Milli ideallara yüksək sədaqət nümunəsi

 

Nəriman Nərimanov - 140

 

Azərbaycan tarixində elə şəxsiyyətlər olub ki, onların zəngin və mənalı həyat yolu, yaradıcılığı bütövlükdə xalqın taleyində mühüm rol oynamış, milli intibah salnaməsində silinməz izlər qoymuşdur. Nəcib, müqəddəs əməlləri, ümumxalq mənafelərinə xidmət edən fəaliyyətləri ilə zülmətdən işığa boylanan belə insanlar ədəbiyaşarlıq zirvəsinə yüksələrək daim milyonların qəlbində yaşayır, böyük ehtiramla xatırlanırlar. Bu günlərdə 140 illik yubileyi qeyd olunan görkəmli ictimai-siyasi və dövlət xadimi, ədib, publisist, həkim Nəriman Nərimanov da belə şəxsiyyətlərdən biridir. O, bütün həyatını məhz Azərbaycanın mənəvi yüksəlişinə həsr etmiş, bütün sahələrdə millətinə fayda verməyə çalışmışdır.

 

Nəriman Nərimanov XIX əsrin ortalarından başlayan və Azərbaycan xalqının ictimai-milli düşüncəsinin inkişafında, milli mənlik şüurunun formalaşaraq müstəqillik uğrunda mübarizəyə qalxmasında xüsusi rol oynayan maarifçilik hərəkatının qabaqcıl nümayəndələrindəndir. Böyük mütəfəkkir özünün elmi-pedaqoji və bədii yaradıcılığı, ictimai-siyasi fəaliyyəti ilə daim insanların cəhalətdən, savadsızlıqdan, mövhumatdan qurtulmasına çalışmış, dövrün çatışmazlıqlarına, qüsurlarına qarşı barızmaz mövqe tutmuş, milli maarifçilik hərəkatının öncüllərindən olmuşdur.

Hər bir şəxsiyyətin həyat yolu ilk növbədə onun qarşıya qoyduğu nəcib məqsəd və ideallardan qaynaqlanır. Nəriman Nərimanov da müstəqil həyata qədəm qoyduğu gündən daim millətini, xalqını düşünmüş, onun kamilləşməsi naminə böyük xidmətlər göstərmişdir. 1870-ci il aprelin 14-də Tiflis şəhərində dünyaya göz açan Nəriman Nərimanov ilk təhsilini ruhani məktəbində almış, gənc yaşlarında müəllimliyə həvəs göstərmişdir. Erkən gənclik dövründə gələcək həyat yolunu da elə bu saf niyyət üzərində quraraq 1882-ci ildə - 12 yaşında Zaqafqaziya Müəllimlər Seminariyasının nəzdində olan ibtidai məktəbə, 1885-ci ildə isə seminariyaya daxil olmuşdur. Səylə çalışaraq pedaqoji elmlərə maraq göstərmiş, psixologiyanı dərindən öyrənmiş, Azərbaycan, rus və dünya ədəbiyyatı ilə yaxından tanış olmuş, bunlar isə onun gələcək həyatına böyük təsir göstərmişdir.

1890-cı ildə Qori seminariyasını bitirən Nəriman Nərimanov Tiflis quberniyası Borçalı qəzasının Qızılhacılı kəndinə müəllim təyin olunmuş, istedadı, intellekti, coşqun fəaliyyəti və kənd əhalisinə olan qayğısı sayəsində onların dərin hörmətini qazanmışdır. Orada bir il müəllim işlədikdən sonra - 1891-ci ildə Bakı şəhərinə köçmüş və daha genişmiqyaslı ictimai-siyasi, ədəbi fəaliyyətə başlamışdır. Həmin dövrdə Qori seminariyası məzunlarının əksəriyyəti Bakıda maarif sahəsində çalışmaqla, M.F.Axundzadənin maarifçilik ənənələrini, ədəbi və ictimai görüşlərini davam etdirməklə xalq arasında qabaqcıl elmi və mədəni fikrin yaradıcıları kimi çıxış edirdilər.

