Mətbuat öz mənəvi dəyərləri, əxlaqi normaları, ictimai statusu ilə seçilən Azərbaycan qadınının obrazını formalaşdırmağı və təbliğ etməyi bacarmalıdır

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində keçirilmiş "dəyirmi masa"dan qeydlər

 

Aprelin 1-də Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində "Cəmiyyətdə formalaşmış gender stereotiplərinin aradan qaldırılmasında kütləvi informasiya vasitələrinin rolu" mövzusunda "dəyirmi masa" keçirilmişdir.

Komitənin sədri Hicran Hüseynova Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin və Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) bu tədbirin təşkilinə yaxından kömək göstərdiklərini vurğuladıqdan sonra demişdir ki, qloballaşma dövründə, Azərbaycanda demokratiyanın formalaşdığı bir vaxtda jurnalistlərin baş verənlərə münasibəti, gender məsələlərinin işıqlandırılmasında məsuliyyəti bizi narahat edən məsələlərdir. Təəssüf ki, bu gün KİV-lərdə güclü, peşəkar jurnalistlərlə yanaşı, çox zəif qələm sahibləri də vardır. Onların yazıları bu və ya digər problemin həllinə kömək etməkdənsə, ziyan vurur. Biz vaxtaşırı populist çıxışların, lazım olmayan verilişlərin şahidi oluruq. Halbuki bu iş üçün hamımız məsuliyyət daşıyırıq. Ona görə də təsadüfi deyildir ki, bugünkü "dəyirmi masa"nın müzakirəsinə "Cəmiyyətdə formalaşmış gender stereotiplərinin aradan qaldırılmasında kütləvi informasiya vasitələrinin rolu" məsələsini çıxarmışıq. Biz bu gün həm də jurnalistikada öz sözü olan, tanınmış ziyalımız Elmira Əliyevanın "Adamlar... Hadisələr... Zaman..." kitabını təqdim edəcəyik. Yəqin ki, çıxış edənlər bu kitabın məziyyətləri barədə geniş danışacaqlar. Lakin mən bəri başdan bir arzumu bildirmək istərdim: qoy bütün jurnalistlər Elmira xanımın məsuliyyətindən, öz peşəsinə hörmətindən nümunə götürsünlər.

H.Hüseynova Elmira Əliyevaya gül dəstəsi təqdim edərək xoş arzularını bildirmişdir.

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri Vüqar Əliyev qeyd etmişdir ki, ölkəmizdə insan hüquq və azadlıqlarının, onların tərkib hissəsi kimi gender bərabərliyinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ümummilli lider Heydər Əliyev istər sovet, istərsə də müstəqillik illərində respublikamıza rəhbərliyi dövründə Azərbaycan qadınlarının problemlərinin həlli, ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında onların rolunun artırılması məsələlərinə böyük diqqət ayırmışdır.

Sektor müdiri sözünə davam edərək demişdir ki, ölkəmizdə geniş vüsət almış vətəndaş cəmiyyəti quruculuğu söz və məlumat azadlığının, plüralizmin, kütləvi informasiya vasitələrinin sürətli inkişafına etibarlı zəmin və zəruri şərait yaratmışdır. Bu gün Azərbaycanda müntəzəm və ya müxtəlif fasilələrlə yüzlərlə qəzet, jurnal çıxır, ümumrespublika və regional televiziya və radio kanalları, informasiya agentlikləri fəaliyyət göstərirlər. Onlar cəmiyyət həyatının bütün sahələrində baş verən hadisələri işıqlandırır, ictimai-siyasi, sosial-iqtisadi prosesləri dərindən təhlil edir, ictimai rəyi formalaşdırır, faktiki hər ailəyə daxil olaraq milli şüurun, milli mənəvi dəyərlərin inkişafına öz töhfələrini verirlər. Bunları nəzərə alaraq demək olar ki, KİV-lər ailə və qadın problemlərinin həllində də yaxından iştirak edən mühüm vasitələrdir. Televiziya və radio kanallarının, mətbuat orqanlarının səthi monitorinqi göstərir ki, milli informasiya məkanımızda tamaşaçıların, oxucuların nəzərinə aktual problemlərin həllinə, o cümlədən gender stereotiplərinin aradan qaldırılmasına həsr olunmuş materiallar, reportajlar, verilişlər təqdim edilir. Cəmiyyətdə öz nüfuzu, çəkisi ilə tanınan ictimaiyyət nümayəndələri qadın hüquqları ilə bağlı aktual məsələlərə dair öz fikirlərini çatdırmaq imkanına malikdirlər. Eyni zamanda, gender probleminə həsr olunmuş və dövlət, beynəlxalq, yerli təşkilatlar səviyyəsində həyata keçirilən layihələr, onların nəticələri işıqlandırılır. KİV-lər özləri də müstəqil şəkildə gender problemlərinə həsr olunmuş maarifləndirmə xarakterli layihələr həyata keçirirlər ki, bunların da cəmiyyətimiz üçün faydalılıq əmsalını heç də aşağı qiymətləndirmək olmaz.

