Moskva və Bütün Rusiyanın patriarxı Kirill Təzəpir məscid kompleksi ilə tanış olmuşdur

 

Aprelin 25-də Moskva və Bütün Rusiyanın patriarxı Kirill Təzəpir məscid kompleksində olmuşdur. Hörmətli qonağı Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə qarşılamışdır.

Moskva və Bütün Rusiyanın patriarxı Kirill Təzəpir məscid kompleksi ilə tanış olmuşdur. Məlumat verilmişdir ki, Prezident İlham Əliyevin göstərişi əsasında 2005-ci ildə məscidin bərpası və ətraf ərazilərin yenidən qurulması layihəsi hazırlanmışdı. Layihəyə əsasən bərpa və yenidənqurma işləri zamanı Təzəpir məscidi ilkin görkəminə qaytarılmış, kompleksə əzəli memarlığa xələl gətirməyən elementlər əlavə edilmişdir. Məscidin bərpasında Azərbaycan və Şərq nəqqaşlıq məktəblərinin nadir elementlərindən də istifadə olunmuşdur.

Bildirilmişdir ki, kompleksdə Bakı İslam Universitetinin tədris korpusu yerləşir. Korpusun hər mərtəbəsində 10 sinif otağı olmaqla, 250 tələbənin təhsil alması üçün müasir şərait yaradılmışdır.

Rus Pravoslav kilsəsinin başçısı Kirill və Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Bakı İslam Universitetinin tələbələri qarşısında çıxış etmişlər.

Azərbaycanın həmişə tolerantlığın, qardaşlığın, dostluğun məkanı olduğunu vurğulayan şeyxülislam demişdir ki, aprelin 26-da Bakıda dünya dini liderlərinin ikigünlük sammiti keçiriləcəkdir. Sammitdə 30-dan artıq ölkənin, 18-dən çox beynəlxalq təşkilatın nümayəndələri iştirak edəcəklər. Bu, Azərbaycan dövlətinin mənəviyyat və din sahəsində həyata keçirdiyi siyasətə verilən qiymətin bariz nümunəsidir.

Patriarx Kirill çıxış edərək demişdir ki, Bakıda keçirilən tədbirlərdə biz dünyanın bugünkü vəziyyətini yaxından müzakirə etmək imkanı qazanmışıq.

Azərbaycanın düzgün qanunlarla idarə olunduğunu deyən Moskva və Bütün Rusiyanın patriarxı ölkəmizdə dövlətin dinə, habelə müxtəlif dinlərə etiqad edən insanlara xoş münasibətindən məmnunluğunu ifadə etmişdir. O demişdir ki, Azərbaycanda hər kəs öz dini hisslərini ifadə etməkdə azaddır.

Patriarx dini dəyərlərin qorunmasına və möhkəmlənməsinə göstərdiyi qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir. O demişdir ki, mən çox şadam ki, Prezident İlham Əliyev dinlərarası məsələlərə çox böyük diqqət ayırır. Dünən Azərbaycan dövlətinin başçısı ilə görüşdə bu gözəl ölkədə dinlərarası münasibətlərə belə yüksək diqqət ayırdığı üçün Prezident İlham Əliyevə təşəkkür etdim.

Moskva və Bütün Rusiyanın patriarxı Kirill kompleksdə Qafqaz Müsəlmanları İdarəsinin 6 min ədəbiyyatın mühafizə edildiyi kitabxanası ilə də tanış olmuş, buradakı qədim kitablara, Təzəpir məscidi haqqında CD-lərə baxmış, xatirə kitabına ürək sözlərini yazmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 27 aprel.- S.  7.