Azərbaycan demokratiya dəyərlərini daha möhkəm özüllər üzərində qurur

 

Qərb təsisatları ilə əməkdaşlığı daim gücləndirən ölkəmiz Avratlantik məkana uğurlu inteqrasiyanı davam etdirir

 

Ölkəmizin XX əsrin son onilliyində qazandığı dövlət müstəqilliyindən ötən dövr tarix üçün elə böyük vaxt sayılmasa da, bu müddətdə əldə olunan uğurların miqyası qeyd olunan zaman kəsiyinə belə sığışmayaraq Azərbaycanın seçdiyi inkişaf yolunun nə dərəcədə düzgün müəyyən olunduğunu, möhtəşəmliyini göstərir. Artıq dünya miqyasında da tez-tez etiraf olunan həqiqətdir ki, bir çox xarici dövlətlərin onilliklər boyu keçdiyi inkişaf yolunu Azərbaycan daha qısa zamanda qət edə bilib, qibtə olunacaq uğurlara imza atıb. Özü də bu, təkcə konkret götürülmüş hər hansı bir sahəni yox, ümumi inkişafın ən müxtəlif sferalarını əhatə edir.

 

Qeyd olunan kontekstdə bu gün Azərbaycanı beynəlxalq miqyasda xarakterizə edən başlıca xüsusiyyətlər onun sürətli iqtisadi inkişafı olmaqla yanaşı, həm də həyata keçirdiyi islahatlar, hüquqi dövlət quruculuğunun formalaşdırılması üçün gördüyü işlər, vətəndaş cəmiyyətinin daha da tərəqqi etməsi istiqamətində atdığı konkret addımlardır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun olaraq daha da zənginləşdirilərək uğurla davam etdirilməkdədir.

Azərbaycanın ümumi inkişafda əldə etdiyi möhtəşəm nailiyyətlərin ən ümdə səbəblərindən biri ölkədə siyasi və iqtisadi islahatların paralel şəkildə aparılması, bunların birinin digərini tamamlamasıdır. Prezident İlham Əliyev Bakıda "Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçıları ilə görüş zamanı bununla bağlı bildirmişdir: "Fikrimcə, siyasi və iqtisadi islahatlar bir-biri ilə yanaşı həyata keçirilməlidir. Bir islahat digərini dəstəkləməlidir. Bu, bizə uzun müddət üçün, müasir, güclü və çiçəklənən ölkəni qurmaq imkanı yaradacaqdır. Hesab edirəm ki, bunun üçün yaxşı imkanlarımız vardır".

Ümumiyyətlə, beynəlxalq səviyyədə də açıq etiraf olunur ki, Azərbaycanda iqtisadiyyatın günü-gündən güclənməsi burada siyasi və iqtisadi inkişafın uğurlu vəhdətini formalaşdırıb. Bir daha xatırladaq ki, son bir neçə ildə Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyada lider mövqeyini qoruyub saxlayır. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, son beş il ərzində ölkə iqtisadiyyatı 2,8 dəfə artıb, insanların həyat səviyyəsi dinamik templə yüksəlib. Hazırda ölkəmizdə iqtisadi və siyasi inkişafın paralel şəkildə getməsi Azərbaycanın ümumi tərəqqi göstəriciləri baxımından təkcə mövcud olduğu regionda yox, daha böyük coğrafi məkanda lider mövqedən çıxış etməsini şərtləndirən əsas amillərdən hesab olunur. Bu, həm də Azərbaycanda artıq sarsılmazlığı dəfələrlə zamanın sınağından uğurla çıxmış ölkədaxili sabitliyin daha da möhkəmlənməsinə xidmət edir. Eyni zamanda maddi rifah halı daim yüksələn Azərbaycan xalqının demokratik hüquqlarını azad şəkildə reallaşdırması, söz, fikir plüralizmindən tam faydalanması, sərbəst seçim imkanına malik olması onun ölkə hakimiyyəti ətrafında daha sıx birləşməsinə gətirib çıxarır. Xatırladaq ki, ABŞ-da yerləşən və dünyada aparıcı araşdırma mərkəzlərindən biri sayılan "Gallup" təşkilatının da ötən il açıqladığı araşdırmaların nəticələrindən belə məlum olmuşdu ki, Azərbaycanda əhalinin mütləq əksəriyyəti ölkə rəhbərliyinin işindən razıdır və bu sahədə Azərbaycan postsovet məkanında liderdir.

Bütün bunlara rəğmən Azərbaycanın prioritet olaraq önəm verdiyi ən mühüm məqamlardan biri də iqtisadi, siyasi və digər sahələrdə, o cümlədən demokratik dəyərlərin daha da möhkəmlənməsi, genişlənməsi istiqamətində qazanılan nailiyyətlərin miqyasının daim artırılmasından ibarətdir. Bu xüsusda həyata keçirilən siyasət çərçivəsində Avratlantik məkana inteqrasiya prosesinin daim sürətlənməsinə, burada yer alan təsisatlarla, dövlətlərlə işbirliyinin daha sıx müstəvidə qurulmasına vacib önəm verilir. Azərbaycanın Avropa Şurasının, ATƏT-in tamhüquqlu üzvü olması, Avropa İttifaqı ilə sıx təmaslar yaratması, Qərb ölkələri ilə ikitərəfli münasibətlərin səviyyəsini milli maraqların qorunması çərçivəsində daim yüksəltməsi də bunun konkret göstəricisi hesab oluna bilər. Belə əməkdaşlıq fonunda Azərbaycan daha güclü və demokratik siyasi sistemin qurulmasına xüsusi diqqət yetirir. Prezident İlham Əliyev "Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçıları ilə görüş zamanı bununla əlaqədar bildirmişdir: "Qeyd etmək istəyirəm ki, bütün siyasi qüvvələrin güclü siyasi sistemin qurulmasına töhfə verməsinə yardım etmək üçün biz demokratik təsisatların inkişafının davam etdirilməsini vacib sayırıq. Bu sahədə Avropa təsisatları ilə əməkdaşlığımız əhəmiyyətlidir".

