rejissor Əbdül Mahmudov, quruluşçu operator Kənan Məmmədov, ssenari müəllifi Natiq Rəsulzadə, quruluşçu rəssam Kamil Nəcəfzadə, bəstəkar Arif Məlikov, rejissor Nadir Əzməmmədov, filmin direktoru Əhmədağa Qurbanovdur.

Rollarda Fəxrəddin Manafov, Həsənağa Turabov, Diana Malaya, Valeri Kovtun, Muxtar Manıyev, Yusif Muxtarov, Elmira Şabanova, Niyaməddin Musayev, Nailə Zeynalova və başqaları çəkilib.

 

“20 yanvar” faciəsinin

kölgəsində qalan faciəli film...

 

Əbdül Mamudov: “Gecə qatarında qətl” bütün zamanlarda dedektiv janrında çəkilən ən yaxşı filmdir. Sadəcə filmin ərsəyə gəlməsi 20 yanvar hadisələrinə təsadüf etdiyindən bir az kölgədə qaldı. Biz şəhərin içində əli silahlı rus əsgərlərinin müşayiətilə çəkilişlər aparırdıq.

Film əsasən Bakıda, Şamaxıda (itən epizoda, sonradan aydınlıq gətirəcəyik), İçərişəhərdə (Cəbiş müəllim filminin çəkildiyi həyət), Odessa şəhərində, həmçinin Odessa-Bakı qatarında, pavilyonda lentə alınıb. Rüstəmin (Fəxrəddin Manafov) həbsxanadakı tək səhnəsi istisna olmaqla çəkilişlərin hamısı naturada reallaşdırılıb. Yalnız həmin səhnə pavilyonda ekranlaşdırılıb.

Narkobaron Nağıyevin ofisini köhnə “Moskva” otelində (indiki Alov qülləsi), saunayla bağlı səhnələri “Kubinka”da, “Firdovsinin sauna”sı deyilən məkanda çəkmişdik".

 

“Filmdən sonra 3 məhbusu azadlığa buraxdırdım”

 

Ə.Mahmudov deyir ki, filmdə gördüyümüz həbsxana real olaraq 10-cu kalonda lentə alınıb. “Həbsxana səhnələri Dərnəgüldəki 10-cu kalonda çəkilib. O islah müəssisəsində yatan məhkumları da filmə çəkirdik. Bir həftə ərzində həbsxanada çəkilişlər apardıq, onlarla çox gözəl ünsiyyətimiz də yarandı. O vaxt türmələrin ”zamministr"i olan Xosrov müəllim bizim məsləhətçimiz idi. Hətta zarafatca mənə demişdi ki, ?Əbdül müəllim, sizin burdakı bir həftəlik işiniz, bizim 20-30 illik fəaliyyətimizdən daha çox xeyir verdi".

Çəkiliş prosesində iştirak edın məhkumlarla mütəmadi ünsiyyətdə olurdum, onlara məsləhətlər verirdim, etdikləri əməlin yalnış olduğunu başa salmağa çalışırdm. Deyirdim, “mən də sizin yaşlardayam, Fəxrəddin sizdən də kiçikdir, amma bizə necə hörmət, diqqət var. Burdan çıxandan sonra yeyib-içib ailəmizin, uşaqlarımızın yanında gedirik”. Onlara sual edirim ki, siz yaxşı kişilərsiz yoxsa biz?. Diqqətlə baxıb başlarını aşağı salırdılar. Bizimlə ünsiyyət zamanı onlarda həyat eşqi yaranmışdı.

Bizə olan hörmət, maraq o qədər idi ki, hətta bu filmdən sonra 3 nəfər gənci həbsxanadan çıxartdırdım. Gənclərdən biri karateist idi, respublika çempionu da olmuşdu. Təsadüfən davaya qoşularaq bir nəfərin çənəsini sındırmışdı. Onu buraxdılar. Bu yaxınlara qədər də küçədə görəndə həmişə mənimlə xüsusi görüşürdü. Filmdə Rüstəmlə dalaşan oğlan həmin idmançı idi. Adını xatırlamıram.

Həmin səhnəni bir kadra çəkdik. Oğlanda pişik cəldliyi vardı. Səhnə təhlükəli idi. Bildirdim ki, ehtiyatlı olmaq lazımdır. Oğlan dedi ki, necə lazımdırsa vuruşaq, təbii olaraq, qorxmaq lazım deyil. Mən qorxdum ki, pəncərədən yıxılar. O isə təkid etdi. Nəhayət start verildi həmin kadr bir dubla çəkildi.

Fəxrəddin onu vuranda həqiqətən də ikinci mərtəbədən aşıb yerə yıxıldı. Çox məharətli gənc idi".

