Tarix ittiham edir

 

Naxçıvan Dövlət Universitetində azərbaycanlıların soyqırımına həsr olunmuş mərasim keçirildi. Tədbir sənədli filmin nümayişi ilə başladı, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Mərasimdə çıxış edən rektor, akademik İsa Həbibbəyli qeyd etdi ki, XIX əsrin sonlarından etibarən Azərbaycan xalqına və onun dövlətçiliyinə qarşı yürüdülən soyqırımı və deportasiya siyasətinin tarixi araşdırılmalı və yetərincə təbliğ olunmalı, türklərə qarşı saxta soyqırımı iddiasını bütün dünyaya qəbul etdirmək istəyən erməni vandalizmi ifşa olunmalıdır. Tarixi faktlar sübut edir ki, 1905-07, 1918-20, 1946-48-ci illərdə törədilən, eləcə də ötən əsrin 80-ci illərindən Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə yönəldilmiş soyqırımı ermənilərin tarixində silinməz ləkə, misligörünməmiş qanlı cinayətlərdir. Natiq milli özünüdərk və tarixi həqiqətlərin öyrənilməsi, gəncliyin siyasi qüvvə kimi yetişməsi baxımından elm, təhsil ocaqlarının əhəmiyyətindən də danışdı.

Universitetin "Ümumi tarix" kafedrasının baş müəllimi, tarix elmləri namizədi Məmməd Əliyev "Heydər Əliyev və Azərbaycanda soyqırımı tarixinə ümumdövlət münasibəti" mövzusunda məruzə edərək xatırlatdı ki, 1993-cü ildə ulu öndərin hakimiyyətə qayıdışından sonra ermənilərin soydaşlarımıza soyqırımı və etnik təmizləmə siyasətinə tarixi, siyasi və hüquqi qiymət verilməyə başlanmış, "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli fərman, digər mühüm qərarlar imzalanmışdır. Məruzəçi ölkə başçısı İlham Əliyevin Azərbaycan həqiqətlərinin dünya dövlətləri və ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyətindən də danışdı. "Azərbaycan tarixi" kafedrasının dosenti, tarix elmləri namizədi Elçin Zamanov "Azərbaycanlıların soyqırımı tarixində Naxçıvan" adlı məruzəsində xain ermənilərin ölkəmizin qədim tarixə malik dilbər guşəsi Naxçıvana qarşı zaman-zaman ərazi iddiasında olduqlarını, ümummilli liderin uzaqgörən siyasəti sayəsində Naxçıvanın alınmaz qala kimi dayandığını, uzun illər blokada şəraitində olmasına baxmayaraq daim inkişaf etdiyini, bu qədim diyarın tarixinin, mədəniyyətinin öyrənilməsi istiqamətində əhəmiyyətli işlər görüldüyünü vurğuladı.

Çıxışlarda ermənilərin xalqımıza qarşı törətdikləri qanlı faciələrin dünya ictimaiyyəti tərəfindən beynəlxalq huqüq normalarına uyğun olaraq soqırımı kimi qəbul edilməsi, cinayətkarların cəzalandırılması ilə bağlı fikirlər də səsləndirildi. Tədbirdə mövzu ilə bağlı slayd da göstərildi.

 

 

Mehriban SULTAN

 

Azərbaycan.- 2010.-  1 aprel.- S.  11.