Tahir Salahova MDB-nin "Birlik ulduzları" mükafatı təqdim olunmuşdur

 

Aprelin 9-da Moskvada ilk dəfə "Birlik ulduzları" MDB dövlətlərarası mükafatı təqdim olunmuşdur.

 

Mükafatın laureatları arasında məşhur Azərbaycan rəssamı Tahir Salahov, bəstəkarlar Aleksandra Paxmutova və David Tuxmanov, şair Nikolay Dobronravov və başqaları vardır. Mükafatın təntənəli təqdimetmə mərasimi Paşkov Evində keçirilmişdir. Mükafata MDB-nin 7 ölkəsindən görkəmli şəxsiyyətlər layiq görülmüşlər. Onların hər biri 2 milyon rubl məbləğində pul mükafatı almışdır.

Təşkilatçılar bildirmişlər ki, "Birlik ulduzları" hər il 3 nominasiyada - elm və təhsil, mədəniyyət və incəsənət, humanitar fəaliyyət nominasiyalarında təqdim olunacaqdır.

Rusiya Federasiya Şurasının sədri Sergey Mironov mükafatları təqdim edərək bildirmişdir ki, bu mükafata öz peşəsində böyük nailiyyətlər qazanmış insanlar layiq görülürlər. O demişdir: "Bu, MDB ölkələri üçün yeni ənənədir və mən şadam ki, bu ənənənin təməli Rusiya paytaxtında qoyulmuşdur".

"Birlik ulduzları" 2009-cu ildə MDB Humanitar Əməkdaşlıq Fondu tərəfindən təsis edilmişdir. Namizədlər fondun üzvü olan ölkələr tərəfindən irəli sürülür.

Məşhur Azərbaycan rəssamı Tahir Salahov müasir təsviri sənətin inkişafına verdiyi və Birlik ölkələrinin sərvətinə çevrilmiş töhfələrinə görə "Birlik ulduzları" mükafatına layiq görülmüşdür.

Tahir Salahov əməyinə verilən yüksək qiymətə görə təşəkkürünü bildirərək demişdir ki, bu, təkcə onun deyil, bütün Azərbaycan xalqının, o cümlədən bütün Azərbaycan rəssamlarının mükafatıdır.

Mərasimdə MDB ölkələri yaradıcı ziyalılarının nümayəndələri, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun və MDB Humanitar Əməkdaşlıq Şurasının üzvləri iştirak etmişlər.

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2010.-  10 aprel.- S.  7.