Azərbaycan Prezidenti İlham Əliyev Vyetnamın Baş nazirinin müavini Hoang Çunng Hayın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də Vyetnam Sosialist Respublikası Baş nazirinin müavini Hoang Çunng Hayın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Baş nazirin müavini Hoang Çunng Hay Vyetnam Sosialist Respublikası Prezidentinin dövlətimizin başçısının Vyetnama səfəri ilə bağlı dəvətini çatdırdı. O, 1983-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin Vyetnama səfərinin bu günədək vyetnamlıların xatirəsində qaldığını söylədi. Baş nazirin müavini vaxtilə Azərbaycanda təhsil almış vyetnamlı tələbələrin hazırda ölkəsinin inkişaf proseslərinə öz töhfələrini verdiklərini bildirdi. Ölkəsinin Azərbaycan ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu deyən Hoang Çunng Hay ikitərəfli münasibətlərimizin genişləndirilməsi üçün qanunvericilik bazasının yaradılmasının vacibliyini vurğuladı.

Dövlətimizin başçısı Vyetnamın bu cür yüksək səviyyəli nümayəndə heyətinin Azərbaycana səfərinin ikitərəfli münasibətlərimizin genişlənməsi baxımından əhəmiyyətini qeyd etdi və səfərin məhsuldar keçəcəyinə ümidvar olduğunu bildirdi. Əlaqələrimizin genişləndirilməsi üçün yaxşı potensialın mövcud olduğunu deyən dövlətimizin başçısı ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılmasının, qarşılıqlı investisiyalar və konkret layihələr üzərində işlərin həyata keçirilməsinin əhəmiyyətini qeyd etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 9 aprel.- S.  2.