Küveyt nümayəndə heyəti ümummilli liderin məzarını Şəhidlər xiyabanını ziyarət etmişdir

 

Azərbaycanda səfərdə olan Küveyt Dövlətinin Gənclər İdman Məsələləri üzrə Dövlət Komitəsinin sədri, general Feysəl Musaid Əl-Cəzzafın rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 12-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üstünə gül dəstələri düzülmüşdür.

Sonra qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın azadlığı suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzmüş, "Əbədi məşəl" abidəsi önünə əklil qoymuşlar. Qonaqlar Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr etmişlər.

 

 

Azərbaycan.- 2010.- 13 aprel.- S.  2.