Heydər Əliyev Fondu ilə tanışlıq

 

Ulu öndər Heydər Əliyevin anım günü ərəfəsində 1982-1987-ci illərdə SSRİ Nazirlər Sovetinin katibliyində və 9-cu idarəsində çalışan əməkdaşlardan ibarət nümayəndə heyəti aprelin 22-də Heydər Əliyev Fondunda olmuşdur. Rusiyalı qonaqların arzusu ilə gerçəkləşən səfər Heydər Əliyev Fondunun dəvəti ilə həyata keçmişdir.

Qonaqlar ümummilli liderin zəngin irsinin öyrənilməsi, ulu öndərin milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədi daşıyan Heydər Əliyev Fondunun ekspozisiyası ilə tanış olmuşlar. Diqqətə çatdırıldı ki, zəngin ekspozisiyada toplanan maraqlı fotolar və eksponatlar görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirir. Ulu öndərin Bakıda, Naxçıvanda, Moskvada yaşadığı, işlədiyi illər, hakimiyyəti dövrlərində ölkənin müxtəlif sahələrində qazanılan uğurlar, həyata keçirilən layihələr fondun ziyarətçilərində böyük maraq doğurmuşdur.

Burada həmçinin ulu öndərin Dövlət Təhlükəsizlik Komitəsində çalışarkən çəkdirdiyi şəkillər, hərbi geyimləri fondun ziyarətçiləri tərəfindən maraqla qarşılanmışdır.

Qonaqlar fondda Heydər Əliyevin mədəniyyətə, elmə, bu sahədə çalışan insanlara diqqət və qayğısının təzahürü olan stendlərə tamaşa etmiş, dünyanın müxtəlif ölkələrində ümummilli liderin xatirəsinə göstərilən ehtiramı əks etdirən guşə ilə tanış olmuşlar.

Azərbaycanın birinci xanımı, fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərliyi və təşəbbüsü ilə həyata keçirilən layihələr haqqında məlumat da qonaqlar tərəfindən maraqla qarşılanmışdır.

Fondun Xatirə kitabına ürək sözlərini yazan qonaqlar buradan zəngin təəssüratlar aldıqlarını bildirmişlər.

Qonaqlar Heydər Əliyev Fondunun genişmiqyaslı fəaliyyəti barədə filmə də baxmışlar.

Aprelin 21-dən 25-dək davam edən səfər çərçivəsində nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edəcək, Beynəlxalq Muğam Mərkəzi, Müasir İncəsənət Muzeyi və AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə baş çəkəcək, eləcə də Xalça Muzeyinin inşası ilə tanış olacaqlar.

Səfər günlərində rusiyalı qonaqlar "Azərilmə" Məhdud Məsuliyyətli Cəmiyyətində olacaq və İçərişəhəri gəzəcəklər. Nümayəndə heyətinin "Atəşgah məbədi", Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi tanışlığı və Qəbələ rayonuna səfərləri də nəzərdə tutulmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  23 aprel.- S.  2.