Həmin dövrdə Bakıda yeni məktəb açmaq istəyən Nəriman Nərimanovun bu niyyəti baş tutmasa da, S.M.Qənizadənin köməyi ilə A.İ.Pobedonostevin 6 sinifli progimnaziyasının hazırlıq sinfinin aşağı şöbəsinə müəllim qəbul edilmişdi. Həmin məktəb xüsusi statusa malik olduğundan, orada çalışanlar dövlət qulluqçusu sayılmırdılar. Onlar dövlət məktəblərində çalışan müəllimlər üçün ayrılmış imtiyazlardan istifadə etmək hüququndan məhrum idilər. Lakin maddi vəziyyətinin ağırlığına baxmayaraq, N.Nərimanov bu məktəbdə 5 il fəaliyyət göstərmiş, azərbaycanlı uşaqların təhsilə cəlb edilməsinə, şagirdlərin sayının artırılmasına çalışmışdır.

Qısa zamanda Bakı əhalisinin və pedaqoji ictimaiyyətin dərin hörmətini qazanan Nəriman Nərimanov 1896-cı il sentyabrın 1-də şəhər dumasının qərarı ilə həmin məktəbin əsasında Bakı oğlan klassik gimnaziyası təşkil etmiş, dövlət qulluqçusu təyin olunub, burada da bacarığı, xeyirxahlığı ilə fərqlənmişdir.

Nəriman Nərimanovun pedaqoji fəaliyyəti həm də Bakı bazar günü məktəbi və axşam kursları ilə sıx şəkildə bağlı olmuşdur. Hökumətin bu məktəbləri nəzarət altında saxlamasına baxmayaraq, o özünün yaxın məsləkdaşları ilə birgə yaşlı əhalini də savadlandırır, onların arasında sosial-ictimai və pedaqoji fikirləri təbliğ edirdi. 1894-cü ildə türk-müsəlman əhalisi üçün ilk xalq qiraətxanasının təşkili və fəaliyyətə başlaması da onun adı ilə bağlıdır. Həmin qiraətxananın yaradılmasının əsas təşkilatçılarından olan Nəriman Nərimanov orada Nizami, Firdovsi, Vaqif, Zakir, S.Ə.Şirvani kimi böyük mütəfəkkirlərin əsərlərinin toplanmasını, eləcə də "Ziya", "Ziyayi Qafqaziyyə", "Kəşkül" qəzetlərinin kataloqunun düzəldilməsini təmin etmişdir.

Bu dövrdə ədəbi yaradıcılığa daha fəal başlayan Nəriman Nərimanov bir-birindən maraqlı əsərlər yaratmışdır. 1894-cü ildə onun "Nadanlıq" pyesi çap olunmuşdur. O, "Dilin bəlası" və ya Şamdan bəy" (1895), "Bahadır və Sona" (1896-1908), "Nadir şah" (1899) əsərlərini, bir çox publisistik məqalələr, Azərbaycan və rus dillərini öyrənənlər üçün dərsliklər yazmışdır.

1905-ci ildən ictimai-siyasi proseslərə fəal qoşulan Nəriman Nərimanov "Hümmət" sosial-demokrat təşkilatına daxil olmuşdur. 1906-cı ildə o, Qafqaz Müsəlman Müəllimlərinin Bakıda keçirilən birinci qurultayına sədrlik etmişdir. Təhsilini davam etdirmək məqsədilə 1907-ci ildə Odessadakı Novorossiya İmperator Universitetinin tibb fakültəsinə daxil olsa da, hadisələrdən kənarda qalmamışdır. 1908-ci ildə tibbi təhsilini başa vurub Bakıya dönmüş, şəhər xəstəxanasında işləmişdir. Lakin 1909-cu ilin əvvəllərində Tiflisə köçmüş, həkim-terapevt kimi çalışmış, siyasi fəaliyyətini davam etdirmiş, İran inqilabçılarına kömək göstərməsi ilə bağlı həbs olunmuşdur. 1909-cu ilin sentyabrında Həştərxana sürgün edilən Nərimanov burada olduğu müddətdə də Qafqazla əlaqələrini kəsməmiş, yerli mətbuatla fəal əməkdaşlıq etmiş, mədəni-kütləvi təşkilatların işində çalışmış, həkimliklə məşğul olmuşdur.

