Acı rüzgarın soldurduğu talelər

 

Çox uzun illər bundan öncə xalq yazıçısı Mirzə İbrahimov onun haqqında belə yazırdı: "Şərqiyyə xanım Özbəkistan və Azərbaycan arasında ən etibarlı, mənəvi körpüdür". Şərqiyyə xanım Şıxəliyeva kimdir? O, Azərbaycanın görkəmli şair və yazıçılarının əsərlərini özbək dilinə tərcümə edən, eləcə də Özbəkistanın görkəmli qələm sahiblərinin əsərlərini dilimizə uğurla çevirən, özbək-Azərbaycan ədəbi əlaqələrinin inkişafında böyük rolu olan soydaşımızdır. Özbəkistanın tanınmış şairlərindən Rəms Babacan, Narmurad Narzullayev, Mirəziz Əzim və başqalarının şeirlərini Azərbaycan oxucusuna ərməğan edən Şərqiyyə xanım Mirzə İbrahimovun, Cabir NovruzunE əsərlərini özbək ədəbi ictimaiyyətinə çatdırıb. Vaxtilə Özbəkistanda Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji İnstitutunda təhsil alarkən məşhur pedaqoq və alim, həmyerlimiz Maqsud Şeyxzadənin tələbəsi olmuş Şərqiyyə Şıxəliyeva görkəmli pedaqoq, tərcüməçi, ədəbiyyatşünas kimi mükəmməl fəaliyyət göstərməklə bərabər, həyatın ağrı-acılarını erkən dadmış, 1937-ci il repressiyasının zillətini çəkmiş, acı rüzgarların tufana saldığı ailələrdən birinin yadigarıdır. Bu yaxınlarda redaksiyamızın qonağı olan Şərqiyyə xanım Şıxəliyeva ötən əsrin 30-cu illərində ölkəmizi bürümüş repressiyaların caynaqlarına ilişən ailələrin faciəsindən danışdı. O illərin məşəqqətlərini çəkmiş bu ziyalı xanımın söylədikləri insanı həqiqətən dəhşətə gətirir. İnanmağın gəlmir ki, insan adlanan varlıq öz həmcinsinə bu dərəcədə zülm və əzab verməyi bacararmış. Şərqiyyə xanımın danışdıqları çox dəhşətlidir və həm də inanmaq istəmədiyimiz, amma əslində baş vermiş acı bir həyat hekayətidir.

 

Onların ailəsi Füzuli rayonunun Yuxarı Əbdurrəhmanlı kəndində yaşayırdı. Atası Məhərrəm kişi əslən Cənubi Azərbaycanın Mahasi-Cədid kəndindən idi. Anası Arzuxanım Nəsirova Yevlax rayonunun Yuxarı Qarxun kəndində doğulmuşdu. Valideynləri 1932-ci ildə ailə həyatı qurublar. 1934-cü ildə Şərqiyyə, 1938-ci ildə qardaşı Yusif dünyaya gəlib. Bu cüt balanın bəxtəvərliyini, şirinliyini təzə-təzə dadan gənc ailə 1938-ci ilin acı rüzgarına tuş gəlib. Şərqiyyə xanım danışır ki, mənim dörd yaşım olanda ailəmizi kəndimizdən didərgin saldılar. Bizi qara vaqonlara yığıb çox uzaqlara apardılar. Yol boyu bu dərdə dözməyən insanlar dünyasını dəyişirdi. Onları eləcə vaqonun pəncərəsindən çölə ataraq qurd-quşa yem edirdilər. Bilmirdik ki, başımıza bu fəlakəti niyə gətirirdilər. Bizi mal-heyvan üçün nəzərdə tutulan vaqonlarda aparırdılar. Yadımdadır ki, hərdən qatar dayananda uşaq marağı ilə başımı nəfəslikdən çıxarmaq istəyəndə milis işçisi tüfəngin qundağı ilə alnımdan itələyib qəzəblə deyərdi: "geri - geri çəkil". O gündən illər keçsə də, bax o anı, o qorxunc sifəti 71 ildi unuda bilmirəm. Elə bil ki, dörd yaşlı bir qızcığaz o boyda səddi, qoruq-qadağanı yarıb kiçik dar nəfəslikdən çıxıb qaçacaqdır. Tüfəngin qundağı ilə alnımdan vurub necə itələmişdisə, indi də başım ağrıyanda, ilk sancı alnımdan tutur. Bu illər ərzində o qundağın zərbəsi təkcə taleyimdə yox, alnımda da qalmaqdadır".