Prezident Administrasiyasının rəsmisi vurğulamışdır ki, kütləvi informasiya vasitələri Azərbaycanın demokratik, dünyəvi, hüquqi, sivil dövlət quruculuğu yolu ilə inkişaf etdiyini nəzərə almalı və bu mənada, ölkəmizin tərəfdar çıxdığı universal beynəlxalq hüquqi normaların tətbiqi sahəsində maarifləndirmə işini gücləndirməlidirlər. Lakin universal standartların təbliği heç də milli xüsusiyyətlərdən imtina formasında həyata keçirilməməli, mətbuat öz mənəvi dəyərləri, əxlaqi normaları, saflığı, ziyalılığı, mütərəqqi ictimai statusu ilə seçilən Azərbaycan qadınının obrazını formalaşdırmağı və təbliğ etməyi bacarmalıdır. Gender bərabərliyi problemi ilə bağlı məsələlər kütləvi informasiya vasitələri tərəfindən ətraflı işıqlandırılmalıdır. Mətbuat ailə dəyərləri, ailə və cəmiyyətin özəyi kimi qadının rolu, ailədaxili və peşəkar mühitdə qadının bərabərhüquqlu tərəfdaş kimi təqdim edilməsi sahəsində maarifləndirməni gücləndirməlidir. Müasir Azərbaycan ailəsinin çətinlikləri və perspektivləri, eyni zamanda məişət zorakılığı, erkən nikah kimi bəzi mənfi halların aradan qaldırılması üçün səmərəli üsulların axtarılmasında KİV-lərin rolu gücləndirilməlidir.

Vüqar Əliyev "Adamlar... Hadisələr... Zaman..." kitabı haqqında da ürək sözlərini demiş, müəllifə yeni yaradıcılıq uğurları arzulamışdır.

AzərTAc-ın Baş direktoru Aslan Aslanov "dəyirmi masa"nın mövzusunun çox mühüm və aktual olduğunu vurğulamış və qeyd etmişdir ki, ulu öndərimiz Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə qadının cəmiyyətdə rolunu yüksək qiymətləndirirdi. Ümummilli liderimiz deyirdi: "Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bugünümüzün və gələcəyimizin dayağıdır". Dahi Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət qadın siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2006-cı il fevralın 6-da dövlətimizin başçısının fərmanı ilə yaradılmış Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu qurumun adında ehtiva olunmuş hər üç istiqamət üzrə qarşısında duran vəzifələri uğurla yerinə yetirir.

A.Aslanov KİV-lərin müasir cəmiyyətdə dəyərlərin və davranış normalarının formalaşmasında rolunu qeyd etmiş və bu amilin jurnalistlərin üzərinə çox böyük məsuliyyət qoyduğunu vurğulamışdır. O demişdir: "Düşünürəm ki, tanınmış jurnalist Elmira Əliyeva bu məsuliyyəti həmişə dərinliyi ilə dərk etmişdir. Zənnimcə, bu gün onun geniş ictimaiyyətə təqdim etdiyimiz kitabının gender problemləri ilə birbaşa əlaqəsi vardır. Elmira xanım öz yaradıcılığı ilə müasir Azərbaycan qadınının cəmiyyətdə yeri və rolu barədə geniş təsəvvür formalaşdırır".

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova da Elmira Əliyevanın vətəninə, həmvətənlərinə məhəbbətinin məhsulu olan kitabını yüksək qiymətləndirmiş, müəllifin qəhrəmanlarının Azərbaycan xalqına tanıdılmasını nəcib iş adlandırmış və nəşri xüsusilə gənclərin vətənpərvərlik tərbiyəsinə böyük töhfə adlandırmışdır.

