Əbədiləşən qan yaddaşımız

 

Bir vaxtlar başqa dövlətlərin ərazilərindən Azərbaycan torpaqlarına köçürülən ermənilər hər fürsət düşəndə xalqımıza və ərazi bütövlüyümüzə qənim kəsilmişlər. Onlar öz mənfur məqsədlərinə çatmaq üçün insanlığa yaraşmayan, bəşəriyyətə ləkə olan bütün metodlardan istifadə etmişlər.

1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Bu faciəsinin davamı olaraq bir qədər sonra ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq havadarlarının himayəsi altında "erməni vilayəti" adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. XIX əsrin sonlarına doğru "Böyük Ermənistan" xülyasına düşən ermənilər bu uydurma dövlətin Azərbaycan torpaqlarında yaradılmasına "bəraət qazandırmaq məqsədilə" tarixin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlar həyata keçirməyə başladılar.

Ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı və deportasiya siyasəti planlaşdırılmış ssenari üzrə tarix boyu mərhələlərlə davam etmişdir. XIX əsrin sonlarında, XX əsrin əvvəllərində, xüsusən 1905-1907-ci illər hadisələri zamanı Bakıda və digər bölgələrdə dinc azərbaycanlılara qarşı həyata keçirilən qətliamlar ermənilərin çirkin və məkrli niyyətlərini reallaşdırmaq üçün başladıqları soyqırımı siyasətinin ilkin mərhələsi idi. 1915-ci ildən 1920-ci ilədək olan dövrə təsadüf edən ikinci mərhələdə erməni quldur dəstələri yenə Bakıda və qəzalarda misli görünməmiş soyqırımı həyata keçirmişlər. Həmin dövrdə minlərlə azərbaycanlı, həmçinin etnik azlıq təşkil edən dağ yəhudiləri soyqırımına məruz qalmış, yüzlərlə kənd dağıdılmış, dinc əhali qaçqın vəziyyətinə düşmüşdür. Ermənilərin azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasəti sonrakı illərdə də davam etmişdir. 1948-1953-cü ildə SSRİ Nazirlər Kabinetinin qərarı ilə indiki Ermənistan ərazisində öz ata-baba yurdlarında yaşayan azərbaycanlıların deportasiyasına nail olan ermənilər 1988-ci ildə yüz minlərlə azərbaycanlını Ermənistandan qovmaqla etnik təmizləmə siyasətini başa çatdırdılar. Bu müddətdə Avropa ölkələrində xüsusən türk diplomatlarına qarşı çoxlu sayda terror həyata keçirən ermənilər ötən əsrin 90-cı illərindən başlayaraq Azərbaycanda da terroçuluq dalğasını genişləndirdilər. Soyqırımı siyasətinin növbəti mərhələsinə rəvac verərək 1992-cı ilin fevralında Xocalı faciəsini törətdilər. Bundan başqa ermənilər 90-cı illərdə Azərbaycan ərazisində, Bakı şəhərində müxtəlif terror aksiyaları həyata keçirdilər.

Azərbaycanlılara qarşı aparılan soyqırımı siyasətinin xronologiyasını xatırlayarkən törədilən vəhşilik və cinayətlərin miqyası, metodologiyası qəzəb doğurmaya bilmir. 1918-ci ilin mart qırğınları ermənilərin türklərə qarşı törətdikləri çoxsaylı soyqırımı aktlarından biridir. 1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşında əbədi həkk olunmuşdur. 1918-ci ilin mart-aprel aylarında ermənilər Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda 50 mindən artıq azərbaycanlını qətlə yetirmiş, evlərini talan etmiş, on minlərlə insanı yurd-yuvasından didərgin salmışlar. Təkcə Bakıda 30 mindən artıq azərbaycanlı xüsusi amansızlıqla öldürülmüş, Şamaxı qəzasının 58 kəndi yandırılmış, 8 mindən çox adam, o cümlədən 1653 qadın və 965 uşaq öldürülmüş, Quba qəzasının 122 kəndi yerlə-yeksan edilmişdir. Qarabağın dağlıq hissəsində 150-dən çox, Zəngəzurda 115 azərbaycanlı kəndi vəhşicəsinə dağıdılmış, əhaliyə qəddarcasına divan tutulmuşdu. İrəvan quberniyasında 211, Qars vilayətində 92 Azərbaycan kəndi dağıdılmış və yandırılmışdır.İrəvan azərbaycanlılarının müraciətlərində göstərilir ki, bu tarixi Azərbaycan şəhərində və onun ətrafında 1920 azərbaycanlı evi yandırılmış, 132 min azərbaycanlı məhv edilmişdir.

