ATƏT-in Bakı ofisi növbəti parlament seçkiləri ilə bağlı tədbirlərə başlamışdır

 

ATƏT-in Bakı ofisi siyasi partiya və vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə 2008-ci ildə keçirilmiş prezident seçkilərini izləmiş Demokratik Təsisatlar və İnsan Hüquqları İdarəsinin (DTİHİ) Seçki Müşahidə Missiyasının tövsiyələrinin yerinə yetirilməsinə həsr olunmuş tədbirlərə başlamışdır.

Aprelin 8-də təşkil olunmuş ilk "dəyirmi masa"da bu ilin noyabrında keçiriləcək parlament seçkiləri ilə bağlı məsələlər müzakirə edilmişdir.

Müzakirənin əsas məqsədi seçki prosesinə inamı daha da artırmaq və siyasi qurumlar arasında münasibətləri təşviq etməkdir.

ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel seçki prosesinin təkmilləşdirilməsi və Azərbaycanın qurum qarşısında götürdüyü öhdəliklərdən danışmış, payızda keçiriləcək parlament seçkilərinə də dəstək göstərəcəklərini vurğulamışdır.

O demişdir ki, ATƏT-in təşkilatçılığı ilə keçiriləcək növbəti tədbirlərdə seçki administrasiyası, namizədlərin qeydiyyatı, seçki şikayətlərinin baxılması və medianın seçkilərdə rolu müzakirə ediləcəkdir.

DTİHİ-nin direktor müavini Duqlas Veyk və qurumun eksperti Conatan Stounstrit seçicilərin hüquqlarının təmin edilməsi, seçki komissiyalarının tərkibi haqqında tövsiyələri diqqətə çatdırmışlar.

YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov ölkəmizdə seçki institutunun formalaşdığını, möhkəm qanunvericilik bazasının yaradıldığını bildirmiş və demişdir ki, növbəti parlament seçkiləri ilə bağlı artıq siyasi canlanma hiss edilməkdədir. Hər bir seçkinin taleyini xalq həll edir, qarşıdan gələn parlament seçkilərinin taleyini həll edəcək yeganə subyekt də xalqdır.

Ə.Əhmədov bildirmişdir ki, beynəlxalq təşkilatlarla əməkdaşlıq, müzakirələr çox əhəmiyyətlidir. Amma heç bir diskussiya, beynəlxalq təşkilatla əməkdaşlıq seçkinin taleyini həll edə biləcək xalqın iradəsini əvəz edə bilməz. Sonra müzakirələr davam etdirilmişdir.

 

 

Azərbaycan.- 2010.- 9 aprel.- S.  4.