Onların ailəsi çox sadə idi. Başlarını aşağı salıb kənd qayğılarını çəkirdilər. Xəbərdarlıq etmədən bir gün kəndin kişilərini yığıb harasa apardılar. Ertəsi gün qadınlı uşaqlı hamını yük vaqonlarına dolduraraq Özbəkistan çöllərinə dartdılar. İmkan vermədilər ki, halal mülklərindən, ev-eşiklərindən əyin-baş, yol çörəyi də götürsünlər. 76 yaşlı Şərqiyyə Şıxəliyevanın danışdıqlarına sakit ürəklə qulaq asmaq mümkün deyil. "Atamın bacısı Yevlaxın Qaramallı kəndində, xalası Bərdədə, anamın əmisi, bibiləri, qardaşları Yevlaxın Yuxarı Qarxın kəndində qaldılar. Bizim ailəmizi isə ac-susuz, soyuq mal vaqonlarında vətəndan çıxardılar. Uşaq olsam da bütün hadisələr gözlərimin qabağındadır. Günlərlə yol gedəndən sonra bizi vaqonlardan düşürüb ucu-bucağı görünməyən səhraya tökdülər. Heç bir şəraiti olmayan torpaq daxmalara sığındıq. Sonralar öyrəndik ki, bura Mirzəçöl rayonunun ərazisi imiş. Bizimlə bir kənddən köçürülən qonum-qonşuları isə başqa vilayətə apardılar. Rəhmətlik atam hardansa öyrənib ki, onları Daşkənd vilayətinin Bostanlıq rayonundakı Koşkurqan kəndində yerləşdiriblər. Sürgün olunmuşlara 3 kilometrdən uzağa getməyi qadağan etmişdilər. Bu məsələ ilə bağlı NKVD-də hər ay qol çəkdirirdilər. Bir kəsə məktub filan da yazmağa icazə vermirdilər. Belə bir ağır şəraitdə ailəmizin yaxın dostu olan Məhəmməd əminin köməyi ilə qaranlıq gecədə Koşkurqanda məskunlaşan qohum-əqrəbanın, kəndçilərimizin yanına qaçası olduq. Soyuq qış gecəsi idi. Mən atamın boynunda, bir yaşlı qardaşım Yusif isə anamın kürəyində idi. Məhəmməd əmi kiçik yükümüzü götürmüşdü. İndi də yadımdadı atam tez-tez deyirdi: "Şərqiyyə qızım qurbanın olum, yuxulama, məndən möhkəm yapış ki, yıxılmayasan". Zavallı anam zorla yeriyirdi. O günü xatırlaya bilmirəm. Sanki biz ölümlə güləşirdik. Yenə Tanrı ətəyindən yapışmışdıq. Beləcə gəlib istədiyimiz ünvana çatdıq. O gün bizim üçün bəxtəvərlik oldu. Çünki o məşəqqətli sürgün olayında öz camaatımızla bir yerdə olmağımız bizə ümid verirdi. Koşkurqan səfalı bir kənd idi. Burda məskunlaşan kəndçilərimiz bir ailənin timsalında yaşayırmış kimi çox mehriban və sədaqətli oldular. Yadımdadır rəhmətlik Molla Mirzə Ələkbər başda olmaqla bütün ağsaqqallar bir yerə yığışaraq bir-birimizə həyan olduq. Adamlarımız əməksevər idi. Yerli camaat da bizə hörmətlə yanaşdı. Tezliklə həyət-bacamızı qaydaya saldıq. Ağac əkdik, bostan becərdik..."

Əli qələm tutandan Şərqiyyə Şıxəliyeva gündəlik yazıb. Bu sadəcə bir qızın başına gələnlər deyil, repressiya qurbanı olmuş insanların ağır taleyindən bəhs edən qorxulu nağıllardır. Oxuduqca sarsıntı keçirirsən. Pislikdən, şərdən çox uzaq olan günahsız insanlara nə dərəcədə zülm verərək onları zavallıya çevirmək mümkünmüş?! Bu gündəlikdə onlarla ad, familiya var ki, çoxdan haqq dünyasına qovuşublar. Amma acı taleləri bu saralmış vərəqlərdə möhürlənərək bir xalqın başına gətirilmiş məşəqqətlərdən danışır.

Həyat davam edirdi. Doğma yurdlarından sürgün edilmiş ailələrdə uşaqlar böyüyürdü. Onlar Cambul adına məktəbdə özbək dilində oxumağa başladılar. Tale bu insanları sanki yelkənsiz bir qayığa dolduraraq tufanlı dəryanın qoynuna atmışdı. Sahilə salamat çıxanı da oldu, dalğalara qurban gedəni də.

