Rusiya Federasiyası Dövlət Dumasında MDB ölkələri parlament aparatları rəhbərlərinin görüşü olmuşdur

 

Rusiya Federasiyası Dövlət Duması Aparatının rəhbəri Aleksey Siqutkin Dövlət Dumasında MDB üzvü olan dövlətlərin parlament aparatlarının rəhbərləri ilə görüşmüşdür. Görüş iştirakçıları arasında Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti vardı.

A.Siqutkin görüşü açaraq Dövlət Duması Aparatının regional parlamentlərin aparatları ilə əməkdaşlığının xüsusiyyətləri barədə məlumat vermişdir. Onun sözlərinə görə, son illərdə Federasiya subyektlərinin Qanunverici Məclisləri ilə qarşılıqlı əlaqələrin yeni istiqamətləri aşkar edilmişdir. A.Siqutkin xüsusi vurğulamışdır ki, regional parlamentlərlə müxtəlif mövzular üzrə birgə seminarlar keçirilməsi, Dövlət Duması Aparatının rəhbərinin Məşvərət Şurası Qanunvericilər Assambleyası çərçivəsində görülən işlər, plenar iclasların internetə translyasiya edilməsi qarşılıqlı fəaliyyətin formalarından biridir. Dövlət Duması Aparatının rəhbəri qeyd etmişdir ki, "Qanunyaratma" ("Zakonotvorçestvo") dövlət avtomatlaşdırılmış sistemi bu əməkdaşlığa xeyli kömək edəcəkdir. Həmin sistemin köməyi ilə qanunvericilik prosesində elektron sənəd dövriyyəsinə keçmək nəzərdə tutulur.

MDB üzvü olan dövlətlərin parlament aparatlarının rəhbərləri bu görüşdə Dövlət Dumasının ən yeni tarixi ilə tanış olmuş, plenar iclaslar zalına baxmışlar. Elə həmin gün Birlik üzvü olan ölkələrin nümayəndə heyətləri Rusiya Hesablama Palatasında da görüşlər keçirmişlər.

 

 

Asya Hacızadə,

AzərTAc-ın xüsusi müxbiri,

Moskva

 

Azərbaycan.- 2010.-  25 aprel.- S.  2.