Həştərxan Xalq Universitetinin sədri olan Nəriman Nərimanov quberniya həkimlərinin II qurultayında "Şurayi-İslam" cəmiyyəti adından çıxış etmiş, şəhər dumasının üzvü seçilmişdir. 1913-cü ilin iyulunda Həştərxandan Bakıya dönərək həkimliklə yanaşı, ədəbi-publisistik və maarifçilik fəaliyyətini daha da artırmış, "Pir", "Bir kəndin sərgüzəşti" əsərlərini yazmış, "Nicat" cəmiyyətinin maarif bölməsinin sədri seçilmiş, "Tənqid gecələri" ədəbi dərnəyinin yaradılmasına rəhbərlik etmiş, eyni zamanda "Xalq yurdu", "Ədəb yurdu", "Xalq evi", "El yurdu", "Qənaət" adlı cəmiyyətlərin təşkilatçılarından və əsas mühazirəçilərindən olmuşdur.

1917-ci ildə Bakı müsəlman ictimai təşkilatları bürosunun tərkibinə Ə.Topçubaşov, F.Xoyski, Ə.Əmircanovla birlikdə Nəriman Nərimanov da daxil edilmişdi. O, Qafqaz Müsəlmanlarının Bakıda keçirilmiş qurultayının iştirakçısı olmuş və rəyasət heyətinə seçilmişdi.

1918-ci il aprelin 25-də Nəriman Nərimanov Bakı Xalq Komissarları Sovetinin tərkibinə daxil edilmişdi. Bu statusda şəhərin sanitar şəraiti, müəssisələrin, xəstəxanaların, təhsil ocaqlarının vəziyyəti ilə bağlı tədbirlər görmüş, məhz onun təklifi və imzası ilə Bakı Xalq Komissarları Sovetinin kağız pul nişanları buraxılmışdı. O, 1918-ci ilin mayında Bakı qəza kəndli deputatları sovetlərinin I qurultayının təşkilatçılarından olmuşdur.

N.Nərimanov Bakı Xalq Komissarları Sovetinin fəaliyyətindən həmişə narazı qalmış, 1918-ci ilin martında müsəlmanlara qarşı vəhşilikləri, sonradan isə bu cinayətlərin qəzalarda davam etdirilməsini qətiyyətlə pisləmişdir. Həmin cinayətlər üçün "1918-ci ildə Bakıdakı sovet hakimiyyəti cavab verməlidir" tələbində olsa da, sosializm ideyalarına inanan Nərimanov Qafqazda sovetlərin qurulmasına çalışmışdır. Lakin bu prosesin "sinfi qırğınlar", vətəndaş müharibəsi, silahlı mübarizə yolu ilə deyil, yerli əhalinin milli, sosial-məişət ənənəsini, mənəvi tələbatını, psixologiyasını nəzərə almaqla həyata keçirilməsini qəbul edirdi.

1919-cu ilin iyulunda N.Nərimanov RSFSR Xalq Xarici İşlər Komissarlığında Yaxın Şərq şöbəsinin müdiri təyin edilmişdir. Həmin ilin noyabrında Şərq xalqları kommunist təşkilatının II Ümumrusiya qurultayında çıxış etmişdir. Aprelin 27-də N.Nərimanov qiyabi olaraq Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin, sonra isə Azərbaycan İctimai Şura Cümhuriyyəti hökumətinin sədri seçilmişdi. 1920-ci il mayın 16-da Bakıda təntənə ilə qarşılanan N.Nərimanova məlumat verilmişdi ki, "Azərbaycanı başdan-başa qarət edirlər, sağa və sola güllələyirlər". Onun gəlişi ərəfəsində Orconikidze və Kirov Leninə teleqram göndərərək "bütün Qafqaz və daha geniş ərazi üçün səlahiyyət" istəmiş, həm də "Nərimanova belə səlahiyyət verməməyi" tövsiyə etmişdilər. Onun baş verən haqsızlıqlara qarşı mübarizə ilə başlanan fəaliyyəti Azərbaycan xalıqının düşmənləri tərəfindən "milli təmayülçülük", "millətçilik" siyasəti, sonralar isə "nərimanovçuluq" adlandırılmışdır.