"Dərs özbəkcə keçirilsə də, yazıb oxumağı bu dildə öyrənsək də, evdə Azərbaycan dilində danışırdıq. Repressiyaya düçar olmuş ailələrin uşaqları birinci növbədə öz valideynlərinə minnətdardırlar ki, ana dilimizi, adət-ənənəmizi, soykökümüzü və nəhayət, əsl vətənimizi unutmağa qoymadılar. Biz həyatın hər cür sitəmini, qadağasını, zərbəsini görmüşdük. Anam həmişə bizə Azərbaycanın gözəl guşələrindən danışardı. Atam da, anam da bizim coğrafiya, tarix və ana dili müəllimlərimiz olub. Əslində onlar savadsız idilər. Amma Göygölün, Kəpəzin, Qoşqarın, Qarabağın, Kür çayının, Bakının adlarını ilk dəfə onlardan eşitdik. Evimizdə latın əlifbası ilə yazılmış iki kitab var idi. "Koroğlu" və "Bayatılar". Əvvəllər bu kitabı gecələr atam bizə oxuyardı. Sonra da özümüz. Sürgün olunmuş ailələrin hamısı bu iki kitabı əzbər bilirdi. Vətənlə bağlı başqa heç nəyə əlimiz çatmırdı. Yadımdadır, İkinci Dünya savaşı başladı. Bütün kişiləri yığıb müharibəyə apardılar. Onsuz da ağır keçən günlərimiz ikiqat çətinləşdi. Bu müharibə bizi bir-birimizə daha da yaxınlaşdırdı. Doğmadan doğma olduq. Yerli əhali bizə "mehmanlar" yəni qonaqlar deyirdilər. Bütün dərdlər sağalırdı, bütün yaralar qaysaqlanırdı. Bizi incidən Azərbaycanla əlaqə saxlaya bilməməyimiz idi. Yalnız 1952-ci ildə bibim Teybə hardansa sorağımızı alaraq Koşkurqana gəldi. Yerimizi öyrənənə qədər yazıq qadın hansı qapıları döyməmişdi? Kimlərə yalvarmamışdı? Ünvanımızı min bir zülümlə əldə etmişdi. Bütün bunlardan sonra isə heç bir qadağaya məhəl qoymadan təhlükəli addımlar ataraq arxamızca gəlmişdi. Onu qarşılamağa getmək üçün atama icazə vermədilər. Çünki qatar stansiyası bizdən dörd kilometr uzaqda yerləşirdi. Ona qol çəkdirmişdilər ki, kənddən üç kilometr məsafədən artıq aralana bilməzdi. Bu qədər uzun sürən ayrılıqdan sonra qardaşı bir kilometr məsafəni keçib doğma bacısını qarşılaya bilmədi. Qonşumuz Gülməhəmməd kişi (o, yerli idi) qardaşım Yusifi də götürərək bibimi qarşılamağa getdi. Bibimi tanımadığı üçün kişi tez-tez bərkdən səsləyirmiş: "Ay gələn qonaq, ay Azərbaycan, ay bacı, bu Məhərrəmin balasıdı". Yazıq bibim özbək ləhcəsində danışan kişini zorla anlayıb, handan-hana başa düşüb ki, tanımadığı bu adamın ehtiyatla göstərdiyi yeniyetmə doğma qardaşının oğludur. Bir yerdə gəldilər. Çox qəribə, nisgilli görüş oldu. Hamı ağlayırdı. Elə bil ki, bibimi yox, bütövlükdə doğma Azərbaycanı bağrımıza basırdıq. Bu 20 illik ayrılıqdan sonra əziz insanla olan ilk görüş böyük bayrama çevrildi. Həmin vaxtlar biz Novruzu qeyd etdik. Sovet qanunları yol verməsə də, sürgün həyatında yaşasaq da, biz Novruzu qəribə duyğularla keçirirdik. Bu bayram bir növ bizim amansızlığa, haqsızlığa etirazımız idi. Yadımdadır ki, Novruz bayramı ərəfəsində bütün sürgün olunmuşların evində Azərbaycan mətbəxinə xas xörəklər bişirilərdi. Qızlar "beşdaş", oğlanlar "çilingağac" oynayardılar, yumurta döyüşdürərdik. Hətta yaşlılar da bizə qoşulardı. Hər il martın 21-22-də dərsə getmirdik, yerli camaat deyirdi ki, "mehmanların bayramıdır".

1953-cü ildə orta məktəbi bitirən Şərqiyyə Şıxəliyeva sənədlərini Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji İnstitutunun özbək dili və ədəbiyyatı fakültəsinə verib. Tələbəlik həyatında unutmadığı məqamlardan biri də ona dərs deyən müəllimlər araısnda azərbaycanlı alim, böyük insan, görkəmli yazıçı Maqsud Şeyxzadənin olması idi. Belə bir şəxsiyyətin tələbəsi olduğu üçün özünü xoşbəxt sanan Şərqiyyə Şıxəliyeva söyləyir ki, iki xalqın dostluq, qardaşlıq əlaqələrini Maqsud Şeyxzadə Nizami və Nəvai arasındakı sənət bağlılığı fonunda təbliğ edərək məhəbbətlə öyrədirdi. Müəllimindən sonra uzun illər boyu özbək ədəbiyyatı tarixindən, ədəbiyyatından dərs deyən Şərqiyyə vətənə bir də 1965-ci ildə sürgün olunmuşlara bəraət veriləndə gəlib. Özbəkistanın üç kəndində məskunlaşan azərbaycanlılar qatarla Azərbaycana döndülər. Amma bu dəfə yük vaqonunda deyil, adi sərnişin qatarında...

