Azərbaycan Prezidenti Administrasiyasının nümayəndə heyəti İstanbulda jurnalistlərlə görüşmüşdür

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyədə rəsmi səfərdədir.

Aprelin 2-də səfər çərçivəsində Ramiz Mehdiyev İstanbuldakı "Çırağan" sarayında Türkiyənin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşmüşdür.

Tədbiri Türkiyə Prezidenti Katibliyinin baş katibi Mustafa İsen açaraq Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Ankarada keçirdiyi görüşlər barədə məlumat vermişdir.

Sonra Ramiz Mehdiyev çıxış edərək bildirdi ki, Türkiyəyə rəsmi səfəri çox məhsuldar olmuş və onun nəticələrindən məmnundur. Üçgünlük səfər çərçivəsində Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, parlamentin sədri Məhmət Əli Şahin və digər dövlət, hökumət rəhbərləri ilə faydalı fikir mübadiləsi olmuşdur. Qazi Universitetində Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı dəyərli müzakirələr aparılmışdır.

"Hürriyyət", "Sabah", "Star", "Haber-türk", "Zaman" və digər nüfuzlu mətbuat orqanlarının Azərbaycanla bağlı suallarına cavab verən Ramiz Mehdiyev bildirmişdir ki, Azərbaycan bu gün çox sürətlə inkişaf edir və Qərb analitiklərinin rəyinə görə regionun lider dövlətidir. Müasir müstəqil Azərbaycan dövlətçiliyinin əsasını ulu öndər Heydər Əliyev qoymuşdur. Ümummilli liderin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İndi paytaxt Bakı ilə yanaşı, regionların da dinamik inkişafı prosesi gedir. Ölkəmizdə iqtisadi vəziyyət çox yaxşıdır. Dünyanı bürümüş maliyyə və iqtisadi böhran şəraitində Azərbaycanda iqtisadi artım 9,3 faiz təşkil etmişdir. Azərbaycanda insan haqları sahəsində mühüm islahatlar həyata keçirilmişdir. Prezident İlham Əliyevin siyasəti Azərbaycanı demokratik və inkişaf etmiş ölkələr sırasına çıxarır. Azərbaycan-Türkiyə münasibətləri də ən yüksək səviyyədədir və bu əlaqələrə heç kim müdaxilə edə bilməz. Bu gün Azərbaycan xalqı xoşbəxtdir ki, onun İlham Əliyev kimi rəhbəri vardır. Ona böyük xalq sevgisi vardır və xalqımız onun siyasətini dəstəkləyir.

Prezident Administrasiyasının rəhbəri Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyindən də ətraflı bəhs etmişdir. O vurğulamışdır ki, Türkiyə rəhbərliyinin Azərbaycan torpaqları işğaldan azad olunmayınca, Ermənistanla protokolların təsdiq olunmayacağı barədə bəyanatları xalqımızı məmnun edir. Unutmaq lazım deyil ki, Ermənistan təkcə Azərbaycan torpaqlarına deyil, Türkiyənin ərazilərinə də göz dikmişdir. Rəsmi Yerevan danışıqlar prosesində qeyri-konstruktiv mövqe nümayiş etdirir və Madrid prinsipləri ilə razılaşmadığını bəyan edir. Doğrudur, bu prinsiplər Azərbaycanı qane etməsə də, biz bunu bir mərhələ kimi qiymətləndiririk. Təəssüf ki, 20 ildir münaqişənin nizama salınması ilə məşğul olan ATƏT-in Minsk qrupu işğalçı Ermənistandan təcavüzə son qoymağı tələb etmir. Azərbaycan indi hərbi sənayesini inkişaf etdirir və güclü ordu qurmuşdur. Biz, torpaqlarımızı işğaldan istənilən şəkildə azad etmək hüququna malikik. Eyni zamanda, Azərbaycan Türkiyə əleyhinə erməni lobbisi və onların havadarlarının fəaliyyətinə qarşı mübarizədə qardaş ölkəni dəstəkləyir. Prezident İlham Əliyev ABŞ Konqresi Xarici Əlaqələr Komitəsinin qondarma "erməni soyqırımı" qərarından sonra bəyanat verərək qardaş Türkiyənin yanında olduğunu bildirmişdir. Son zamanlar Rusiya və Türkiyənin Dağlıq Qarabağ probleminin həlli istiqamətində səylərinin güclənməsi də Azərbaycanda məmnunluqla qarşılanır.

Ramiz Mehdiyev qardaş ölkələrimizin bəzi mətbuat nümayəndələrini bir-birinə qarşı yazılar dərc etməkdən uzaq durmağa, əsas diqqəti dövlətlərimizə və xalqlarımıza qarşı düşmən olan qüvvələrlə mübarizəyə yönəltməyə çağırmışdır.

Görüşdən sonra "Topqapı" sarayında İstanbul valisi Müəmmər Gülərin adından Azərbaycan Prezidenti Administrasiyasının nümayəndə heyətinin şərəfinə ziyafət təşkil olunmuşdur.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

İstanbul

 

Azərbaycan.- 2010.-  3 aprel.- S.  1.