Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının ümumi yığıncağı keçirilmişdir

 

Aprelin 6-da Bakıdakı "Karvan" sarayında Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının (AŞBMA) ümumi yığıncağı keçirilmişdir.

Yığıncaqda Prezident Administrasiyasının məsul işçiləri, Milli Məclisin deputatları, Ədliyyə Nazirliyinin təmsilçiləri və respublikanın şəhər bələdiyyələrinin sədrləri iştirak etmişlər.

AŞBMA-nın sədri Əbülfəz Babayev ötən dövrdə görülmüş işlər, qarşıda duran vəzifələr barədə məruzə etmişdir. Bildirmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar, dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində və ölkəmizin sosial-iqtisadi inkişafında əldə edilmiş nailiyyətlər, əhalinin yaşayış səviyyəsinin durmadan yüksəlməsi bələdiyyələrin də fəaliyyətinin müasir səviyyədə qurulmasını tələb etmişdir.

Bələdiyyələr tərəfindən 2006-cı ildə təsis edilmiş və Avropa Şurasında Azərbaycan modeli kimi qəbul olunmuş Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələrinin milli assosiasiyaları ötən dövrdə ölkədə yerli özünüidarəetmə institutunun inkişafı və möhkəmlənməsi istiqamətində mühüm işlər görmüşlər.

Assosiasiyanın təşəbbüsü və təşkilatçılığı ilə bütün bölgələrdə bələdiyyə sədrlərinin rayon şuraları yaradılmış, bələdiyyələrin fəaliyyəti əlaqələndirilmişdir. Yerli əhəmiyyətli məsələlərin və vətəndaşların sosial sifarişlərinin həllində bələdiyyələrin rolunun artırılması məqsədilə keçirilmiş tədbirlər sırasında "Bələdiyyə: yeni forma, yeni məzmun" mövzusunda ümumrespublika konfransı, müxtəlif "dəyirmi masa"lar, bələdiyyə sədrlərinin I və II ümumrespublika toplantıları öz aktuallığına görə xüsusi yer tutmuşdur.

Assosiasiyaların irəli sürdükləri "Bir bələdiyyə - azı bir layihə", "Seçicilərimizi eşidək", "Bələdiyyə günü", "Sadə idman qurğularına bələdiyyə qayğısı", "Bələdiyyə kuboku", "Bizim ünvan", "Abad kənd" və "Abad məhəllə" təşəbbüsləri ölkə bələdiyyələrini bir araya gətirmiş, yerli əhəmiyyətli məsələlərin həlli sahəsində fəaliyyəti əlaqələndirmiş, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi üçün əsas olmuşdur. Görülmüş işlər nəticəsində şəhər və qəsəbələr üzrə 64 abad məhəllə, rayonlarda isə 51 abad kənd müəyyən edilmişdir.

Həmin təşəbbüslər çərçivəsində bələdiyyələrin bir qismi layihələr həyata keçirmiş, konkret işlər görərək şəhər, qəsəbə və kəndlərin abadlaşdırılması, sosial obyektlərin, yolların, yaşayış məntəqələrində elektrik və qaz xətlərinin təmiri, su təchizatı, yerli ekoloji problemlərin həlli, sadə idman meydançalarının inşası və istifadəsi sahəsində səylərini artırmış, vətəndaşların ümidlərini doğrultmuşdur. Əhəmiyyətli işlərin bir hissəsi assosiasiyaların müəllifliyi ilə işıq üzü görmüş xüsusi sənədli filmdə və nəşr edilmiş "Bələdiyyə: yeni forma, yeni məzmun" kitabında öz əksini tapmışdır.

Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələrinin milli assosiasiyaları Azərbaycanda ənənəvi olaraq keçirilən "Yerli demokratiya həftəsi"nin də təşəbbüskarı olmuşlar. Bələdiyyələrin vətəndaşlarla əlaqələrinin gücləndirilməsi, vətəndaşların yerli özünüidarəetmə orqanlarına marağının və fəaliyyətində iştirakının artırılmasına yönəldilmiş "həftələr" kütləvilik, mütəşəkkillik və yerli demokratiyanın inkişafı baxımından əhəmiyyətli olmuş və Avropa Şurası tərəfindən yüksək qiymətləndirilmişdir.