Bir müddət Azərbaycanda çalışan Şərqiyyə Şıxəliyeva yenidən Özbəkistana qayıdıb. Bunun da səbəbini belə izah edir: "Uzun müddət Daşkənd Müəllimləri Təkmilləşdirmə İnstitutunda çalışmışam. Müxtəlif ali məktəblərdə həm özbəklər, həm də rus dilində təhsil alan tələbələr üçün özbək ədəbiyyatından, özbək dilindən mühazirələr oxumuşam. Müxtəlif pedaqoji konfranslarda elmi məruzələrlə çıxış etmişəm. Eləcə də orta məktəblərdə çalışmışam, Təhsil Nazirliyində işləmişəm. Bu ölkədə ailə qurmuşam, oğul-uşaq sahibi olmuşam, nəvələrim var. İndi yaşımın bu çağında iki ölkənin arasında qalmışam. Anamın, atamın qəbri ordadır. Bacım-qardaşım ordadır. Elə övladlarım da, nəvələrim də Özbəkistanda yaşayırlar. Məni bura çəkən vətən, qohum, əqrəbam, ora bağlayan ailəmdir. Ona görə də yarızarafat, yarıciddi deyirəm ki, mən iki xalqın övladıyam. Çəkdiklərimiz yadıma düşəndə gözlərim qaralır..."

Vətəndən didərgin olanlar həqiqətən də acı rüzgarın burulğanına düşdülər. Salamat çıxanlar qədərlə döyüşərək, mübarizə apararaq vətənimizin ağ günlərini gördülər. Yenidən yurda qayıtdılar. Amma zülmün caynaqlarından qurtula bilməyənlər vətəndən də, doğmalardan da nigaran getdilər. Əslində bir göz qırpımında ötən bu illər çox insanın həyatında ağır xatirələr qoydu. Ötən əsrin 30-cu illərindən başlanan repressiyalar haqqında düşünəndə bilmək olmur ki, bu xalqın çəkdiyi hansı dərddən danışasan. Bolşevik hücumundan, sovet quruluşunun repressiyalarından, yoxsa erməni vandallarının törətdiyi qətllərdən, soyqırımdan? Şərqiyyə xanım Şıxəliyeva ilə söhbət zamanı bir məsələnin həqiqət olmasına daha qətiyyətlə inandıq. Əgər 1939-cu ildə İkinci Dünya müharibəsi başlamasaydı və 1941-ci ilin vahiməsi olmasaydı, kim bilir, bu repressiyalar nə vaxt dayanacaqdı? Fikir verin, müharibə bitən kimi 1945-ci ildə ermənilərin təzyiqi ilə Stalin Azərbaycan KP MK-nın birinci katibi Mircəfər Bağırova bildirib ki, Dağlıq Qarabağ Ermənistana verilməlidir. Mircəfər Bağırovun yeritdiyi siyasət isə o vaxt bizi bu bəladan qurtarıb. Tarixçilərin bildirdiyinə görə, Mircəfər Bağırov o vaxt alimlərin köməyi ilə belə bir təlimat hazırlayıb: "Şuşa istisna olmaqla Dağlıq Qarabağ Ermənistana verilsin. Amma əzəli Azərbaycan torpaqları olan Göyçə, Zəngəzur, Dərbənd, Borçalı bizə qaytarılsın". Məsələnin bu cür qoyuluşu qeyri-normal təklifin dayandırılmasına səbəb olub. Təəssüf ki, Mikoyan və Stalin birliyinin nəticəsi olaraq 1948-ci ildə indiki Ermənistan ərazisindən azərbaycanlıların amansız surətdə deportasiya olunmasına rəvac verilib... Bəli, bu, bizim xalqımızın yaşadığı ağır, amansız bir taledir.

Bu başıbəlalı xalqın övladı olaraq repressiyaya məruz qalan Şərqiyyə Şıxəliyeva kimi acı rüzgardan əziyyət çəkənlər isə az deyil. Uzun illər qəsdən gizlədilmiş bu qanlı olaylar dövlət müstəqilliyimizi qazandıqdan sonra açılmaqda və danışılmaqdadır...

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2010.-  7 aprel.- S.  6.