Zərif çiçəyin təravəti

 

İnsan taleyi

 

Özümlə başladığım dialoqdan bir nəticəyə gələ bilmirəm. İçimdəki təzadlar, tərəddüdlər arasında çırpınmaqdan yoruldum. Necə olur ki... Yaxşısı budur, fikrimə sizi də şərik edim. Gözlərinizin qarşısına çox gözəl, zərif bir çiçək gətirin. Təbiətin qiymətli yaranışı olan bu çiçəyin, həm də insanı valeh edəcək qədər gözəl ətrini duymağa çalışın. Bir insan övladı olaraq bu əsrarəngiz mənzərəni seyr edərkən qəflətən tufan qalxır, dolu başlayır. Bu, anidən baş versə də, özündən çox sehrinə düşdüyün çiçəyi düşünürsən. Görəsən...

Üfüqdə qövsi-qüzeh görünəndə çiçəyin yanına tələsirsən. Geri dönəndə nə görürsən!? Çiçək necə varsa, eləcə qalır. Nə tufan, nə dolu onu əyə, sındıra bilməyib! Bax, həmin çiçəyi mən eyni ilə Ofelya Mədətqızına bənzədirəm.

Bəzən taleyin amansız fərmanı insanın bütün arzularının üstünə kölgə salır. Özü də elə bir kölgə ki, sanki günəş işığının zərrələrinə həsrət qalır, qaranlıqların təşnəsinə çevrilir. Qəfil gələn faciə, onurğasının qırılması onu iki ayağından etdi. Təbiətən şən, həyatdolu olan Ofelya xanım yatağa düşdü. İndi addım atmaq, yerimək onun böyük arzusu idi. Ümidinin əlindən bərk-bərk yapışıb əməliyyat stoluna pənah gətirdi. 8-10 saat davam edən əməliyyatlar bəzən istənilən nəticəni vermirdi. Nəhayət, 6-cı ağır əməliyyatdan sonra bir addım ata bildi. Həmin gün Ofelyanın həyatının dönüş nöqtəsi oldu. Çünki indi nə kimsədən kömək umur, nə də iməkləməyə məcbur idi. İradə və dözümünə güvənən Ofelya xanım beləcə böyük faciəsinə qismən də olsa qələbə çala bildi. Böyük yaradan bütün bunların müqabilində onu mükafatlandırdı. Gözəl ilham, yazan qələm bəxş etdi. Onun ürək çırpıntılarının əks-sədası olan şeirlərini çox oxumuşam. Bu qəmli, kədərli şeirlər belə insanı bədbinləşdirmir, əksinə, yaşam gücünü artırır. Lirik düşüncələri həyatın, sevib-sevilmənin əvəzsiz bir nemət olduğunu misraların dili ilə pıçıldayır, zehnlərə yazır, ürəklərə hopdurur.

Bir zərif xanımın ürəyi bu qədər mərhəmətli, sevgi dolu olarmı? Hər kəsə xoşbəxtlik, sevinc arzulayan Ofelya xanım həmin sevinclərin hənirtisində mənən rahatlıq tapır. Dərdini, qəmini unutmağa, ağrılarını ovutmağa çalışır. Ofelya Mədətqızı bir-birinin ardınca çıxan "Mənim iztirablarım", "Tənhalıq dərdi", "Şəfalı əllər" və "Tükənməyən arzular" kitablarının müəllifidir. Bu kitablar oxucular arasında böyük əks-səda yaratmışdır. O, həm də ifadəli, avazla gözəl şeirlər söyləyə bilir. Elə bu qabiliyyətilə əlillərin II-III-IV ümumrespublika bədii yaradıcılıq baxış müsabiqələrinin qalibi adına layiq görülüb. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvüdür. Gəncə şəhər Nizami rayonunun icra hakimiyyəti isə Ofelya Mədətqızı Xəlilovanı bədii poetik yaradıcılığına görə və Beynəlxalq Əlillər günü münasibətilə fəxri fərmanla təltif etmişdir.

Bilmirəm inanım, yoxsa inanmayım. Əzabkeş Ofelya xanımın əlli yaşı tamam olur. Gözəlliyindən, təravətindən, enerjisindən heç nə itirməyən bu xanım illərə meydan oxumağı bacarır. Qələmi kədərli olsa da, təbi, ilhamı tükənməzdir.

Deyirlər yaş insanı deyil, insan yaşı şərəfləndirir. Əlli yaşın işığı gözlərimizi qamaşdırsa da həmin işığın bərq vuran zərrələrini gözüdolusu seyr edirik. Çünki o bizə Ofelya xanımı nişan verir, onun tükənməz ilhamına bələdçilik edir, sevindirir, düşündürür, "həyatın hər bir acı-ağrısına baxmayaraq mən sağam, salamatam" - deyir - "mən burada sizin yanınızdayam, hələ deyilməmiş çoxlu sözüm var".

 

 

Rəfiqə SADIQOVA

 

Azərbaycan.- 2010.- 4 aprel.- S.  8.