Kinorejissor həmin gəncin məhbusluq həyatına da aydınlıq gətirib: “Gənc böyük bir restoranda dava düşəndə məsələyə ciddi müdaxilə edib. Bilirsiniz ki, o vaxt idmançılar qanun pozanda adi vətəndaşlardan çox iş verilirdi. Vurub bir nəfərin çənəsini, digərinin qabırğasını sındırmışdı. Ona 6 il vermişdilər. Biz çəkilişə başlayanda artıq cəzasının üç ilini çəkmişdi. Nə isə, mənim həbsxanaya bir ay gediş-gəlişlərim, Xosrov müəllimin köməkliyilə o, azad olundu.

Onunla bərabər iki nəfəri də azad etdirdim. Onlardan biri də Ağcabədi rayonundan idi, qonşusunun hinindən toyuq oğurlamışdı. Onun da azadlığa çıxmasına 3-4 ay vaxt qalmışdı. Onu da xahişlə çıxartdırdım. Azad olunan digər məhkum da səhv etmirəmsə,  yüngül cəza ilə yatırdı. Nəzərinizə çatdırım ki, həmin həbsxanada ilk dəfə cinayət törədənlər saxlanılırdı".

Əbdül Mahmudov: “Baş rol qəhrəmanı 18 yaşında olmalı idi. Yaşına görə əvvəlcə Fəxrəddini düşünməmişdim. Çox düşündüm, çox axtardım. Yaşları uyğun olan aktyorları götür-qoy etdim, fakültələri gəzdim, amma mənə lazım olanını tapa bilmədim. Mənim xəyalımda qurduğum obrazın kriteriyaları yalnız Fəxrəddin Manafovda idi. Sonra ssenarist Natiqlə razılaşaraq, Rüstəmin yaşını artırdıq, çünki ssenaridəki yaşı 18 idi”.

İstedadlı aktyor Fəxrəddin Manafov bu flmdə də çəkiliş heyətini məyus etmir. Uğurla yaratdığı Rüstəm obrazına canlılıq gətirir: “Fəxrəddin elə bir aktyordur ki, film üçün cannından belə keçər. Çünki aktyorluq onun daxilində, qanında, canındadır. Obraza girəndə ruhən roluna bağlanırdı.

Növbə 10-cu kolondakı çəkilişlərə çatmışdı. Çəkiliş qrupu ilə kolona getdik.Onu da deyim ki, o vaxt Fəxrəddin qrimini özü edirdi. Nə isə, kolonun rəisi ilə görüşdük, hal-əhval tutduq. Onu da deyim ki, biz avadanlıqları çıxarana qədər o qrimlənib hazır dayanmışdı. Fəxrəddin məşq etmək istədiyini bildirdi. Razılaşdıq, ona boz rəngdə həbsxana kostyumu verdilər. Kolonda olan məhbuslar kino çəkildiyindən xəbərsiz idilər.

Fəxrəddin sadəcə yeni məhbus adıyla onların yanına getmək istədi. Bildirdi ki, film çəkildiyini məhbuslara deməsinlər. Desinlər ki, yeni məhbus gəlir. Onların münasibətini bilmək istəyirdi. Kolon işçiləri onun qoluna girdilər. Kalona hay-küy düşdü ki, yeni məhbus gəlir. Hamı maraqla baxırdı. Birdən biri soruşdu ki, rəis bu məhbusu haradan gətirirlər?. Rəis dedi ki, bu çox məşhur bir canidir və Salikamskdan gəlib. Salikamsk da o vaxt Sibirdə olan xüsusi cinayətləri törətmiş məhbusların saxlanıldığı yer idi. Məhbusların hamısı bir anlıq düşündü ki, peşəkar cani gəlir aralarına. Avadanlıqları içəri aparanda məəttəl qaldılar. Məhbuslardan biri qayıdıb dedi ki, əşşi nə Salikamsk? Bunlar kino çəkməyə gəliblər. Çox gülməli bir məqam yarandı. Hamı-məhbuslar da, aktyorlar da çox güldülər".

 

Film 1-ci kateqoriya alıb

 

Əbdül Mahmudov: “Filmdə Niyaməddin Musayevin debutü də var. Çox hörmət etdiyim insanlardandır. Dəvət etdim razılaşdı və çəkildi. Epizodlardan birində ”Qanun" nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlu çəkildi. O, kinostudiyanın nəzdindəki aktyorluq kurslarında oxuyurdu. Mafioz Nağıyevin quldur dəstəsinin üzvlərindən birini canlandırırdı. Filmin qəhrəmanı Rüstəmi Özbəkistandakı hava limanında məhz o qarşılayaraq, narkobaronun yanına aparır. Sonralar Şahbazın naşir olması mənə qəribə gəldi. Çünki o, gözəl oxuyurdu, qəribə düşüncə tərzi, aktyorluğa böyük marağı vardı.