Azərbaycanın demokratik dəyərlərə xüsusi önəm verməsinin mühüm göstəricilərindən biri də xalqın iradəsini əks etdirən, beynəlxalq standartlara cavab verən seçkilərin keçirilməsidir. Bunun üçün artıq Avropa Şurasının və digər müvafiq Avropa təsisatlarının iştirakı ilə ölkəmizdə mükəmməl qanunvericilik bazası yaradılıb. Lakin bununla kifayətlənməyən Azərbaycan daim seçki praktikasını təkmilləşdirir, yeni texnologiyaların tətbiqinə xüsusi önəm verir, qabaqcıl beynəlxalq təcrübəni tətbiq edir, bu sahədə nüfuzlu beynəlxalq təşkilatlarla, müvafiq qurumlarla sıx təmaslar qurur. Həmçinin seçkilər prosesi ilə bağlı maarifçiliyin, təbliğat işinin genişlənməsinə diqqət yetirilir, vətəndaş cəmiyyətinin yaxından iştirakı ilə beynəlxalq əhəmiyyətli konfranslar təşkil olunur, digər tədbirlər həyata keçirilir. Elə "Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf" mövzusunda keçirilən beynəlxalq konfransı buna ən bariz nümunə kimi göstərmək olar. Konfrans və onun əhəmiyyəti barədə isə bu mühüm tədbirin iştirakçılarının fikirləri kifayət qədər yüksəkdir. Məsələn, konfransda iştirak etmiş ATƏT Parlament Assambleyasının vitse-prezidenti Volfqanq Qrosruk bildirir: "Seçkilərlə bağlı, xüsusilə də Azərbaycanda keçiriləcək növbəti parlament seçkiləri ərəfəsində keçirdiyimiz konfrans böyük əhəmiyyət kəsb edir... Əminəm ki, seçkilər ATƏT və Avropa standartlarına uyğun, azad, ədalətli və demokratik şəkildə keçiriləcəkdir".

Avropa Parlamentinin üzvü, regional inkişaf komitəsinin vitse-sədri, xarici əlaqələr komitəsinin Cənubi Qafqaz ölkələri üzrə məruzəçisi, Avronest nümayəndə heyətinin üzvü Yevgeni Kirilov isə Prezident İlham Əliyevlə görüş zamanı aşağıdakıları qeyd edib: "Azərbaycan bizim dəyərlərimizə, demokratik standartlarımıza daha yaxın olmaq istəyir... Növbəti seçkilərə gəldikdə isə onu deməliyəm ki, heç kim ideal ola bilməz. Bizim istədiyimiz bu istiqamətdə irəliləyiş görməkdir".

Bütün bunlar bir daha onu göstərir ki, xarici siyasətində Avratlantik məkana inteqrasiya kursu seçən Azərbaycan ölkədə demokratiyanın daha da möhkəmlənməsinə və inkişafına daim xüsusi diqqət verir. Qeyd olunan məqsədlə sözügedən məkanda yer alan qurumlarla, ölkələrlə əməkdaşlığa mühüm önəm verir. Bununla bağlı Prezident İlham Əliyev "Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçıları ilə görüş zamanı bildirmişdir: "Ümumiyyətlə, Azərbaycan ilə Avropa təsisatları arasında münasibətlər çox uğurla inkişaf edir. Konfrans iştirakçıları arasında Avropa Parlamenti, Avropa Şurası və ATƏT-in Parlament assambleyalarının üzvləri vardır. Azərbaycan uzun illər ərzində bütün bu təsisatlarla uğurla əməkdaşlıq edir. Hazırda, biz Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramında iştirak edirik. Bu, çox perspektivli bir proqramdır. Bizim həmin proqramın həyata keçirilməsi ilə bağlı ideyalarımız və gözləntilərimiz çoxdur. Ümidvaram ki, həmin proqramın həyata keçirilməsinin ən böyük nəticələrindən biri Azərbaycan ilə Avropa ailəsi arasında daha sıx əməkdaşlıq olacaqdır".

Beləliklə, aydın görünür ki, demokratik inkişaf yolunda uğurla irəliləyən Azərbaycan Qərb təsisatları ilə əməkdaşlıq məsələsində də böyük müvəffəqiyyətlər qazanmaqdadır. Bu isə həm Azərbaycanın Avratlantik məkanda yer almaq istəyində, həm də demokratik dəyərlərin ölkədə daha möhkəm özüllər üzərində qurulması üçün qabaqcıl dünya təcrübəsinin daim tətbiqində israrlı olduğunu göstərir.

 

 

Azərbaycan.- 2010.- 22 aprel.- S. 1.