Azərbaycan tarixi portalının təqdimat mərasimi keçirilmişdir

 

Aprelin 24-də "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə www.history.az - Azərbaycan tarixi portalının təqdimat mərasimi keçirilmişdir.

İctimai birliyin sədri Ceyhun Osmanlı məlumat vermişdir ki, Gənclər və İdman Nazirliyi, Azerfon MMC, "HP" şirkəti və "İrəli"nin tərəfdaşlığı ilə birliyin Tarix Mərkəzi tərəfindən hazırlanmış portal Azərbaycan tarixi haqqında yazılmış kitabların, sənədlərin və digər mənbələrin elektronlaşdırılmış versiyalarını özündə cəmləşdirir.

Portal 2010-cu ilin yanvar ayından etibarən yaradılmağa başlanmış, qısa zamanda bir sıra önəmli mənbələrin elektron versiyaları hazırlanmışdır. Özündə elektron kitabxana, numizmatika, xalçaçılıq, arxeologiya, xəritə, fotoqalereya bölmələrini birləşdirən sayt vasitəsilə yerli və xarici vətəndaşlar Azərbaycan tarixinin istədiyi dövrü haqqında dolğun məlumat alacaqlar.

Mərasimdə gənclər və idman naziri Azad Rəhimov və Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov çıxış edərək layihənin əhəmiyyətini vurğulamışlar. Bildirilmişdir ki, belə portallar Azərbaycan tarixinin və mədəniyyətinin təbliği sahəsində yeni imkanlar yaradaraq ölkəmizin mövqeyini dünyada geniş şəkildə nümayiş etdirəcəkdir.

Milli Məclisin deputatları Gövhər Baxşəliyeva, Asim Mollazadə və digərləri layihənin hazırlanmasında gənclərin iştirakını yüksək qiymətləndirmişlər.

Sonda "İrəli" İctimai Birliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə fevralın 2-dən 10-dək keçirilmiş "Gənc Liderlər üçün Qış Universiteti"nin məzunlarına diplomlar təqdim olunmuşdur.

 

 

Azərbaycan.- 2010.-  25 aprel.- S.  2.