1921-ci ildə Azərbaycan rəhbərliyində ona qarşı ixtilaf güclənmişdi. Yaranmış şəraitdə mövqeyini qorumaq, siyasi fəaliyyət xəttinə dəstək almaq üçün mərkəzi orqanlara, partiya rəhbərliyinə müraciət etmiş, əks halda istefa verəcəyini bildirmişdi. İdarəetmədə səlahiyyətləri məhdud olsa da, xalq arasındakı böyük nüfuzu N.Nərimanovun Azərbaycandakı fəaliyyətini rəqibləri üçün təhlükəli edirdi. Yüksək statusla rəhbər vəzifələrə təyinatı ilə müxalif qüvvələr onu Azərbaycandan uzaqlaşdırmağa nail oldular (Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, II cild, 2005).

1922-ci ildə N.Nərimanov SSRİ Mərkəzi İcraiyyə Komitəsinin həmsədrlərindən biri seçilir. Zaqafqaziya Federasiyası təşkil ediləndən sonra o, Zaqafqaziya İttifaq Sovetinin sədri, sonra isə Sovet Sosialist Respublikaları İttifaqı Mərkəzi İcraiyyə Komitəsinin sədrlərindən biri vəzifəsinə təyin olunur və 1925-ci ildə vəfat edir.

Nəriman Nərimanov görkəmli dövlət xadimi kimi siyasi fəaliyyətində daim milli ideallara yüksək sədaqət nümayiş etdirmiş, haqqın, ədalətin tərəfdarı olmuşdur. O, Şərq xalqlarının Qərbin müstəmləkə zülmündən xilasını öz mübarizəsinin başlıca amalı saymışdır. Sovet hökumətini Şərq siyasətini düzgün anlamamaqda ittiham etmişdir. Nəriman Nərimanov sovet Rusiyasının Azərbaycanın səlahiyyətlərini tam məhdudlaşdıran siyasətinə qarşı çıxmış, baş verən "inqilabi proseslərə" digər bolşeviklərdən fərqli münasibət bəsləmişdir. Bu səbəbdən də AK(b)P-nın II qurultayında ifrat bolşeviklər - Lominadze, Sarkis, Orconikidze, Yeqorov və başqaları tərəfindən kəskin tənqid olunmuşdur.

Nəriman Nərimanov 1920-ci ildə Azərbaycan sovetləşəndən sonra da xalqın milli-mədəni tərəqqisinə, dini problemlərinə nəzər yetirmiş, habelə ana dilinə dövlət statusu verilməsinə çalışmışdır. Milli ziyalılara, təhsilə xüsusi diqqət yetirmiş, elm, maarif və mədəniyyətin inkişafına qayğı göstərmişdir.

Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra bolşevik-daşnak rejiminin xalqın nüfuzlu ziyalılarına, o cümlədən burjuaziyanın nümayəndələrinə qarşı törədilən repressiv tədbirlərə, ədalətsizliklərə qarşı çıxmış, xalqın mənafeyinin nəzərə alınmasını mərkəzdən israrla tələb etmişdir. "Millətçi" Nərimanov varlı təbəqəyə, yəni milli burjuaziyaya münasibətdə Şərq adətləri ilə hesablaşmağı zəruri saymış, bolşevik-daşnak ideoloqlarının qisas və qan üzərində köklənmiş çıxışlarının düzgün olmadığını bildirmişdir. Azərbaycanın sovetləşməsindən sonra Kommunist Partiyasının 1920-ci il oktyabrın 16-da keçirilmiş qurultayında müəyyən qaragüruhçu çıxışlara etiraz edən Nəriman Nərimanov demişdir: "Biz bu sahibkarların mədən və zavod, fabrik, banklarını əlindən aldıq. İstehsal müəssisələrini, məişət binalarını da götürdük. Amma bəzi yoldaşlar elə təkliflər edirlər ki... Tağıyevin, Nağıyevin kostyumunu, hətta onların qadınlarının bəzək və geyimlərini soyundurub almalıyıq. Çox təəssüf edirəm. Siz bunu burjuaziyadan intiqam almaq kimi qəbul etsəniz də, bura Şərqdir. Burada namus məsələsi var. Əgər belə etsək, nəinki burjuaziya nümayəndələri, elə o fəhlələrin də izzət-nəfsinə toxunmuş olarıq".