İlk dəfə toplantılarda gündəmə gəlmiş və 2009-cu ildə həyata keçirilmiş birləşmə prosesində assosiasiyalar müvafiq təhlillər aparmış, bələdiyyələrin yerləşdiyi yaşayış məntəqələrinin sosial-iqtisadi vəziyyəti və digər yerli xüsusiyyətləri əsas götürülərək konkret təkliflər irəli sürmüş, bələdiyyələri bu işə səfərbər edərək onlara metodiki yardım göstərmişlər.

Ötən ilin dekabrında keçirilmiş seçkilər nəticəsində bələdiyyələrə iş təcrübəsinə, yüksək peşəkarlıq səviyyəsinə və müasir düşüncəyə malik üzvlərin seçilməsi bələdiyyələrin gələcək inkişafına zəmin yaratmışdır.

Ə.Babayev vurğulamışdır ki, yığıncağın məqsədlərindən biri də həmin potensialdan düzgün və səmərəli istifadə olunması yollarının və fəaliyyətin davamlı inkişafını təmin edən vəzifələrin müəyyən edilməsidir.

Assosiasiyanın nəzarət-təftiş komissiyasının sədri, Xırdalan şəhər bələdiyyəsinin sədri Eldar Əhmədovun, Naxçıvan, Şirvan, Kəpəz, Yasamal, Bərdə, Quba bələdiyyələrinin sədrlərinin hesabatları dinlənilmişdir.

Çıxışlarda bələdiyyələrin fəaliyyətinin daha da təkmilləşdirilməsinə dair fikirlər səsləndirilmişdir. İşin bələdiyyələrin milli assosiasiyaları ilə əlaqəli qurulması, qabaqcıl təcrübənin öyrənilməsi, vətəndaşlarla səmimi münasibətlərin yaradılması, vergilərin toplanmasına kömək məqsədilə müvafiq qanunvericilik aktları barədə əhalinin məlumatlandırılması, büdcənin artırılması üçün kiçik istehsal müəssisələri və xidmət obyektlərinin yaradılması tövsiyə edilmişdir.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin sektor müdiri Ramiq Həşimov, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi rəisinin müavini Fazil Məmmədov çıxış etmişlər. Natiqlər bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, onların işinin daha da canlandırılması məqsədilə dövlətin apardığı uğurlu siyasətdən, yaradılmış imkanlardan danışmışlar. Tövsiyə etmişlər ki, bələdiyyələr özlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, əhalinin ehtiyaclarından irəli gələn məsələlərin həll edilməsi istiqamətində lazımi tədbirlər görsünlər. Qanunvericiliklə müəyyən edilmiş vergilərin toplanmasında və digər məsələlərdə bələdiyyələrin üzləşdikləri çətinliklərin aradan qaldırılması yollarından söz açılmış, onların digər qurumlarla daha sıx əlaqəli şəkildə işləməsinin vacibliyi qeyd edilmişdir.

Bələdiyyələrin əldə etdiyi uğurlarla, qarşılaşdığı çətinliklərlə yanaşı, mövcud nöqsanlara da toxunulmuş, yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı təkliflər səsləndirilmiş, suallar cavablandırılmışdır.

Yığıncaqda Şəhər Bələdiyyələri Milli Assosiasiyasının növbəti dövr üçün büdcəsi təsdiq olunmuşdur.

Təşkilati məsələnin də müzakirə olunduğu yığıncaqda Sumqayıt bələdiyyəsinin sədri Əbülfəz Babayev yenidən Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri, Xırdalan şəhər bələdiyyəsinin sədri Eldar Əhmədov isə nəzarət-təftiş komissiyasının sədri seçilmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 7  aprel.- S.  2.