R.Aslanova gender stereotiplərinin aradan qaldırılmasından danışarkən qeyd etmişdir ki, gender bərabərliyinin təmin olunması cəmiyyətdə ahəngdarlığın təmin olunmasıdır. Stereotiplərin aradan qaldırılması, anlaşıqlı dialoq üçün ölkəmizdə siyasi iradə vardır. Kütləvi informasiya vasitələrinin üzərinə düşən əsas vəzifə bu dialoqun gerçəkləşməsi üçün iş görməkdir. Azərbaycan xalqının müsbət imicini bütün dünyaya çatdırmaq, bədxahlarımızın formalaşdırdığı mənfi obrazı, rəyi dağıtmaq lazımdır. Bu, indi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə səy göstərildiyi bir vaxtda xüsusilə vacibdir. Azərbaycan cəmiyyəti yüksək mənəvi, əxlaqi dəyərlərə malikdir, vətəndaşlarımız, xüsusilə kişilər və qadınlar arasında qarşıdurma yoxdur. KİV-lərimiz bu məsələləri geniş işıqlandırmalıdırlar. Gənc jurnalistlərimiz Elmira Əliyevanın ənənəsini davam etdirməlidirlər.

Akademik Bəkir Nəbiyev "dəyirmi masa"nın çox mühüm bir məsələyə həsr olunduğunu, Azərbaycan jurnalistikasının ağbirçəyi Elmira Əliyevanın kitabının məhz bu tədbirdə təqdim edilməsinin rəmzi məna daşıdığını vurğulamışdır. Demişdir ki, müəllif vətənə məhəbbəti, vətən övladlarına sevgini təbliğ edir. O, Elmira Əliyevaya yeni yaradıcılıq uğurları arzulamışdır.

Ombudsman Elmira Süleymanova, Milli Məclisin deputatı Elmira Axundova, "Azərbaycan" qəzetinin baş redaktoru, parlamentin deputatı Bəxtiyar Sadıqov, Respublika "Kitab" Cəmiyyəti İdarə Heyətinin və Azərbaycan Qadınları Bakı Assosiasiyasının sədri Zərifə Salahova, filologiya elmləri doktoru Gülrux Əlibəyli, AMEA-nın müxbir üzvü Fazilə Səmədova, arxeoloq professor Qüdrət İsmayılzadə də gender stereotiplərinin aradan qaldırılması ilə bağlı mülahizələrini bildirmiş, "Adamlar... Hadisələr... Zaman..." kitabının məziyyətlərindən danışmışlar. Bildirilmişdir ki, "dəyirmi masa"da müzakirəyə çıxarılan məsələ çox aktualdır.

Elmira Axundova XX əsrin 70-ci illərində Azərbaycanda çox güclü qadın jurnalistlər nəslinin yetişdiyini və Elmira Əliyevanın həmin nəslin parlaq nümayəndələrindən biri olduğunu bildirmişdir. O, Elmira xanımın uğurlu jurnalist taleyindən, çalışdığı mətbuat orqanlarında, o cümlədən "İzvestiya" qəzetində Azərbaycanı layiqincə təmsil etməsindən, prinsipiallığından söz açmışdır. Vurğulamışdır ki, bu gün o, görkəmli jurnalist kimi həmkarlarının uğurlarına həmişə sevinir. Gənc jurnalistlərimiz ondan öyrənməyi özlərinə şərəf bilməlidirlər.

Respublika "Kitab" Cəmiyyəti İdarə Heyətinin və Azərbaycan Qadınları Bakı Assosiasiyasının sədri Zərifə Salahova Elmira Əliyevanın təvazökarlığından söz açmışdır. Qeyd etmişdir ki, Elmira xanım öz qəhrəmanlarını sevir və oxucuya da sevdirir. Bəzi jurnalistlərin ucuz sensasiya dalınca qaçdığı indiki vaxtda bu, xüsusilə əhəmiyyətlidir.

Elmira Əliyeva sonda çıxış edərək əməyinə verilən yüksək qiymətə görə Azərbaycan Prezidentinə dərin minnətdarlığını bildirmişdir. O, həmçinin tədbirin təşkilatçılarına və iştirakçılarına, kitab üzərində işləyərkən ona yaxından kömək göstərmiş insanlara təşəkkür etmişdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yazıçılar və jurnalistlər arasında 1941-1945-ci illərin Böyük Vətən müharibəsi zamanı ön və arxa cəbhədə qələbənin qazanılmasında Azərbaycan qadınlarının roluna həsr olunmuş oçerk və məqalələrdən ibarət müsabiqə elan etdiyini vurğulayan Hicran Hüseynova tədbirə yekun vurmuş, iştirakçılara bir daha minnətdarlığını bildirmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  2 aprel.- S.  4.