Nəriman Nərimanov Azərbaycan SSR XKS-in sədri seçildikdən sonra da Azərbaycan xalqının milli maraqlarını qorumaq üçün səylə çalışmışdır. Sovet hakimiyyətinin ilk illərində respublikamızın xarici siyasətdə müstəqilliyi, habelə nefti üzərində suveren hüquqlara malik olması üçün əzmlə mübarizə aparmış, lakin mərkəz buna imkan verməmişdir. V.İ.Leninə yazdığı məktublarda bütün bunları açıq görmək mümkündür. Nəriman Nərimanov eyni zamanda Azərbaycanın bir çox ziyalılarının, elm xadimlərinin repressiyaya uğramasının qarşısını almışdır. Bütün bunlara etiraz edən daşnak-bolşevik ideoloqları isə Moskvaya ünvanladıqları məktublarda Nəriman Nərimanovu millətçi kimi təqdim edir, onun ciddi problemə çevrildiyini iddia edirdilər.

Görkəmli ictimai-siyasi xadim Nəriman Nərimanovun 100 illik yubileyini qeyd etmək, onun heykəlini ucaltmaq üçün Heydər Əliyev Sovet imperiyasının rəhbərliyi ilə mübarizəyə iki ilə yaxın vaxt sərf etmişdir. Nəticədə Azərbaycan KP MK bürosunun 1972-ci il 24 may tarixli iclasında Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, sağlığında milli təmayüllü kommunist kimi müxtəlif təqiblərə, təzyiqlərə məruz qalan, ölümündən sonra isə unutdurulan Nəriman Nərimanovun Bakı şəhərində heykəlinin ucaldılması barədə qərar qəbul etmişdir. Ulu öndər eyni zamanda görkəmli ədibin 1977-ci ildə Rusiyanın Ulyanovsk şəhərində də əzəmətli abidəsinin ucaldılmasını təmin etmişdir. Bu addımları ilə Heydər Əliyev, əslində, Nəriman Nərimanova görkəmli dövlət xadimi kimi bəraət vermiş, onun təbliğinə, tanıdılmasına çalışmışdır. Onun xatirə muzeyi də məhz 1977-ci ildə ulu öndərin təşəbbüsü ilə açılmışdır.

Nəriman Nərimanovun ən ali məqsədi xalqın cəhalətdən azad olması, elmə, maarifə yiyələnməsi olub. Azərbaycan qadınının hüquqsuzluğu, təhsildən kənarda qalması onu daim düşündürmüş, əsər və məqalələrində onların təhsili, azadlığı məsələlərinə geniş yer vermişdir.

Pedaqoji fikirlərində müəllim, onun şəxsiyyəti, müəllim kadrlarının hazırlanması məsələləri mühüm yer tutur. Məktəblərdə təlim-tərbiyə işlərinin müvəffəqiyyətlə həyata keçirilməsində müəllimin roluna aid dəyərli fikirlər söyləyən Nəriman Nərimanov xalq arasında biliklərin yayılmasını önə çəkir, müəllimin apardığı işə, onun ictimai fəaliyyətinə böyük əhəmiyyət verirdi. Onun müəllim hazırlığı məsələlərinə dair fikirləri Azərbaycan müəllimlərinin 1906-cı ildə çağırılmış birinci qurultayı ərəfəsində yazdığı bir sıra məqalələrdə də əksini tapmışdır. O, qurultayın məqsədini izah edərək yazırdı: "Müəllimlər bir yerə yığılıb dərdləşərək bir-biri ilə fikir mübadiləsi edəcəklər. Ümumi bir proqram düzəldib ittifaq ilə iş görəcəklər. Həmin məclisdə millətin ümumi qüsurlarını diqqətə alıb, dərdimizə əlac arayacaqlar".

