AŞ PA sədri mətbuat konfransı keçirmişdir

 

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Mövlud Çavuşoğlu ənənəvi olaraq sessiya başlamazdan əvvəl jurnalistlər üçün mətbuat konfransı keçirmişdir.

AŞ PA sədri bir qədər əvvəl Azərbaycana etdiyi səfərə toxunmuş, ölkəmizdə parlament seçkilərinə yüksək hazırlıq işləri aparıldığını xatırlatmış, seçkiöncəsi vəziyyəti müsbət dəyərləndirdiyini bildirmişdir.

M.Çavuşoğlu Azərbaycanda seçkilərin demokratik, ədalətli şəffaf, azad keçiriləcəyinə əmin olduğunu xüsusi vurğulamışdır. O, Azərbaycan hakimiyyəti nümayəndələri ilə keçirdiyi görüşlərdə bunu hiss etdiyini, ölkəmizin rəsmilərinin bu istəkdə olduğunu diqqətə çatdırmışdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs etmiş AŞ PA sədri rəhbərlik etdiyi qurumun bu məsələnin danışıqlar vasitəsilə sülh şəraitində həllini dəstəklədiyini bildirmişdir. Münaqişə ilə bağlı alt komitənin fəaliyyətinin bərpa edilməsinin vaciblini diqqətə çatdıran AŞ PA sədri, sessiyanın gedişi zamanı Azərbaycan Ermənistan nümayəndə heyətləri ilə komitənin fəaliyyətinin bərpası barədə müzakirələr aparacağını Avropa Şurasının qaydalarına uyğun olaraq həmin komitəyə özü rəhbərlik edəcəyini vurğulamışdır.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri,

Strasburq

 

Azərbaycan.- 2010.- 27 aprel.- S.  8.