Ordakı rus qızı əslində erməni obrazı olmalı idi. Rolu Diana Malayeva canlandırırdı. O, Kiyev Institutunu bitirmişdi, Odessa studiyasında çalışırdı. Təəssüf ki, bir neçə planları dəyişdirməyə məcbur oldum. Aləmin qarışan vaxtı idi. Obrazın erməni qızı olmasını istəyirdim, təəssüf ki, icazə vermədilər. Dedilər ki, mütləq dəyişdirilməlidir. Mən hətta dublyajda da müəyyən nüanslar saxlamışdım, diqqət çəkmək istəyirdim ki, o ermənidir. Onu da Moskvada çıxartdılar.

Filmdə istədiklərimi tam əxz etmək üçün maneələr oldu. Bəzi səhnələri filmə daxil edə bilmədik. O vaxt hələ Sovet qoşunları Bakıda idi. Filmdəki söhbət narkobizneslə dövlət inzibati orqanlarının əlaqəli işindən gedirdi. Mafiyanın başında polis özü dururdu. Təbii olaraq xırda-para qazanc üçün heç bir imkan yox idi, ola da bilməzdi. Bu reallığı çılpaqlığı ilə vermək isə mümkünsüz oldu...".

Filmdə kifayət qədər açıq-saçıq səhnələrin olması o vaxt üçün az rast gəlinən idi.  Ə.Mahmudov da bu fikirlə razılaşır: “Bəli doğrudan da bir neçə səhnədə açıq-saçıqlıq vardı. Bədii əsər olduğu üçün aktyorlar da etiraz etmədi. Çünki söhbət narkobiznes aləmindən gedirdi. Bəli, bizimkilər üçün görünməmiş bir şey idi. Amma bu aləmin belə tərəfləri vardı. Və bədii əsər olduğu üçün o səhnələrin canlandırılmasında heç bir qəbahət görmədik.

O vaxt filmə SSRİ kinematoqrafiya komitəsinin birinci kateqoriyası, SSRI teleradiosunun baş prizini vermişdilər. Mən çox sayda məktublar alırdım.

Bizim film Moskvada dəfələrlə nümayiş olundu, böyük maraqla qarşılandı, minlərlə tamaşaçı toplaya bildi".

 

“Filmə görə vaqonda yaşadıq”

 

Əbdül Mahmudov: “15 günə yaxın vaqonda yaşadıq. Çəkə-çəkə Odessaya getdik, ordan da Bakıya qayıtdıq. Yolda saxlayırdıq, lazım olanda vaqonu açıb bir az dincəlirdik sonra yenə davam edirdik.

Finalda əslində Rüstəmlə dalaşdıqdan sonra onu pəncərədən yerə atmalı idilər. Bu mənə real görünmədiyindən onu elə vaqondaca “boğmaq” qərarına gəldim.

Polis rolunda oynayanlar həqiqətən də polislər idi. Nadir müəllim içlərində əjdaha bir kişi idi. Fikirləşdim ki, onsuz da Rüstəmin həyatı da ölümdür, sonu da ölümdür. Birdən beynimə gəldi ki, onu elə vaqondaca asaq. Çünki onun bütün ömrü yollarda, səfərlərdə, vaqonlarda, paraxodlarda keçmişdi. Atalar sözündə deyildiyi kimi “su səhəngi su yolunda qırılar”.

 

“Əfqanıstanda çəkiliş edə

bilməmək ürəyimdə qaldı”

 

Əbdül Mahmudov: “Operator işindən çox-çox razı qaldım. Kənan super operatordur. Film o dövr üçün yeni bir janr idi. Materiala ağırlıq gətirilmədən səmimi bir film yarandı. Belə filmlərə yeni dalğa deyirlər. Filmdə əsas meyar insan taleyi idi. Ağır qan-qada, cavan bir oğlan və s.-ni ümumi ab-hava ilə əlaqələndirdik.

Film ərsəyə gələndə məndə iki böyük problem oldu. Birincisi xatirə epizodu idi. Əfqanıstandan epizodlar çəkmək istyirdim, amma onu reallaşdıra bilmədim. Çünki Sovet hökuməti Əfqanıstandan qovulmuşdu. Hər kəs öz hayında idi. Orda xalq hərəkatı, daxili inqilablar başlamışdı. Bu səbəbdən də Əfqanıstanda hər hansı çəkiliş etməyimiz mümkünsüz idi. Amma ürəyimdə qaldı.

Digər çətinlik isə o idi ki, filmin əsas kuliminasiyasından bəhs edən hissə itdi.

Filmi yenicə bitirmişdik ki, aləm qarışdı. Həmin ərəfədə də filmdən 2-3 metrəlik bir hissə itdi. Həmin hissədə əsas fikir açıqlanırdı. Yəni oğlan niyə Odessaya gedir, niyə Mariyaya görə geri qayıdır , onu niyə öldürdülər və s.".

Müəllifin sözlərinə görə, indi tamaşaçıların izlədiyi film “raboçi” filmdir: “Orijinal film Moskvadadır, onu geri almaq üçün isə xərc çəkmək lazımdır”.

 

Azadlıq.- 2015.- 16 fevral.- S.14.