Mart qırğınları haqqında hadisələri araşdırmaq üçün Rusiya tərəfindən göndərilmiş müstəqil tədqiqatçı Kulqe yazır: "Ermənilər musəlman əhalisini işgəncələrlə öldürür, şəmşirlərlə parçalayır, süngü ilə dəlik-deşik edir, körpə uşaqları süngüyə keçirir, cəsədlərin burun, qulaq və başlarını kəsir, evlərə od vurub sakinlər qarışıq yandırır, qadınları soyundurur və saçlarını bir-birinə bağlayaraq tüfəngin qundağı ilə ölüncəyə qədər döyürdülər". Kulqe ermənilər tərəfindən üzü divara çevrilərək itlərə gəmirdilən azərbaycanlıların şəkillərini də çəkmişdir. Bu faktlar erməni daşnak qaniçənlərinin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin kiçik bir hissəsidir və ancaq 1918-ci ilin mart ayının son üç günündə törədilən Bakı qırğınını əks etdirir.

1918-ci ildə erməni bandaları insanlara qarşı amansızlıq etdikləri kimi, mədəniyyət abidələrini və tarixi abidələri də vəhşicəsinə dağıdır, məscidləri yandırır, memarlıq incisi sayılan binaları yerlə-yeksan edirdilər. Mart qırğını haqqında olan mənbələrdə göstərilir ki, ermənilər bir çox qədim binaları, o cümlədən Cümə məscidini, İsmailiyyə binasını top atəşinə tutaraq dağıtmışlar. Həmin dövrü əhatə edən, 1918-ci ildə Bakının dağıdılmasını əks etdirən tarixi foto şəkillər də tarixçilərin yazdıqlarını əyani şəkildə təsdiqləyir.

Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmişdir. 1919 və 1920-ci illlərdə mart ayının 31-i milli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə ermənilərin azərbaycanlılara qarşı soyqırımını araşdırmaq məqsədilə yaradılan komissiya Rusiyanın ölkəmizi işğal etməsi səbəbindən öz işini başa çatdıra bilmədi. Sovet hakimiyyəti illərində isə ermənilərin xalqımıza qarşı törətdiyi cinayətlər bardə danışmaq tarixdən də bəlli olduğu kimi mümkün deyildi.

Mart hadisələrinin 80-ci ildönümündə - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı sərəncam erməni millətçilərinin hərəkətlərinə verilən doğlun və hərtərəfli hüquqi-siyasi qiymətdir. Həmin sərəncam Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından da olduqca qiymətlidir. Əsrlər boyu azərbaycanlılara qarşı aparılmış soyqırımı və deportasiya siyasətini geniş təhlil edən bu tarixi sənədlə hər il martın 31-i ölkəmizdə Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Azərbaycan Respublikası tarixi gerçəklikləri, xalqımızın iki əsr ərzində boyu məruz qaldığı soyqırımı və etnik təmizləmənin dəhşətli miqyasını beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində xeyli iş görmüşdür. Son illərdə respublikamızda bu sahədə fəaliyyət gücləndirilmiş, ermənilərə qarşı effektiv əks-hücum təşkil edilmişdir. Ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli sərəncamı bu işlərin vahid və sistemli surətdə aparılmasına imkan yaratmışdır. Bu sərəncam uzun illər gizli saxlanılan, üzərinə qadağalar qoyulan həqiqətləri açmış, xalqımızın qan yaddaşını təzələmişdir. Təqdirəlayiq haldır ki, Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılması, erməni vandalizminin ifşası istiqamətindəki əzmkar və qətiyyətli fəaliyyət bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən prinsipiallıqla davam etdirilir.

 

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2010.-  24 aprel.- S.  4.