Nəriman Nərimanov dövrün mütərəqqi, yenilikçi müəllimlərinin işini təqdirəlayiq hesab edərək yazırdı ki, hər bir millətin mədəni tərəqqisi məktəblə, məktəbin tərəqqi tapması isə müəllimlərlə bağlıdır. Müəllim təkcə dərs verməklə kifayətlənməməli, ictimai-mədəni prosesdə fəal iştirak etməlidir. Bakı müəllimlərinin xalqın ictimai-siyasi həyatında böyük rol oynadığına xüsusi əhəmiyyət verən Nəriman Nərimanov deyirdi: "Bakının tarixini yazan biqərəz şəxs "bir neçə ildə" milli müəllimlər tərəfindən görülən hümməti, qeyrəti unutmayacaqdır". Məqalələrində xalqın savadlanması və ümumi tərəqqisi üçün kütləvi kitabxanalar açan, teatrın böyüklər üçün məktəb olmasını anlayıb bu işə diqqət yetirən, həmin məqsədlə yeni-yeni əsərlər yazan, başqa dillərdən tərcümələr edən müəllimlərin işini yüksək dəyərləndirirdi.

Ümumiyyətlə, Nəriman Nərimanov vətənə, xalqa xidmət etməyi insan üçün yüksək mənəvi borc bilir, bu ideya onun yaradıcılığında parlaq xətt kimi özünü göstərirdi. Əsərlərində vətənin siyasi, iqtisadi tərəqqisi ilə yanaşı, mədəni inkişafı uğrunda çalışanları da təqdir edirdi. Onun fikrincə, xalqın mədəniyyətini, ədəbiyyatını, incəsənətini, maarifini, ilk növbədə ana dilini mühafizə və inkişaf etdirmək vətənə xidmətin ən gözəl nümunələrindəndir. Bir çox əsərlərində Azərbaycan dilinə xor baxanlar, "ana dilini zinətləndirmək" adı altında yazılarında və danışıqlarında ərəb, fars, rus, osmanlı və digər əcnəbi sözləri işlədənlər ciddi tənqid olunurdu. O qeyd edirdi ki, öz vətənini, xalqını və dilini sevməyənlər, ərəb və fars dillərinə məhəbbət bağlayıb ədəbi dilimizi "kasıb", "loru" dil hesab edərək "ona yamaq lazımdır" deyənlər vətənpərvərlik hisslərindən tamamilə uzaqdırlar.

Vaxtilə sosializm və kommunizm ideyalarına inanan Nəriman Nərimanov ölümündən az əvvəl oğlu Nəcəfə göndərdiyi "Bitməmiş məktublar"da yazırdı: "Əziz oğlum! Mən ictimai fəaliyyətdə təskinlik tapıram. Mən insanın insan tərəfindən istismarının, köləliyin əleyhinəyəm. Harada olur-olsun, bəşəriyyətin azad yaşaması üçün bütün qüvvəmi qoyuram və qoyacağam da. Mən bəşəriyyəti nadanlıqdan xilas etmək üçün yollar axtarırdım. Xüsusi olaraq mənim millətimin taleyi məni həmişə düşündürüb... Mən sosial-demokrat idim, lakin bu təşkilat getdikcə daha çox idealdan uzaqlaşdı... açığı, biz əldə etdiyimiz hakimiyyətdən o qədər təkəbbürlü olmuşuq ki, boş işlərlə və çəkişmələrlə məşğul olub əsas işi əldən buraxmışıq".

Bütün bunlar deməyə əsas verir ki, ictimai-siyasi xadim, yazıçı-publisist, həkim Nəriman Nərimanov daim xalqı, vətəni, onun parlaq gələcəyi, səadəti naminə çalışmış, siyasi, ictimai və pedaqoji, ədəbi fəaliyyətində məhz insanlara təmənnasız xidmət idealını hədəf seçmişdir.

 

 

Hüseyn ƏHMƏDOV,

pedaqoji elmlər doktoru,

professor

 

Azərbaycan.- 2010.-  14 aprel.- S.  6.