Azərbaycan Prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlunu qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlunu qəbul etmişdir.

Dövlətimizin başçısı Mövlud Çavuşoğlunu Avropa Şurası Parlament Assambleyasının sədri seçilməsi münasibətilə təbrik etdi. Türkiyə nümayəndəsinin bu quruma sədr seçilməsini ədalətli qərar kimi qiymətləndirən Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, Mövlud Çavuşoğlunun rəhbərlik etdiyi dövrdə Avropa Şurası Parlament Assambleyası üzərinə düşən vəzifələri uğurla icra edəcəkdir. Dövlətimizin başçısı, eyni zamanda Mövlud Çavuşoğlunun Avropa Şurası Parlament Assambleyasının sədri kimi ilk səfərlərindən birini Azərbaycana etməsini yüksək qiymətləndirdi bu səfərin Parlament Assambleyası ilə Azərbaycan arasında əməkdaşlığın genişlənməsi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi.

Mövlud Çavuşoğlu Avropa Şurası Parlament Assambleyasının sədri seçilməsində Azərbaycanın göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. O, AŞ PA-da uzun illər Azərbaycanın parlament nümayəndə heyəti ilə uğurlu əməkdaşlıq etdiklərini vurğuladı.

Görüşdə Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası arasında əməkdaşlığın hazırkı vəziyyəti perspektivləri ətrafında geniş fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 15  aprel.- S.  4.