Dünya dini liderlərinin Bakı sammiti yekun bəyannamənin qəbul olunması ilə başa çatmışdır

 

Bakıda keçirilən dünya dini liderlərinin ikigünlük sammiti aprelin 27-də yekun bəyannamənin qəbul olunması ilə başa çatmışdır.

Sammitin iştirakçıları - 33 ölkədən olan xristian, müsəlman, yəhudi, buddist və induist dinlərinin rəhbərləri və təmsilçiləri dövrümüzün aktual mövzularını, o cümlədən qloballaşmanın dinə və ənənəvi dəyərlərə təsiri məsələsini müzakirə etmək üçün Azərbaycana toplaşmışdılar.

Dini liderlər bildirmişlər ki, iqtisadiyyat, siyasət, hüquq və mədəniyyətin qloballaşması birmənalı proses deyildir. Bu, istehsalın, ticarətin, elmin, təhsilin inkişafına, təhlükəsizlik və ətraf mühitin mühafizəsi sahələrində ümumi çağırışlara cavab verilməsində heç də az praktiki səmərə verməmişdir. Beynəlxalq əlaqələr möminlərə müasir çoxmillətli və çoxdinli cəmiyyətlərdə öz hüquqlarını qorumağa imkan verir. Lakin qlobal proseslərin din sahəsinə təsiri bir çoxları tərəfindən tənqidlə qarşılanır.

Qəbul olunmuş bəyannamədə deyilir ki, qloballaşma dövlətlərin, xalqların və fərdlərin təhlükəsizliyi üçün təhdidləri aradan qaldırmamışdır. Müasir dünyamızda ötən əsrlərdən miras qalan aclıq, sosial qeyri-bərabərlik, ətraf mühitin çirklənməsi, milli-dini zəmində silahlı münaqişələr kimi problemlər hələ də həllini tapmamışdır. Əksinə, bu problemlərə yeniləri əlavə olunmuşdur.

Sənədi imzalayan dini liderlər hesab edirlər ki, əvvəllər ayrı-ayrı regionları təhdid edən terrorizm artıq beynəlxalq xarakter almaqdadır və onunla mübarizə xeyli çətinləşmişdir. Buna görə də bir çox ölkədə nasist ideyalar qadağan olunduğu kimi, dinc insanlara qarşı zorakılığa haqq qazandıran dini-siyasi doktrinalar da qadağan edilməlidir.

Sammitin iştirakçıları tərəfindən xüsusi vurğulanmışdır ki, bu gün dünya üçün ən böyük təhlükələrdən biri hər il milyonlarla insanın həyatına son qoyan narkomaniya problemidir. Terrorçuluqla olduğu kimi, narkotik maddələr ticarətinə qarşı da mübarizə ardıcıl, amansız xarakter daşımalı və bütün dünya ictimaiyyətinin gücü ilə aparılmalıdır.

Dünya dini liderləri sənəddə işğalçılıq probleminə də toxunaraq qeyd etmişlər ki, hər bir ölkənin ərazi bütövlüyü qorunmalı, eyni zamanda, hər bir xalq azad şəkildə inkişaf etməli, öz taleyi ilə bağlı bütün beynəlxalq qərarların qəbulunda iştirak etməlidir. Meydana çıxan münaqişələr ədalətli, beynəlxalq norma və prinsiplər çərçivəsində həll olunmalıdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 28 aprel.- S.  6.